Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tarixi dostluqdan möhkəm tərəfdaşlığa doğru

Tarixi dostluqdan möhkəm tərəfdaşlığa doğru

15.10.2026 [14:26]

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, müxtəlif dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan əlaqələrinin genişlənməsi ölkəmizin uğurlu xarici siyasətinin mühüm göstəricisidir. Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat da bu siyasətin mahiyyətini, Azərbaycan dövlətinin dostluğa və əməkdaşlığa verdiyi yüksək dəyəri aydın şəkildə nümayiş etdirdi.

Bu səfər sadəcə iki dövlət başçısının görüşü deyil, xalqlar arasında tarixi bağların yenidən canlandırılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və gələcək əməkdaşlıq üçün yeni üfüqlərin açılması baxımından əlamətdar hadisədir. Prezident İlham Əliyevin qonağı səmimiyyətlə qarşılaması Azərbaycanın beynəlxalq münasibətlərdə nümayiş etdirdiyi açıq dialoq və dostluq fəlsəfəsinin ifadəsidir.

Dövlət başçısı bəyanatında Azərbaycanla Laos arasında siyasi münasibətlərin uzun illər ərzində uğurla inkişaf etdiyini, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərdiyini vurğuladı. Otuz ildən artıqdır davam edən diplomatik münasibətlər qarşılıqlı anlaşma və etibarlı tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb. Parlamentlərarası əlaqələrin, dostluq qruplarının və siyasi partiyalar arasında əməkdaşlığın inkişafı da bu münasibətlərin təsadüfi deyil, ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərir.

Bu münasibətlərin ən təsirli məqamlarından biri isə onların tarixi köklərlə bağlı olmasıdır. Laos Prezidenti Thonqlun Sisulit çıxışında ulu öndər Heydər Əliyevin 1986-cı ildə Laosda keçirilən partiya qurultayında iştirakını və onun çıxışının Laos xalqında xoş təəssürat yaratdığını xüsusi qeyd etdi. Bu xatirələr iki xalq arasında dostluğun zamanın sınağından keçdiyini göstərən mənəvi körpüdür.

Tarixdən gələn bu körpünün bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrinin və beynəlxalq dostluq münasibətlərinin davam etdirilməsi Azərbaycanın xarici siyasətində varislik və ardıcıllıq prinsipinin bariz nümunəsidir.

Laos Prezidentinin 44 ildən sonra yenidən Bakıya səfəri zamanı ölkəmizdə baş verən möhtəşəm dəyişiklikləri heyrətlə müşahidə etməsi də diqqətəlayiqdir. Onun Azərbaycanın bugünkü mənzərəsini əvvəlki səfəri ilə müqayisə edərək inkişafı xüsusi vurğulaması ölkəmizin keçdiyi böyük inkişaf yoluna verilən mühüm qiymətdir. Bununla yanaşı, qonağın Azərbaycan xalqının səmimiyyətini və qonaqpərvərliyini dəyişməz xüsusiyyət kimi qeyd etməsi milli dəyərlərimizin beynəlxalq miqyasda qazandığı hörməti əks etdirir.

Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən biri coğrafi məsafələrə baxmayaraq, dövlətlər arasında etibarlı münasibətlər qurmaq bacarığıdır. Cənub-Şərqi Asiyanın mühüm ölkələrindən olan Laosla əlaqələrin genişləndirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq coğrafiyasını daha da zənginləşdirir.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–Laos münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Tarixi dostluq, qarşılıqlı hörmət və siyasi iradə üzərində qurulan bu münasibətlər gələcəkdə daha böyük nailiyyətlər üçün möhkəm təməl olacaq. Çünki həqiqi dostluq yalnız keçmişin xatirəsi deyil, gələcəyə birlikdə addımlamaq əzmidir.

YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova

Paylaş:
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31