Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Erməni mafiyasının yeni oyuncağı - Lapşin

Erməni mafiyasının yeni oyuncağı - Lapşin

07.12.2022 [10:18]

MÜBARİZ

Aleksandr Lapşin. Bu ad və soyad Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Bu, o bloger Lapşindir ki, zamanında Azərbaycanın tələbi ilə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

2016-cı il 15 dekabr tarixində Belarusda həbs edilib və 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub. Azərbaycan Prezidentinin 11 sentyabr 2017-ci il tarixli müvafiq Sərəncamı ilə əfv olunub. İndi isə A.Lapşin yeni qiyafədə zühr edib. Bu barədə bir qədər sonra.

Bir həbsin tarixi

İlk olaraq Aleksandr Lapşini həbsə aparan səbəbləri yada salaq. Xatırladaq ki, A.Lapşin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edib, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarla çıxış edib. A.Lapşin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün “http//puerrtto.livejournal.com” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən separatçı rejimin “müstəqilliyini” dəstəklədiyini bəyan edib. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilmişdi. Belarusda saxlanılan və Azərbaycana ekstradisiya olunan A. Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu.

Blogerin göz yaşları

Bir vaxtlar cəsarətdən, mərdlikdən danışan A.Lapşin həbsə alınandan sonra başa düşdü ki, ona nə xidmət göstərdiyi Ermənistan, nə də pul müqabilində satıldığı beynəlxalq erməni lobbi şəbəkəsi həbsdən qurtulmağa kömək edə bilməyəcək. Bloger onu yalnız göz yaşlarının xilas edəcəyini düşündü. Buna görə də yalvarışlara güc verdi. Himayəsində azyaşlı uşağının olduğunu, anasının xəstə yatdığını, elə özünün də səhhətində hansısa problemlər yarandığını bildirdi. Əfv edilməsini dilədi. Anasına da əvf olunması ilə bağlı ərizə yazdırdı. And-aman etdi ki, səhv yola düşdüyünü anlayıb, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bundan sonra respublikamıza münasibətdə diqqətli olacaq və əvvəllər etdiyi səhvləri təkrarlamayacaq.

Azərbaycanın cəza siyasəti humanist səciyyə daşıyır. Ölkəmizdə vaxtaşırı amnistiya aktları reallaşdırılır. Azərbaycan dövləti, əslində A.Lapşinin İnterpol xətti ilə həbsinə və onun ölkəmizə ekstradisiyasına nail olmaqla öz gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirmişdi. Bundan sonra bir blogerin həbsdə qalması böyük önəm daşımırdı. Buna görə də o, humanizm prinsipləri əsas götürülməklə həbsdən azad edildi. Ümumiyyətlə, respublikamızda A.Lapşin ilə bağlı iki hüquqi prosedur paralel olaraq nəzərdən keçirilirdi - cəzasının çəkilməsi üçün onun vətəndaşı olduğu İsrailə verilməsi və ya əfv edilməsi. Lapşinin həm məhkəmə prosesi zamanı, həm də Azərbaycan Prezidentinə ünvanladığı müraciətlərdə törətdiyi cinayətdən peşmançılıq keçirdiyini etiraf etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi, ailə vəziyyəti, xüsusilə azyaşlı övladının olması nəzərə alınaraq, cənab Prezident onun əfv olunmasını mümkün hesab edib və bu barədə müvafiq Sərəncam imzalayıb.

Lapşinin yenidən zühuru

Aradan müəyyən müddət ötəndən sonra A.Lapşin erməni mafiyasının ssenarilərində yeni rol almaqdadır. O, erməni əsilli rejissor Civan Avetisyanla əl-ələ verərək film çəkməyə başlayıb. Mövzu çeynənilmiş mövzudur. Yenə də Azərbaycan əleyhinə hədyanlar. Bəs necə, hiyləgər ermənilər A.Lapşin kimi birisinin Azərbaycanda həbsə alınması fürsətini fövtə verərdilərmi? Bu, onlar üçün dünyada Azərbaycan əleyhinə təbliğatı gücləndirməkdən ötrü göydəndüşmə bir mövzudur. Erməni mafiya şəbəkəsi ilə yeni işbirliyi barədə blogerin özü məlumat verib. Sitat: “Dostlar, bir xəbəri bölüşmək istəyirəm. Rejissor Civan Avetisyanın “Qara siyahı” (“Black list”) bədii filmi üzərində iş fəal şəkildə davam edir. Bu, Belarusda həbs olunmağım, Azərbaycana qanunsuz ekstradisiyam, Bakı həbsxanasında işgəncə və alçaldılmam haqqında Amerika-Avropa trilleri olacaq. Alan Parkerin 1978-ci ildə çəkilmiş türk həbsxanasından bəhs edən sensasiyalı “Gecəyarısı Ekspresi” filmi kimi bir şey yəni”.

Üzdəniraq bloger sevinc hissi ilə onu da deyib ki, filmdə Hollivudun bir çox tanınmış aktyorları da iştirak edəcəklər. Fikirlərinə davam edən A.Lapşin yazıb: “Biz Azərbaycanı dünyada məşhur edəcəyik, amma əlbəttə ki, onların istədiyi formada yox”.

A.Lapşinin rəzilliyi, pula hərisliyi onu heç vaxt tərk etməyəcək. O, bundan əvvəl erməni mafiyasının əlində necə oyuncağa çevrilmişdisə, bundan sonra da elə qalacaq. Bəli, həbsdə olarkən dil töküb yalvaran A.Lapşin azadlığa çıxdıqdan sonra xislətini dəyişmədiyini bir daha təsdiqlədi və ölkəmizə qarşı çabalarını davam etdirdi. Belə görünür ki, dondan-dona, cilddən-cildə girmək onun üçün əlcək dəyişmək qədər asandır. Təki ortada erməni mafiyasının paraları olsun. Sifariş gəlsə, lap baş-ayaq da durar.  

Paylaş:
Baxılıb: 318 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Neft ucuzlaşıb

14 May 09:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31