Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qocaman müəllim “Malibu” şirkətindən şikayətçidir

Qocaman müəllim “Malibu” şirkətindən şikayətçidir

02.12.2021 [11:24]

Şikayətçinin iddiasına əsasən, ona məxsus mənzil tikinti şirkəti tərəfindən qeyri-qanuni şəkildə sökülüb

İlhamə Rəsulova

Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində daimi qeydiyyatda olan, hazırda Abşeron rayonu Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi 7 ünvanında yaşayan Füzuli Həsən oğlu Salmanov redaksiyamıza müraciət edərək öz  şikayətini dilə gətirib. Öncə onu deyək ki, Füzuli Salmanov uzun illər müxtəlif vəzifələrdə çalışıb, o cümlədən uzun illər müəllim kimi fəaliyyət göstərib. YAP Babək rayon təşkilatının sədr müavini olub. Hazırda YAP Babək rayon təşkilatının İdarə Heyətinin üzvüdür.

Füzuli  Salmanov bildirir ki, onun Bakı şəhər Nəsimi rayonu  Ş.Əzizbəyov 119 ünvanında yerləşən 3 mərtəbəli yaşayış evi (171 kv.m) və 1 ədəd  qeyri-yaşayış sahəsi (39,1 kv.m) “Malibu” tikinti şirkəti tərəfindən qeyri-qanuni şəkildə sökülüb. Füzuli Salmanovun dediyinə görə, şirkət  pilot layihə çərçivəsində böyük bir yaşayış kompleksi tikməliydi: “Həmin ərazidə yaşayan vətəndaşlarla razılaşmaya getmək əvəzinə, yanlış yollara əl atıldı. İşığımızı, suyumuzu kəsdilər, evlərimizin hasarlarını sökdülər, hətta evimizdən oğurluq edildi. Bununla bağlı 5 dəfə şikayət etmişəm və 3-ü barədə cinayət işi məhkəməyə göndərilib. 2018-ci ildə biz yaşadığımız evi tərk edib kirayəyə köçməli olduq. Mən şirkətin bizə zəng edib kompensasiya və ev təklif edəcəyini gözləyirdim, lakin 2021-ci ilin avqust ayında  qonşular zəng edib dedilər ki, sənin evin sökülür. Bütün bu qanunsuzluqlar dövlətin adından çıxarılan  məhkəmə qətnaməsi əsasında edilib və mənə bu barədə heç bir məlumat verilməyib. Bildiyimə görə, Nəsimi rayon Məhkəməsinin sədri İlham Cəfərov şirkətdən 300 000 manat vəsait alaraq 15 nəfərin evinin kompensasiyasız sökülməsi barədə qərar  qəbul edib. Mən Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən kobud qanun pozuntularına yol verildiyini qeyd etmək istəyirəm”.

“Məhkəmə qərar verib ki, mənim iddiam təmin olunsun, mənə məxsus 110 kv.metr mənzil sökülsün, əvəzində mənə aylıq 500 manat kirayə haqqı və 132 kv.metr mənzil verilsin. Bu qərar əsasında mənə rəsmi bildiriş gəlmədən evim və qeyri-yaşayış sahəm sökülüb. Məhkəmə araşdırma etmədən belə qərara gəlib ki, evim  ümumilikdə 212 kv. metr deyil, 110 kv metrdir. Məhkəmənin hakimi hesab edir ki, Nəsimi rayon icra başçısının sərəncamı Konstitusiya ilə, beynəlxalq konvensiyalar ilə qanunlarla qorunan təməl hüququmuzdan - mülkiyyət hüququndan daha vacibdir?  Mənim hüquqlarım həm “Malibu” şirkəti, həm də  məhkəmələr tərəfindən kobud şəkildə pozulub. Mən Apellyasiya Məhkəməsinin qərarına etirazımı bildirsəm də, məhkəmənin sədri etirazımı təmin etməyib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, mənim xəbərim olmadan evimin sökülməsi barədə qərar qəbul edilməsi məhkəmə sədrinin vəzifə səlahiyyətindən sui-istifadə etməsi deməkdir. Mən ölkə vətəndaşı olaraq pozulmuş haqlarımın bərpasını tələb edirəm”.

Füzuli Salmanov redaksiyamıza evin qanunla ona məxsus olması, evin sahəsi barədə bütün sənədləri də təqdim edib.

“Yeni Azərbaycan” qəzeti olaraq “Malibu” şirkəti ilə əlaqə saxlayıb, məsələ ilə bağlı onların da mövqeyini öyrənmək istədik. Şirkətdən bizə öncə bildirildi ki, Füzuli Salmanovun evi pilot layihə çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə məhkəmə qərarı əsasında sökülüb. Evi sökənlər də şirkət nümayəndələri yox, məhkəmənin icraçılarıdır.

“Pilot layihədir deyə istənilən addımı atıb qanunsuzluğa yol vermək olarmı?” sualını bildirdikdən və bunun qanunla yolverilməz olduğunu vurğuladıqdan sonra “Malibu”dan ikinci bir açıqlama gəldi: “Biz Füzuli Salmanova 132 kv və 40 kv.metr həcmində iki mənzil vermişik. 7-8 ay ərzində ona 500 manat məbləğində kirayə haqlarını da ödəmişik, lakin o bizdən 500 000 manat pul və 130 kv. metr həcmində 2 mənzil istəyir. Bu gün məhkəmə qərarında bildirildiyi qaydada evləri Füzuli Salmanova verməyə hazırıq. Lakin o istəmir”.

 Füzuli Salmanov isə “Malibu” şirkətindən  heç bir kompensasiya və kirayə pulu almadığını israrla bildirir. Ümumiyyətlə, qanunvericiliyə əsasən, şirkət evi sökülən vətəndaşa kirayə pulunu 7-8 ay ərzində deyil,  çoxmərtəbəli evin tikintisi başa çatıb, sakinlər  mənzillərinə köçdüyü günə qədər ödəməlidir. Ola bilər ki, öncədən tikinti şirkəti 1 illik kirayə haqqı ödəsin, lakin tikinti 3 il davam etsin. O zaman vətəndaş nə etməlidir?

 Füzuli Salmanovun evinin özündən xəbərsiz sökülməsi barədə hüquqşünas  rəyini də öyrəndik. Vəkil Anar Qasımlı sorğumuza cavab olaraq bildirdi ki, ümumiyyətlə, mülkiyyət hüququ şəxsin konstitusiya ilə təsbit edilmiş hüququdur və pozulmasına yol vermək olmaz: “Şəxsin mülkiyyəti dövlət ehtiyacları üçün alına bilər, lakin bu zaman da özbaşınalığa yol verilmir. Məsələ qanunla müəyyən olunmuş prosedurlar gözlənilməklə, kompensasiya müəyyən etməklə, vətəndaşla razılıq əldə edilməzsə, məhkəməyə müraciət etməklə həllini tapmalıdır. Vətəndaşın mülkiyyət hüququnun deyildiyi kimi pozulması qanunlara ziddir. Məhkəmə  keçirilibsə, şikayətçi iştirak etməliydi. Şirkət məhkəmə qərarlarını ortaya  qoymalıdır. Mən inanmıram ki, məhkəmə vətəndaşın icazəsi olmadan şəxsi mülkiyyətinin sökülməsi barədə qərar çıxarsın. Bu məsələ öyrənilməlidir. Vətəndaşın pozulmuş hüquqları bərpa edilməlidir”.

P.S. Problemi araşdırmağa davam edəcəyik.

 

 

Paylaş
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Sosial

Xəbər lenti

Yeni texnologiyalar

Xəbər lenti

Siyasət

Müsahibə

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31