Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Qobustan və İsmayıllı rayonlarına səfər edib

Prezident İlham Əliyev Qobustan və İsmayıllı rayonlarına səfər edib

30.07.2020 [10:21]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, regionların inkişafı ilə əlaqədar icra olunan dövlət proqramları, həmçinin Prezident İlham Əliyevin rayonlara səfərləri zamanı əhali tərəfindən qaldırılan məsələlərə həssas münasibət Qobustan rayonunun iqtisadi, sosial və mədəni həyatına da təsirsiz ötüşməyib. Son illər ölkənin bütün regionları kimi, bu rayon da özünün əsl inkişaf dövrünü yaşayır. İqtisadiyyatın şaxələndirilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür.
* * *
İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.
Bildirilib ki, üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi ilə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün zəruri şərait yaradılıb. Ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür.
Bu korpus zərurət olmadıqda - yəni, pandemiya ilə mübarizə başa çatdıqdan sonra asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün - məsələn, hərbi hissələr, sərhəd xidməti, tədris və ya fövqəladə hallar, yataq, məişət xidməti və sair üçün istifadə edilə bilər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən önləyici kompleks tədbirlər çərçivəsində ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb. Mayın 7-də Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə ilk, iyunun 9-da 28 saylı Bilgəh qəsəbəsində Birləşmiş Şəhər Xəstəxanasının, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının və Abşeron rayonunun Saray qəsəbə xəstəxanasının, iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusları, iyulun 6-da Xətai rayonunda modul tipli hospital istifadəyə verilib. Növbəti modul tipli infeksion xəstəliklər korpusu Qobustan rayonunda quraşdırılıb. Bu komplekslər rayon mərkəzi xəstəxanalarının yaxınlığında quraşdırılaraq onlara təhkim olunur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov layihə üzrə görüləcək işlər barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin bundan əvvəlki səfəri zamanı verdiyi tapşırığa əsasən layihələndirilib. Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalacaq. Yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Ağsuçay çayı üzərində uzunluğu 634 metr olan yeni körpü tikiləcək.
Prezident İlham Əliyev yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Dövlətimizin başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.
Rayonda görülən abadlıq işləri, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib: “Cənab Prezident, cəlb etdiyimiz bir investisiya barədə Sizə məlumat vermək istərdim. İvanovka kəndində böyük karamel fabriki və un məmulatları fabriki yaradılıb. Artıq xeyir-duanızı gözləyirik”.
Prezident İlham Əliyev: Kəndin içindədir?
Nahid Bağırov: Bəli, kəndin içindədir, gözəl dizaynı var. Burada 200-dən çox insan işləyir.
Prezident İlham Əliyev: Konfet istehsal edirlər?
Nahid Bağırov: İris, konfet və un məmulatları. Cənab Prezident, İvanovka kəndində taxıl üzrə məhsuldarlıq keçən illə müqayisədə 2 dəfə yarım artıb. Keçən il hər hektardan 11 sentner idi, bu il artıq 28 sentnerdir.
Prezident İlham Əliyev: Nəyin hesabına? Yeni texnologiyaların və texnikanın?
Nahid Bağırov: Yeni texnologiyaların, azotun və digər gübrələrin düzgün, vaxtında verilməsi hesabına.
Prezident İlham Əliyev: Prinsipcə orada 28 sentnerdən artıq ola bilər. Əgər orada suvarma layihələri icra olunarsa, onda məhsuldarlıq artar.
Nahid Bağırov: Qara torpaqları var.
Prezident İlham Əliyev: Ümumiyyətlə, İsmayıllının torpağı çox yaxşıdır, münbitdir. Bəs, orta məhsuldarlıq nə qədərdir?
Nahid Bağırov: Keçən il 35 sentner idi, bu il 36 sentnerə yaxın olacaq.
Prezident İlham Əliyev: Yaxşıdır. Bəs, digər işlər necədir?
Nahid Bağırov: Cənab Prezident, bundan başqa, “Coca-Cola” və “Efes” zavodları ilə danışıqlar aparırıq. Artıq gəliblər, geoloqlarımız araşdırıblar, demək olar ki, 80 faiz razılıq veriblər, pandemiya dövrünün qurtarmağını gözləyirik.
Prezident İlham Əliyev: Zavodun tikintisinə investisiya qoyacaqlar?
Nahid Bağırov: Bəli. “Coca-Cola” və “Efes” zavodları. Onlar bir qrup olduğu üçün istəyirlər ki, ikisi də bir yerdə olsun. Artıq yer də ayırmışıq.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu, yeni dayanacaqdır?
Nahid Bağırov: Bəli, cənab Prezident. Bunu ilk dəfə olaraq İsmayıllıda tətbiq etdik.
Prezident İlham Əliyev: Gözəldir.
Nahid Bağırov: Bundan şəhərimizdə üç yerdə qoymağı nəzərdə tutmuşuq. Həmçinin elektrobus da sifariş etmişik. Yeni dayanacaq səkkiz oturacaqlıdır. Bu, yerli məhsuldur, cənab Prezident.
Prezident İlham Əliyev: Bu, harada istehsal olunur?
Nahid Bağırov: Azərbaycanda, Balaxanıda, texnoparkda.
Prezident İlham Əliyev: Texnoparkda?
Nahid Bağırov: Bəli, cənab Prezident, icazə versəniz, bunun filialını İsmayıllıda açardıq. Sahibkar özü də istəyir.
Prezident İlham Əliyev: Əlbəttə, açın, həm buranı, həm də ətraf rayonları nəzərə alın. Düzdür, indi turizm yoxdur, amma karantin bitsin, hesab edirəm ki, daxili turizmlə bağlı yaxşı işlər görüləcək.
Nahid Bağırov: Artıq onunla da bağlı işlərə başlamışıq.
Prezident İlham Əliyev: Çox yaxşı.
Nahid Bağırov: Çox sağ olun, cənab Prezident.
* * *
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllının Basqal kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəz barədə məlumat verib.
Bildirilib ki, rayon əhalisinin böyük əksəriyyəti bölgə üçün ənənəvi olan kənd təsərrüfatı, eləcə də xalçaçılıq, toxuculuq, misgərlik, kəlağayı istehsalı və sair qədim sənətkarlıq növləri üzrə istehsal sahələrində çalışır. Eyni zamanda, rayonda işsiz və işaxtaranlar fəal məşğulluq proqramlarına da cəlb olunurlar.
Prezident İlham Əliyev mərkəzin təməlini qoyub.
Qeyd olunub ki, son 3 ildə İsmayıllıda 260 nəfər özünüməşğulluq proqramına cəlb edilərək proqram əsasında verilmiş mal və materiallar hesabına kiçik ailə müəssisələrini yaradıb. Bu il isə rayonda daha 126 ailənin bu proqram çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün işlər aparılır. Tikiləcək “DOST Evi” əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
* * *
İyulun 29-da İsmayıllı rayonunda Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, 3,8 milyon manat investisiya xərci hesabına tikilmiş 8 kilometrlik yol 2 min 800 nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir. Yolboyu bütün lazımi infrastruktur qurulub. Bu yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına əlverişli şərait yaradacaq.
Sonra dövlətimizin başçısına Quşencə-Zoğallıq avtomobil yolunun tikinti layihəsi təqdim olunub.
Bildirilib ki, üç min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 25 iyun tarixli Sərəncamına əsasən, 2,9 milyon manat vəsait ayrılıb və tikinti işləri başa çatıb. Uzunluğu yeddi kilometr olan bu yol yaşayış məntəqələri arasında və rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşdırıb.
Prezident İlham Əliyevə bütövlükdə ölkə üzrə kənd yollarının tikintisi vəziyyəti barədə də məlumat verilib.
* * *
İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı xəstəxanada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, modul tipli digər xəstəxanalarda olduğu kimi, bu səhiyyə ocağında da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Burada ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür. Üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi, həmçinin havalandırma sistemi ilə təchiz edilib.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Balakən, Şəki və Qəbələ rayonlarında da səfərdə olub.
Bu səfərlər barədə materiallar qəzetin növbəti nömrəsində dərc ediləcək.

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31