Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Görünən o kəndlər...

Görünən o kəndlər...

26.04.2023 [11:45]

Azərbaycan ərazisinin böyük bir qismi erməni silahlı qüvvələrinin əlindədir. Onlar kəndləri dağıdırlar, yandırırlar, qalmış əmlakı qarət edirlər. Bunların hamısı Azərbaycan xalqının başına gəlmiş bəlalardır. Ancaq biz təkcə kədərimizi bildirməklə kifayətlənməməliyik. Bütün Azərbaycan xalqının borcu ondan ibarətdir ki, belə ağır vəziyyətdə dönüş yaradaq, həm ərazilərimiz bundan sonra etibarlı müdafiə olunsun, həm də qüvvəmizi toplayıb işğal olunmuş torpaqlarımızı geri qaytaraq 

Aslan Aslanov

Əvvəli ötən saylarımızda…

Həmin gün dövlətimizin başçısı Şüvəlan qəsəbəsinə, Mirmöhsün ağanın məzarını ziyarət etməyə gəldi. Xalqın ümid yeri olan Prezidentin ayaqları altında qurban kəsildi. Heydər Əliyev ziyarətgaha toplaşanlar qarşısında çıxış edərək milli-mənəvi dəyərləri qoruyub saxlamağın vacibliyindən, dövlətin buna yönəlmiş səylərindən danışdı, inanclarla dağlı fikirlərini paylaşdı. İnsanlar Ulu Öndəri sanki nəfəs almadan dinləyir, ona ümid yeri kimi baxırdılar.

“Allah-Təala sizi bizə çox görməsin. Bu müqəddəs gün Sizi hifz eləsin, dostlarınızı əziz, düşmən olanları isə dost eləsin”, - deyə yerdən səslər ucaldı. Ziyarətə gələnlər Heydər Əliyevi xeyir-dua ilə yola saldılar.

Daha sonra Prezident Buzovna qəsəbəsindəki Həzrət Əli qədəmgahı - Əliayağı məscid-ziyarətgahına yola düşdü. Burada onu din xadimləri, möminlər qarşıladılar. Heydər Əliyev toplaşanlarla mehribancasına görüşdü, məscidi ziyarət etdikdən sonra möminlərin qarşısında çıxış etdi.

İnanclı insanlarla görüş yerlərinin növbəti ünvanı Maştağa qəsəbəsindəki Cümə məscidi, Nardaran piri oldu. Buradakı çıxışında müstəqilliyin üstünlüklərini bir daha vurğuladı: “Xalqımız milli azadlığa çıxıb, dövlətimiz artıq müstəqildir, heç kəsdən asılı deyil. Deməli, biz öz evimizi necə istəsək, elə də quracağıq. “Ev” deyəndə mən Azərbaycanı nəzərdə tuturam. Yaxşı çalışsaq, bu evi işıqlı quracağıq”.

Dövlət başçısı toplaşanlar arasında gənclərin çox olduğunu nəzərə alaraq onlara müraciətlə dedi: “Əziz gənclər, biz müstəqil dövlət kimi torpaqlarımızın hər bir qarışına sahib olmalı, işğal olunmuş ərazilərimizi geri qaytarmalıyıq. Hər bir gənc, hər bir vətəndaş bu yolda fədakarlıq göstərməlidir. Mən sizi - gəncləri bu yola dəvət edirəm. Sizi Azərbaycanın müstəqilliyini qorumağa, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazır olmağa çağırıram”.

1994-cü il aprelin 9-da Prezident Heydər Əliyev döyüş bölgəsinə - Füzuli rayonuna getdi.  Əvvəlcə hərbçilərlə görüşdü, onların problemləri ilə maraqlandı. Sonra səngərlərə baxdı, döyüş hazırlığının vəziyyəti ilə tanış oldu. Hərbçilərlə söhbət zamanı xalqa ötən ilin sonlarındakı müraciətini xatırladaraq son 4-5 ayda ordu hissələrində əldə olunmuş müvəffəqiyyətlərdən razılığını dilə gətirdi: “Mən noyabr ayında Azərbaycan xalqına müraciət edəndən sonra vətəndaşlarımız, gənclər bu çağırışa səs verdilər, Vətənin müdafiəsinə qalxdılar, sübut etdilər ki, gənclərimiz öz torpaqlarını qorumağa qadirdilər. Mənim keçən səfərimdən sonra torpaqlarımızın bir qismi azad edilib. Düşmən təxminən 40 kilometr geri oturdulub”.

Respublikamızın rəhbəri ön cəbhədəki əsgərlərin erməni işğalçıları ilə qısa məsafədə üzbəüz durmasını hər bir azərbaycanlı gənc üçün nümunə adlandırdı: “Siz nümunəsiniz, bütün Azərbaycan gəncləri məhz belə olmalıdırlar”.

Həmin günlə cəbhə bölgəsində görüşlər bir-birini əvəz edirdi. Prezident, Ali Baş Komandan Beyləqan rayonunda ictimaiyyətin nümayəndələri ilə görüşdü, sonra hərbçilərlə müşavirə keçirdi. Bərdə rayonunda da ictimaiyyət nümayəndələri ilə çox maraqlı görüşü oldu. Prezident səfər etdiyi rayonların hər birində yerli camaatla səmimi söhbətlər edir, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olur, mehribancasına hal-əhval tuturdu.

Prezidentin cəbhə bölgəsinə səfərlərində məqsəd yerlərdəki əhval-ruhiyyəni, əsgərlərin döyüş ruhunu öyrənmək, vəziyyəti öz gözü ilə görüb qiymətləndirmək idi.  Ağcabədi rayonunda keçirilən görüşdə bu barədə danışaraq dedi: “Ali Baş Komandan kimi Müdafiə Nazirliyindən məlumat alıram, briqada komandirləri ilə bilavasitə əlaqə saxlayıram. Eyni zamanda, vəziyyəti özüm şəxsən görüb, tanış olub aydınlaşdırmaq istəyirəm. Əsgərlərlə, zabitlərlə görüşərək onların əhval-ruhiyyəsini öyrənirəm. Çalışıram öyrənim ki, onların döyüş ruhu nə vəziyyətdədir. Bunların hamısı mənim üçün həm orduya rəhbərlik etmək, müdafiəni etibarlı təşkil etmək, həm də torpaqlarımızın azad olunması planlarını hazırlamaq üçün çox lazımdır. Ona görə də buradayam, bundan sonra da gələcəyəm. Əvvəlki səfərimdən sonrakı vəziyyətlərə gəldikdə, mən əsgərlərlə, zabitlərlə görüşüb danışdığım zaman görürəm ki, onların əhval-ruhiyyəsi daha yüksəkdir, səriştələri də artıb. Bunların hamısı göstərir ki, addımlarımız xırda olsa da, biz irəliyə gedirik və irəliyə gedəcəyik. Siz burada ön mövqedə torpaqlarımızın müdafiəsində dayanmısınız. Azərbaycan Respublikasının indiki vaxtında orduda xidmət etməkdən, Vətənin müdafiəsində durmaqdan şərəfli peşə yoxdur. Siz bu sənətin sahibisiniz və bu yolu tutmusunuz. Bütün Azərbaycan xalqı bu yolu tutan övladlarına minnətdar olacaqdır. Torpaqlarımız altı ildir ki, Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qalır, xeyli insan öz ev-eşiyindən didərgin düşüb. Elə burada - Ağcabədi rayonunda 60 minə yaxın qaçqın və məcburi köçkün var. Başqa rayonlarda da vəziyyət belədir. Burada biz erməni işğalçıları ilə qarşı-qarşıya durmuşuq. Görünən o kəndlər, habelə Azərbaycan ərazisinin böyük bir qismi erməni silahlı qüvvələrinin əlindədir. Onlar kəndləri dağıdırlar, yandırırlar, qalmış əmlakı qarət edirlər. Bunların hamısı Azərbaycan xalqının başına gəlmiş bəlalardır. Ancaq biz təkcə kədərimizi bildirməklə kifayətlənməməliyik. Bütün Azərbaycan xalqının borcu ondan ibarətdir ki, belə ağır vəziyyətdə dönüş yaradaq, həm ərazilərimiz bundan sonra etibarlı müdafiə olunsun, həm də qüvvəmizi toplayıb işğal olunmuş torpaqlarımızı geri qaytaraq”.

Prezident Bərdə rayonunda bir sıra şəhər və rayonlarının icra hakimiyyəti başçılarının və əlaqədar təşkilatların rəhbərlərinin iştirakı ilə ənənəvi zona müşavirəsi keçirdi, qarşıda duran vacib və təxirəsalınmaz vəzifələrdən ətraflı bəhs etdi.

Dövlətimizin başçısı Bakı arxiyepiskopu ilə görüşündə müstəqil Azərbaycanın  tutduğu yoldan danışdı, dövlət siyasətinin əsas istiqamətlərini bir daha bəyan etdi, din xadimlərinin birləşdirici rolunu xüsusi vurğuladı: Çoxmillətli dövlət quruculuğu yolunda Azərbaycan rəhbərliyinin tutduğu ana xətt cəmiyyətdə vətəndaş sülhü və həmrəyliyinin təmin olunması, milliyyətindən, dinindən və siyasi əqidəsindən asılı olmayaraq, insanlar arasında mehriban münasibətlərin möhkəmləndirilməsi üçün şərait yaratmaqdır. Ərazisində müharibə gedən Azərbaycanın indiki mürəkkəb vəziyyətində cəmiyyətdə birlik və vətəndaş həmrəyliyi həmişəkindən daha çox gərəklidir. Bu prosesdə din xadimləri, respublikada təmsil olunan üç dinin - islam, xristianlıq və iudaizm dinlərinin nümayəndələri birləşdirici rol oynaya bilərlər. Azərbaycanda başqa dinlərə həmişə böyük ehtiramla yanaşılmışdır.

Söhbətin sonunda Prezident əmin olduğunu bildirdi ki, özünün sülhməramlı mövqeyi ilə tanınan Bakı arxiyepiskopunun missiyası cəmiyyətdə vətəndaş həmrəyliyini daha da möhkəmləndirməyə istiqamətlənəcək.

Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü il mayın 1-də ATƏM-in (indiki ATƏT) Minsk qrupu sədrinin müavini Matias Mosberqi və qrupun nümayəndə heyətinin digər üzvlərini qəbul etdi. Dövlətimizin başçısı bu çətin günlərdə Azərbaycana gəldiyinə görə İsveç diplomatının başçılıq etdiyi nümayəndə heyətinə razılığını bildirdi. Matias Mosberq Yerevana və Xankəndinə səfərinin nəticələri barədə məlumat verərək bu səfərin əvvəlkilərdən fərqləndiyini, erməni tərəfin də atəşkəsə meylinin artdığını söylədi. O, indiki şəraitdə atəşin tezliklə kəsilməsi üçün daha yaxşı zəmin yarandığını vurğulayaraq dedi ki, yenidən Yerevana gedəcək, ATƏM-in Minsk qrupunun sədri Yan Eliassonun isə münaqişə bölgəsinə səfəri başlanacaq.

Heydər Əliyev qonağın diqqətinə çatdırdı ki, hələ aprelin 28-də atəşkəs barədə razılıq əldə olunmasına baxmayaraq, erməni tərəfi razılaşmanı pozmaqda davam edir.

(Ardı var)

Paylaş:
Baxılıb: 443 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31