Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şuşa Zirvəsi - TDT tarixində yeni mərhələ...

Şuşa Zirvəsi - TDT tarixində yeni mərhələ...

08.06.2024 [10:00]

İlham Əliyev: Bizim ailəmiz Türk dünyasıdır...

Dünyada baş verən hadisələr, inkişaf edən proseslər bəzi həqiqətləri göz önünə çıxarır - dünyada cərəyan edən “qütb” və ya “qrup” maraqları savaşı böyük güclərin mənafeyinin qorunmasına xidmət edir. Təəssüfləndirici haldır ki, bəzi məqamlarda özünü dünyanın “hegemoniya ansamblı” sayan bu kimi güclər bəzi məqamlarda beynəlxalq hüququ, ədaləti və demokratik prinsipləri belə özlərinin bu maraq savaşının predmetinə çevrirlər. Bundan çıxış yolu isə milli dövlətlərin öz maraqları uğrunda təmərküzləşməsi, tarixi - irsi bağlılığı, coğrafi yaxınlığı olan ölkələrin vahid ideallar ətrafında birləşməsidir. 

Qısa zamanda özünü iqtisadi-siyasi konsepsiyası, ideoloji əsasları olan və ən əsası suveren, milli mənafeyə söykənən prinsiplərə malik təşkilat kimi sübut etməyi bacaran Türk Dövlətləri Təşkilatının əldə etdiyi uğurlar saymaqla bitməz. Bu inkişaf tendensiyasında maddi nailiyyətlərdən daha çox mənəvi nailiyyətlər göz oxşayır - vahid Türk dünyası ailəsi prinsiplərinin inkişaf etdirilməsi, qarşılıqlı maraqların qorunması üçün gücün və imkanların səfərbər olunması, fərqli cəhətlərin və ya coğrafiyaların oturuşmuş siyasi birliklərinə qarşı bütün aspektlərdə müqavimətin yaradılması kimi prioritet hədəflər TDT-nin ali qurum statusunu daha da möhkəmləndirir.

Türk dünyasının birləşməsi istiqamətində böyük səylər...

Türkdilli ölkələrin birliyini mümkün və zəruri edən fundamental amillərin sayı sadalamaqla bitməz. Tarixi bağlara və yeni çağırışlara əsaslanan cəmiyyətlər və dövlətlər bütün müstəvilərdə yaxınlaşmaq niyyətlərini açıq surətdə ortaya qoyurlar. Statistikaya nəzər saldıqda bu amil diqqət çəkir - Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Beləliklə, bütün Türkdilli və Türkdilli olmayan ayrı-ayrı ölkələr - vahid platformada birləşmək üçün qətiyyətli siyasi iradə ortaya qoyurlar. Siyahıya Şimali Kipr Türk Cümhuriyyəti də qoşulub. Bu birliyin təməlində sağlam və səmimi münasibətlər, müttəfiqlik və strateji anlaşmanın ən yüksək səviyyədə təmin edilməsi kimi real faktorlar dayanır. Aparılan müzakirələr, münasibətlərin inkişafına istiqamətlənən görüşlər isə bu mühiti daha da gücləndirir. Məsələn, iyunun 6-da Bakıda keçirilən TÜRKPA-nın 13-cü plenar iclası bu deyilənləri təsdiqləyir. Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən TÜRKPA-nın növbəti plenar iclasının yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı qeyd edib ki, belə toplantılar bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olur: “Əminəm ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir”.

Şuşa Zirvəsi...

İndiyədək qurumun Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul və digər ünvanlarda olmaqla Zirvə görüşləri uğurla baş tutub. TDT-nin növbəti Zirvə görüşünün (qeyri-rəsmi-red.) cari ilin yayında Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi nəzərdə tutulub. Təbii ki, Şuşa Zirvəsi TDT-nin tarixində mühüm və yeni bir mərhələyə çevrilcək. İlk növbədə, TDT-də sağlam və müttəfiqliyə əsaslanan əlaqələrin formalaşmasına xidmət göstərən nümunə məhz bu şəhərin adı ilə bağlıdır - Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyənnamə 2021-ci ilin iyunun 15-də məhz Şuşada imzalanıb. Azərbaycanın Vətən müharibəsinin simvoluna çevrilmiş, mədəniyyət paytaxtımızın və nəhayət, tariximizin mühüm bir hissəsi sayılan Şuşa Türk dünyasının inteqrasiyası üçün yeni üfiqlər vəd edir. Prezident İlham Əliyev bildirib ki, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək: “Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir”. 

Bəli, bu Zirvə görüşünün Şuşada baş tutması gələcək üçün, qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm əsaslar yaradır. Vurğulandığı kimi, bu şəhər II Qarabağ müharibəsinin simvoludur - hətta erməni işğalı dövründə özünün tarixi simasını qorumuş bu şəhər həm də Türk dünyasının birliyinin güclənməsinə yeni töhfələr qazandıracaq. Prezident İlham Əliyev vurğulayıb ki, Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır: “Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir”. 

Məqsədlərimizə doğru atılan növbəti addım

Qürurverici haldır ki, Türk birliyinin ideyadan reallığa çevrilməsi Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin adı ilə bağlıdır. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə başlanan yol nəticə etibarı ilə hazırda dünyanın sayılan-seçilən, iqtisadi-siyasi əsasları olan bir təşkilatın TDT-nin yaranmasına yol açdı. Eyni zamanda, ötən dövrdə respublikamız TDT-nin müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi etdi - Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edir. Nümayiş etdirilən iradə, səfərbər olunan siyasi-iqtisadi imkanlar isə vahid Türk ailəsinin sağlam əsaslar üzərində inkişafına xidmət göstərir. Prezident İlham Əliyev qeyd edib ki, Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir: “Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması - bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur”.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30