Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azad şəhərlərimizin yeni növrağı

Azad şəhərlərimizin yeni növrağı

17.10.2025 [12:25]

17 oktyabr Füzuli Şəhəri Günüdür

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbədən sonra təqvimə yeni əlamətdar günlər daxil olub. Bunlardan biri də işğaldan azad olunmuş ərazilər üzrə şəhər günləridir. Bu gün ölkəmizdə Füzuli Şəhəri Günü qeyd edilir.

İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri

Postmüharibə dövründə respublikamızda işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri Prezident İlham Əliyevin imzaladığı iki müvafiq Sərəncam əsasında qeyd edilir. Dövlətimizin başçısının 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncamla 26 avqust -  Laçın, 4 oktyabr - Cəbrayıl, 17 oktyabr - Füzuli, 20 oktyabr - Zəngilan, 25 oktyabr - Qubadlı, 8 noyabr - Şuşa, 20 noyabr - Ağdam, 25 noyabr - Kəlbəcər şəhəri günü kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixində imzaladığı digər Sərəncama əsasən isə 20 sentyabrda  Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd edilir.

İşğaldan  azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi heç də təsadüfi deyil. Otuz illik işğal dövründə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Sözsüz ki, İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.

Xalqımızın otuz il həsrətini çəkdiyi həmin ərazilərə böyük mənəvi bağlılığı var. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir. İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi həm də böyük Qələbəmizin təbliği, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirlməsi anlamına gəlir. Bu Qələbəni heç kəs bizə hədiyyə etməyib. Onu igid hərbiçilərimiz canları, qanları hesabına qazanıblar. Xaincəsinə torpaqlarımıza soxulan düşmən cəzalandırlmalı idi və Azərbaycan Ordusu Vətən müharibəsində bunu layiqincə etdi. Müzəffər Azərbaycan Ordusu cəmi 44 gün ərzində 300-dək şəhər və kəndi bilavasitə açıq döyüşlərdə işğaldan azad etməyə nail oldu. İndi böyük qələbələrimizin sevincini yaşamağa, eləcə də azad şəhərlərimizin bayramlarını təntənə ilə qeyd etməyə Azərbaycan xalqının mənəvi haqqı var. 

Ağır işğal illərindən sonra azadlığına qovuşan Füzuli

Füzuli rayonu inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da  yaradılıb və ilkin adı Qarabulaq  olub. Füzuli rayon kimi 8 avqust 1930-cu ildə təşkil edilib və tarixi adı saxtalaşdırılaraq Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonunun adı yenidən dəyişərək Füzuli adlandırılıb. Ərazisi 1386 km2, əhalisi isə təxminən 135  min nəfərdir.

Rayonda hazırda 46 inzibati ərazi dairəsi olmaqla 2 şəhər, 17 qəsəbə, 81 kənd var. Ən iri yaşayış məntəqələri Fuzuli şəhəri, Horadiz şəhəri, Böyük Bəhmənli, Horadiz və Qacar kəndləridir.

Füzuli rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Füzuli şəhərindən 17 km qərbdə yerləşən məşhur Azıx mağarası və Tağlar mağarası dünyanın ən qədim insan məskəni kimi UNESKO-nun maddi-mədəni irs siyahısına salınıb.

Füzulinin 51 kəndi və rayon mərkəzi 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlillik qazanıb. Rayonun işğalı nəticəsində təsərrüfat subyektlərinə, fərdi şəxslərin mülkiyyətinə və tarix mədəniyyət abidələrinə dəyən zərərin məbləği   22 256 953 624 manatdan artıq qiymətləndirilir.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.

İşğal illərində böyük dağıntılara məruz qalan Füzuli şəhəri  2020-ci il oktyabrın 17-də öz azadlığına qovuşub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb. Dövlətimizin başçısı müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu bildirib.

Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Horadiz əməliyyatı - Böyük Qələbəyə aparan yolun başlanğıcı

İkinci Qarabağ müharibəsi başlayanadək Azərbaycan Ordusu bir sıra uğurlu əməliyyatlar keçirməklə nəyə qadir olduğunu təsdiqləyib. Füzuli rayonunda yerləşən Horadiz yaşayış məntəqəsinin 1994-cü ilin yanvar ayında işğaldan azad edilməsini isə Böyük Qələbəmizə gedən yolun başlanğıcı kimi dəyərləndirə bilərik.

O dövrdə Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə Prezident Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət etdi və ciddi hərbi-təşkilati tədbirlər həyata keçirdi. Prezident Heydər Əliyevin göstərişi ilə əraziyə Azərbaycan Ordusunun əlavə qüvvələri dislokasiya olundu, noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı.1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan Silahlı Qüvvələri Araz boyunca və Əhmədbəyli-Kürdmahmudlu-Alxanlı kəndləri istiqamətində əks hücum təşkil etdi. Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və başqa strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Uğurlu Horadiz əməliyyatı nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu.

Daha abad, daha gözəl Füzuli inşa olunur

Ölkəmizdə işğaldan azad olunmuş ərazilərin bərpası və ora Böyük Qayıdış proqramının reallaşdırlması postmüharibə dövrünün əsaas strateji məqsədlərindən biri kimi qarşıya qoyulub və ötən 5 ildə bu hədəfə doğru inamlı addımlar atılıb. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, eyni zamanda şəhər və kəndlərin məskunlaşdırılması uğurla davam etdirlir.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Füzuli də genişmiqyaslı quruculuq-abadlıq ünvanına çevrilib. İşğaldan azad edilmiş digər yaşayış məntqələri kimi, Füzuli şəhərinin bərpası da tarixi ənənələr və müasir tələblər nəzərə alınmaqla hazırlanan plan əsasında həyata keçirilir. Xartırladaq ki, Nazirlər Kabineti “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiqləyib. Baş planın icrası yüksək səviyyədə təmin edilir. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr təşkil edəcək.

Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar ərazidə Memorial Kompleksi yaradılır. Memorial Kompleksin və şəhərin bərpasının təməli Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il oktyabrın 17-də qoyulub. Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa edilir. Burada həyətyanı bağ sahələri olan fərdi evlər də tikilir. “Böyük Qayıdış” Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin axırınadək 22 min insan Füzuli rayonunda yaşayacaq. Füzuli şəhərinə ilk köç 2023-cü ilin avqustunda reallaşdırılıb. İlk olaraq 90 nəfərdən ibarət olan 23 ailə doğma şəhərə yola salınıb.

Postmüharibə dövründə işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Füzulidə də müxtəlif istiqamətlərdə bərpa işləri intensiv şəkildə davam etdirilir. Xatırladaq ki, dövlət başçısı müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərini 2020-ci il 16 noyabr tarixində məhz Füzuliyə edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəliblər. Bu səfər çərçivəsində Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun çəkilişinə start verilib. Zəfər yolunun açılışı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il 7 noyabr tarixində baş tutub.

Bütövlükdə, indiyədək Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzulidə çoxsaylı təməlqoyma və açılış tədbirləri keçirilib. Dövlətimizin başçısı 3 iyul 2025-ci il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. Burada mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldır. Bu yol  başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.

Dünya rekordu azad Füzulidə yenilənib

Postmüharibə dövründə Füzulidə istifadəyə verilən ən böyük infrastruktur obyektlərindən biri də beynəlxalq hava limanıdır. Hava limanı 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib.

Füzuli Hava Limanının inşasında Azərbaycan dünya rekorduna imza atıb. İndiyədək beynəlxalq praktikada cəmi bir il ərzində beynəlxalq səviyyəli hava limanının inşası təcrübəsinə rast gəlinməyib. Bunu ilk dəfə Azərbaycan bacarıb.

Obrazlı şəkildə Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların həyata keçirilməsini mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

İndiyədək Füzuli Beynəlxalq Hava Limanına bütün uçuşlar uğurla baş tutub. Belə ki, “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi, həmçinin “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi Füzulidə müvəffəqiyyətlə enişlər ediblər.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Oktyabr 11:38  

İqtisadiyyat

Analitik

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31