İnam olan yerdə qayıdış da mütləq olacaq!
02.10.2024 [11:13]
İlham Əliyev: Bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir
Bu günlərdə Prezident İlham Əliyevin və oğlu Heydər Əliyevin iştirakı ilə paytaxtımızın gözəl guşələrindən birində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) abidəsinin açılışı baş tutdu. Aşıq Ələsgər Qərbi Azərbaycanda - Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaradıb, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaradıb və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib. Prezident İlham Əliyevin Sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb. Ancaq Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Bakının mərkəzində Aşıq Ələsgərə abidə ucaldılmasını dövlətimizin başçısının milli mədəniyyətimizə, ədəbiyyatımıza, aşıq sənətinə yalnız diqqət və qayğısının ifadəsi kimi dəyərləndirmək doğru olmazdı. Prezident İlham Əliyevin Özü açılış tədbirindəki çıxışında Bakıda baş tutan mədəniyyət hadisəsini iki baxış bucağından qiymətləndirərək vurğulayıb: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”. Dövlətimizin başçısının xalqımıza növbəti dəfə bir amal uğrunda birləşməyə çağırış etməsi Qərbi Azərbaycan İcması (QAİ) tərəfindən birmənalı şəkildə dəstəklənib. QAİ-nin yaydığı bəyanatda da Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi həm də Qərbi Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin göstəricisi kimi dəyərləndirilib. “Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş ağrılı həyat yoluna dərindən bələd olması onun Qərbi azərbaycanlıların taleyinə nə qədər yaxından qayğı göstərdiyinin təzahürüdür”, - deyə QAİ-nin yaydığı bəyanatda vurğulanır.
Bir əsrdə üç deportasiya
İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə Prezident İlham Əliyev ötən əsrin səksəninci illərinin sonu - doxsanıncı illərinin əvvəllərində doğma yurd yerlərindən zorla qovulmuş qaçqın və məcburi köçkünlərlə görüşlərində hər dəfə tarixi torpaqlarımıza qayıdacağımıza dərin inam ifadə edirdi. Dövlətimizin başçısı ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunduqdan sonra isə yenidən xalqımızı bir amal uğrunda birləşməyə çağırır. Bu dəfə müəyyənlləşdirilən hədəf Qərbi Azərbaycana qayıdışdır!
Bu tam tam real bir hədəfdir və xalqımızın haqqıdır! Zaman çatıb ki, artıq bir vaxtlar Qərbi azərbaycanlılara qarşı edilən tarixi haqsızlıqlara da son qoyulsun! Həmin tarix çox nisgilli və ağrılıdır. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. İndiki Ermənistanın ərazisində tarix boyu azərbaycanlılar yaşayıblar. Bunu təsdiqləyən tarixi sənədlər və xəritələr var. Günümüzə qədər gəlib çatan həmin xəritələrdə onlarla yaşayış məntəqəsinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq və tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıqlar göstərib. Bununla belə, tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı doğma torpaqlarından məhrum edilib. XX əsr bu baxımdan xalqımız üçün xüsusilə faciəvi olub. Tarixə ekskurs edən Prezident İlham Əliyev “Qeyd etdiyim kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir”, - deyə bildirib.
1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından biri ilə tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. İrəvan veriləndə bəziləri düşünürdülər ki, daha ermənilər dayanacaqlar, bir daha Azərbaycandan torpaq istəməyəcəklər. Lakin söhbət ermənilikdən gedirsə, bunu gözləməyinə dəyməz. Həqiqətən də özlərinin xəbis niyyətlərindən çıxış edən, “dənizdən dənizə Ermənistan” xülyaları ilə yaşayan ermənilər dayanmadılar və havadarlarını irəli verərək respublikamızdan yenidən torpaq qopartmaq üçün növbəti cəhdlərini etdilər. Beləliklə, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti haqsızlıq və cinayət idi. İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə Qərbi azərbaycanlıların faciələri bitmədi. 1948-1953-cü illərdə soydaşlarımız növbəti deportasiyaya məruz qalıb və ittifaq hökumətinin qərarı ilə doğma yurd yerlərindən çıxarılıblar. Ötən əsrin səksəninci illərinin sonlarından etibarən sovet hökuməti xalqımıza qarşı növbəti cinayətə rəvac verib. Bu dəfə böyük siyasətçi Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Belə ki, mərkəzi hakimiyyətin dəstəyi ilə ermənilər Qarabağdan və ovaxtkı Ermənistan Respublikasından azərbaycanlıları son nəfərədək deportasiya etməyə nail oldular. Həmin dövrdə Ermənistandakı 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə, 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. Beləliklə, 1987-ci ildən başlamış və 300 min azərbaycanlının Ermənistandan qovulması ilə nəticələnmiş sonuncu deportasiya başa çatmış və bunun nəticəsi olaraq, Ermənistan monoetnik dövlətə çevrilmişdir. “Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdikləri, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etnik təmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmayıb, oradakı Azərbaycan mədəni irsi ciddi zərər görüb”, - deyə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda vurğulanır.
Xalqın əyilməz ruhu
Azərbaycan xalqının son 200 ildə üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzab-əziyyətlər və sonda haqq etdiyi doğma yurd yerlərinə qovuşmaq səadəti bir daha ilahi ədalətin və torpağın cazibə qüvvəsinin nə qədər güclü olduğunu əyani şəkildə təsdiqlədi. Ötən iki yüzillikdə müxtəlif mərkəzlərdə xalqımıza, tarixi ərazilərimizə qarşı çoxsaylı məkrli planlar qurulub, ssenarilər hazırlanıb. Ancaq Azərbaycan xalqı haqqa tapınmaqla, tarixi ədalətə istinad etməklə böyük güclərin oyunlarını pozmağa, ermənilərin saxta miflərini dağıtmağa müyəssər oldu. Biz Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirlərində yalnız ermənilərə deyil, həm də onların havadarlarına, böyük güclərə qalib gəldik. Prezident İlham Əliyevin çıxışında işğal dövründə ölkəmizə və şəxsən Ona göstərilən təzyiq cəhdlərindən bəhs edib. Çoxsaylı xarici nümayəndələrlə görüşlər əsnasında belə fikirlərin aşılanmasına cəhdlər edilirdi ki, reallıqlarla barışmaq lazımdır, Qarabağ artıq əldən gedib, Ermənistanla barışmaqdan başqa çıxış yolu yoxdur, gənc nəsli sülhə hazırlanmalıdır, bu münaqişənin hərbi həlli yoxdur və s. Bəlli idi ki, bizi yolumuzdan döndərmək, bizə bədbinlik duyğuları aşılamaq istəyirdilər. Ancaq düşmən və onun havadarları qarşılarında Azərbaycan dövlətinin gücünü və xalqımızın yenilməz iradəsini gördülər. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev üç onillik ərzində ərazi bütövlüyümüzün bərpasını ölkə gündəminin, aparılan siyasətin mərkəzində saxladı. Və bu məqsədə çatmaq üçün praktiki müstəvidə ardıcıl tədbirlər görüldü - respublikanın güclü iqtisadiyyatı formalaşdırıldı, istənilən vəzifəni yerinə yetirməyə qadir olan müasir Ordu quruldu.
Dövlətin əsas hədəfimizə çatmaq üçün gördüyü prevantiv tədbirlər öz yerində. Bizi güclü və yenilməz edən həm də xalqımızın əyilməz ruhu və torpaq sevgisi idi. Bəzi xalqlar, o cümlədən də ermənilər üçün doğma torpaq anlayışı çox da böyük önəm daşımır. Onlar buqələmun kimi istənilən şəraitə adaptasiya olunurlar və həyatlarını qururlar. Götürək, elə zamanında N.Paşinyan başda olmaqla ermənilərin Şuşada, Xankəndidə eyş-işrət məclisləri qurmalarını, sərxoş vəziyyətdə əylənmələrini. Belə tədbirlərdə N.Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deməsi su içmək kimi asan idi. Torpağı qorumağa, qurub yaratmağa gəldikdə isə, ermənilər belə əməllərdən çox uzaq idilər. Onlar işğalın davam etdiyi otuz il ərzində Qarabağda ancaq qurulu şəhər və kəndləri dağıtmaqla, sərvətlərimizi talamaqla məşğul olmuşdular, hansısa bir quruculuq işi görməmişdilər. Bunu işğaldan azad olunmuş ərazilərimizdəki vəziyyət əyani şəkildə təsdiqləyir. Azərbaycan xalqı isə qəlbən torpağa, yurd yerlərinə bağlıdır. Biz qurub-yaradan xalqıq. Müharibə başa çatandan sonra Ermənistan mətbuatı Azərbaycanın Qarabağı dirçəltməyə heç vaxt gücü çatmayacağı və yaxud bunun uzun prosesə çevriləcəyi barədə yalanlar tirajlayırdı. Həyat isə əksini təsdiqlədi. Qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. İndi bizim yeganə rəqibimiz zamandır. Artıq Qarabağa “Böyük Qayıdış”a da start verilib və orada məskunlaşma uğurla davam edir. Prezident İlham Əliyev əminliklə belə bir fikri ifadə edib: Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, “Böyük Qayıdış” proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir. Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır”- deyə dövlətimizin başçısı vurğulayıb.
Artan ümidlər: Biz Qərbi Azərbaycana qayıdacağıq!
İnam olan yerdə Qərbi Azərbaycanımıza qayıdış da mütləq olacaq! Dövlətimizin başısının Qərbi Azərbaycana qayıdışı hədəf kimi müəyyənləşdirməsi və buna dərin inamını ifadə etməsi təsadüfi deyil. Çıxışda vurğulandığı kimi, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Bu ideya yeni deyil. Prezident İlham Əliyev hələ çox-çox əvvəl bununla bağlı fikirlərini ifadə edib və Onun çağırışı cəmiyyətimizdə ciddi rezonanas doğurub, Qərbi Azərbaycandan olan soydaşlarımızı geri dönüşə ruhlandırıb, onların qəlbində haqqın, ədalətin bərpa olunacağına ümid yaradıb. Qərbi azərbaycanlılar da Şuşadan, Laçından, Ağdamdan, Zəngilandan olan soydaşlarımız kimi yurd yerlərinə bağlıdırlar və bu hisslər nəsillərdən-nəsillərə ötürülür. İnsanların içindəki ruh, istək onları doğma yerlərə səsləyir. Bakıda abidəsi ucaldılan Aşıq Ələsgərin taleyini xatırlayaq. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda oxuyuruq: “Prezidentin ifadə etdiyi kimi, Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlıların taleyini təcəssüm edir. Sözə, sənətə, humanist dəyərlərə bağlı olan, vətənpərvər şair öz doğma yurdundan qaçqın düşsə də, ruhdan düşməmiş, 100 yaşında öz yurduna qayıdaraq yandırılmış evini bərpa etmiş və ömrünün son günlərinə qədər orada yaşamışdır. Biz ruhdan düşmürük, necə ki, 1921-ci ildə qayıtdıq, yenə də qayıdacağıq”.
Qərbi Azərbaycana dönüş bu gün bizim ümummilli ideyamızdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.
Yeni hədəfimizə böyük ümid yaradan əsas amil isə heç şübhəsiz ki, Qərbi Azərbaycandan olan soydaşlarımızda yurd yerlərinə qayıtmaq istəyinin çox güclü olmasıdır. Dövlətimizin başçısının çağırışı onların qayıtmaq əzmini daha da möhkəmləndirib. Bunu QAİ-nin yaydığı bəyanatda ifadə olunan aşağıdakı fikirlərdən də görmək mümkündür: “Biz Qərbi Azərbaycan İcması olaraq Prezident İlham Əliyevin ədalətin bərpasına, xalqımızın birliyinə və əyilməz ruhuna yönəlmiş çağırışlarını tam dəstəkləyirik. Doğma torpaqlarımıza sülh yolu ilə ləyaqətlə və təhlükəsiz şəkildə qayıdışımızın təmin edilməsi üçün dövlətimizin atacağı bütün addımlarda bundan sonra fəal şəkildə iştirak edəcəyik”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
14 Oktyabr 07:40
İdman
13 Oktyabr 23:34
Din
13 Oktyabr 22:19
İqtisadiyyat
13 Oktyabr 21:32
Mədəniyyət
13 Oktyabr 20:18
Dünya
13 Oktyabr 19:35
Sosial
13 Oktyabr 18:21
Sosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15