Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa ili - Zəfərimizin dəlili!

Şuşa ili - Zəfərimizin dəlili!

07.01.2022 [11:05]

Prezident İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət və razılıqla qarşılanıb. Bu tarixi qərarın əhəmiyyəti ilə bağlı diplomat, ədəbiyyatşünas alim Vilayət Quliyevin “Şuşa ili - Zəfərimizin dəlili!” sərlövhəli məqaləsini təqdim edirik.

Prezident İlham Əliyev bir neçə gün əvvəl, Azərbaycan televiziyası ilə xalqa Yeni il təbriki və müraciətində 2022-ci ili “Şuşa ili” elan etdi. Bir an içində qarşıdan gələn ilin siqləti, əhəmiyyəti, tarixiliyi gözlərimiz önündə qat-qat böyüdü, artdı. Əslində, 1992-ci il mayın 8-dən, Şuşa erməni işğalına uğrayandan sonra keçən hər il bizim üçün Şuşa ili olub desəm yanılmaram. Amma o fərqli dövr idi. Şuşasız yola saldığımız hər il həsrət, nisgil və narahatlıqla, düşmənə nifrət və qəzəblə, itirilən hər şey üçün sonsuz kədər və təəssüf hissi ilə dolu idi... İlk günlərini yaşadığımız Şuşa ili isə çəkilənlər üçün bir məlhəmdir, hərbi zəfərimizin siyasi, iqtisadi, mədəni, mənəvi sahələrdə daha da möhkəmləndirilməsidir.

* * *

Ötən il avqustun 29-da Azərbaycan əsgərinin qanı çilənmiş “Zəfər yolu” ilə Şuşaya gedəndə xalqımızın mövcudluq tarixi ilə qırılmaz tellərlə bağlı olan bu şəhərin taleyimizdəki müstəsna yeri və rolu haqda düşünürdüm. Şuşaya olan borcumuz, Şuşanın bizi yüksəltdiyi ucalıq barəsində düşünürdüm. Fikirləşirdim ki, 30 ilə yaxın sürən erməni işğalı heç vaxt, heç bir soydaşımızın yaddaşından, düşüncəsindən ani də olsa, Şuşanı silib atmayıb, bütün ladlarda təkrarlanan bədnam “Şuşi nağılı” heç vaxt “Şuşa kimindir?” sualı doğurmayıb.

Ölkəmizdə bağça uşaqları da bilirlər: Şuşa tarixən Azərbaycanın olub, Azərbaycanındır və əbədiyyətə qədər də torpağımızın müqəddəs bir guşəsi - Azərbaycan şəhəri kimi qalacaq. 2020-ci il noyabrın 8-də isə Azərbaycan əsgəri qeyri-adi hünəri ilə “Şuşa bizimdir!” həqiqətini bütün dünyaya ?əyan etdi.

Əcdadlarımız eyni həqiqəti 1795 və 1797-ci illərdə Ağa Məhəmməd şah Qacarın çoxminli ordusuna sübut etmişdilər. Dili-dilimizdən, qanı qanımızdan olsa da, müqəddəs şəhəri əlimizdən almaq, Qarabağ xanlığının mövcudluğuna son qoymaq istəyən “Axta xan” burada ölümünü tapmışdı. Fələyin mancanağından fitnə daşları yağsa da, “şüşə sarayda” oturub Şuşanı düşməndən qoruya bilmişdilər.

1918-1920-ci illərdə doğma şəhəri digər təhlükədən - rus hakimiyyətinin qanadı altında bölgəyə ayaq açan və burada məskunlaşan ermənilərin işğalçı cəhdlərindən müdafiə etmək lazım gəlmişdi. 1920-ci ilin martında Azərbaycan Cümhuriyyəti ordusu Şuşanı (eləcə də Xankəndini və 1923-cü ildə bolşevik-daşnak alyansının DQMV adlı süni qurum yaratdığı bir sıra digər əraziləri) daşnak tör-töküntülərindən təmizlədi, şəhərin həqiqi ruhunu və simasını özünə qaytardı.

Ermənilər Şuşanın işğalını riyakarcasına onun “azad olunması” kimi qələmə verməyə çalışırdılar. Şəhərin əsasının 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulması inkarolunmaz mötəbər tarixi sənədlərdə əksini tapıb. Tarix ermənilərin prosesdə iştirakı haqda heç nə demir. Əlbəttə, öz uydurmalarını çıxmaq şərti ilə! Elə isə özünün olmayanı necə “azad etmək” mümkün idi?

Rusiya imperiyasının yeni inzibati-ərazi bölgüsünə görə 1840-cı ildə qəza şəhəri statusunda Kaspi vilayətinin tərkibində olan Şuşanın 1843-cü il mayın 21-də imperator I Nikolay tərəfindən təsdiqlənmiş gerbində də onun ermənilərə məxsusluğunu cüzi də olsa xatırladan heç bir rəmzə təsadüf edilmir. Gerbin yuxarı hissəsində Kaspi vilayətinin simvolikası (Bakının da gerbində təsadüf etdiyimiz alov dilləri) əksini tapıb, aşağı hissədə yaşıl çəmənlikdə çapan Qarabağ atı rəsm olunub. İzahedici qeyddə isə bu at cinsinin Qarabağda yetişdirildiyi, Asiya tipli yəhər və yüyənin də yerli istehsal olduğu bildirilir. Ermənilər iştahalarının bütün hüdudsuzluğuna baxmayaraq indiyə qədər Qarabağ atlarını “erməniləşdirə” bilməyiblər. Bəlkə də onların məntiqinə görə sahiblənmək istədikləri digər maddi-mədəni sərvətlərimiz kimi Qarabağ atını da öz adlarına çıxmaq “qədim və mədəni xalqı” köçərilərlə eyniləşdirmək anlamına gələ bilərdi. Ona görə də heç olmasa burada həqiqət təhrifə uğramayıb. Bütün Qarabağda atçılıq istisnasız şəkildə Azərbaycan türklərinin ixtiyarında olub və Şuşa şəhərinin gerbində öz əksini tapıb. Bu dolayısı yolla həm də Şuşanın Azərbaycan-türk mənşəyinin təsdiqi idi.

Bir sözlə, istər XIX, istərsə də XX əsrə dair Azərbaycan, rus və xarici dillərdə mövcud olan xəritələrdə, sənəd, kitab, yol göstəriciləri, turist bələdçiləri, poçt göndərişlərində və s. şəhərin adı yalnız Şuşa kimi göstərilib.

Səbirsiz oxucuya açıq qapını döymək kimi görünəcək bu məlum həqiqətləri nədən bir daha xatırladıram? Yəqin ki, işğaldan bir müddət sonra ermənilərin Şuşanın Gəncə qapısı üzərindəki “Şuşa” yazısını qopararaq yerinə “Şuşi” sözünü qondarmaları, bu yolla da əsəblərimizlə oynamaları hamının yadındadır. Qəhrəman əsgərimizin dünya hərb tarixinə yazılacaq qeyri-adi fəthindən sonra işğalçılarla birlikdə o lövhə də həmişəlik cəhənnəmə getdi.

Amma əcaib “Şuşi” adı haradan peyda olmuşdu və xəyanət yolu ilə ələ keçirdikləri şəhəri açıq döyüşdə kişi kimi qoruya bilməyən ermənilər niyə indi də yana-yana hamının Azərbaycanın tarixi ərazisi kimi tanıdığı Şuşadan yox, xəstə təfəkkür məhsulu olan “Şuşidən” danışırlar?

Yeganə bacardıqları iş dağıtmaq, yandırmaq, talamaq olan işğalçılar yalnız bir məsələdə əsl “yaradıcılıq” nümayiş etdirmişdilər. Bu da tarixi türk-Azərbaycan toponimlərinin uydurma erməni yer adları ilə əvəzlənməsi olmuşdu. Nəticədə Ağdam - Akna, Laçın rayonu - Kaşataq, Laçın şəhəri - Berdzor, Füzuli - Varanda, Cəbrayıl - Jrakan, Zəngilan - Kovsakan, Qubadlı - Sanasar, Kəlbəcər - Karvaçar şəklinə salınmışdı. Keçmiş DQMV-də və yeddi rayondakı digər yer adlarına da ermənisayağı “əl gəzdirilmişdi”.

Heç kəsə sirr deyil ki, çarizmin Qafqaz siyasətində ermənilər xüsusi fəallıqları ilə seçilmişdilər. Yeni ərazilərin idarəçiliyində onlara daha çox etibar göstərilirdi. Elə isə ortaya haqlı sual çıxır: rus ağalarına nə üçün hələ 1830-cu illərdə Ağdamın “Akna”, yaxud Cəbrayılın “Jrakan” olması “həqiqətini” pıçıldamamışdılar? “İştah diş altındadır” deyirlər. Yeni “coğrafi kəşflər” onların ağlına yalnız 1992-ci ildən, Azərbaycan torpaqlarının işğalından, artıq “tarixi dəyişmələrinə” əmin olandan sonra gəlmişdi.

Bəzən gülməli hallar da olmuşdu. Məsələn, “Şuşa”nı “Şuşi” şəklinə salsalar da, mövcudluq tarixi boyu Azərbaycan türklərinin mədəniyyəti, həyat tərzi ilə bağlı olan Cıdır düzü toponiminə qarşılıq tapa bilməmişdilər. Odur ki, çıxış yolunu onun ermənisayaq “Jdrduz” şəklində yazılmasında görmüşdülər. İzahatda isə sözün türk dilində “cıdır meydanı”, “ippodrom” anlamında işləndiyini qeyd eləmişdilər. İndi adamdan soruşarlar, əgər söz ermənicə bir anlam bildirmirsə, nə üçün onu eybəcər şəklə salırsan? Unutmayaq ki, söhbət adamdan gedir, xəstədən yox...

(Amma o da maraqlı idi ki, 44 günlük müharibə zamanı videogörüntülərini seyr edə bildiyimiz “Kaşataq”, yaxud “Karvaçarın” yeni erməni sakinləri istisnasız şəkildə bu əraziləri qondarma deyil, həqiqi adı ilə - Laçın, yaxud Kəlbəcər adlandırırdı. Deməli, yalan ayaq tutsa da yeriyə bilməmişdi).

Təbii ki, 250 illik tarixi, böyük mədəni irsi olan, onlarla dünya şöhrətli insanın “kiçik” vətəni kimi tanınan Şuşa adına münasibətdə belə kardinal dəyişiklik mümkün deyildi. Elə ad seçməyə çalışmışdılar ki, həm tarixi Şuşanın şöhrətini yaşatsın, həm də bir az erməni xülyalarına uyğun gəlsin. Ona görə də kiçik bir kosmetik dəyişikliklə kifayətlənmək zorunda qalmışdılar. Elə bilmişdilər ki, bu yolla təzə tarix yazacaq, Şuşanı yaddaşlardan sıxışdırıb çıxara biləcəklər. Müvəqqəti işğalı tarixin və yaddaşın işğalına çevirəcəklər.

Amma olmadı. Ola da bilməzdi.

Həm də regionun tarixinə bələd olanlara sirr deyildi ki, erməni separatçıları yalnız 1992-ci ilin mayından, şəhər üzərindəki nəzarəti müvəqqəti ələ keçirəndən sonra “Şuşinin qədim erməni şəhərinə” çevrilməsi konsepsiyası üzərində işləməyə başlamışdılar. Qala divarlarının yaxınlığında aparılan “qazıntı” zamanı guya 912-ci və 1252-ci illərə aid iki xaçkar, erməni məzar daşları və s. artifaktlar “tapılmışdı”. Maraqlıdır ki, Şuşa sovet dönəmində heç vaxt arxeoloqların üzünə qapalı qalmamışdı. Əcəba, elədirsə, bəs bu cür abidələr əvvəllər niyə “tapılmırdı”? Yaxud guya Şuşi adının erməni şəhəri kimi 1428-ci ildə yazıya alınan, hazırda Matendaranda saxlanan Ter-Manvelin illüstrasiyalı dua kitabında xatırladılması haqda “sensasiyalı” xəbər əvvəllər niyə peyda olmamışdı? Belə “sənəd və materialların” aşkara çıxması üçün mütləq fiziki işğal tələb edilirdi? Kim təsdiq edə bilər ki, xaçkarlar, Ter-Manvel miniatürü də bütün digər “erməni antikliyi” nümunələri kimi açıq-aşkar saxtakarlıq nəticəsi deyil?

Məlumdur ki, ermənilər tarixlərinin qədimliyini, ilk növbədə, kilsələrinin yaşı ilə gözə soxmağa çalışırlar. Elə isə ortaya başqa bir haqlı sual çıxır: əgər “Şuşi” həqiqətən də əski erməni məskəni olmuşdusa (son vaxtlar həm də Eçmiədzindən sonra ikinci dini mərkəz kimi qələmə verilir), onda burada ilk kilsə niyə yalnız şəhərin binası qoyulandan 80 il sonra meydana çıxmışdı? Necə olmuşdu ki, Pənahəli xan qalanın tikintisi ilə paralel ilk Allah evinin məscidin inşasına da başlamışdı, ermənilər isə hələ onilliklər boyu gözləməyi üstün tutmuşdular?

Sualın cavabı aydındır. Onların əsas kütləsi Şuşaya yalnız bura şəhər kimi formalaşmağa başlayandan sonra, bir növ “hazırın naziri” kimi ayaq açmışdılar. Tarixi qaynaqlarda da göstərildiyi kimi, Qarabağ xanlığının ləğv edildiyi və Qarabağ ərazisinin rus idarəçiliyi altına keçdiyi 1823-cü ildə Şuşada əhalinin dörddə üç hissəsini Azərbaycan türkləri təşkil edirdi. Qacar sərkərdəsi Abbas Mirzənin məğlubiyyəti ilə başa çatan Rusiya-İran müharibələrindən sonra yuxarıda da qeyd edildiyi kimi ermənilərin Qarabağa, o cümlədən Şuşaya kütləvi axını başlamışdı. Gəlmələr din eyniliyi və xarakterlərindəki güclüyə yarınmaq zəminində tezliklə çar məmurlarının rəğbətini qazanmışdılar. Bu rəğbətdən, isə ilk növbədə yerli Azərbaycan türklərinə qarşı istifadə olunurdu.

Şuşadakı mövcud və mifik erməni kilsələrinin adları da maraqlı mülahizələr üçün zəmin yaradır və ermənilərin Şuşaya digər bölgələrdən köçüb gəldiklərini aydın göstərir. Məsələn, Qazançestots (Ordubadın Qazançı kəndindən olanların kilsəsi), Aqulistots (Əylislərin kilsəsi), Meqrestots (Mehrililərin kilsəsi) və s. Deməli, əvvəlcə yaşadıqları ərazilərin (hərçənd həmin yerlərin də avtoxton əhalisi deyildilər) adlarını kilsə və məhəllə adlarında yaşatmağa çalışan bu adamların Şuşanın ilk təməl daşlarının qoyulmasında, onun ilkin simasının formalaşmasında heç bir əhəmiyyətli rol və xidmətləri olmamışdı.

Xanlığının ləğvindən sonra Valerian Mədətov, Xandəmirov (Qasım bəy Zakir onun haqqında yazmışdı: “Xandəmirov çaldı, çapdı mahalı, O ki var tutub özün keçəl qurumsaq!”), Tarxan-Mauravov kimi yeni rejimin əlaltıları olan erməni məmurlar etnik tərkibin dəyişməsi üçün mümkün olan hər şeyi etmişdilər. Nəticədə yüzlərlə yerli sakin vətəni tərk edib əsasən Azərbaycanın cənubunda mühacir həyatı yaşamağa məcbur olmuşdular. Hətta Cavanşir elinin ağsaqqalı, Pənahəli xanın nəvəsi Mehdiqulu xan da taleyin bu ağır zərbəsindən yayına bilməmişdi. Amma ermənilər nüfuz və əlaqələrini nə qədər artırsalar da hər halda şəhərin tarixi adını saxtalaşdırmağa ya gücləri, ya da ağılları çatmamışdı. Ən başlıcası isə bunun üçün tutarlı bir əsas tapa bilməmişdilər.

Şuşada tarixən ermənilər yaşayıb. Bu faktdır. Biz onların saxtakarlıq yolunu tutub Qarabağın əsilzadə xanımı Gövhər Ağanın tikdirdiyi məscidi İran dini abidəsi kimi qələmə verəcək dərəcədə saxtakar və heysiyyətsiz deyilik. Burada məskunlaşan erməniləri də qaraçı adlandırmaq fikrindən uzağıq. Bəli, ermənilər Şuşada yaşayıb. Hətta yanılmıramsa, Pənahəli xanın təlxəyi də erməni olub. İlk gələnlər dallarınca qohum-əqrəbalarını, dost-tanışlarını da dartıb gətiriblər. “Yersiz gəldi, yerli qaç!” prinsipi ilə hərəkət edərək zaman-zaman saylarını artırıblar, şəhərin idarəçiliyini əllərinə keçiriblər. Böyük var-dövlət qazanıblar. Hakimiyyət yanında sözləri keçib. Çarizm dövrünün statistikasına inansaq, hətta 1916-cı ildə Şuşa əhalisi arasında nisbət etibarı ilə yerli türklərdən daha çox olublar. İlk dəfə Birinci rus inqilabı dövründə şəhəri həqiqi sahiblərindən təmizləməyə, onu tam bir erməni şəhərinə çevirməyə çalışıblar. Amma niyyətləri ürəklərində qalıb. Azərbaycanlılar doğma şəhər uğrunda mübarizədə görünməmiş dirəniş göstəriblər. Bunu həm sözlə, həm də silahla etməyi bacarıblar.

İnanıram ki, hətta ən uğurlu çağlarında, uduşlu vəziyyətlərində də ermənilər ürəklərinin dərinliyində Şuşanın erməni şəhəri olmadığının, ola bilməyəcəyinin fərqinə varıblar. Ona görə də nə 1905-1920-ci, nə də 1992-2021-ci illərin erməni iddiaları, hətta müvəqqəti itki Azərbaycan insanının ürəyindəki Şuşa sevgisinə, təşnəliyinə azacıq da olsa xələl gətirə bilməmişdi. Əksinə, Şuşa müqəddəs bir simvola, rəmzə çevrilmişdi. Azərbaycanın Məkkəsi, Mədinəsi olmuşdu. Xalqımızın vüqar və ləyaqətinə vurulan zərbənin intiqamını yalnız Şuşanın erməni işğalından azad edilməsi ilə təmizlənə biləcəyi fikri düşüncələrə hakim kəsilmişdi. Bizim Şuşanın yalnız adını eşidən gənclərimiz onun uğrunda ölümə hazır idilər və həlledici saatda bunu fədakarlıqları ilə sübuta yetirdilər. Erməni cavanları isə bura ya kef məclisləri qurmağa, ya da gic-gic selfilər çəkməyə gəlirdilər.

Şuşanın Azərbaycan mədəniyyətinə verdiyi töhfələr misilsizdir. Onun yerli əhali - Azərbaycan türkləri arasından yetirdiyi böyük şəxsiyyətlər, hətta sayları on milyonlarla ölçülən xalqlar üçün də iftixar mənbəyi ola bilər. Çünki bu insanlar antik yunan mifologiyasının qəhrəmanı Antey kimi ana yurddan, doğma torpaqdan güc alırdılar. “Şuşi”, “Şuşi”- deyə dil- boğaza qoymayan ermənilər isə “qədim mədəniyyətlərinin beşiyi” adlandırdıqları bu şəhərdə onilliklər boyu, hətta Üzeyir bəyin əlinə su tökməyə layiq bir sənət adamı yetirə bilməmişdilər.

Bütün əzab və dəhşətlərini yaşadığımız 30 illik erməni işğal dövrü də iddiaçılar üçün Şuşanın keçmiş şöhrətinin qaytarılması baxımından heç bir yadda qalan hadisə ilə səciyyəvi olmamışdı. Əksinə, şəhərdə Mixail Bulqakovun məşhur Şarikovunu xatırladan tipajların sayı sürətlə artmağa başlamışdı. Bir vaxtlar Cıdır düzündə yallı gedən Paşinyanın da burnu ovulandan sonra etiraf etdiyi kimi, erməni ağalığı dövründə Şuşa boz, ürəksıxan bir yerə çevrilmişdi. Ermənilər nə qədər çalışsalar da Şuşanın ruhunu dirçəldə, həqiqi aurasını qaytara bilməmişdilər. Çünki bu ruhu verən, auranı yaradan torpağın, şəhərin həqiqi sakinləri idi.

Şuşa tarixən milli hisslərimizin, düşüncələrimizin katalizatoru, lakmus kağızı olmuşdu. Yalnız bizim günlərdə deyil, cümhuriyyət havasının ruhlara hakim kəsildiyi uzaq 1920-ci ildə də xalqı sıx birləşməyə, “dəmir yumruğa” çevrilməyə vadar edən böyük mənəvi gücə çevrilmişdi. Dörd yüz nəfərdən ibarət Şəki könüllülərinin başçısı kimi Şuşanı düşmən əsarətindən qurtarmağa yollanan xalq müəllimi - gələcəyin görkəmli türk tarixçisi Şevket Sürəyya Aydəmir “Suyu arayan adam” adlı xatirələrində xalqımızın Şuşa sevgisini, Şuşa vurğunluğunu belə təsvir etmişdi: “Ata mindim. Dəstənin önünə keçdim. Qaladan çıxıb şəhərin ana küçəsi ilə düzənliyə tərəf enməyə başladıq. Qabaqda uca səslə təkbir oxuyanlar gedirdi. Yolların kənarları, pəncərələr, balkonlar, divarların, ağacların, damların üstü yüzlərlə qışqıran, ağlayan, alqışlayan qadın, kişi, qoca, cavan və uşaqlarla dolmuşdu. O günə qədər ömründə savaş görməyən, hətta vətənini yalnız evinin və kəndinin hüdudları daxilində təsəvvür edən bu xalq indi ilk dəfə olaraq məmləkətin uzaq bir parçasının və o parça üzərində yaşayan qardaş-bacılarının xilası üçün yola çıxmışdı. Həm də bu yolçuluqdan narazı deyildi, əksinə öyünür, qürur duyurdu”.

Ardı növbəti sayımızda...

 

 

 

 

 

 

 

Paylaş:
Baxılıb: 721 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Yuxu...

31 Mart 10:48

Ədəbiyyat

Analitik

Siyasət

Gündəm

Xəbər lenti

Ədəbiyyat

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31