Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ÇİNGİZ AYTMATOV - TÜRK RUHUNUN QƏLƏBƏSİ 

ÇİNGİZ AYTMATOV - TÜRK RUHUNUN QƏLƏBƏSİ 

04.05.2024 [10:00]

“İndi artıq dünya qan tökməklə problemləri həll etmək yolunu tuta bilməz. Müharibə kultunun yerinə mütləq dünya mədəniyyəti gəlməlidir. Dünya paytaxtlarının mərkəzində mütləq at belində sərkərdələr görürük. Bəs sülh istəyən böyük şəxsiyyətlər hanı?”

ÇİNGİZ AYTMATOV

Çingiz Aytmatov XX əsr nəsrini yaradan yazıçılardandır, bu nəsrin daxili dinamikasını - ritmini, ovqatını dəyişən, ədəbiyyata bilavasitə türk nəsri poetikasını gətirən, onu yetişdirən, yazan və hətta yazdıran tarixi simadır. Kiçik bir ölkənin nəsrini bəşər sivilizasiyasına qovuşdurmuş Çingiz Aytmatov yaradıcılığı bu gün çağdaş təfəkkür işığında müəyyən parametrləri ilə xüsusi önəm kəsb edir. Zamanın XXI əsr insanının qarşısına çıxardığı bəşəri suallara cavab aramaqda bu nəsrin potensialı yetərincə güclüdür. Çingiz Aytmatovun yetişdiyi ədəbi dövr 60-cı illərin - yeni nəsr düşüncəsinin qurulduğu (məhz qurulduğu!) illərə bağlanır ki, bu mərhələ bildiyimiz kimi bütün postsovet məkanı ölkələri üçün yeniliklərə açıqlığı ilə səciyyələnir. Ədəbiyyatın bu dövründə irəli gələn yeni dalğası öz bədiilik meyarlarına mühafizəkarlığı ilə diqqət çəkir, ilk növbədə sənətin pafosdan real həqiqətə, sırf bədii-estetik meyarlara dönüşü, ümumbəşəri dəyərlərə doğru meyllənməsi ilə şərtlənir. Təbii ki, 60-cı illər ədəbiyyatında başlanan bu təbəddülatlar həm də cəmiyyət miqyasında gedən ideoloji ilıqlanmanın nəticəsi idi.

Qəribə bir parodoksallıq da məhz, bu zaman(dan) başlayır. Rejimin sərtliyi nisbətən, yumşalmağa doğru getdikcə, ədəbiyyatın içindəki ağrı simvolikası, ruhun təklik, tənhalıq çalarları daha çox üzə çıxır.

Bu, bəlkə də əsrin 20-30-cu illərində yarımçıq qalmış, yarıda qırılmış ədəbiyyat, azadlıq ideallarının içinə hopmuş kədəri idi, yaxud 1937-ci ildə qırğına verilmiş bütöv bir ədəbi nəslin səssiz fəryadı idi - indi, zamanı gəldikcə boy verməyə başlayırdı. Hansı ki, həmin prosesin fəci nəticəsi Çingiz Aytmatovun da taleyindən izsiz ötüşməmiş, yazıçının dövlət qulluğunda işləyən atası Terekul Aytmatov 1937-ci ildə həbs edilərək bir il sonra güllələnmişdir. İstər sağlığında, istərsə də ölümündən sonra yazıçını qınayırdılar: niyə atasını güllələyən bir rejimin dissident yazıçısı olmayıb deyə. Bu Aytmatov istedadına yeni bir çalar qatmasaydı da olsun ki, rejim çökdükdən sonra müəyyən imic qazandıra bilərdi.

Amma bütün hallarda yazıçılığın mayasında istedad durur və bu istedad deyilən nəsnə insanda yoxdursa, diyarbədiyar laməkan olsa belə ədəbiyyatın kandarına ayaq basmağa müvəffəq olmayacaq.

Məgər A.Soljenitsını dünyaya tanıdan SSRİ kimi dövlətə müxalifçiliyi ilə bahəm həm də istedadı deyildimi?! Elə Əlahəzrət İstedadın sayəsində Çingiz Aytmatov başqa yolu seçdi, sovet sisteminin daxilində yazıb-yaratdı, hüdudsuz idrakı, kosmoqonik düşüncə qatı ilə sovet nəsri qanunlarını yarıb onu dünya nəsri səviyyəsində gerçəkləşdirdi və atasını qırğına verən bir cəmiyyəti öz qarşısında təzim etdirməyə nail oldu. Sosialist realizmin insana müxalif konsepsiyası daxilində Aytmatov humanizmi kult səviyyəyə qaldırdı, psixologizmi dərinləşdirdi. Bu məncə, dissidentlikdən də çətin hasilə gələn bir hünərdir. R.Rövşən demiş: “Dünyayla savaşmaq asanmış demə, çətini dünyayla barışmaq imiş...” Bir də bəlli bir qanunauyğunluğa diqqət çəkməyin zamanıdır: istənilən sənətkarı, ədəbi şəxsiyyəti, həmçinin ədəbiyyat tarixininin özünü belə real tarixi gerçəklikdən ayırdıqda zaman da, sənətkar da yeni repressiyanın qurbanına çevrilirlər. Halbuki Tanrının Ç.Aytmatova ayırdığı missiya daha ağır, daha müqəddəs idi. O sovet rejiminin daxilində əsl ədəbiyyat yaratmağın nümunəsi olmalıydı, istedadın heç bir qadağa, sərhəd tanımadığına insanları, olsun ki, imperiyanın süqutundan sonra doğulacaq yeni ədəbi nəsli inandırmalı idi. “Əsrə bərabər gün” romanındakı bir epizodu xatırlayırsınızmı? Nayman Ana onu tanımayan oğlunun yaddaşını hərəkətə gətirmək üçün başını dizləri üstə alıb layla oxuyur. Silinən yaddaşı, itən hafizəni qaytarmağın bundan titrək vasitəsi ola bilməz. Ç.Aytmatovun əsərləri də sovet sisteminin ideoloji siyasətində boğulan insanlar üçün bir layla səciyyəsi daşıyırdı. “Səni nə hala gətirdilər, xatırla kim olduğunu”- bu, Nayman Ananın dili ilə özündən, özgürlüyündən zorla qoparılan bütün türklərə ünvanlanmış nida, qan yaddaşını oyatmağa yönəlik türkü idi.

Bu gün bütün keçmiş postsovet məkanı ölkələrində XX əsrin ilk onilliklərində rəngarəng tendensiyaların formalaşmasına rəvac verən amil kimi I Dünya müharibəsi, onun aşıladığı inqilabi xarakter, bəşər miqyasında başlanan dekadans, dünyanın gələcəyi ilə bağlı pessimist əhval-ruhiyyə, apokalipsis hissi, insanların psixolojisində, düşüncə və xarakterində başlanan “çevrilmə” əsas səbəblər kimi mənalandırılır və bu, həqiqətən də XX əsr insanını, sənətkarını keçib gəldiyi zamanın gerçəkləri və tələbləri içrə səciyyələndirməyə imkan verir. Əsrin planetar məzmunu, elmi informasiya məkanında iştirakı ilə şərtləndirilən başlanğıcı elə onunla səciyyəvidir ki, qəti olaraq tarixi gedişatı çağdaş dünya proseslərinə cəlb edir; ən azı təcrübəsinə daxil edib onu dərk etməyə çalışır. 20-ci illərdən başlayaraq sovet hakimiyyətinin diktəsi, asılılığında olan ölkələrin ədəbiyyatındakı prosesləri özgə səmtlərə yönəltdi. Bu epoxanın bir neçə onilliyini qapsayan sovet ideologiyasının insana vəd etdiyi işıqlı həyat, xoşbəxt gələcək ilə bağlı fikirlərin sadəcə illüziyadan başqa bir şey olmadığı isə təxminən 60-cı illərədək davam etdi. Xalq yazıçısı Anar “Nəsrin fəzası” adlı məqaləsində doğru yazır ki, “Yeni Azərbaycan nəsri”nin əsas nümayəndələrinin hər birinin özüəməxsus fərdi simasına baxmayaraq, nəsrimizin bu dövrdəki inkişafını 60-80-ci illər yazıçılarının sırf şəxsi xidməti kimi qiymətləndirmək düzgün olmazdı. Yeni Azərbaycan nəsrini hər şeydən əvvəl, zamanın özü yetirdi; bu nəslin yazıçıları isə öz dövrünün övladları idi”.

Bəli, məhz bu zamandan başlayaraq sənətə münasibətdə pessimizmin meydana çıxma səbəbləri daha çox maarifçilik ideyalarının özünü doğrultmadığı və zəkanın süqutu ilə əlaqədar idi. İki dünya müharibəsi, ölüm sobaları, konslagerlər, total inqilablar və əksinqilablar - hər biri cahanda kamalın təntənəsi arzusunu fiaskoya uğratdı. Fəlsəfənin bu çağadək diktə etdiyi əqli inkişaf intibah doğurmadı. Əksinə, müharibələrə yol açdı.

Ədəbiyyatda əqlin gücünə olan inam sarsıldı. Həmin xaotik durumun rəvac verdiyi neqativlər sonucda ən böyük zərbəni insana vurdu, onunla zamanın, mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasındakı əlaqənin pozulmasına gətirib çıxardı: qlobal tənhalıq insanın özgələşməsini, özündən ayrılmasını, yadlaşmasını şərtləndirmiş oldu.

Bu mənada, sovet rejiminin İnsanı yalnız müharibələrin əzdiyi insan deyildi, o, həm də tək qalmış, təcrid olunmuş, cəmiyyət tərəfindən təbii bir proseslə uzaqlaşmış, yadlaşmış çarəsiz insan idi. Həmin dönəmin mahiyyəti, onun yaddaş strukturunda yer almış görüntüləri ilə çağın insanının düşüncəsi arasında dialoq bədii təfəkkürə yansımaya bilmədi. Bədii düşüncə yeni təfəkkür modelləri axtarışında fərqli fəaliyyət sferasına daxil oldu. Qərbdə bu sosial anomaliya ilə ekzistensialist fəlsəfə məşğul olurkən, keçmiş postsovet məkanı ölkələrinin dünya ilə, insanla yeni münasibətlər sistemi yaratmağa çalışan fəlsəfi-estetik fikrində sərt realistik boyalar üstünlük qazanmağa başladı. Bu mənada, 60-cı illərdən başlayaraq dünya ədəbiyyatının yükləndiyi İnsan ağrısının ədəbiyyatın mərkəzinə çəkilməsi yalnız rejimin yumşalması səbəbindən hasilə gəlməmişdi, həm də puç olmuş, bada getmiş xəyalların yazıçı psixolojisində yaratdığı məntiqi nəticədən qaynaqlanmışdı. 

Əslində, ədəbiyyatda yenilik hesab olunan hər bir nəsnə yeni İnsan konsepsiyasının yaranması, ənənəvi sənətin tənqidi dərki ilə bağlı məsələdir. İstənilən ədəbi təmayülün məşğul olduğu və həll etməyə çalışdığı ən mühüm problemlərdən biri məhz, insana baxış məsələsinin önə çəkilməsidir. Deməli, burada iki amilin rolu həlledicidi: zamanı irəli aparmağa çalışan ideyalar və onun doğuluşunu şərtləndirən yeni sənət, insanın zamanda yeri ilə bağlı irəli gələn yeni estetik prinsiplər. Bəs bu mübadilədə Ç.Aytmatovun iştirakı nə qədər funksional görünür? Bunu təbii ki, ustad yazıçının əsərlərini dünya maraqları kontekstində tədqiqata cəlb etməklə öyrənmək mümkündür. 

Ç.Aytmatov nəsrinin güc mənbəyi nədədir? Sualın cavabı yazıçının yaradıcılığı ilə tanış olan hər kəsə bəllidir. Ç.Aytmatov yaradıcılığa başlayan zamandan sənətin ali prinsiplərinin, bəşəri dəyərlərin nədə ehtiva olunduğunu dərindən anladı və bütün şüurlu ömrünü həmin ali prinsiplərin realizəsinə yönəltdi. “İnsan - təbiəti etibarilə kosmosdur” - deyən yazıçı ədəbiyyatın əbədi predmetinə kosmos olaraq yanaşdı, onu təbiətin və Tanrının zərrəsi kimi aldı, bəşərin əşrəfi kimi dəyərləndirdi. İndi bəlkə də İnsanı bədii mətnə gətirmək, onun dərdlərindən, qayğılarından, sevgi və həyəcanlarından yazmaq o qədər də çətin deyil. Amma Aytmatov zamanında bu o qədər də asan məsələ deyildi. Sənətkarsa bütün hallarda öz zəmanəsinin övladıdır və onu öz mühiti və dövrü üzrə dəyərləndirmək lazımdır.

Hələ XX əsrin əvvəllərində yazdığı “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində Əli bəy Hüseynzadə qırğız türklərinin istedadı haqqında Radlovun dediyi fikirlərə şərik olaraq yazırdı:

“Yunan şairi-əzəmi Homer zamanındakı sünuhati-milliyyənin dövrü-dastanisini bu gün ancaq qırğız qövmündə müşahidə etmək mümkündür”. Ç.Aytmatovun əsərləri həmin folklorla, miflə, tarixi keçmişlə körpü rolunu oynadı. Mifdən yazıya, eposdan kitaba və nəhayət, dünəndən bu günə uzanan elə bir körpü ki, onunla çağdaş dövrün təmasını yaratmaq sovet dövründə zamanın qırılmış bağlarını birləşdirmək, onun bütövlüyünü bərpa etmək üçün lazım idi. Bu mənada ədəbiyyata yeni gələn yazıçının üzünü yaddaşa çevirən tarixə - özündə xalqın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə tutması ilk növbədə, həmin boşluğu doldurmaq ehtiyacından irəli gəlirdi. Təbii ki, bu həm də qırğız xalqının min illər boyu formalaşmış dəyərlərinin nəsrdə təcəssümü idi, zamanı gəlmiş də “Manas oğlunun” qələmində əksini tapmışdır.

Ç.Aytmatov insan dəyərinə xidmət edən sənət yaradır və yalnız bu sənəti əqli-mənəvi intibahın, milli-bəşəri dəyər və beynəlmiləl sərvət axtarışının mərkəzinə gətirirdi. 1960-cı illərdən başlayaraq bu nəsr elə mövzuları qabardır ki, əvvəlki dövrlərlə müqayisədə təsəvvür hüdudlarını aşır. Konkret tarixi materialın kontekstində ümümbəşəri problemləri qoyub həll etmətə çalışan bu əsərlərdə İnsan onun mövcudluq problemlərinin dəyişməz mənəvi və sosial dəyərləri sınağında dərk edilirdi. Hansı ki, bəşəriyyətin qarşısında həmişə bütün kəskinliyi və ciddiliyi ilə durmaqdadır.

Əbədi insan-zaman, Tanrı-mən, həyat-ölüm məsələlərini ehtiva edən bu əsərlər ilk növbədə, İnsan konsepsiyasının bütövlüyü ilə, dövrün mürəkkəb və təzadlı proseslərində, harmoniya və mənəvi kamillik axtarışlarında iştirak edən milli sərvət kimi dəyərlidir.

Yazıçının oğlu İlgiz Aytmatov da atasının ədəbi irsinə “dəyərlər məxəzi” kimi yanaşır, ondan çağın problemlərini dərk etməkdə kara gələn ünvan olaraq bəhs edir: “...cəmiyyətin özündə daima və sistematik olaraq insanların düşüncələrinə humanizm, sevgi, qarşılıqlı hörmət, beynəlmiləlçilik, dostluq münasibətləri, əmin-amanlıq və zəhmətsevər həyat ideyalarının hakim kəsilməsi üçün təbliğati iş aparılmalıdır. Təəssüf ki, insanın real həyatında, əsasən, adamların bir-birinə qarşı durması amilləri mövcudur. Bu gün Çingiz Aytmatovun ədəbi əsərləri müasir cəmiyyətin inkişafının ideoloji-əxlaqi əsasının təşəkkül tapmasında fəlsəfi və həyati mənbələr ola bilər.” 

Həqiqətən də, öz sosial-siyasi görüşlərinin miqyası və məzmunu, İnsana, onun mövqeyinə və roluna verdiyi dəyəri, əqli-əxlaqi təkamül idealı ilə Ç.Aytmatovun əsərləri bəşəriyyət üçün güclü impulslar verir. Çingiz Aytmatovun son əsərlərində belə qloballaşan dünyamızın təbəddülatlarına, onun insan mənəviyyatını üstələməsinə dair fikirlər var. Müəllif yeni dünya həqiqətlərinə, həyat tərzinə qarşı milli yaddaşın öz keyfiyyətlərini qoyur və bu məramla yadlaşma (yaddaşsızlaşma!) prosesinə müqavimət hissi aşılayırdı. Çingiz Aytmatov sanki zamanı yeni sınaq qarşısına çıxarır: özgə mədəniyyətlər daxilində hər bir milli insanın mövqeyi necə görünür, ənənə və mühafizəkarlıq meyarlarının cəmiyyətdə dayanıqlılığına necə çaba göstərir. Faktura və problematika müasirlikdən, keçib gəldiyimiz çağdaş və hələ də diri qalan problemlərimizin aktuallığından nəşət edirdi. “Əsrə bərabər gün”, “Kassandra damğası”, “Edam kötüyü” - bu əsərlərlə yazıçı bəşəriyyətin xilası yolunda ahəngə, birliyə addımı ifadə edən ünvanları nişan verirdi. Bu əsərlərdə eyni anlam yaradıcı mexanizmlər fəaliyyət göstərir, yeni dünya modelinin məna axarlarının trayektoriyası kosmik, mifik və ilahi elementlərin məkanları içrə gəzişirdi. Ona görə də məhz bu yaradıcılıqda kodlaşan ədəbi və mənəvi dəyərlərin vüsəti böyük idi: din və dil birgəliyi, ruhani və bəşəri problemlər, dünyəvilik və ilahilik, Tanrı eşqi və insan sevgisi Aytmatov yaradıcılığında ideal bütövlük və ahəng yaradırdı. Məkan və zaman paralelləri, süjetdə çoxqatlı ekspozisiya, təbiətlə insan ahənginin birgəliyi, həyat və ölüm, mif və reallıq arasında sərhədsiz keçidlər - hər biri təsadüfü xarakter daşımır, əsərlərdə yalnız bədii deyil, eyni zamanda fəlsəfi məkanı təşkil edirdilər. Yazıçı müasir problemlərin inikasına varmaq üçün də yolunu tarixdən, mifologiyadan, folklordan salırdı, təsvirə çəkəcəyi predmetin etnik-tarixi tipini - genotipini müəyyənləşdirirdi. Əsrarəngiz təbiət təsvirləri, heyvan obrazları, mütəlif rəmzlər, şərti-metaforik obrazlar onun təhkiyə üsulunun mifoloji kökləri idilər. “Ağ gəmi”də Ana maral, “Dəniz kənarı ilə qaçan alabaş”dakı Qadın balıq, “Edam kötüyü” romanındakı Taşçaynar adlı quş obrazları, Gülsarı, Qaranar, Ağbars kimi real heyvan obrazları yazıçının milli folklorla bağı (bağlılığı) zəminindən qaynaqlanmaqla bahəm onun fərdi yaradıcılıq üslubunun əsas özəlliyi kimi çıxış edirdi. Həmin mifoloji obrazların inikası yazıçıya insan taleyini qabartmaq, təcəssüm etdirmək üçün lazım idi. Bu mənada onun bir yazıçı kimi özəlliyi heç də yaratdığı türk obrazlarının mükəmməlliyi, yaxud insan yaddaşının simvolikası ilə məhdudlaşmır. Onun mürəkkəb, çoxplanlı nəsrinin ən əsas özəlliyi hər zaman məhz, türk təfəkkürü məcrasında düşünməsi və düşüncələrini türkün zəngin tarixi mədəniyyəti kontekstində ədəbiyyat müstəvisinə gətirməsidir. Bu özəlliyi zamanında duyan və dəyərləndirən ədəbiyyatşünas-alim Nizami Cəfərovun dediyi kimi, “Ç.Aytmatov ona görə nəhəng sənətkardır ki, min illərin zəngin türk mədəniyyətini özündə məhz tarixi inkişaf məntiqi ilə ehtiva edir, - onun təfəkküründə buddizmin də, iuadaizmin də, xristianlığın da, İslamın da fəlsəfi-estetik anlayışları ardıcıl şəkildə türk mədəniyyətinin idrak prinsiplərinə tabe olur, həmin prinsiplər baxımından işlənir, - bu mənada, Ç.Aytmatov mədəni-tarixi mövcudluğumuzun arxeoloji ibtidasından gəlir...” 

Hələ ilk əsəri olan “Cəmilə”nin nəsrin fəzasında doğuluşu yazıçının türk mentallığına bağlılığını uğurla sərgiləyir, türk etnosunun etnoqrafiq cizgilərinin portretini yaradırdı.

Baxmayaraq ki, əsər könülləri “ən gözəl sevgi hekayəti” (L.Araqon) kimi fəth etmişdi...

Mənə elə gəlir ki, Ç.Aytmatovun ən saf, ən zərif əsəri məhz “Cəmilə”dir. Yalnız ona görə yox ki, povest yazıçının ilk qələm təcrübəsi sırasına daxildir. Sadəcə bu əsərdə Ç.Aytmatov qələmi dünyanın böyük işləklərinə bulaşmayaraq, ona eşqin nəzərləri ilə boylanmağı təqib qılırdı. Cəmilənin “kiçinəbala”sı olan Seyidin rənglər dünyasında sevgi boyaları oxucuya “gördüyündən artıq görə bilmək” cəsarəti və həssaslığı aşılayırdı. Ç.Aytmatov sevginin yaddaşını oyadır, onu İnsan mənəviyyatının başlıca məziyyəti kimi qabardırdı. Sonralar müsahibələrinin birində bu konsepsiyanı daha inamla təlqin edərək - “həyatın əsasını məhəbbət təşkil edir” deyirdi.

Bu, ağrılardan keçib gələn XX əsr yazıçısının fəci reallıqlar qarşısında çıxış yolu idi. Ç.Aytmatovun istisnasız bütün əsərlərində bu konsepsiyanın - humanizmin ideya istiqamətləri aydın görünürdü. “Cəmilə” əsəri ilə yazıçı sevgisi gözündə donan bir cəmiyyətin buzunu əritməyə qalxışırdı və bunu elə zamanın özünün dəyərlərinə müxalif olaraq, tabulara qarşı çıxaraq edirdi. Bu “mərkəzdənqaçma tendensiyası” icazəli yenilik idimi? Düşünmürəm. Çünki əsər icazəsiz-filansız, öz bədii məziyyətləri ilə bütün cəmiyyət qanunlarını nəsrin fəzasından görməzdən gəlir, bu qanunların hər şeyin fövqünə qaldırdığı sevgi motivindən neçə boy aşağıda, çökəkdə olduğuna ayna tuturdu.

“Bu dünyanın köhnəlmişdi rəngləri, / Sevdim səni məhəbbətlə boyadım” (N.Kəsəmənli). Ç.Aytmatov da beləcə, bozluq içində yaşayan sovet insanına Sevgi adlı ali hissdən bəhs edirdi. Əmək adamlarını yalnız iş başında təsvirə çəkməklə deyil, içindəki dəyərli halları üzə çıxarmaqla mənalı edirdi. Cəmilə, Daniyar, Düyşen,Tanabay, Edigey, Boston - ilk növbədə, mənəvi yüksəlişləri ilə maraqlı idilər. Çünki həmin vaxta qədər nəsrdə sözün böyük mənasında İnsan təsvirə çəkilmirdi. Kolxozçu, fəhlə, inqilabçı, çoban və s. - bu peşələri təmsil edən obrazların arxasında düşünən beyini, döyünən ürəyi bədii mətnə gətirmək nədənsə yazıçıları o qədər də məşğul etmirdi. Ç.Aytmatov ilk olaraq İnsanı bədiiyyatın mərkəzinə gətirdi və elə həmin zümrənin İnsanının hiss və həyəcanlarından, qayğı və problemlərindən, sabahı naminə keçmişindən və indisindən yazdı.

Çingiz Aytmatov ömrünün son çağlarınadək öz prinsipinə sadiq qaldı. Dünyanın mal, mülk, torpaq iddiaları ilə bağlı ağlasığmaz fəlakətlərinə, insanlığa edilən amansız cinayətlərə münasibətdə öz mövqeyindən sapmadı: “İndi artıq dünya qan tökməklə problemləri həll etmək yolunu tuta bilməz. Müharibə kultunun yerinə mütləq dünya mədəniyyəti gəlməlidir. Dünya paytaxtlarının mərkəzində mütləq at belində sərkərdələr görürük. Bəs sülh istəyən böyük şəxsiyyətlər hanı”? Bu fikirlər Çingiz Aytmatov ziyalılığının yerinə yetirdiyi missiya baxımından özəlliyinin sübutu kimi xüsusi bir əməl cizgisi kəsb edir. Bu missiya yenə davam edir. Çünki bəşəriyyət şərdən xilas olmayıb. O,”Köçəri quşun iniltisi” hekayəsində “Ey insanlar, Allah sizi ağlasığmaz bəlalardan qorusun”, - deyirdi”. Biz “köçəri quşun iniltisi”ni yenə eşidirik. Amma artıq ümidsiz deyilik. Çünki həm də sülh istəyən böyük şəxsiyyətlər qoruyur dünya nizamını. Ötən həftə bu şəxsiyyətlərdən ikisi - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda böyük yazıçının  abidəsinin açılışını etdi. Bu, yalnız sözə ehtiramın təntənəsi deyildi, həm də verilən əməyin bəhrəsi - 

TÜRK RUHUNUN QƏLƏBƏSİ idi! 

Elnarə AKİMOVA

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Turizm

Siyasət

Siyasət

Xəbər lenti

MEDİA

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31