Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qərbin “X günü” formulu

Qərbin “X günü” formulu

22.02.2022 [10:50]

Rusiya “müharibəyə təhrik kampaniyasına” qoşulsa...

Pərviz SADAYOĞLU

“Rusiya Ukraynaya nə vaxt hücum edəcək?” ritorik sualı bu gün çoxunu düşündürür. Siyasi mühitlə yanaşı, cəmiyyətin siyasətdən kənar təbəqəsi belə o “günü” gözləməkdədir. Amma deyəsən, gözləyənlər hələ çox gözləməli olacaqlar. Qərbin apardığı təbliğatın mühüm tərkib hissəsinə çevrilmiş “X günü” formulu öz təsdiqini tapmır. Əslində belə bir gün, sadəcə kimlərinsə arzularıdır desək, daha doğru olardı. Fevralın 16-sı, fevralın 20-si və bu kimi “Ukrayna işğalı” tarixi müəyyənləşdirənlərin və bunu “kəşfiyyat məlumatı kimi” KİV üzərindən yayanların addımı “qəsdli qeyri-peşəkarlıq” nümayişinə çevrilir. Bunu anlamaq çətin deyil.

ABŞ üçün “üçüncü raund”...

Rusiya ilə Qərb arasındakı açıq mübarizə əsrlərdir ki, müəyyən fasilələrlə davam etməkdədir. Hətta ABŞ-ın başı daxilindəki “vətəndaş müharibəsi”nə qarışdığı XIX əsrin əvvəllərində belə böyük Napoleon Moskva sərhədlərinə qədər gəlməyi bacarmışdı. I Pyotrdan sonrakı Rusiyanın iddialarının və nüfuzunun böyüməsi ilə barışmayan Qərb “təmiz avropalı” və ya “təmiz qərbli” saymadığı Rusiyanı hədəfə çevirmişdi. Diqqət yetirsək, ötən əsrdə baş verən hər iki Dünya Müharibəsinin ən qaynar məqamında - ikinci mərhələsində bütün “lülələr” Rusiyaya tərəf yönəldi. Məhz bu zamanda ABŞ “mehriban düşmən” qiyafəsində zühur etdi. Daha doğrusu, rəsmi Vaşinqtonun hər zaman gözləmə mövqeyi seçməsi məhz Rusiyanın zəiflədilməsinə hesablanmışdı. Məsələn, 1914-cü ildə başlanan ilk dünya savaşına ABŞ-ın aktiv müdaxiləsi 3 il sonraya, 1917-ci ilə təsadüf etmişdi. Həmin vaxt isə artıq ANTANTA-nın qalibiyyəti demək olar ki, rəsmiləşmişdi. II dünya müharibəsində isə 1939-cu il sentyabrın 5-də Avropa müharibəsində neytrallığını elan edən ABŞ yalnız 1944-cü ildə ikinci cəbhəni açdı və aktiv formada hərbi əməliyyatlara başladı. Etiraf edək ki, 1944-cü ildə SSRİ artıq qalibiyyətin bir addımlığında dayanmışdı.

Bütün bunları təhlil etdikdə isə vahid qənaət formalaşır: ABŞ məhz Avropanın əli ilə iki dəfə Rusiyanı hərbi yolla çökdürməyə çalışıb. Münaqişə məkanı kimi hər iki halda Qərqi Avropa seçilib - birinci savaş Serbiyaya, ikinci isə Polşaya hücumla start götürüb. Diqqət yetirsək “Üçüncü plan”ın da coğrafiyası tarixi ənənədən kənarda qalmır. Qərb yenidən eyni koordinatlarla hərəkətə başlayıb. Müharibə bəhanəsi Ukrayna, dolayısı ilə Şərqi Avropadır. Rəqiblərin “əsasları” isə öz həqiqətlərinə söykənir. Unutmaq olmaz ki, ABŞ üçüncü cəhddə Rusiyaya qalib gələcəyini tam dəqiqləşdirməyib. Əks halda, “X günü” axtarışına çıxmaz, ilk müdaxiləni özü edərdi...

Rusiyanın “qırmızı xətti” Qərbin arzularına qarşı...

Rəsmi Kremlin “qırmızı xətt” adlandırdığı Ukrayna və Gürcüstanın tamhüquqlu NATO ölkəsinə çevrilməsi məsələsi bu qarşıdurmada “olum, ya ölüm” tezisinin analogiyasıdır. Səbəb sadə olduğu qədər mürəkkəbdir. Bəlkə də, bu ölkələrin NATO müttəfiqinə çevrilməsinin nəyi dəyişəcəyini düşünənlər də tapılar. Amma... Rusiyanın postsovet məkanındakı son 20 illik davranışını göz önünə alsaq, Ukrayna ilə Gürcüstanın Kremlin ən böyük rəqibi sayılan NATO ilə müttəfiqliyi tam şəkildə istisna edir. Moldovada “Dnestryanı”, Gürcüstanda “Osetiya”, Ukraynada “Donbas və ya Krım” kimi problemlərə “qarışmış” Rusiya da anlayır ki, NATO-nun şərqə genişlənməsi, daha doğrusu, bu ölkələrdən birinə yol tapması nələrə səbəb olacaq. Bu, Rusiyaya qarşı yeni plasdarm açır:

- bu halda Rusiyanın əli-qolu bağlanır. 2008-ci ildə baş vermiş Gürcüstan hadisələri zamanındakı “rahat sonluq” təkrarlanmaya bilər. Vaxtilə Gürcüstanı meydanda faktiki tək buraxmış ABŞ və ya NATO bu dəfə Ukraynada məcburən müharibəyə daxil olacaq.

- Rusiya həm cənubdan, həm də qərbdən “mühasirəyə” alınır. Şərq sərhədlərinin də etibarlılıq dərəcəsinin mükəmməl olmadığını nəzərə alsaq, Rusiya yanan çəmbərin ortasına düşə bilər.

- Yaxın şərqə təsir gücü tam şəkildə aradan qaldırılır. Dəstəksiz Rusiya kürəyini NATO-ya söykəmiş dövlətlərin nazı ilə oynamalı olacaq.

Rəsmi Moskva itirə biləcəklərinin fərqindədir. Bunun üçün də düşünülməmiş bir addım hər şeyin sonunu gətirə bilər. Və ya Kreml üçün hər şeyin sonu sayılacaq hallar bəziləri üçün “hər şeyin əvvəli”nə çevrilə bilər. Bu isə ideoloji müharibənin ştrixləridir...

Ağ Evin “demokratiya tamaşası” Rusiyada səhnəyə qoyula bilər?

Ötən ilin sonunda ABŞ prezidenti Baydenin təşəbbüsü ilə keçirilən “demokratiya sammiti” Ağ Evin ən azı qarşıdakı 10 illikdə xarici siyasət kursunun əyani təsvirini cızdı.

- Böyük dövlətlərə, daha doğrusu milli dövlətlərə “demokratiya bizi” ilə xətər yetirmək...

- Mümkün qədər kiçik parçalara ayrılmış dövlətlərə daha çox üstünlük vermək...

- demokratiya pərdəsi altında üzü Uzaq Şərqə (Çinə) “yol almaq”...

- ölkəni daxildən çökdürmək cəhdlərinə daha çox maliyyə ayırmaq...

Nəticə isə əvvəlcədən bəllidir: dünyada vahid qütbə və ya şəriksiz liderə çevrilmək. Bu yolda ən böyük maneələrdən biri və ya birincisi Rusiyadır. Bunu ABŞ qədər Rusiya da dərk edir. Qərbin aylardır “gəl-gəl” deməsinə baxmayaraq Kremlin müharibədən yayınmasının bir səbəbi də məhz ABŞ-ın Rusiya daxilində oynaya biləcəyi “demokratiya sərgüzəştləridir”. Kiçicik bir xatırlatma edək ki, bir neçə ay öncə Rusiya prezidenti yerli ərazi vahidlərinin rəhbərləri ilə görüşündə də ölkəsinin çoxmillətli olduğunu vurğulamışdı və bəzi “xalqların” daha çoxhüquqlu muxtariyyət istəyi ilə bağlı sualları cavablandırmışdı. Hətta Kreml rəhbəri öz açıqlamasını xəbərdarlıq tonunda ifadə etmişdi. Yəqin ki, bu xəbərdarlıq artıq Rusiya hakimiyyətinin də “missionerlərin” varlığından xəbər tutduğunu göstərir.

“Yeltsin Rusiyası”na qayıdış planı -  Oliqarxlar danışmağa başlayır

Qərbin aparıdığı genişmiqyaslı anti-Rusiya təbliğatı yalnız Ukraynanın işğal ediləcəyi “X günü” ilə məhdudlaşmır. Diqqət yetirsək, son dövrlərdə vaxtilə Putin Rusiyasından “narazı” qalaraq Qərbə üz tutan bəzi oliqarxlar yenidən gündəmə gətirilir. Hətta sosial şəbəkələrdə belə həmin oliqarxların “Yelt­sin Rusiyası” haqda necə həsrətlə danışdığının şahidi oluruq. Təbii ki, guclü “Putin Rusiyası”ndan zəif “Yeltsin Rusiyası”na qayıdış yalnız Rusiyanın rəqiblərinə sərf edir. Ən maraqlı detal isə köhnə Rusiyanın Qərb bazarında tutduğu mövqe ilə bağlıdır. Məsələn, Qərb Rusiyaya hələ də “xammal bazası” kimi baxmaq istəyir. Amma yeni Rusiya Qərblə daha fərq­li statusda əməkdaşlıq edir. Rusiya Avropanın bir çox sahələr üzrə “xilaskarı” rolunda çıxış etməyə daha çox üstünlük verir.

Bir daha Avropanı özünə ünvan seçmiş rusiyalı oliqarx­lara qay?tmalı olsaq, Qərbin bu şəxslərdən Rusiyaya qarşı silah kimi istifadə edəcəyi bəllidir. Bundan ehtiyatlanan Rusiya isə onların ölkədəki radikal müxalif qüvvələrlə əlaqə yaratmasına maksimum sədd çəkib. İndiki halda Rusiya siyasi birlikdən çox vahid mövqeyə daha çox ehtiyac duyur. 

Müharibə, yoxsa siyasi ehtiyatlılıq?

Nəticə etibarı ilə, Rusiya - Qərb qarşıdurması hərbi motivlərdən siyasi ehtiyatlılığa doğru yol almaqdadır. Rusiya anlayır ki, indiki məqamda “müharibəyə təhrik kampaniyasına” qoşulsa və bir anlıq müvazinətini itirsə, aqressiya qurbanına çevriləcək. Qərbin arzusu isə bunun daha tez başlamasıdır. Başqa sözlə desək, “X günü”nün tez bir zamanda reallaşmasıdır.

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30