Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Türk dövlətləri arasında lokomotiv

Türk dövlətləri arasında lokomotiv

08.07.2022 [09:57]

Azərbaycanın təşəbbüsləri sülhə, təhlükəsizliyə və əməkdaşlığa istiqamətlənib

Nurlan QƏLƏNDƏRLİ

Ölkəmizdə keçirilən “Diplomatiya həftəsi”ndə müxtəlif məsələlər müzakirə olunur. Xüsusilə də, postmüharibə dövründə Azərbaycanın strateji təşəbbüsləri, Cənubi Qafqazda sülh və etimad quruculuğu, eləcə də dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri, qarşılıqlı faydalı işbirliyi və müttəfiqliyin regional təhlükəsizliyə təsiri diqqət mərkəzindədir. “Türkiyənin ölkəmizdəki səfirliyi, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda keçirilən tədbirdə bəhs olunan məsələlərlə əlaqədar mühüm məqamlara toxunulub, vacib məsələlərə aydınlıq gətirilib.

Azərbaycan İkinci Qarabağ müharibəsində Qələbə qazanmaqla bütöv bir regionu sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində dayanıqlı zəmin - əlverişli şərait formalaşdırıb. Regionda yeni geosiyasi situasiya məhz Azərbaycanın yaratdığı reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Digər tərəfdən, Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Artıq regionda postmüharibə mərhələsidir və yeni geostrateji reallıqlar fərqli baxış bucağı tələb edir.

Regionumuzda sülh quruculuğu, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi diqqət mərkəzindədir. Sülh gündəliyi artıq müəyyənləşib, müzakirələrin hansı məsələlər ətrafında aparılması (və aparılacağı) bəllidir. Bakının mövqeyi (müharibə bitib, hər hansı revanşist cəhdə yol verilməyəcək, reallıqları heç kim dəyişdirə bilməz) tam adekvat yanaşma kimi qəbul olunur, həm gerçəkliklər, həm də Azərbaycanın gücü və nüfuzu beynəlxalq səviyyədə gözardı edilmir.

Bu ilin may ayında Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə Brüsseldə görüşü - üçtərəfli görüş zamanı da bu məqamlar və məsələlər diqqət mərkəzində oldu. 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq edilməsi üçün humanitar tədbirlərin davam etdirilməsi, sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar konkret addımların atılması, kommunikasiyaların açılması məsələləri geniş müzakirə edildi. Ən əsası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar razılaşma əldə olundu. Proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirildi. Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə üçüncü üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında yer alan məqamlar göstərdi ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması bölgənin siyasi gündəminin aktual mövzusudur. Növbəti dəfə nümayiş etdirildi ki, Brüssel sülh gündəliyi çərçivəsində Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format mövcuddur. Yeni mərhələdə müzakirə predmeti “münaqişə qalıqları” deyil, postmünaqişə reallıqlarıdır. İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə telefon zəngi zamanı ifadə olunan fikirlər də bu reallığı təsdiqləyir.  Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olundu. Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğuladı. Prezident İlham Əliyev Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə etdi. Göründüyü kimi, Bakı ilə təmaslar fonunda əsas məsələ Cənubi Qafqazda sülh quruculuğu - etibarlı və dayanıqlı təhlükəsizlik mühiti, çoxtərəfli əməkdaşlıq şəraiti yaradılmasıdır. Çünki regionda geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir. Xüsusi olaraq nəzərə alınır ki, 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti dəyişdirən Azərbaycan bölgədə yeni nizam yaradır. Azərbaycan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, yeni əməkdaşlıq platformalarının yaradılması kimi istiqamətlərdə fəallıq nümayiş etdirməklə bölgədə yeni düzən formalaşdırır. Üstəlik, bu geosiyasi fəaliyyət təkcə Cənubi Qafqaz ölkələri deyil, bir çox dövlətlər, o cümlədən güc mərkəzləri üçün strateji maraqları təmin etmək baxımından cəlbedici və faydalıdır. Başqa sözlə, yeni situasiya həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Prezident İlham Əliyev deyib ki, “biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik”. Dövlət başçısı “Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır”,- deyə vurğulayıb. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır. Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır.

Bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin yaranmasından bəhs edərkən daha bir mühüm məqama toxunmaq gərəkdir. Belə ki, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni platformanın əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geo­strateji proyektin reallaşmasında maraqlıdır. Ölkəmiz Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda inteqrasiya prosesi güclənəcək. Dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm imkanlar qazanacaq. Bütövlükdə, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. Burada əsas məsələ - həlledici məqam Azərbaycanla əməkdaşlıq vasitəsilə maraqların uzlaşdırılmasıdır.

Bölgədə qlobal əhəmiyyətli yeni geosiyasi konfiqurasiyanın formalaşmasında Bakı-Ankara müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı unikal nümunədir - dünyada bu iki ölkə qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Bugünkü reallıqlar iki dost, qardaş, strateji tərəfdaş ölkənin birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini və əzmini əks etdirir. Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Tərəflər nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birinə ən sıx və yaxından dəstək verən ölkələr kimi çıxış edirlər. Xüsusilə də, İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları - elə son zamanlar müşahidə olunan proseslər də bu gerçəkliyi bir daha təsdiqləyir. İlham Əliyevin qeyd etdiyi kimi: “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”.

Heç şübhəsiz, Şuşa zirvəsində Azərbaycan ilə Türkiyənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi - Şuşa Bəyannaməsinin imzalanması şanlı tariximizin ən qürurverici səhifələrindən biridir. Bu, ilk növbədə, iki qardaş ölkənin əlaqələrinin, birliyinin - həmrəyliyinin sarsılmaz olduğunu göstərdi. Bir daha bütün dünyaya nümayiş etdirildi ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündə - dostluq, qardaşlıq və strateji tərəfdaşlıq zirvəsindədir.

Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”. Rəcəb Tayyib Ərdoğan isə “Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik... Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük” ,- deyə söyləyib. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.  Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına  hesablanıb. Sənəddə qeyd edilir:  “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Beləliklə, ən mühüm məqamlardan biri Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq,  təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır. Bəyannamənin strateji əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev “Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq”,-deyə vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə əlaqələrin yeni dövrdəki yol xəritəsinin müəyyənləşdirildiyini qeyd edib: “Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”. Bütövlükdə, Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsidir.  Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb. Eyni zamanda, bundan sonrakı mərhələdə müştərək milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi aktuallıq daşıyır. Bütövlükdə, postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın daha intensiv xarakter almasında vacib rola malikdir. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Son 100 ilin ən mühüm hadisələrindən olan Şuşa Bəyannaməsinin imzalanması ilə regionun geostrateji arxitekturası yenidən dizayn olunur.

Yeri gəlmişkən, XİN-nin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bəhs olunan tədbirdə qeyd edib ki, Azərbaycanla-Türkiyə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur: “Tarixdə belə sıx münasibətləri olan ölkələri tapmaq mümkün deyil. Ölkələrimiz arasında müttəfiqlik və qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik. Azərbaycan Türkiyənin dəstəyini həmişə hiss edib. Münasibətlərimizin sağlam təməllər üzərində qurulması bütün dövrlərdə özünü göstərib”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə söyləyib ki, iki ölkənin tarixi qələbəsi, bu coğrafiyada bir-biriləri ilə çiyin-çiyinə mübarizəsi digər ölkələrə nümunədir. “Bu qələbədən sonra imzalanan Şuşa Bəyannaməsini sətir-sətir bilməliyik. Çünki bu Bəyannamə artıq qanundur. Şuşa Bəyannaməsi hər kəsə bir təlimat, tapşırıqdır. Mədəniyyətdə də, hərbdə də, hər sahədə əngəlləri aradan qaldırmalıyıq və birlikdə inkişaf etməliyik. Şuşa Bəyannaməsi sadəcə enerji və müdafiə sənayesini əhatə etmir, bütün sahələri əhatə edir” - deyən səfir əlavə edib ki, Şuşa Bəyannaməsinin müddəti sonsuzdur. Onun sözlərinə görə, Bəyannamə türk dünyasının birliyi üçün səylərin birləşdirilməsini də özündə ehtiva edir: “Şuşa Bəyannaməsi əslində diplomatlar üçün yol xəritəsidir. İki ölkənin diplomatlarının istinad edəcəyi ən dəyərli sənəddir. Şuşa Bəyannaməsi əslində Türkiyə-Azərbaycan birliyinin sarsılmaz birlik olduğunun dünyaya elanıdır”.

Beləliklə, bugünkü reallıqlar iki dost, qardaş, strateji tərəfdaş ölkənin ortaq siyasi iradəsini, birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini, əzmini əks etdirir. Bir daha sübuta yetirilir ki, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı bənzərsiz bir nümunədir. Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. İki qardaş ölkənin liderləri söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni strateji zirvələrə birlikdə addımlayırlar. Ən əsası, güclü Türkiyə güclü Azərbaycan deməkdir. Eyni zamanda, Azərbaycan güclüdürsə, Türkiyə də güclüdür. Biz birlikdə güclüyük!

Azərbaycan-Türkiyə münasibətləri, eyni zamanda, türk dünyasında işbirliyinin və inkişafın yeni mərhələyə yüksəlməsi baxımından olduqca önəmlidir. Şübhəsiz ki, Türk Dövlətləri Təşkilatında birləşən, regionda mühüm təsir imkanlarına malik türkdilli dövlətlərin strateji fəaliyyətinin önəmi böyük, nəticələri isə səmərəlidir. Amma ekspertlər bu prosesdə Azərbaycan ilə Türkiyənin rolunun müstəsna, fəaliyyətinin həlledici olduğunu diqqətə çatdırırlar. Ölkələrimizin yeni regional nizam yaratması fonunda hazırkı geosiyasi situasiya Türk Dövlətləri Təşkilatını qarşıdakı müddətdə yeni regional güc mərkəzinə çevirməyə əlverişli şərait yaradır - dayanıqlı zəmin formalaşdırır. Bu, həm əhəmiyyətli, həm də zəruridir. Çünki dünyanın mövcud geosiyasi şərtləri fonunda türkdilli ölkələrin birliyi bu gün daha aktual və vacib xarakter almaqdadır. Xüsusilə, güc mərkəzlərinin nəzər-diqqətinin məhz bu məkana çevrildiyi bir mərhələdə türkdilli dövlətlər arasında sarsılmaz birliyin təmin olunması, yeni ittifaq modelinin yaradılması həm də xarici təsirlərdən birgə mühafizə olunmaq, beynəlxalq məkana inteqrasiya olunmaq, ümumi iqtisadi resurslardan düzgün istifadə etmək baxımından önəmlidir. Əlbəttə, bu hədəfə nail olmaq üçün uzunmüddətli perspektivə hesablanmış strategiya müəyyənləşdirilməli və icra olunmalıdır. Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə aparılan müzakirələr, qəbul edilən qərarlar belə bir konseptual yanaşmanın və niyyətin olmasından xəbər verir, müvafiq addımların atıldığını göstərir. Hazırda aktual çağırış təşkilatın sıralarının genişləndirilməsi və iqtisadi, demoqrafik resursların artırılması, ittifaq modelində birgə fəaliyyət formasının yaradılmasıdır. Sonuncu  Zirvə Görüşündə “Türk dünyasına baxış - 2040” sənədinin qəbul edilməsi isə prioritetlərin bəlli, hədəflərin isə dəqiq olduğunu göstərir.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bir yerdə fəaliyyət göstərməsinin hazırkı dönəmdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, son dövrlərdə türk dövlətlərini birləşdirən qurum və təşkilatların tez-tez bir araya gəlməsi çox müsbət haldır. O, Azərbaycanın türk dövlətləri arasında lokomotiv rolunu oynadığını vurğulayıb.

Nəticə etibarilə, Azərbaycan eyni mənəvi-siyasi və geosiyasi çətir altında - Türk Dövlətləri Təşkilatında birləşən ölkələrin strateji maraqlarının təmin olunması, məqsədlərin gerçəkliyə çevrilməsi üçün fəal rol oynayır. Təsadüfi deyil ki, ötən ilin noyabr ayında Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilmiş VIII Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycanın torpaqlarının azad edilməsini və ərazi bütövlüyünün bərpa olunmasını təmin edən, Türk birliyinə önəmli töhfə verən, regionda davamlı sülh və sabitliyə nail olunmasına yol açan tarixi Qələbə münasibətilə Türk Dünyasının Ali Ordeni ilə təltif olundu. Bu, Azərbaycanın strateji kursunun və geosiyasi fəallığının türkdilli ölkələr coğrafiyasında sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığa xidmət etməklə yanaşı, uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaratdığını göstərir. Xüsusilə də, vaxtilə coğrafi baxımdan parçalanan Türk dünyasının Zəngəzur dəhlizinin reallaşdırılması ilə bütövlüyü, vahid bir ailə və qüvvə kimi fəaliyyəti təmin olunur. Bu, Türk dünyasının onillikləri əhatə edən probleminin yeni yüzillikdə həllini mümkün edir.

Paylaş:
Baxılıb: 223 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31