Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bizim ailəmiz türk dünyasıdır

Bizim ailəmiz türk dünyasıdır

08.07.2024 [12:55]

İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirildi. Cənab İlham Əliyev Qazaxıstan Prezidentinin dəvəti ilə bu tədbirdə iştirak etmək üçün iyulun 3-də Astanaya səfər etdi. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində dövlət başçısı İlham Əliyev Rusiya, Qazaxıstan, Türkiyə, Çin, Pakistan liderləri ilə görüşdü, günün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı məsələləri müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzindədir. Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edərək Azərbaycanla ŞƏT arasında mövcud olan münasibəti dəyərləndirdi. Dövlət başçısı ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvət olunduğunu önə çəkərək  bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirdi.
Cənab  İlham Əliyev əlaqələrin inkişafında iqtisadi amilin rolunu önə çəkərək bildirdi ki, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Hazırda Azərbaycan tərəfdaşları ilə Orta dəhlizin rəqəmsallaşması üzərində işləyir. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Ölkəmiz həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. "Şimal-Cənub" dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda Azərbaycan dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

Hazırkı dövrün əsas çağırışlarından biri də türk dünyasının birliyinin daha da möhkəmləndirilməsidir. Tarixi Zəfərimizdən sonra bu həmrəyliyin gücləndirilməsinə xidmət edən addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Türk dövlətlərinin liderlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasına yönələn addımlar da bu tərkibdəndir. Suverenliyimizin bərpası ilə yeni dövr başladı. Bu dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimindəki çıxışında cənab İlham Əliyev qarşıdakı dövrün hədəflərini açıqlayarkən xarici siyasətimizin prioritet məsələsi olaraq bildirdi ki,  türk dünyasının birliyi yeni mərhələdə də əsasdır: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik.” 

Türk dünyasının birliyi, həmrəyliyi istiqamətində Azərbaycanın atdığı addımlar türk dövlətləri tərəfindən yüksək dəyərləndirilir. İyulun 5-6 tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə göüşü bütün bu məqamlara bir daha işıq saldı. Zirvə görüşü çərçivəsində qəbul edilən qərarlar, imzalanan Qarabağ Bəyannaməsi əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bir daha bu çağırışı etdi ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Bu mühüm məqamlara da xüsusi diqqət yönəldildi ki, keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır.

Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. “Sərəncamımla 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Qardaşım Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır” söyləyən cənab İlham Əliyev böyük qürur hissi ilə bildirdi ki, Qarabağ Bəyannaməsi də Şuşada imzalanacaq.

Bütün bu qeyd edilənlər Qarabağın tacı Şuşanın yalnız Azərbaycan deyil, bütün türk dünyası üçün önəmini təsdiqləyir. Bu gün bu məkandan dünyaya birlik, həmrəylik çağırışlarının edilməsi hər birimiz üçün qürurvericidir. Bu birliyin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaranır.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Analitik

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31