Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da tarixi ədalət bərpa ediləcək

Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da tarixi ədalət bərpa ediləcək

30.12.2022 [10:27]

Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin uğurları bu gün daha da genişlənməkdədir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti bizim dünya birliyində rolumuzun artmasında əsas amildir. 
Baxmayaraq ki, 30 ilə yaxın dövrdə ölkəmiz dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri yaşadı, lakin bu gün dünya gücləri tarixi Zəfərimizin yaratdığı reallıqları qəbul edir, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. 
Bu gün Azərbaycan tarixi ədalətsizlikləri öz gücü hesabına bərpa edir, yenidən qurur. Tarixən böyük güclər Azərbaycanı bölüb, parçalamış, həmvətənlərimizi bizdən ayrı salmış və ya onları öz əzəli torpaqlarından deportasiya etmişlər. 

Belə ki, Prezident cənab İlham Əliyev hələ bir neçə il bundan əvvəl çıxışlarından birində qeyd edib ki, Zəngəzur da tarixi, əzəli Azərbaycan torpağıdır: “Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü”. 
Bir neçə gün əvvəl ölkə başçısı cənab İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı öz çıxışında yenə də qeyd etmişdir ki, “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var." 
Ölkəyə rəhbərlik etdiyi ilk gündən bu günə kimi milli maraqlara söykənən fəal xarici siyasət yeridən Prezident cənab İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının ən müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini vətəninə bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi sayır. 
Bu gün isə Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların, dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin də bu prosesdə iştirakının intensiv xarakter alması  son dərəcə sevindiricidir. 
Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. 

Ölkə başçısı görüş zamanı qeyd etmişdir ki, “1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”. 
Bununla Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. 
1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayəti törətdi. 
Əlbəttə ki, iki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, beləliklə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu gün azad edilmiş torpaqlarımızda böyük abadlıq-quruculuq işləri həyata keçirilir, “Böyük Qayıdış Proqramı” uğurla icra olunmaqdadır. 

Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Bu haqda fikirləri ölkə başçısı çıxışı zamanı da vurğulamışdır. 
Prezident cənab İlham Əliyev qeyd edib ki, “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar”. 
Əminliklə qeyd edirik ki, bu gün dövlətimiz ölkə başçısı, Müzəffər Lider cənab İlham Əliyevin rəhbərliyi ilə hər zaman olduğu kimi, bundan sonra da öz haqq və hüquqlarımızın qorunması istiqamətində uğurlu fəaliyyətini davam etdirəcəkdir. Eyni zamanda, Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da tarixi ədalət bərpa ediləcək, yenidən türk dünyası birləşəcəkdir. 

Həbib Misirov 
YAP Kəlbəcər rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28