Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənidən artıq erməni olmaq...

Ermənidən artıq erməni olmaq...

18.08.2022 [10:07]

Azərbaycan Prezidentinin bəyanatına Koçaryan və Sarkisyandan reaksiya?

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir çox mühüm məsələlərlə yanaşı, Qarabağda məskunlaşmış ermənilərin təhlükəsizliyi və hüquqlarından bəhs etdi, dəqiq, birmənalı və qətiyyətli mövqe ortaya qoydu. “Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil”,- deyən dövlət başçısı vurğuladı ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq: “Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə”.

Azərbaycan Prezidentinin bu fikirləri həm yerli, həm də beynəlxalq mediada, həmçinin Ermənistan mətbuatında geniş əks-səda doğurdu. Təbii ki, ermənisayaq cavab da gecikmədi. Dərhal “əks-arqument” söyləyənlər də tapıldı...

“İlham Əliyev deyib ki, Qarabağda yaşayan ermənilərə heç bir əlavə hüquq verilməyəcək. Onların hüquqları bütün Azərbaycan vətəndaşlarının hüquqları ilə eyni olacaq. Razıyam. Azərbaycanda çoxluq təşkil edən Azərbaycan Türkləri  də daxil olmaqla, hər hansı millətə etnik mənsubiyyətinə görə üstün hüquqlar verilməməlidir.  Amma birdən Qarabağ erməniləri razı olsalar və soruşsalar ki, Azərbaycan vətəndaşlarının hansı hüquqları var ki, o hüquqları bizə də tanıyacaqsınız, onda necə olacaq? Tam ciddi olaraq deyirəm ki, ermənilərə, sizin də hüquqlarınız bütün vətəndaşlarımızın hüquqları ilə eyni olacaq-deməkdən əvvəl, vətəndaşların söz və ifadə, sərbəst toplaşma, seçmək və seçilmək, yerli özünüidarə, azad rəqabət və başqa hüquqları təmin edilməlidir. Yalnız bundan sonra verilən bu təklif Qarabağın erməni əhalisi üçün cəlbedici, beynəlxalq birlik üçün ciddi görünə bilər”.

İlk baxışdan belə təsəvvür yaranır ki, bu fikirlər əli xalqımızın qanına batmış Robert Koçaryan və ya siyasi quldur - hərbi cani Serj Sarkisyana məxsusdur. Və yaxud cinayətkarlar - Seyran Ohanyana, Araik Arutyunyana və s. Amma elə deyil...

Sosial şəbəkədə paylaşılmış bu cümlələrin müəllifi vazgendən artıq katolik, Qarabağda qanunsuz məskunlaşmış təxribatçı-terrorçulardan artıq revanşist, ermənidən artıq erməni olmağa çalışan Arif Hacılıdır.

Bəs “Müsavat” başqanının sözlərinin siyasi tərcüməsi nədir, o nə demək istəyir?

- Əvvəla, Hacılı yenə də Azərbaycanı “insan hüquqları” mövzusu üzərindən tənqid və qərəz oxuna tuş gətirməyə çalışır.  Gah sorosçu, gah donosçu olan düşərgədaşları kimi bəzi təşkilatlara “Azərbaycanda insan hüquqları pozulur” “arqument”i verməyə çalışır. Çünki bilir ki, “insan hüquqları” məsələsi bir sıra qərəzli dairələr üçün əsas təzyiq vasitəsidir. Bu mövzudan müstəqil siyasət həyata keçirən bir çox ölkələrə, o cümlədən regional güc mərkəzinə çevrilmiş Azərbaycana qarşı istifadə olunur. Ona görə də Arif Hacılı Qarabağ mövzusunu - ümumxalq məsələsini belə gözardı edərək donosçuluq peşəsinə sədaqət nümayiş etdirir. Maraqlısı budur ki, heç Ermənistanın ombudsmanı, yaxud revanşist mövqedə olan erməni hüquq müdafiəçiləri belə Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları kimi hüquqları məsələsini tənqidi müstəvidə müzakirəyə çıxarmırlar. Bəs bu “ideya” Hacılının ağlına haradan gəlib? Görəsən, “Arifə bir işarə”ni kim edib?

- Uğursuz siyasətçi Qarabağın erməni sakinlərinə konkret mesaj göndərir. Deyir ki, “siz Azərbaycan dövlətinə inanmayın, hüquqlarınız təmin olunmayacaq”. Onlara iki seçim təqdim edir: Qarabağda məskunlaşmış ermənilər ya Ermənistana inansınlar, ya da cəmiyyətə inteqrasiya olunmaq əvəzinə terrorçu-təxribatçı fəaliyyətlə məşğul olmaq yolunu seçsinlər. Bu çağırışı etməyi heç Nikol Paşinyan da özünə rəva görmür. Üstəlik, “Müsavat” başqanı Paşinyandan qabağa düşərək Azərbaycanı tənqid obyektinə çevirərkən Ermənistanı nümunə göstərir. Niyə? Onu buna kim məcbur, nə vadar edir?

-  Arif Hacılı Azərbaycan Prezidentinin sözlərinin, Azərbaycan dövlətinin mövqeyinin ermənilər və beynəlxalq birlik üçün ciddi görünmədiyini iddia edir. Paşinyan, Koçaryan, Sarkisyan, Ohanyan, hətta Arutyunyan da belə bir iddia ilə çıxış etməyə cəsarət etmirlər. Niyə? Çünki Azərbaycan Prezidenti sözündə ciddi, əməlində bütöv olduğunu torpaqlarımızın işğaldan azad olunması ilə göstərdi. Elə ermənilərin yaddan çıxarmadığı, Hacılının isə “unutduğu” “Qisas” əməliyyatı da bunu təsdiqləyir. Ən radikal mövqedə olan erməni də, Ermənistan dövləti də, beynəlxalq ictimaiyyət də bu reallığa - Azərbaycanın ciddiliyinə bələddir. Belə olan halda, Arif əfəndi kimi aldatmağa çalışır - özünü, cəmiyyəti, yoxsa təəssübkeşi olduğu erməniləri?

Bütün hallarda o, bir daha etnik mənsubiyyətinə görə azərbaycanlı, siyasi dünyagörüşünə və əqidəsinə görə qeyri-azərbaycanlı olduğunu nümayiş etdirir. Və bu hal ilk, Arif Hacılı isə tək deyil...

Onunla eyni “mənəviyyat”ı bölüşənlərin sayı nə az, nə çoxdur. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif Məmmədov, Sevinc Osmanqızı və s.

Nümunələr də kifayət qədərdir. Məsələn:

- Özünü müxalif düşərgənin “siyasi afrodita”sı və ya “siyasi primadonna”sı hesab edən Gültəkin Hacıbəyli hələ 44 günlük müharibədən əvvəl - Tovuz döyüşləri ərəfəsində demişdi ki, “Azərbaycan Ordusu yararsız silahlarla təmin olunub”. Müharibə şəraitində olan Azərbaycan Ordusunda təchizatın aşağı səviyyədə olduğunu iddia etməsi, silahların yararsız və orduda fərariliyə meyilliliyin olması haqqında dediyi sözlər cəmiyyətdə birbaşa düşmən tərəfə ötürülmüş informasiya kimi dəyərləndirildi. Bununla yanaşı, G.Hacıbəylinin Şuşanın işğaldan azad edildiyi gün və Zəfər Günündə küçələrə axışan insanları “trol” adlandırması nəyin ifadəsi idi? O, həmçinin ötən il iyunun 4-də iki jurnalistin - Sirac Abışovun və Məhərrəm İbrahimovun Kəlbəcər rayonu istiqamətində minaya düşərək həlak olmaları ilə əlaqədar Azərbaycan dövlətinə qarşı çirkin kampaniya aparmağa çalışdı. Hər kəs erməniləri qınadı, o isə Azərbaycan iqtidarını.

Hacıbəyli də Hacılı kimi “insan hüquqları” məsələsi üzərindən anti-Azərbaycan kampaniyası aparmağa çalışanlardandır. Onun bir müddət əvvəl sosial şəbəkələrdə Qərb ölkələrinin hakimiyyət nümayəndələrinə, onların Bakıdakı səfirliklərinə, ABŞ Dövlət Departamentinə müraciət edərək onlardan ölkəmizə qarşı ciddi tədbirlərin görülməsinə çağırış etməsi reallıqdır. Gültəkin respublikamıza qarşı siyasi təzyiqlərin artırılmasına, viza verilməməsinə və sanksiyaların tətbiq edilməsinə dair çağırışlar səsləndirdi. Halbuki Azərbaycanın torpaqlarının işğal altında qaldığı 30 ilə yaxın müddət ərzində Hacıbəyli Ermənistana qarşı sanksiya çağırışı ilə bir dəfə də çıxış etməyib. Maraqlı deyilmi?!

- Gələk Hacılı və Hacıbəylinin “saz arkadaşı” Əli Kərimliyə. Onun ermənipərəst macəraları kifayət qədərdir. Məsələn, Azərbaycan Ordusunun Fərrux dağındakı mövqelərindən Pirlər kəndinin görüntüsünün yayıldığı vaxtda ermənilərdən əvvəl Kərimli bu hərbi-strateji nailiyyəti “təkzib” etməyə, ictimai rəyi yanıltmağa cəhd göstərdi. Fərrux kəndinin Azərbaycan Ordusunun nəzarətində olması ilə əlaqədar informasiyanı və sevinci paylaşmayan Əli əfəndi yalan məlumat yaymaqdan çəkinmədi - Azərbaycan dövlətini arxasında dura bilməyəcəyi sözləri danışmaqda ittiham etdi. Halbuki bir status - paylaşım çərçivəsində öz sözünün üzərində dura bilmədi. Əvvəlcə Rusiya Müdafiə Nazirliyinin bəyanatını tirajladı - həqiqət kimi təqdim etdi, Azərbaycanın aidiyyəti strukturunun cavabından sonra posta “P.S.” əlavəsi (düzəliş) etmək məcburiyyətində qaldı, özünü ifşa, rəzil və təkzib etdi. Bundan başqa, hər bir azərbaycanlının şəhidimizin qisasının alınmasına görə qürur hiss keçirdiyi vaxtda Kərimli “Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin itkilərini? sayını olduğundan çox deyir” söylədi. Bu, ilk deyildi. Hələ bir neçə il əvvəl Şərur rayonunun Günnüt kəndi daxil olmaqla, on bir min hektar ərazinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi barədə rəsmi məlumat verilərkən də ilk “təkzib” Əli Kərimlidən gəlmişdi - o, “bu, iqtidarın şousudur” demişdi. Həm o zamankı, həm də bugünkü reallıq kimin siyasi şoumenliklə məşğul olduğunu təsdiqləyir. Daha bir məqam: AXCP sədrinin keçmiş səfir Riçard Kozlariçin “Azərbaycana qarşı sanksiyalar” çağırışını fərəh və məmnuniyyət hissi ilə təkrarlaması yaddaşlardan silinməyib. Amma Kərimlinin xalqımıza qarşı müxtəlif cinayətlər, o cümlədən soyqırımı törətmiş Ermənistana qarşı sanksiya tələbi və çağırışı ilə çıxış etdiyini xatırlamırıq. Heç xatırlamayacağıq da!

- “Milli şura”nın “siyasi ağsaqqal”ı qiyafəsinə bürünmüş Cəmil Həsənli də okeanın o tayından ermənisayaq nəğmələr səsləndirir. Deyir ki, “Paşinyan təmiz adamdır”. Bu fikri heç erməni katolikos belə söyləməyə cəsarət etmir, belə bir dini-mənəvi məsuliyyəti üzərinə götürmür. Bəs belə olan halda, qondarma “milli şura”nın kustar üsulla təyin edilmiş uydurma sədrinin yan təəssübkeşliyi nədən qaynaqlanır?

Digər nüansa nəzər yetirək. Brüsseldə üçtərəfli görüşdən sonra irəliləyişin olmasına dair açıqlama verildikdən sonra Cəmil Həsənlinin dərhal yutub kanalına çıxaraq “milli şura” adından beynəlxalq birliyi insan haqları mövzusunda rəsmi Bakıya qarşı daha tələbkar olmağa çağırması təsadüf(i) idi? Əlbəttə, yox!  Təbii ki, bu siyasi dəstənin tarixi proseslərin cərəyan etdiyi mərhələdə aldıqları qrant, qonorar qarşılığında belə bir addım atması dərhal aydın oldu. İlk növbədə, Azərbaycanın postmüharibə dövründə əldə etdiyi nəticə və nailiyyətlərdən diqqəti yayındırmaq üçün belə bir çağırış edildi. İkincisi, bu, beynəlxalq ictimai rəydə ölkəmizin imicini korlamaq cəhdiydi. Mənzərə paradoksal olsa da, reallığı əks etdirir. Həmin dövrdə sülh prosesində irəliləyişə nail olunması iki qüvvəni xüsusilə narahat etdi: erməni lobbi və diaspor təşkilatları; Ermənistandakı revanşistlər. Üçüncü tərəf isə “beşinci kolon” funksiyasını yerinə yetirən “milli şura” kimi düşmən xislətli - mənfur fitrətlilər oldu. Bəs onlar kimdən revanş götürmək niyyətində idilər? Azərbaycan xalqından və dövlətindən?!

“Milli şura”da yığılmış fiqurların mina xəritələrinin Azərbaycana verilməsi, erməni vandalizmi və digər məsələlərlə əlaqədar beynəlxalq birliyə müraciət etmələrinə heç vaxt şahid olmamışıq. Axı bu da insan hüquqları məsələsidir. Guya bilmirlər? Yaxşı bilirlər!

- “Ermənidən artıq erməni” filminin daha bir obrazı Arif Məmmədovdur. “Həftə səkkiz, mən doqquz” internet kanallarında təxribatçı fikirlər səsləndirməklə, dezinformasiya yaymaqla iki qardaş ölkə - bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında nifaq toxumu səpməyə yönəlmiş çirkin təbliğat aparır. Lakin həbəş dili üzrə “mütəxəssis” olan bu uğursuz eks-diplomat indiyə qədər bir dəfə də Ermənistanın təcavüzkar siyasətindən, təxribatlar törətməsindən və s. danışmayıb. Avropa Parlamentində erməni dili ilə danışaraq Azərbaycana 2 milyard avronun ayrılmasından narahatlığını, məyusluğunu ifadə edir. Maraqlıdır ki, Ermənistan informasiya mühitində rəsmilərin və ya siyasilərin dilindən “Azərbaycana nə üçün 2 milyard avro verilir” sualının eşidilmədiyi halda, Məmmədov kimilər 2 avro da olsa, erməni lobbisindən pul qopartmaq naminə növbəti əqidəsizlik və mənəviyyatsızlıq nümunəsi ortaya qoyurlar;

- Özünü “sosial medianın siyasi fenomeni” kimi aparan Sevinc Osmanqızı “kaş ki, prezidentimiz Paşinyan olardı” deməklə Nikola Anna Akopyandan daha çox heyran olduğunu nümayiş etdirir. Osmanqızının bu yaxınlarda yutub kanalında Gültəkin Hacıbəyli ilə söhbəti zamanı da Paşinyanı təbliğ və müdafiə etməyə çalışması onun erməni baş nazirə qarşı hiss-həyəcanını göstərdi. “Qisas” əməliyyatı ilə bağlı danışan G.Hacıbəyli bildirdi ki, baş verənlərdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın dövlət katibi Entoni Blinkenə zəng edərək giley-güzarını dilə gətirib. S.Osmanqızı isə dərhal müdaxilə edərək düzəliş verməyə çalışdı: “Paşinyan Blinkenə zəng etməyib, tam əksinə, Blinken Paşinyana zəng edib”. Görünən dağa bələdçi lazım deyil və ya əlavə sözə nə hacət!

Əlbəttə, adlarını çəkdiklərimizdən və onların “siyasi fəsilə”sinə daxil olan digərlərindən fərqli “mövqe” gözləməyə dəyməz. Unutmamışıq, Azərbaycanın qələbəsinin siyasi-hüquqi təsdiqi, Ermənistan üçün isə kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli Bəyanat imzalandıqdan dərhal sonra həmin ünsürlər virtual meydana atılmışdılar. Ermənistanı müdafiə etmək məqsədilə üçtərəfli Bəyanatın bu ölkə üçün guya kapitulyasiya olmadığını “əsaslandırmağa” çalışırdılar. Hətta siyasi psixologiyası pozuq, bitmiş-tükənmiş yararsız fiqur təsiri bağışlayan belələri sırasında sənədin Azərbaycan üçün heç bir əhəmiyyətə malik olmadığını deyənlər də var idi. Və daha nələr...

Bu gün də danışırlar, nə isə deyirlər... Dedikləri məlumdur. Elə etdikləri də bəllidir: ermənidən artıq ermənilik. Bəli, ermənidən artıq ermənilik!

“Yeni Azərbaycan”

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30