Fransa parlamenti və hökuməti erməni lobbisinin girovluğunda...
02.12.2022 [09:58]
Mübariz ABDULLAYEV
Fransa hakimiyyətinin müxtəlif qollarının fəaliyyətinə, qəbul etdikləri qərarlara istinadən bu ölkənin özünün tarix boyu yaratdığı demokratik ənənələrdən geri çəkildiyi qənaətini tam qətiyyətlə ifadə edə bilərik. Açıq-aydın müşahidə edilir ki, bu ölkədə obyektivliyin yerini subyektivlik tutur, demokratiya qərəzçiliklə əvəzlənir. Bu kimi mənfi təzahürlər Fransaya başucalığı gətirməsə də, onun beynəlxalq imicini ciddi şəkildə zədələsə də, tendensiya getdikcə daha da genişlənir. Fransanın demokratik dəyərlərinin erməni lobbisinin maraqlarına qurban verilməsi isə xüsusilə diqqət çəkir.
Erməni lobbisinin havasına oynayan Fransa parlamenti
Fransada 700 minədək erməni yaşayır. Buqələmun xüsusiyyətləri və hiyləgərlikləri ilə bütün dünyada məşhurlaşan, yazıq obraz yaratmaqla istədiklərini almağı yaxşı bacaran ermənilər özlərinə xas olan strategiyalarını bu ölkədə də işə salmaqla hakimiyyət, biznes strukturlarında, mediada yer tutmağı və təşkilatlanmağı bacarıblar. Hazırda Fransada erməni lobbisi o dərəcədə güclənib ki, hətta bu ölkənin hakimiyyətinin müxtəlif qollarında qərarların qəbul edilməsinə də bu və ya digər formada təsir göstərə bilirlər. Belə görünür ki, parlamentin hər iki palatası - Senat və Milli Assambleya erməni lobbisinin çaldığı havaya qol götürüb oynayan, qərəzli sifarişləri can-başla yerinə yetirən qurumların önündə gedir. Noyabr ayında Fransa parlamentində Azərbaycana qarşı qəbul olunan iki qərəzli qətnamə bu qənaətləri daha da möhkəmləndirir. İlk qərəzli qətnamə Senatda qəbul olundu. Erməni lobbisinin sifarişi ilə hazırlanan və heç bir hüquqi qüvvəsi olmayan qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiqi tələb olunurdu. Səsverməyə qoşulan Senat üzvlərinin 295-i sənədin lehinə, 1-i isə əleyhinə səs verib. Rəqəmlər Fransa Senatında demokratiya havasından ümumiyyətlə əsər-əlamət qalmadığını və qurumun bütünlüklə erməni lobbisinin təsiri altına düşdüyünü təsdiqləyir.
Gözlənildiyi kimi, qərəzli qətnaməyə ilk növbədə Azərbaycan dövlətindən və cəmiyyətindən kəskin təpkilər gəldi. Eyni zamanda, Fransada yaşayan və təhsil alan azərbaycanlılar qərəzli sənədə etiraz səslərini ucaltdılar. Onlar Milli Assambleyanın yaxınlığında geniş aksiya təşkil etdilər və qətnamənin qərəzli olduğunu bildirdilər. Bundan başqa, Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz məqsədilə Avropada yaşayan soydaşlarımız tərəfindən sosial şəbəkələrdə #StopHypocrisy (Riyakarlığa son!) həştəqi ilə kampaniya keçirildi. Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının (ADA) prezidenti Jerom Lamber isə Fransa Milli Assambleyasının 577 üzvünə müraciət etdi. J.Lamber öz müraciətində məlum qətnaməni hazırlayanların Azərbaycan-Ermənistan münasibətlərindən ümumiyyətlə xəbərsiz olduqlarını əsaslandırmışdır. Qondarma sənədə dünyanın ayrı-ayrı ölkələrindən və müxtəlif təşkilatlardan gələn reaksiyalar da çox sərt oldu. “Biz‚ Fransa Senatının erməni təəssübkeşliyindən qaynaqlanan və heç bir reallıqla bağlılığı olmayan şər və böhtan xarakterli qərarını qətiyyətlə pisləyir, Azərbaycanın haqlı mövqeyini və beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bir daha dəstəkləyir‚onun suveren sərhədlərinə qarşı hər bir hücum,‚təhdid, hərbi və siyasi təxribatlara qarşı hər zaman Azərbaycan dövlətinin, xalqının yanında olduğumuzu ifadə edirik. Azərbaycan haqlıdır və hər zaman Azərbaycanın yanındayıq. Qarabağ Azərbaycandır!”. Bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə dair açıqlamasında yer alıb.
Azərbaycan dövlətindən, Fransa cəmiyyətindən, beynəlxalq ictimaiyyətdən gələn bu kimi kəskin təpkilər və bəzi başqa səbəblərdən respublikamıza qarşı qərəzli sənədin parlamentin aşağı palatasında - Milli Assambleyada müzakirələri yubandı. Bununla belə, erməni lobbisinin təzyiqləri qarşısında geri çəkilən Milli Assambleyada qondarma sənədin müzakirələri aparıldı və burada noyabrın sonunda “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edildi. Qətnaməyə 256 deputat lehinə, 0 nəfər isə əleyhinə səs verib. Xatırladaq ki, Milli Assambleyanın 577 üzvü var. Qətnamənin müzakirələri zamanı zal demək olar ki, boş olub. Qətnaməyə səsvermə zamanı sənədlə bağlı müzakirələri dinləməyən deputatlar zalda peyda olaraq, “ermənipərəstlik” jesti ediblər. Yenə də rəqəmlər Fransa parlamentində müxtəliffikirliliyə yer olmadığını təsdiqləyir. Qətnamə layihəsinin həmmüəlliflərinin Fransa prezidenti Emmanuel Makronun “Renessans” partiyasını təmsil edən deputatların olduqları bildirilir.
Fransa XİN-in üzrü qəbahətindən betər
Fransa parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə qəbul edilən qərəzli qətnamələr bu ölkənin mövqeyini əks etdirmir. Bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib. Fransa Senatında və Milli Assambleyasında qəbul edilmiş qərəzli qətnamə layihələri ilə bağlı suala Fransanın Xarici İşlər Nazirliyinin cavabında sözügedən qondarma sənədlərin hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq müstəqil şəkildə qəbul edildiyi vurğulanıb. Qeyd olunub ki, Fransa hökumətinin mövqeyi məlumdur və nazir tərəfindən dəfələrlə, xüsusilə də noyabrın 29-da ifadə edilib. Yəni Fransa sülhün bərpası üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməkdə davam edir. “Məhz bu ruh da Fransa Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş nazirini Praqada bir araya gətirdi. Bu görüş Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə nəticələndi”, - deyə açıqlamada vurğulanıb.
Fransa Xarici İşlər Nazirliyinin bu açıqlaması “üzrü qəbahətindən betər” zərb-məsəlini yada salır. Son vaxtlarda Fransa Prezidenti Emmanuel Makrondan üç onillik ərzində işğalçılıq siyasəti aparmış Ermənistanı açıq-aşkar dəstəkləyən bəyanatlar gəlməkdədir. Fransa prezidentinin keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı “unutqanlıq” ortaya qoyaraq ərazilərini öz gücü ilə işğaldan azad edən Azərbaycanı təcavüzkarlıq siyasəti aparmaqda günahlandırması hansı məntiqə əsaslanır, görəsən? Keçmiş Dağlıq Qarabağ münaqişəsinin onilliklər ərzində həllini tapmamasının məsuliyyəti həm də daim təcavüzkar dövlətin başını sığallayan, işğal məhsulu olan status-kvonun sonsuzluğadək qalmasına çalışan Fransanın üzərinə düşür. E.Makronun bir qədər bundan əvvəl yerli mətbuata verdiyi müsahibədə səsləndirdiyi fikirlər postmüharibə mərhələsində təməli qoyulan sülhyaratma prosesinə ciddi ziyan vurdu və geridönüşə səbəb oldu. Ermənistanın baş naziri N.Paşinyan Praqa görüşündə Azərbaycanla sülh müqaviləsini imzalamağa, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanımağa hazır olduğunu bəyan etmişdi. Fransa parlamentinin qəbul etdiyi qərəzli qətnamələr və E.Makronun boğazdan yuxarı səsləndirdiyi manipulyativ açıqlamalar isə Ermənistan rəsmilərinin mövqeyini yüz səksən dərəcə dəyişib. İndi N.Paşinyan və onun komandasının digər üzvləri şərtlər ritorikası ilə danışmağa başlayıblar. Fransanın sülh prosesinə töhfəsi budurmu?
Fransa XİN-in açıqlamasında yer alan fikirlər bir növ riyakarlıq nümunəsidir. Açıqlamada qanunvericilik orqanının qətnaməsinin hökumətin mövqeyini əks etdirmədiyi bildirilir. Halbuki Milli Assambleyada qərəzli qətnamə layihəsinin dinləmələrində Fransa hökumətinin nümayəndəsi də iştirak edib və layihəyə faktiki dəstək göstərib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Sual olunur: Fransa XİN nə üçün bu ölkənin hökumətinin və parlamentinin erməni lobbisinin dəyirmanına su tökdüyünü gizlətməyə çalışır?
Azərbaycanın Avropa üçün artan önəmi
Fransa Senatının və Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdikləri qətnamələrin hər hansı bir hüquqi əsasları yoxdur. Bu qondarma sənədlər əslində kağız parçasından başqa bir şey deyildir. Milli Assambleyanın qəbul etdiyi qətnaməyə Azərbaycan Respublikası Milli Məclisinin münasibətində qondarma sənəd belə dəyərləndirilib: “Qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı Soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması onun ucuz siyasi sifarişdən başqa bir şey olmadığını açıq şəkildə göstərir”.
Digər tərəfdən, Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesinə qatılmağa mənəvi haqqı da yoxdur. Biz Fransanın zamanında keçmiş Dağlıq Qarabağ münaqişəsinin uzanmasında, indi isə sülhyaratma prosesində mənfi rol oynadığını qeyd etdik. Bu ölkənin özünün tarixi də müharibə cinayətləri ilə doludur. MM-in sözügedən münasibətində bu barədə ətraflı bəhs olunub. “Digər tərəfdən, Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşlar. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir”, - deyə sənəddə bildirilir.
İndi isə Fransa XİN-in riyakarlıq edərək bu ölkənin hökumətinə, necə deyərlər, bəraət qazandırmaq cəhdinin pərdəarxası məqamına, yəni əsl səbəbinə aydınlıq gətirmək istərdik. Bütövlükdə, Fransa hökumətini dilemma qarşısında qoyan əsas amil Azərbaycanın Avropada artan nüfuzu və önəmi ilə bağlıdır. Fransa hökuməti əslində iki tərəfdən təzyiq altındadır. Təzyiqin biri bəlli tərəfdən - erməni lobbisindən gəlir. Digər tərəfdə isə Azərbaycana ehtiyac duyduğunu hər addımda açıq nümayiş etdirən Avropa İttifaqı (Aİ), bu məkana daxil olan ölkələrin mövqeyi dayanır. Avropa tək “biz Azərbaycandan qaz almırıq” deyən Fransadan ibarət deyil. Burada enerji sektorunda və digər sahələrdə Azərbaycanla sıx əməkdaşlıq edən çox sayda ölkə var. Respublikamız həmin ölkələrin, bütövlükdə qoca qitənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Cari ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji əməkdaşlığına dair yeni saziş imzalandı. Bu sənəd ölkəmizlə Aİ arasında əməkdaşlığın yeni yol xəritəsi kimi səciyyələndirilir. Biz Azərbaycanın Avropa üçün artan önəmini təsdiqləyən faktların sayını istənilən qədər artıra bilərik. O qənaət hasil olur ki, Fransa qoca qitə üçün heç bir önəm daşımayan Emənistana tərəfkeşlik etməklə əslində ümumavropa mənafeyinə qarşı çıxır.
Xəbər lenti
Hamısına baxDünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56

