Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının fəallarının şəhidlərimizin anım mərasimlərində iştirakı davam edir

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının fəallarının şəhidlərimizin anım mərasimlərində iştirakı davam edir

16.11.2021 [17:18]

Ötən gün Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvlərindən bir qrupu Saatlıda əslən Qərbi Azərbaycandan olan şəhidlərin anım mərasimlərində iştirak edib. Əsrlər boyunca xain ermənilər tərəfindən yurd yuvasından didərgin salınmış Qərbi Azərbaycan kökənli soydaşlarımız ölkəmizin dörd bir yerinə səpələnsələr də, öz tarixi köklərini, ata-baba torpaqlarını heç vaxt unutmadılar və bu illərdə düşmənin köksümüzə vurduğu yaranın intiqamını almaq üçün yeni bir nəsl yetişdiriblər.
Qərbi Azərbaycan İcması olaraq bütün şəhidlərimizin xatirəsini əziz tutur və dərin ehtiramla anırıq. Bu günlərdə icma olaraq əlimiz çatdığı qədər şəhidlərimizin anım mərasimlərində iştirak edib, ailələrinə dəstək olmağa çalışmışıq. Hər şəhidin həyat hekayəsi bizim üçün əzizdir.  Saatlıya iki şəhidin sorağıyla getsək də, səfər zamanı ortaya maraqlı məqamlar çıxdı. Məlum oldu ki, hələ birinci Qarabağ savaşında da rayonda onlarla Qərbi Azərbaycan kökənli gəncimiz şəhid olub. Və bu fədakarlıq hissi, bir gün düşməndən qisas alacağımız günün yetişəcəyi arzusuyla nəsildən nəslə ötürülüb. 
Elə 44  günlük Zəfər tarixində də canını Vətən uğruna fəda etmiş minlərlə şəhidin arasında Şəhid Fərrux Bayramov və Zabil Ağayev kimi oğullarımızın olması bizlərə - vətən həsrətlilərə bir daha qürur yaşatdı. Fərrux da, Zabil də əslən Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Saatlı rayonunun Məmmədabad kənd qəbiristanlığında da qoşa dəfn olunublar. Hər ikisi 44 günlük Vətən Müharibəsində  qəhrəmanlıqlar göstəriblər. Ta Şuşanın azad olunmasına qədər mənfur düşmənlə əsl cəngavər kimi döyüşüblər. Fərruxun iki yadigarı qalıb, 5 yaşlı Əsmər, 3 yaşlı Fəxri. Əsmər deyir ki, atam şəhərə gedib , tezliklə gələcək, ona demişəm ki, gələndə mənə hədiyyə gətirsin! Fəxri öz aləmindədir, həyətdə gəzişir, bu qədər adamın niyə onlara gəlib getdiyini anlamır... 
Zabil isə ailə həyatı qurmağa macal tapmadı, kim bilir bəlkə sevdiyi, ancaq könlünü açmadığı hansısa bir gözəl varmış, indi onu hamıdan gizli oxşayıb əzizləyir, göz yaşlarını qəlbinə axıdır ki, kimsə görməsin... 

Hər iki şəhidimizin döyüş yolu işğal olunmuş rayonlarımızda keçib Şuşada başa çatıb, kiçik çavuş Fərrux Suqovuşandan Şuşaya, kiçik çavuş Zabul isə Füzulidən Şuşayadək uzanıb .Hər ikisi Şuşa uğrunda döyüşlərdə şəhadətə yuksəliblər. Hər ikisi  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə azad olunmuş rayon və şəhərlərin adına tlhsis edilən  medallarla təltif olunublar. 
Qərbi Azərbaycan İcması üzvlərinin Saatlıya  səfəri  rayonun girəcəyindəki  Şəhidlər Xiyabanını ziyarətlə başladı. Daha sonra  Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçəklər qoyuldu, ümummilli   liderimin  xatirəsi ehtiramla anıldı. 
Azərbaycan Respublikası Milli Məclisində Saatlı rayonunu təmsil edən, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin təşəbbüsü ilə gerçəkləşən bu səfərdə Saatlı rayon hüquq-mühafizə orqanlarının, eləcə də icra hakimiyyətinin nümayəndələri də qonaqlarla bərabər Şəhidlərin ailələri ilə görüşdülər, valideynlərə belə vətənpərvər oğullar böyütdükləri üçün  bir daha təşəkkür etdilər,  səmimi söhbət zamanı ailələri narahat edən problemlərin həlli yolları araşdırıldı,  şəhidlərin ruhuna dualar oxundu.
 Sonra səfər iştirakçıları kənd qəbiristanlığında dəfn olunmuş şəhidlərin məzarını ziyarət etdilər, məzarları üzərinə icma tərəfindən hazırlanmış əklillər düzdülə.
 İcma qadınlar şurasının sədri Telli Pənahqızı, Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin də ürək sözlərini dilə gətirərək, bir daha şəhid  valideynlərinə təşəkkür etdi, onların  övladları ilə bütün Azərbaycan xalqının qürur duyduğunu bildirdi. O icma adından xüsusi hazırlanmış təşəkkürnamələri şəhid analarına təqdim edərək bundan sonra da  hər zaman onları dəstəkləyəcək  bir ünvanın  olduğunu xatırlatd:
- Sizin də övladlarınızın şücaəti unudulmayacaq, adı ürəklərdə yaşayacaq, qəhrəmanlığı dillərdə dastan olacaq, ona görə də həmişə başınızı uca, qamətinizi dik tutun, sizin övladlarınız Azərbaycan xalqını fəxri, qüruru, başucalığıdır, bütün xalq onlara minnətdardır! - dedi Telli Penahqızı.
 Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Əbdüləli Həsənov və Qadinlar Şurası sədrinin müavini Rəhilə Abdullayeva da şəhid analarına təsəlli verərək bildirdilər ki, bundan sonra da şəhidlərimizin ailələrinin qayğıları, problemləri daim diqqət mərkəzində saxlanılacaq.
Səfər iştirakçıları Məmmədabad kəndində tikilmiş əbədi məşəlin yandığı Şəhidlər Bulağını da ziyarət ediblər. 
Beləliklə, bu səfər dərbədər salınmış elin-obanın öz şəhid balalarının xatirəsini əziz tutub, bir vəfa borcunun ödənməsi ilə yadda qaldı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Paylaş
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30