Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakı ilə Ankaranın geosiyasi iradəsi...

Bakı ilə Ankaranın geosiyasi iradəsi...

11.03.2022 [10:30]

Vacib regional məsələlərin həllini təmin edir

İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın görüşü bu reallığı bir daha təsdiqləyir

Nurlan QƏLƏNDƏRLİ

Prezident İlham Əliyev martın 10-da Türkiyəyə işgüzar səfərdə olub. Səfər Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub. Dövlətimizin başçısı Ankarada Türkiyə Prezidenti ilə görüşüb. Görüşdə iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafı, hərbi-texniki sahədə əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri və digər məsələlər müzakirə olunub. Bu, iki ölkə arasında dost­luq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin zirvədə olduğunu, Bakı ilə Ankaranın geosiyasi iradəsinin vacib regional məsələlərin həllini təmin etdiyini bir daha təsdiqləyir.

Sirr deyil ki, ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. İqtisadi-ticari əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr isə regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Yeri gəlmişkən, İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın görüşündə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa da toxunulub, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib, İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb. Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Bunlarla yanaşı, hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səfərin və görüşün ifadə etdiyi reallıqlardan biri də budur ki, Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Son zamanlar baş verən hadisələr - cərəyan edən proseslər də bu reallığı təsdiqləyir. Diqqət yetirək: Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması üçün milli mübarizəsinin uğurla nəticələnməsində, möhtəşəm tarixi qələbəsinin təmin edilməsində qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin müstəsna əhəmiyyəti oldu. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda isə Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. İki qardaş ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı-faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın güclənməsində vacib rola malikdir. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir.

İki ölkə arasında Şuşa Bəyannaməsinin imzalanmasını da bu səpkidə xüsusi vurğulamaq gərəkdir. Şübhəsiz ki, Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, eləcə də qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsidir. Qars müqaviləsindən yüz il sonra - 15 iyul 2021-ci il tarixində iki dost və qardaş ölkə arasında -  liderlər  Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan  tərəfindən imzalanan, daha sonra isə iki ölkənin parlamenti tərəfindən müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna tarixi, mənəvi, siyasi  və hərbi-strateji əhəmiyyət daşıyır. Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb. Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Digər tərəfdən, bununla regionun geo­strateji arxitekturası yenidən dizayn olunur. Bəhs olunan görüşdə də Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub. Bununla yanaşı, söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb.

Bunlarla yanaşı, görüşdə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparılıb, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirilib. Sirr deyil ki, Bakı ilə Ankara regionda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması tərəfdarıdırlar. İki ölkə regional təhlükəsizlik məsələlərində geosiyasi dialoqun təmin olunması üçün fəallıq nümayiş etdirir, vacib təşəbbüslərlə çıxış edir. Bu isə bölgədə gərginliyin öz yerini anlaşmaya - uzlaşmaya verməsi üçün faydalı və önəmlidir və iki dövlətin geosiyasi missiyasının regional miqyaslı, qlobal xarakterli olduğunu təsdiqləyir.

Beləliklə, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunədir. Fakt budur ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Türkiyə güclüdürsə, Azərbaycan da güclüdür. Azərbaycan güclüdürsə, Türkiyə də güclüdür! Yeri gəlmişkən, bəhs olunan görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olunması və Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etməsi iki dost, qardaş, strateji tərəfdaş ölkənin ortaq siyasi iradəsini, birlikdə  yeni tarixi nailiyyətlər qazanmaq niyyətini əks etdirir!

Paylaş:
Baxılıb: 786 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31