Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfər edib

03.10.2017 [09:53]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ulu öndər Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov abidənin ucaldığı Heydər Əliyev parkında əhalinin istirahəti üçün görülən işlər barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan dövlətimizin başçısı mərasimdə çıxış edib: “Yenidən Qobustan rayonunda olmağımdan çox məmnunam. Bu, mənim rayona dördüncü səfərimdir. Əlbəttə rayonda olanda önəmli tədbirlər, açılışlar nəzərdə tutulur.
Bu gün biz şəhərə içməli suyun verilməsini rəsmən qeyd edirik. Bir neçə aydır ki, bu layihə başa çatıb və Qobustan şəhərinin içməli su problemi artıq öz həllini tapıb. Bu, çox əlamətdar hadisədir, tarixi hadisədir. Çünki içməli su problemi həmişə burada insanları çox ciddi narahat edirdi. İndi isə bu problem birdəfəlik həll olunub. Artıq şəhər sakinləri və bir neçə kəndin əhalisi təmiz, keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunurlar. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, böyük layihədir, böyük sosial təşəbbüsdür, böyük vəsait tələb edən məsələdir. Biz bu vəsaiti təşkil etdik, dövlət büdcəsində vəsait nəzərdə tutuldu ki, bu məsələ də öz həllini tapsın. Çünki içməli su insanın sağlamlığına çox ciddi təsir edən amildir. Təmiz içməli su insanın sağlamlığını daha da yaxşılaşdırır.
İçməli su layihələri ölkəmizdə geniş vüsət alıb. İndi bir çox şəhərlərimizdə artıq bu layihələr başa çatıb, bəzi şəhərlərdə davam edir. Qarşıya məqsəd qoyulmuşdur ki, bütün şəhərlərimizdə və əksər kəndlərdə bu məsələ öz həllini tapsın və biz bu istiqamətdə çox ciddi addımlar atırıq.
İnsan sağlamlığı üçün digər vacib məsələlər də öz həllini tapır. Bildiyiniz kimi, ölkəmizdə ənənəvi olaraq müayinədən keçmə proqramı da icra edilir, hər il beş milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçir. Qobustanda Mərkəzi Rayon Xəstəxanasının tikintisinə əlavə vəsait ayrılacaq, indi işlər daha da sürətlə getməlidir və müvafiq göstəriş veriləcək, çünki tikinti başlamışdır, amma bir az yavaş gedir. Biz onu gərək sürətləndirək ki, bu məsələ də Qobustan rayonunda öz həllini tapsın. İnfrastrukturla bağlı digər layihələr uğurla icra edilir, elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, öz həllini tapıbdır. Mənə verilən məlumata görə, qazlaşdırma 80 faizdən çoxdur və növbəti aylarda daha da geniş vüsət alacaq. Hesab edirəm ki, qazlaşdırma maksimum təmin edilməlidir. İçməli su ilə bağlı problem öz həllini tapır, kənd yollarının tikintisi davam edir. Biz bir layihəni icra etmişik. Bu layihə təqribən 13 minə yaxın əhalini əhatə edir. Bu gün isə növbəti kənd yolunun açılışını qeyd edəcəyik. Açılacaq bu yol da 15 min insanın işini yüngülləşdirəcəkdir. Yəni, bunlar əsas infrastruktur layihələridir ki, Qobustan rayonunda öz həllini tapır.
Onu da qeyd etməliyəm ki, səfərlərimin birində biz burada həm külək, həm də günəş alternativ enerji mərkəzinin açılışını etmişik. Bu, ölkəmiz üçün pilot layihə idi. İndi isə ölkəmizin bir çox yerlərində bu layihələr icra edilir.
Əlbəttə, bütün infrastruktur layihələri həyata keçiriləndən sonra, - onu da qeyd etməliyəm ki, Bakı-Şamaxı avtomobil yolunun da dörd zolağa genişləndirilməsi layihəsi də uğurla icra edilib, - gələcəkdə ancaq rayonun inkişafı ilə bağlı kənd təsərrüfatı və emal sənayesi layihələri icra edilməlidir. Əvvəlki dövrlərdə idman mərkəzi də tikilmişdir, əminəm ki, xəstəxana da yaxın vaxtlarda tikiləcək. Bir çox məktəblər tikilib, təmir edilib. Bu gün bir bağçanın açılışını da qeyd etdik. Növbəti illərdə qəzalı vəziyyətdə olan məktəblər təmir ediləcək, yeni məktəblər tikiləcək. Beləliklə, bundan sonra rayonun inkişafına çox böyük təkan veriləcək və insanlar rahat yaşayacaqlar. İş yerləri də yaradılır və ümumi iqtisadi inkişafımız çox müsbətdir. Əminəm ki, bu ili biz uğurla başa vuracağıq.
Gələn il isə sürətli iqtisadi inkişaf ili olacaqdır. İqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda, mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır. Yəqin ki, siz eşitmisiniz, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. Biz iki pillə qabağa getdik, artıq 37-ci yerdən 35-ci yerə layiq görüldük. Bu da çox böyük nəticədir. Onu da qeyd etməliyəm ki, MDB məkanında biz birinci yerdəyik. Artıq neçə ildir ki, liderliyi saxlayırıq və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq. Nəzərə alsaq ki, keçən il və bu il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə müəyyən çətinliklər, iqtisadi sahədə bəzi problemlər yaranmışdır, buna baxmayaraq, görün, biz nə qədər uğurla iş aparmışıq, nə qədər ciddi islahatlar həyata keçirmişik ki, bunu dünyanın birinci iqtisadi forumu olan Davos Forumu yüksək qiymətləndirir. Bu, bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq, bizim iqtisadi siyasətimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir. Onu da qeyd etməliyəm ki, bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Bu, onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyasət apararaq nəinki ehtiyatlarımızı xərcləməmişik, əksinə, biz əlavə pul qazanmışıq. Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk.
Bu gün Azərbaycan dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilən ölkələrdəndir. İndi siz dünyada gedən prosesləri izləyirsiniz. Həm iqtisadi, həm siyasi, həm hərbi sahədə bir çox yerlərdə çox böyük problemlər var. Risklər, təhdidlər artır, qan tökülür, münaqişələr, müharibələr alovlanır, sabitlik pozulur. Azərbaycan isə sabitlik, inkişaf adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bizim xalqımıza xas olan vətənpərvərlik - bax, bu amillər uğurlarımızın əsasını təşkil edir.
Sizə bu gözəl hadisə münasibətilə uğurlar arzulayır, sizi təbrik edirəm. Əminəm ki, gələcəkdə Qobustan rayonunda hələ çox açılışlar olacaq, biz sizinlə tez-tez görüşəcəyik”.
Rayon sakini Ənvər Qayıbov Qobustanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına rayon ictimaiyyəti adından minnətdarlıq edib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verib.
Sonra Prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonunun əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Dövlətimizin başçısı Təklə-Sündü-Xilmilli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
* * *
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şamaxı şəhərinin mərkəzində xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.
Prezident İlham Əliyevə Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi barədə də məlumat verilib.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Prezidenti tədbirdə çıxış edib: “Sizi ürəkdən salamlayıram. Bu, mənim Şamaxıya Prezident kimi altıncı səfərimdir. Çox şadam ki, Şamaxı rayonunda işlər yaxşı gedir, böyük layihələr icra edilir. Onlardan biri də Şamaxı-Padar yoludur. Bu, çox böyük layihədir, böyük investisiyalar qoyulubdur. Əlli üç kilometrlik yoldur. İndi tam əsaslı şəkildə bərpa edilib və 16 kəndi birləşdirən rahat bir yol artıq Şamaxı sakinlərinə təqdim edilir.
Bu yolun həm sosial, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyəti var. Bu yolun üstündə böyük kənd təsərrüfatı müəssisələri yaradılır. Şamaxı rayonunun yol infrastrukturu yaxşılaşır. Əvvəlki illərdə biz bir neçə kəndi birləşdirən yolların açılışını etmişik. Hazırda Bakı-Şamaxı yolu dörd zolağa genişləndirilir, çox rahat bir yol olacaqdır. Eyni zamanda, bu böyük yolun layihəsi çərçivəsində bir neçə kəndə ayrıca yollar çəkilib. Yol inkişaf, həyat, rahatlıq deməkdir. Əlbəttə ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər bu imkanlardan istifadə edib daha da yaxşı məhsul yetişdirəcəklər və öz məhsullarını daha da tez bir zamanda bazarlara çıxaracaqlar.
Bu layihə bir çox layihələrin arasında önəmli yer tutur. Ancaq yeganə layihə deyil. Son illərdə Şamaxı rayonunda inkişafla bağlı çox böyük işlər görülür, quruculuq-abadlıq işləri həyata keçirilir. Şamaxının sosial infrastrukturu yaxşılaşır, müasir diaqnostika mərkəzi tikilibdir. Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, bir çox məktəb binaları tikilib, yollar çəkilib, qazlaşdırma layihələri uğurla gedir. Məndə olan məlumata görə, qazlaşdırma təqribən 70 faizə çatıbdır, ondan da çoxdur, daha da artacaq.
İçməli su layihəsi. Şamaxı şəhərinin içməli su layihəsi də artıq öz həllini tapıb. Bu gün bu layihənin rəsmi açılışı olacaqdır. Bu da çox böyük, tarixi layihədir. Çünki içməli su hər bir insan üçün bəlkə də ən vacib məsələlərdən biridir. Biz Şamaxıda bu məsələni də həll etmişik. Bu gün, eyni zamanda, Qobustan şəhərinin içməli su layihəsi istifadəyə verilibdir. Ona görə bu layihə də infrastruktur layihələri arasında, əlbəttə ki, önəmli yer tutur. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapır. Yəni, bir sözlə, yol, içməli su, elektrik, qazlaşdırma, səhiyyə, idman, təhsil məsələləri öz həllini tapıb.
Eyni zamanda, hamımız yaxşı bilirik ki, Şamaxı bizim qədim diyarımızdır, tarixi şəhərimizdir. Qədim xəritələrdə Şamaxının adı var. Bu, bizim böyük sərvətimizdir. Şamaxı rayonunda yerləşən tarixi abidələr bizim milli sərvətimiz, dəyərimizdir. Mən onların arasında Şamaxı Cümə Məscidini xüsusi qeyd etməliyəm. Bu, Azərbaycanın ən qədim məscididir. Dünyanın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilib və bir neçə il bundan əvvəl əsaslı şəkildə təmir olunub, yenidən qurulub, əlavə binalar inşa edilib. Şamaxı Cümə Məscidinin bütün müsəlman aləmi üçün böyük əhəmiyyəti var. Mən İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş bütün tədbirlərdə həm ikitərəfli münasibətlər əsnasında, həm də çıxışlarda qeyd edirəm ki, Azərbaycan qədim müsəlman diyarıdır, dünyanın ən qədim məscidlərindən biri də bizdə yerləşir.
Bu gün, eyni zamanda, Dəmirçi kəndində qədim məscidin əsaslı bərpadan sonra açılışı olacaq. Bu, onu göstərir ki, Şamaxı rayonunda doğrudan da bir çox tarixi, dini abidələrimiz var. Biz onları qoruyuruq. İlk növbədə, Azərbaycan xalqı onları əsrlər boyu qoruyubdur. Bütün ictimai-siyasi quruluşlardan asılı olmayaraq, xalqımız bizim milli, dini dəyərlərimizi qoruyub. Bu gün isə müstəqil Azərbaycan dövləti onları qoruyur, saxlayır, bərpa edir. Bu gün Şamaxı rayonunun ölkəmizin tarixində və bugünkü həyatda çox böyük yeri və rolu var. Bütün Azərbaycan xalqı bunu yaxşı bilir.
Eyni zamanda, Şamaxının iqtisadi inkişafı ilə bağlı ciddi addımlar atılır. Bu yolun üstündə yeni aqroparklar salınır. İndi mənə verilən məlumata görə, Şamaxı rayonunda üç aqropark artıq fəaliyyətə başlayıb. Aqroparklarla bağlı bizim siyasətimiz artıq bəyan edilib, ölkəmizdə 37 aqropark yaradılır. Onların bir neçəsi istifadəyə verilib. Aqroparklara texnika verilir, infrastruktur yaradılır. Özəl sektora kreditlər verilir, fermerlər, iş adamları da öz vəsaitini qoyurlar ki, tezliklə bitkiçilik və heyvandarlıq sahələrində daha da yaxşı nəticələr əldə edək. Bax, o 37 aqroparkın üçü Şamaxı rayonundadır. Birinin ərazisi 15 min hektar, digərinin ərazisi 1500 hektar, üçüncünün isə ərazisi 2 min hektardır. Yəni, 20 min hektara yaxın ərazidə kənd təsərrüfatı üçün gözəl imkanlar yaradılır. Həm insanlar işləyəcək, məhsul yetişdiriləcək, bolluq yaranacaq və ixrac imkanlarımız da genişlənəcək.
Ona görə bu sahədə görülən işlər, əlbəttə ki, məni çox sevindirir. Eyni zamanda, son vaxtlar Şamaxı üçün ənənəvi sahə olan üzümçülük bərpa edilir, yeni üzüm bağları salınır. Mən bu gün onların birinə baxacağam. Burada 300 hektardan çox sahədə yeni bağlar salınıb. Bilirəm ki, digər böyük layihə də icra edilir, oranın da sahəsi təxminən 300 hektardan çoxdur.
Biz Azərbaycanda üzümçülüyü bərpa edəcəyik və edirik. Şamaxılılar yaxşı bilirlər ki, 1970-ci illərdə Ulu öndərin təşəbbüsü ilə bizim əsas üzümçülük mərkəzlərimizdən biri də Şamaxı olmuşdur. İnsanlar nə qədər xeyir götürdülər, evlər tikildi, avtomaşınlar, soyuducular alındı. Bütün bunlar o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Düzdür, indi biz başqa sahələrə də üstünlük veririk - maldarlıq, bitkiçilik, taxılçılıq. Bilirsiniz ki, o vaxt biz bu sahələri o qədər də inkişaf etdirmirdik. Çünki həm ət, həm süd başqa respublikalardan gəlirdi. İndi isə əkin sahələrinin bir hissəsi o məqsədlər üçün istifadə olunur. Ancaq üzümçülüyün çox böyük perspektivləri, ənənələri var və biz indi xarici bazarlara da çıxırıq. Biz artıq böyük kontraktlar imzalamışıq, dövlət kömək göstərir və üzümçülüyün bərpası Azərbaycanda sürətlə gedəcək. Burada da Şamaxı rayonu lider olmalıdır. Mən görürəm ki, burada üzümçülüyə böyük maraq var, belə də olacaq.
Əlbəttə ki, Şamaxı turizmin inkişafı üçün çox böyük imkanlara malik olan bir rayondur. Həm tarixi, dini abidələr var, yeni, gözəl, ən yüksək səviyyəyə cavab verən otellər tikilir. Bu gün Şamaxıda ölkəmizdə ilk dəfə olaraq Safari Parkı açılır. Bu da çox əlamətdar hadisədir. Çünki inkişaf etmiş ölkələrdə belə parklar var. Orada açıq şəraitdə heyvanlar, ceyranlar, marallar müşahidə olunur. Bizdə də Safari Parkı məhz Şamaxıda açılır. Dəmirçi kəndinin, - o da tarixi bir yerdir, - bərpası da artıq öz həllini tapıb. Ona görə turizmin inkişafı daha da sürətlə getməlidir. Çünki Şamaxının həm təbii şəraiti, iqlimi, gözəlliyi, Bakıya yaxınlığı, infrastruktur layihələrinin, otellərin mövcudluğu bunu şərtləndirir.
Bax, rayon bu cür inkişaf edəcək - kənd təsərrüfatı, emal müəssisələri, turizm, sənaye istehsalı, aqroparklar. Əminəm ki, Şamaxı bundan sonra da uğurla inkişaf edəcək. Sizi bütün nailiyyətlər münasibətilə təbrik edirəm”.
Rayon sakini Allahverdi Hümbətov Şamaxının inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına rayon ictimaiyyəti adından minnətdarlıq edib.
Daha sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub.
Dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyev Şamaxı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olublar.
Görülən işlər bir neçə istiqamətdə həyata keçirilib və kompleks xarakter daşıyıb. İlk növbədə, kənddəki məscid bərpa olunub. Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib və Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib. Bu da ondan irəli gəlir ki, dövlətimizin başçısı bütün ölkədə qədim və tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşır. Bir neçə il öncə Yaxın Şərqin ən qədim məscidlərindən olan Şamaxı Cümə Məscidində bərpa və yenidənqurma işlərinin aparılması da bu məqsədə xidmət edirdi.
Dövlətimizin başçısı məscidin axundu Nəbi İsgəndərov ilə söhbət edib.
Axund Nəbi İsgəndərov: Möhtərəm cənab Prezident, bizim Dəmirçi kəndinə xoş gəlmisiniz! Bizim bu məscidin keçmiş forması belə olub. Yəni, uzun illər ibadətə yararsız olub, ibadət edə bilməmişik. Sizin sayənizdə bu məscidi bugünkü vəziyyətə gətirib bizim istifadəmizə veriblər. Biz Sizdən çox razıyıq, Allah Sizi, ailənizi qorusun. Çox sağ olun ki, bizə bu məsciddə belə gözəl şərait yaratdınız.
Prezident İlham Əliyev: Çox sağ olun. Bu, bizim tarixi abidəmiz, tarixi irsimizdir, qədim məsciddir. Mənə məlumat verilib ki, bu məscid 755-ci ildə tikilib, ölkəmizin və müsəlman aləminin ən qədim məscidlərindən biridir. Bilirsiniz ki, Azərbaycanda bütün tarixi abidələr, məscidlər bərpa edilir, əsaslı təmir olunur, yeni məscidlər tikilir. Onların arasında əlbəttə ki, Şamaxı Cümə Məscidi xüsusi yer tutur. Çünki bu, ölkəmizin ən qədim məscididir və bir neçə il bundan əvvəl biz bu məscidin yenidən qurulmasını təmin etdik. Məscid yenidən bərpa olundu, əlavə binalar tikildi. Yəni, Şamaxı Cümə Məscidi tam şəkildə əsaslı təmir olunmuşdur və demək olar ki, məscidin böyük bir hissəsi yenidən qurulmuşdur.
Şamaxı rayonunda tarixi-dini abidələr çoxdur, onlardan biri də təbii ki, bu məsciddir. Ona görə əlbəttə, bizim borcumuz idi ki, bu qədim tarixi-dini abidəni bərpa edək, qapılarını dindarların üzünə açaq. Çox şadam ki, biz buna nail ola bilmişik. Bu, məscidin köhnə şəkilləridir, demək olar ki, burada ibadət etmək qeyri-mümkün idi. İndi isə biz məscidi bərpa etmişik. Bərpa zamanı qədim daşlardan istifadə olunub, yəni, məscidin tarixi görkəmi tam qorunub. Bu, təkcə sizin kənd üçün, Şamaxı üçün yox, bütün Azərbaycan, bütün müsəlman aləmi üçün çox əlamətdar hadisədir. Xüsusilə də bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bax, bu gözəl tarixi-dini abidəni biz bu il istifadəyə veririk.
Axund Nəbi İsgəndərov: Bu Məhərrəm ayında bizə belə gözəl hədiyyəni etdiyinizə görə Sizə bir daha təşəkkür edirik, bunun savabı hər şeydən üstündür. Biz bilirik ki, Siz də, ailəniz də dinə, Allaha bağlı insanlarsınız. İcazə verin, Sizə müqəddəs “Qurani Kərim” kitabını hədiyyə edək. Allah Sizdən razı olsun. Allah Sizi bizim başımızın üstündən əskik etməsin.
Dəmirçi məscidində dövlətimizin başçısına “Quran” hədiyyə edilib.
Prezident İlham Əliyev: Çox sağ olun. Dəmirçi kəndinə də yol çəkilib. Xoşunuza gəlir? İşıq, qaz, su, indi rahat yol, körpü.
Axund Nəbi İsgəndərov: Çox sağ olun, cənab Prezident, saymaqla qurtaran deyil, biz sadalamadıq ki, vaxtınızı alarıq.
Prezident İlham Əliyev: Buradan da Lahıca qədər yol çəkiləcək. Sizin Lahıcda da qohumlarınız yaşayır, indi onlara tez-tez baş çəkərsiniz.
Axund Nəbi İsgəndərov: Lahıca getmək üçün 70-80 kilometr yol qət edirdik. İndi 20 kilometr gedəcəyik. Bu, Sizin sayənizdə olacaq.
Prezident İlham Əliyev: Mən tapşırıq vermişəm, bu il işlər başlayacaq və yol gələn il istifadəyə veriləcək. Beləliklə, Dəmirçi kəndinə maraq böyük olacaq, turistlər gələcək. Necə ki, il ərzində Lahıca minlərlə turist gəlir, buraya da gələcək. Bu, həm yeni iş yerləri, həm də dolanışığın yaxşılaşması deməkdir. Dəmirçi kəndi ölkəmizin ən gözəl turizm mərkəzlərindən birinə çevriləcək. Dünya da biləcək ki, Azərbaycanda, Şamaxıda belə bir kənd və onun qədim məscidi var, burada gözəl insanlar yaşayırlar. Bax, Azərbaycanın gözəlliyi və qüdrəti bundan ibarətdir.
Axund Nəbi İsgəndərov: Çox sağ olun, cənab Prezident, bunlar hamısı Sizin sayənizdə mümkün olub. Biz Sizdən çox razıyıq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva isti təndir çörəyinə qonaq olublar.
Dövlətimizin başçısını və birinci xanımı Dəmirçi kəndində çay içməyə dəvət ediblər.
Azərbaycan Prezidenti və birinci xanım dəmirçi dükanı və emalatxanası ilə tanış olublar.
Prezident İlham Əliyevə inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyinin layihəsi də təqdim edilib.
Dəmirçi kəndi ilə tanışlıq zamanı xatirə şəkilləri çəkdirilib.
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar.

Paylaş:
Baxılıb: 897 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31