Uğurlu əməkdaşlığın növbəti parlaq təzahürü...
17.10.2025 [11:53]
III Milli Şəhərsalma Forumu Azərbaycanın müasir urbanizasiya və beynəlxalq tərəfdaşlıqda liderliyini nümayiş etdirir
Müasir dövrdə şəhərsalma siyasəti təkcə memarlıq və infrastruktur məsələsi deyil - bu, eyni zamanda, milli inkişafın strateji istiqamətlərindən biri kimi, sosial rifahın təminat mexanizmi və iqlim çağırışlarına cavab olan kompleks sistemin formalaşdırılmasıdır. Azərbaycanın milli inkişaf konsepsiyası çərçivəsində formalaşan yeni şəhərsalma metodologiyası da məhz bu yanaşmaya əsaslanır. Bu konsepsiya həm iqtisadi dayanıqlılığa, həm sosial rifaha, həm də ətraf mühitə uyğunluğa xidmət edən çoxşaxəli bir model kimi çıxış edir.
Ölkədə həyata keçirilən şəhərsalma siyasəti uzunmüddətli planlaşdırmaya, regional balanslı inkişafa və “ağıllı şəhər - ağıllı kənd” konsepsiyalarının reallaşmasına söykənir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma prosesi Azərbaycanın urbanizasiya sahəsindəki strateji baxışını və icra potensialını nümayiş etdirir. Burada söhbət yalnız dağıdılmış ərazilərin bərpasından deyil, tamamilə yeni tipli yaşayış məntəqələrinin - “yaşıl enerji”, ekoloji uyğunluq, innovativ idarəetmə prinsipləri əsasında qurulan müasir şəhərlərin formalaşmasından gedir.
Bu istiqamətdə Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələri də günü-gündən genişləndirilir. Adıçəkilən məqsəd ətrafında mühüm müzakirələr və toplantılar baş tutur. Yeri gəlmişkən, belə tədbirlərdən biri, 3-cü Milli Şəhərsalma Forumu oktyabrın 15-də Xankəndi şəhərində işə başlayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı çərçivəsində “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilən tədbirdə 60-dan çox ölkədən 200-dən artıq xarici qonağın, ümumilikdə, 400-ə yaxın nümayəndələr - dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edir. Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji üzrə effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr aparılır. Bu kimi mühüm bir tədbirin Azərbaycanda keçirilməsi isə ölkəmizə olan etimadın göstəricisidir. Prezident İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına ünvanladığı müraciətində bildirilir ki, Azərbaycanda üçüncü dəfə təşkil olunan və artıq ənənə halını almış bu tədbir şəhərsalma sahəsində milli, regional və beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün mühüm platforma rolunu oynayır. BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində keçirilən Milli Şəhərsalma Forumları Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının növbəti parlaq təzahürüdür.
Genişmiqyaslı bərpa və quruculuq işləri
Azərbaycanın son 30 illik tarixində işğal amili təkcə torpaq itkisi deyil, həm də urbanizasiya mədəniyyətinin, sosial-iqtisadi infrastrukturun və tarixi-mədəni irsin məhv olmasına yol açmışdı. İşğal nəticəsində şəhər və kəndlər tamamilə viran edilmiş, yerüstü həyat izləri məhv edilmiş, mədəni abidələr dağıdılmış, ərazilər mina çirklənməsinə məruz qalmışdı. Bu proses nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurdundan didərgin düşmüşdü. Lakin 2020-ci ildəki 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ölkənin yeni inkişaf səhifəsini açdı. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin azad edilməsi Azərbaycan üçün yalnız torpaq bütövlüyünün bərpası deyil, həm də şəhərsalma və regional planlaşdırma baxımından “bərpa və dirçəliş dövrü” demək oldu. Prezident İlham Əliyev müraciətində bildirib ki, bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.
Artıq bu ərazilərdə meqaişlər aparılır. Bu isə təkcə bərpa deyil, həm də Azərbaycanın müasir şəhərsalma konsepsiyasının praktik təzahürüdür. Azərbaycan dünyaya sülh və inkişaf modeli təqdim etdiyi kimi, müasir şəhərsalma mədəniyyətinin yeni bir mərhələsini də təqdim edir.
Layihələr sürətlə həyata keçirilir...
Post-müharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yalnız binaların tikintisindən, kəqd və şəhərlərin salınmasından ibarət deyil - burada yaradılan infrastruktur tamamilə dayanıqlı inkişaf prinsiplərinə əsaslanır. İnşa olunan 3 beynəlxalq hava limanı (Füzuli, Zəngilan, Laçın) regionun nəqliyyat sisteminə strateji məna verir və iqtisadi dövriyyəni canlandırır. Paralel şəkildə avtomobil və magistral yollar, dəmir yolu xətləri, enerji və rabitə infrastrukturu qurulur. Bu region, eyni zamanda, Azərbaycanın “yaşıl enerji zonası” elan edilib. Burada 10 min meqavat gücündə Günəş və külək enerjisi potensialı mövcuddur. Artıq bir neçə beynəlxalq tərəfdaşla - BƏƏ, Səudiyyə Ərəbistanı, Çin və Böyük Britaniyanın enerji şirkətləri ilə layihələr icra edilir. Bu təşəbbüslər Qarabağ və Şərqi Zəngəzuru həm enerji baxımından müstəqil, həm də iqlim dəyişikliklərinə qarşı dayanıqlı məkana çevirir. Dövlət başçısının müraciətində bildirilir ki, müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Burada son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir: “İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji” zonası elan edilmiş və 10 min meqavat “yaşıl enerji” üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur”.
Bildirilməlidir ki, bütün bu işlərlə yanaşı, sosial infrastrukturun - məktəblərin, xəstəxanaların, mədəniyyət mərkəzlərinin və yaşayış komplekslərinin tikintisi də paralel şəkildə aparılır. Bu, urbanizasiya modelində insan amilinin prioritet götürüldüyünü göstərir.
Regional iqtisadi dirçəliş və məşğulluq...
Yeni şəhərsalma metodologiyasının əsas məqsədlərindən biri də əhalinin daimi məskunlaşması və iqtisadi fəallığın təmin edilməsidir. Bunun üçün Qarabağ və Şərqi Zəngəzurda sənaye parkları və iqtisadi zonalar yaradılır - Ağdam Sənaye Parkı, Cəbrayıl və Zəngilan iqtisadi zonaları bu baxımdan nümunəvidir. Bu layihələr yerli istehsalın genişlənməsinə, ixrac potensialının artmasına və minlərlə yeni iş yerinin açılmasına şərait yaradır. Müraciətdə vurğulanır ki, regionda iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir: “Eyni zamanda, salınan yeni yol infrastrukturu sayəsində Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi və sosial inkişafına xidmət edir. Bu gün “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır”.
Yerli resurslara əsaslanan istehsal, aqrar sənaye klasterləri və xidmət sektoru Qarabağın iqtisadi strukturunun əsas dayaqlarına çevrilməkdədir. Bu, həm də “qayıdışın iqtisadi təməli” kimi çıxış edir - yəni insanların uzunmüddətli sosial inteqrasiyası üçün iqtisadi dayanıqlıq təmin edilir.
Beynəlxalq tərəfdaşlıq və yeni urbanizasiya modeli...
Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi təcrübə artıq beynəlxalq miqyasda tanınır. BMT-nin “Un-Habitat” proqramı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumlar Azərbaycanın “ağıllı şəhər və ağıllı kənd” modellərini iqlimadaptiv və sosial innovativ yanaşma nümunəsi kimi təqdim edirlər. Ölkə həmçinin COP29 kimi qlobal tədbirlərə ev sahibliyi etməklə iqlim və şəhərsalma sahəsində dayanıqlı inkişaf platforması rolunu möhkəmləndirir. Azərbaycanın bu istiqamətdə beynəlxalq tərəfdaşlığı urbanizasiya siyasətinin texnoloji və elmi əsaslarını gücləndirir, eyni zamanda, milli təcrübənin dünya miqyasında paylaşılmasına imkan yaradır. Dövlət başçsının müraciətində vurğulanır ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. “Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır. 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir”, - deyə muraciətdə qeyd olunur.
Beləliklə, Azərbaycanın milli inkişaf konsepsiyasında formalaşan yeni şəhərsalma metodologiyası təkcə bərpa və tikinti prosesi deyil, həm də yeni həyat fəlsəfəsinin qurulmasıdır. Bu modeldə əsas hədəf - insan, təbiət və iqtisadiyyatın harmoniyasını təmin etməkdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın həm müasir, həm də dayanıqlı urbanizasiya siyasətinin real göstəricisinə çevrilib. Azərbaycan “bərpadan quruculuğa, quruculuqdan nümunəyə” keçid mərhələsini uğurla reallaşdırır və bu təcrübə regional miqyasda yeni şəhərsalma fəlsəfəsinin formalaşmasına yol açır.
P. SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Dünya
17 Oktyabr 23:39

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:32

Dünya
17 Oktyabr 22:13

Dünya
17 Oktyabr 21:45

YAP xəbərləri
17 Oktyabr 21:20

Dünya
17 Oktyabr 21:08

Dünya
17 Oktyabr 20:50

YAP xəbərləri
17 Oktyabr 20:31

Sosial
17 Oktyabr 20:12

Dünya
17 Oktyabr 19:51

Dünya
17 Oktyabr 19:38

YAP xəbərləri
17 Oktyabr 19:10

Dünya
17 Oktyabr 18:34

YAP xəbərləri
17 Oktyabr 18:09

Xəbər lenti
17 Oktyabr 18:04

YAP xəbərləri
17 Oktyabr 17:50

Dünya
17 Oktyabr 17:30

YAP xəbərləri
17 Oktyabr 17:26

YAP xəbərləri
17 Oktyabr 17:17

YAP xəbərləri
17 Oktyabr 17:04

Maraqlı
17 Oktyabr 16:52

Siyasət
17 Oktyabr 16:32

Dünya
17 Oktyabr 16:19

YAP xəbərləri
17 Oktyabr 16:14

YAP xəbərləri
17 Oktyabr 16:13

Dünya
17 Oktyabr 15:56

Dünya
17 Oktyabr 15:21

Din
17 Oktyabr 15:01

Hərbi
17 Oktyabr 14:51

Gündəm
17 Oktyabr 14:42

YAP xəbərləri
17 Oktyabr 14:26

YAP xəbərləri
17 Oktyabr 14:19

Dünya
17 Oktyabr 14:14

Dünya
17 Oktyabr 13:49

YAP xəbərləri
17 Oktyabr 13:49

Siyasət
17 Oktyabr 13:47

YAP xəbərləri
17 Oktyabr 13:23

YAP xəbərləri
17 Oktyabr 13:21

YAP xəbərləri
17 Oktyabr 13:08

Sosial
17 Oktyabr 13:02

Sosial
17 Oktyabr 12:46

Gündəm
17 Oktyabr 12:25

Analitik
17 Oktyabr 12:19

YAP xəbərləri
17 Oktyabr 12:17

Elanlar
17 Oktyabr 12:13

YAP xəbərləri
17 Oktyabr 12:00

Sosial
17 Oktyabr 11:53

YAP xəbərləri
17 Oktyabr 11:52

Sosial
17 Oktyabr 11:46

Siyasət
17 Oktyabr 11:45

İqtisadiyyat
17 Oktyabr 11:38

Hadisə
17 Oktyabr 11:33

Sosial
17 Oktyabr 11:31

İqtisadiyyat
17 Oktyabr 11:29

Sosial
17 Oktyabr 11:16

İqtisadiyyat
17 Oktyabr 11:13

Analitik
17 Oktyabr 10:54

MEDİA
17 Oktyabr 10:51

Sosial
17 Oktyabr 10:35

Elm
17 Oktyabr 10:12

Analitik
17 Oktyabr 09:57

Analitik
17 Oktyabr 09:30

Analitik
17 Oktyabr 09:14

Sosial
17 Oktyabr 08:59

İqtisadiyyat
17 Oktyabr 08:32

Gündəm
17 Oktyabr 08:10

Dünya
17 Oktyabr 03:49

Gündəm
17 Oktyabr 00:52
