Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şanlı tariximizin qəhrəmanlıq səhifəsi

Şanlı tariximizin qəhrəmanlıq səhifəsi

19.01.2023 [15:58]

Azərbaycan bütün tarixi boyu həmişə çıxılmaz labirintindən keçib, mücadilələr və mübarizələr girdabında çarpışıb. Müxtəlif dövrlərdə xarici istilaçılara qarşı ölüm-dirim savaşına qalxıb. Məğlub olduğu vaxtlar da olub, qalib gəldiyi zamanlar da. Ancaq heç vaxt heç kəsə boyun əyməyib. Hətta çətinliklər içində olduğu vaxtlarda belə, öz əzmini itirməyib. Azadlığı uğrunda canını qurban vermək bahasına olsa da, mətin dayanıb, dəyanət göstərib. Məqsədi uğrunda həmişə savaşıb, mübarizəsini davam etdirib. Məhz belə mübarizə yolu ilə getdiyinə görə bu gün öz müstəqilliyinə nail olub və dünya dövlətləri sırasında hesablaşılan, nüfuzlu yerlərdən birini özünə ünvan edib.

Bu fikirlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin məqaləsində yer alıb. Məqaləni təqdim edirik:

Ötən əsrin 80-ci illərinin sonunda çökməkdə olan, lakin hələ də yıxılmaq istəməyən sosialist rejimi dağılmağa doğru sürətlə irəlilədiyi bir zamanda Sovet İttifaqının tərkibində olan bütün respublikalar kimi biz də haqqımız olan müstəqilliyimizə qovuşmaq üçün ayağa qalxdıq. Həm də bizim qalxışımız bütün ölkəni hərəkətə gətirdi. Demək olar ki, biz bütün respublikalara nümunə olduq. Biz bir də onunla nümunə olduq ki, xalqımızın böyük oğlu, əvəzsiz lideri Heydər Əliyev Moskvada bütün təzyiqlərə və təqiblərə baxmayaraq, fövqəladə cəsarət göstərdi, Sovet İttifaqının qanlı əməllərini onun üzünə çırpdı və azadlıq uğurunda bütün varlığı ilə mübarizəyə qalxdı. Çünki 1990-cı ilin Qanlı Yanvar faciəsi Heydər Əliyev kimi bir liderin sakit yaşamasına imkan verə bilməzdi.

SSRİ yarandığı vaxtdan Azərbaycana qarşı həmişə düşmən mövqedə dayanan, türk olduğunu unutdurmağa çalışan, bu məqsədlə bizə qarşı hər cür mənfur tədbirlər həyata keçirən sovet rejimi yenə də müxtəlif ssenarilər hazırladı. Əvvəlcə, ittifaqa rəhbərlik edən M.S.Qorbaçov böyük nüfuz sahibinə çevrilən, dünyada siyasi erudisiyasına görə diqqət mərkəzində dayanan, Azərbaycan xalqının fenomen oğlu Heydər Əliyevi süni üsullarla tutduğu vəzifədən istefaya göndərdi və bütün cəhətlərdən blokadaya aldı. Sonra isə bizə qarşı dərhal hərəkətə keçdi. Vaxtilə dədə-baba torpaqlarımızda zorla yaratdığı qondarma erməni respublikasının vətəndaşlarını üzərimizə qaldırdı. Əvvəlcə Qərbi Azərbaycandan bütün soydaşlarımızı ov tüfənglərindən belə məhrum etdi və bunun əksinə olaraq erməniləri silahlandırdı, sonra da həmin ərazilərdən etnik təmizləmə mənfurluğuna start verdi. Sonra dərhal Qarabağda mitinqlər təşkil olundu. Qarabağın Azərbaycandan qoparılmasına çalışıldı. Milli münaqişələri daha da gərginləşdirmək üçün Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın Qarabağda yerləşməsinə imkan vermədi və “harada gəldi, necə gəldi” siyasəti ilə məskunlaşma məcburiyyətinə saldı. Bu da, didərginlərin ermənilərə qarşı hiddətinin çoxalmasını təmin edən bir siyasi gediş oldu. Üstəgəl öz milli satqınlarımızın əli ilə vəziyyəti daha da gərginləşdirdi. Sonra da Sumqayıt planını xüsusi ssenari əsasında ortaya atdı. Həmin ssenariyə əsasən Erməni millətindən olan xüsusi təlimatlandırılmış adamların əli ilə Sumqayıtda bir-iki erməniyə xəsarət yetidilər və iki millət arasında vəziyyəti “pik” nöqtəyə çatdırdılar. Adını qoydular ki, Azərbaycanda erməniləri qırırlar. Ancaq bir adam demədi ki, ermənilər Qərbi Azərbaycanda, o cümlədən İrəvanda yaşayan bütün azərbaycanlıları silah gücünə öz isti yuvalarından didərgin salıblar. Bütün mexanizm bizim əleyhimizə işləyirdi. Biz isə nə qədər ağır vəziyyətə salınsaq da təslim olmurduq. Öz haqqımızı müxtəlif üsullarla dünya birliyinin diqqətinə çatdırmağa çalışır, mübarizəmizi davam etdirirdik. Yaratdıqları vəziyyətin səmərə vermədiyini görən böyük qardaş dediyimiz millət, xilaskarımız adlandırdığımız “Qızıl ordu” deyilən, tanklar, beteirlər, ağır çaplı silahlarla təpədən dırnağa qədər silahlandırılan işğalçı qoşunu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əliyalın insalarımızın üzərinə göndərdi. Həmin gecə Bakı şəhərində, Bakı ətrafında və bölgələrimizdə qan su yerinə axdı.

Həmin gecəni heç cür unutmaq mümkün deyil. Yaxşı yadımdadır. Gecənin bağrını yaran güllə səsləri, vıyıltı ilə uçan güllələrin havada şütüyən vahiməli görüntüləri insanların iradəsini qırmaq əvəzinə onu daha da hiddətləndirir və daha qorxmaz edirdi. Biz – mən, ailəm və o səmtdə yaşayan bütün insanlar həmin gecə “Qızıl ordu”nun adını daşıyan meydanda məhz “Qızıl ordu”nun tutduğu divan nəticəsində Respublika xəstəxanasında həyat və ölüm arasında mücadilə edən yaralı candaşlarımızın ağır vəziyyəti ilə qarşı-qarşıya qalmışdıq. Milli doğmalığın zirvəsi, həkimlərimizin göstərdiyi qeyrət, yaralıları daşıyanların istiqanlı münasibəti, ümumi təlaş və s. həmrəyliyin, birliyin hüdudsuzluğunu ifadə edirdi. O gecə mən ağır yaralanmış qardaşım Samiri məhz Respublika xəstəxanasında tapdım. Səhərə qədər palatalarda ağrıdan fəryad qoparan xəstələrimizə yemək, geyim daşıdıq. Həyan olmağa çalışdıq. Həkimlərimizin isə fədakarlığını sözlə ifadə etmək olmur. Heç kəsdə sənin-mənim deyilən bir münasibət, hiss görmədim. Hər bir yaralı hər birimizin doğması idi. Həmin gecənin mənzərəsi onu anladırdı ki, mübariz bir xalqın iradəsini qırmaq üçün onu qırğına vermək həmin xalqı daha da mübariz edir. Bu mübarizənin zirvəsi sabahı gün Moskvadan ildırım sürəti ilə yayılan xəbərdə özünün daha parlaq göstəricisini əks etdirdi. Hüznü, öz dərd-səri ilə baş-başa qalan mübariz xalqımızı həmin xəbər daha da çılğın bir mübarizəyə qaldırdı. “Hardasan ay Heydər Əliyev?!” deyə özünün həmişə dayaq nöqtəsi hesab etdiyi ümummilli liderini axtaran xalq Moskvada Heydər Əliyevin etiraz hiddətini eşitdi. Məhz bu hiddət Azərbaycanı bütövlükdə səfərbər olmağa istiqamətləndirdi. Ancaq Heydər Əliyevin ətrafına sədd çəkən xainlər hiddəti neytrallaşdırmağa çalışır və mübarizəni düzgün səmtə yönəltmiridi. Çünki bir tərəfdən çıxış yolu axtaran çaş-baş qalmış əhalimizin səmtini itirməsi, gərgin vəziyyətə salınmış milli hisslərin cilovlanmasına mane olan manqurdların bəd əməlləri, bir tərəfdən xüsusi ssenari əsasında əhalimizi istədikləri tərəfə yönəldən milli satqınlarımızın cinayətkar əməlləri və s. hər şey əleyhimizə işləyirdi. Özlərini xalqın azadlıq liderləri adlandıran fəhmsizlərin verdikləri məntiqsiz qərarlar, şəxsi mənafe, kreslo davası, pərakəndə icraatlar isə vəziyyəti daha çıxılmaz nöqtəyə çatdırmışdı. Hamı təki hürr ola bilsin deyə, hər kəsə inanırdı, hara gəldi gedir, harada gəldi, necə gəldi vurnuxurdu. Sonrakı mərhələdə isə məhz xalq nə qədər ağır vəziyyətlərdən keçsə də, nəhayətdə Günəş kimi parlayan öz liderinin – böyük Heydər Əliyevin ətrafında sıx birləşdi, ona güvəndi, taleyini onun izninə verdi və bugünkü müstəqil, firavan Azərbaycanına qovuşdu.

Baxmayaraq ki, həmin dövrdə tənha qalan xalqımızın başına məlum faciələr gətirildi, yenə də xoşbəxt xalqıq ki, biz öz öndərimizin canı bahasına başlatdığı mücadilə və mübarizə nəticəsində hər bir bəladan birdəfəlik qurtulduq. Azadlığımıza qovuşduq. Müstəqilliyimizə nail olduq. Bu gün özümüzü daha xoşbəxt hiss edirik ki, məhz bünövrəsi 1988-ci ildə qoyulan, məlum ssenari nəticəsində düçar olduğumuz bütün bəlalardan hissə-hissə də olsa qurtuluruq. Bu qurtuluşun zirvəsinə tam şəkildə yetişməsək də, yolun çox hissəsini arxada qoymuşuq. İndi artıq sürətlə önə doğru irəliləməkdəyik. Əminik və çağdaş prinsiplərin yaratdığı mənzərə onu göstərir ki, qurtuluş zirvəsinin son nöqtəsinə az bir zaman qalamışdır. Ölkə rəhbərimizin apardığı cəsarətlə dolu olan incə və düzün siyasət göstərir ki, biz həmin nöqtəyə mütləq varacağıq. Məhz onda Ulu Öndər Heydər Əliyevin hələ 60-cı illərdə başlatdığı və hər kəsdən gizli qalan, qorxulu, böyük diqqət və əmək tələb edən, incə-incə, həssas-həssas apardığı, bu gün İlham Əliyevin durmadan, əzmlə, dəyanət və cəsarətlə davam etdirdiyi “Milli qurtuluş” məfkurəsi, bütövlük, birlik ideyası, böyük dövlət missiyası öz həqiqətinə, gerçəkliyinə qovuşacaqdır. Buna zərrə qədər də şübhəmiz yoxdur.

 Moskvadan Bakıya qayıdarkən Heydər Əliyevin öz vicdan görəvi hesab etdiyi ilk işi də məhz 20 Yanvar şəhidlərinin ziyarəti oldu. Bu addım xalqa Heydər Əliyevin milli sevgisinin hüdudlarını göstərir və xalqı öz milli liderinə daha sıx bağlayırdı. Moskvada verdiyi cəsarətli bəyanat da onun vicdanının səsi, xalqına, millətinə, ölkəsinə olan böyük sevgisinin təzahürü idi. Ömrünü, taleyini bütövlükdə Azərbaycanın həyatına, taleyinə, dirçəlişinə və hürriyyətinə sərf etmiş bir liderin bütün hissləri, duyğuları məhz belə amallara bağlıdır.

Şanlı tariximizin qanlı səhifəsi hesab etdiyimiz 20 yanvar faciəsi bizim milli birlik, bütövlük, mübarizlik, qəhrəmanlıq, zəfər donu geyinməyə yüksəldən qürur dolu qızıl səhifəmizdir. Biz bu tarixi hadisəni Azərbaycanın siyasi həyatında yeni mübarizə əzminin başlanğıc nöqtəsi hesab edirik. Həmin nöqtədən ilk addımı isə Heydər – Xalq, Xalq – Heydər birliyinin qədəmləri başlatdı, İlham – Xalq, Xalq – İlham bütövlüyü isə bu yolu nurlu gələcəyə aparır!

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28