Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ümumbəşəri “bəla”...

Ümumbəşəri “bəla”...

20.09.2023 [11:40]

COVİD-19 yenidən gündəmdə

Dünya üzrə yoluxma sayı 38 faiz artıb

Dünya əhalisi koronavirusdan xilas olduğunu zənn edirdi. Ancaq xəstəlik yeni ştammları ilə özünü yenidən göstərməyə başlayıb. Təzəcə rahatlamışdıq ki, payız-qış mövsümünün gəlişi ilə “bəşəri bəla” olan koronavirus yeni ştammı ilə bir daha özünü gündəmə gətirdi: Onun “Eg.5.1”, “Eris” və “BA.2.86” adlı yeni ştammları aşkarlanıb.

Pandemiya keçmişdə qalmış kimi görünsə də, reallıq budur ki, son mutasiyaya uğramış ştammlar səbəbindən yoluxma halları yenidən artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son zamanlar dünya üzrə COVİD-19-a yoluxanların sayı 38 faiz artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb.

“Eris” ölümcül virus olmasa da, daha sürətlə yayılması və yoluxuculuğunun digər ştammlara nisbətən artıq olması səbəbindən ÜST-ü ciddi narahat edir. Hazırkı vəziyyətlə bağlı təşkilat bütün dünya dövlətlərini erkən və ciddi tədbirlər görməyə çağırıb.

Təşkilat xüsusilə ABŞ başda olmaqla, Avropa və Asiya ölkələrində geniş yayılan “Eris” ştammı ilə bağlı yeni hesabat dərc edib. Hesabatda bildirilir ki, EG.5 (“Eris”) COVİD-19-un “Omikron” variantının alt növüdür və bütün dünyada yayılan digər variantlarla sıx bağlıdır. Statistikaya nəzər salsaq, görərik ki, avqust ayında 51 ölkədən 7 minə yaxın şəxs məhz sözügedən varianta yoluxub. Lakin quruma görə, bu ştammın ictimai sağlamlıq riski çox böyük deyil. Bu da özündən əvvəlki ştammlara bənzərliyi ilə bağlıdır.

ÜST-ün məlumatına görə, son ayda Avropada yoluxmada artım 39 faiz, Sakit okeanın qərbində 52 faiz, Aralıq dənizinin şərqində isə 113 faiz təşkil edir.

Azərbaycanda bir ayda 18 dəfə artım

COVİD-in dünyada müşahidə olunan artım tendensiyası Azərbaycandan da yan keçməyib. Son bir ayın statistikasına nəzər saldıqda məlum olur ki, 7-13 avqustda Azərbaycanda COVİD-ə 8 yoluxma qeydə alınıbsa, növbəti həftələrdə yoluxmada ciddi artım baş verib. Nəticədə son həftədə - 11-17 sentyabrda ölkə üzrə 142 yoluxma qeydə alınıb. Bu isə 17.75 dəfə artım deməkdir. Xüsusi vurğulamaq lazımdır ki, bu, rəsmi statistikadır, qeydiyyata düşməyən yoluxma sayı isə daha çoxdur. Belə ki vətəndaşlar pandemiyanın bitdiyini düşünür, bu səbəbdən də özlərində COVİD əlamətləri hiss etdikdə test verməyi lazım bilmirlər. Əvvəllər olduğu kimi, test verilməsi məsələsinə ciddi yanaşıldığı təqdirdə, COVİD-ə yoluxma rəqəmlərinin indikindən dəfələrlə yüksək olacağını düşünmək olar.

İlk pandemiya statistikası yaxınlaşır...

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən infeksionist-həkim Vüqar Cavadzadənin sözlərinə görə, yaxın gələcəkdə statistikada ciddi artım müşahidə oluna bilər. Buna səbəb məktəblərin açılması, yay tətilinin başa çatması və havaların soyumasıdır. İnfeksionist qeyd edib ki, yeni ştammların əsas simptomları dadbilmə, iybilmə qabiliyyətinin itməsi və səsin batmasıdır: “ÜST-ün məlumatına görə, son ay ərzində dünya üzrə yoluxanların sayında 38 faiz artım müşahidə edilib. ABŞ-da isə vəziyyətin daha ağır olduğu bildirilib. Birləşmiş Ştatlarda COVİD-19-a yoluxma halları 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölkədə gündə 650 mindən çox sakində virus aşkarlanır. Yaxın aylarda isə ABŞ əhalisinin təxminən 10 faizinin bu virusa yoluxacağı gözlənilir”.

“Eris”in simptomları...

Həkimin sözlərinə görə, qlobal miqyasda koronavirus pandemiyasının demək olar ki, başa çatdığı hesab edilsə də, virus hələ də yer üzündə yayılaraq insanları öldürür: “EG.5” (“Eris”) adlı yeni mutasiya ilk dəfə 2023-cü ilin fevralında aşkar edilib. “Eris” ştammına yoluxmanın simptomları arasında boğaz ağrısı, ishal, qoxu və dadbilmənin itməsi, öskürək, əzələ və baş ağrıları, burun axması və nəfəs darlığı daxildir. Bundan əlavə, bu ştamm xroniki xəstəlikləri və zəif immun sistemi olan insanlarda aşağı tənəffüs yollarında funksional pozğunluqlara səbəb ola bilər”.

Ən çox narahatlıq doğuran yeni mutasiya

İnfeksionist qeyd edib ki, “Pirola” adlandırılan yeni “BA.2.86” variantı hazırda ÜST tərəfindən ilk dəfə “omikron” ştammı ortaya çıxdıqdan bəri COVİD-19-un “ən çox narahatlıq doğuran yeni mutasiyası” kimi təsvir edilir: “Onun simptomları sırasına boğaz ağrısı, burun axması, burun tutulması, asqırma, öskürək, bəlğəmli və ya quru öskürək, baş ağrısı, səsdə xırıltı, əzələ ağrısı və qoxu hissi azalması daxildir.

Simptomların oxşarlığına görə COVİD-19 mövsümi xəstəlik xüsusiyyətlərini qazanıb. Payız-qış mövsümünün başlaması səbəbindən bir qayda olaraq, kəskin respirator virus infeksiyaları ilə xəstələnənlərin sayı artır. Bu tam olaraq gözlənilən bir haldır. Koronavirusun simptomlarının digər infeksiyaların simptomlarına bənzədiyini nəzərə alsaq, dəqiq diaqnozu yalnız laborator analizlərin nəticələrinə əsasən qoymaq olar. Bu gün COVİD-19-a qarşı əsas profilaktik tədbir peyvənddir. Bununla yanaşı, koronavirus və digər kəskin respirator virus infeksiyalarının profilaktikasının ənənəvi üsulları da var: əllərin müntəzəm olaraq yuyulması və ya onların antiseptiklərlə silinməsi”.

Azərbaycan üçün təhlükə var?

V.Cavadzadə qeyd edib ki, hazırda Azərbaycanda koronavirusun “Eris” variantının yayılması barədə rəsmi məlumat yoxdur. Həkim bildirib ki, ölkədə epidemioloji durum yoluxma hallarında cüzi, əhəmiyyətsiz artımın olmasına baxmayaraq stabildir: “Koronavirusun bütün növlərindən, o cümlədən, sonuncu mutant altnövlərdən qorunmaq tədbirləri eynidir. Yəni, pandemiya dönəmində əhalinin riayət etdiyi qaydalara yoluxma halları artdıqca əməl olunmalıdır. Hər kəs, xüsusilə immun sistemi zəif insanlar sağlamlıqlarına daha ciddi yanaşmalıdırlar. 65-dən yuxarı yaşı olanlar həmişəki kimi risk qrupuna daxildir. Verilən məlumatlara görə, həmin yeni ştammlara yoluxanlar arasında 65 yaşdan yuxarı olanların sayı daha çoxdur. Bu da immun sisteminin zəif olması ilə bağlıdır”.

İnfeksiyalar sərhəd tanımır...

Həkimin sözlərinə görə, “Eris” variantının ölkəmizdə aşkarlanmadığına dair rəsmi açıqlama verilsə də, infeksiyalar sərhəd tanımır: “Digər yandan, qarşıdan payız mövsümü gəlir. Məlum məsələdir ki, həmin mövsüm respirator infeksiyaların baş qaldırdığı və daha sürətlə yayıldığı dövrdür. Odur ki, hər kəsə üç ildir tövsiyə edilən gigiyena qaydalarına əməl edilməsi, özündə əlamətlər hiss edənlərin təcrid olunması və test verərək yoluxub-yoluxmadığını müəyyənləşdirməsi, vaksinasiyadan keçməyənlərin isə peyvənd olunması məsləhət görülür”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31