Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qlobal enerji məsələləri Azərbaycanda müzakirə olunur

Qlobal enerji məsələləri Azərbaycanda müzakirə olunur

27.01.2023 [10:05]

Avropadan olan nazirlər Bakıda toplaşırlar

Uğurlu siyasət sayəsində Azərbaycanın dünyanın enerji mərkəzlərindən birinə çevrildiyini qətiyyətlə söyləyə bilərik. Ulu öndər Heydər Əliyevin səyləri ilə 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” və digər kontraktlar sayəsində ölkəmizin qlobal enerji təchizatında rolu əhəmiyyətli dərəcədə artıb.   Qürurverici haldır ki, 2015-ci ildən etibarən Avropanın enerji təhlükəsizliyi məsələləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində məhz Bakıda müzakirə olunur. Xatırladaq ki, indiyədək bəhs olunan formatda 8 iclas keçirilib. İlk belə toplantı 2015-ci il fevralın 12-də keçirilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda sonuncu müzakirələr 2022-ci il fevralın 4-də aparılıb. Hazırda paytaxtımız ənənəvi formatda növbəti toplantıya evsahibliyi etməyə hazırlaşır.  Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısının  keçirilməsi gözlənilir. Avropa ölkələrinin nazirləri, transmilli enerji şirkətlərinin və beynəlxalq maliyyə qurumlarının yüksəksəviyyəli rəsmiləri yenidən Bakıya toplaşacaqlar.

Enerji siyasətimizin ikinci mərhələsi

Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və təməlini qoyduğu yeni enerji strategiyası mərhələlərlə reallaşdırılır. Hər mərhələdə dövrün reallıqları, çağırışları mütləq nəzərə alınır ki, bu da uğurları şərtləndirir. Prezident

İlham Əliyevin vurğuladığı kimi, 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. 1994-cü il sentyabrın 20-də ölkəmizlə transmilli şirkətlər arasında  “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib. “Əsrin müqaviləsi” imzalandıqdan az sonra Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrilib.

Azərbaycan, həmçinin zəngin qaz ehtiyatlarına malik bir ölkədir. Təsadüfi deyildir ki, ölkəmizin enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ehtiyatlarının təsdiqlənməsi ilə respublikamız özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim etməyə başlayıb. Respublikamızla tərəfdaş ölkələr və şirkətlər arasında “Əsrin müqaviləsi”ndən sonra ikinci böyük kontrakt məhz “Şahdəniz” qaz yatağı üzrə imzalanıb. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində imzalanıb. O vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ancaq Azərbaycan uğurlu siyasət sayəsində ölkənin mavi yanacaq ehtiyatlarının işlənməsinə də investisiyalar cəlb etməyə nail oldu. Hazırda qlobal miqyasda, o cümlədən də Avropa İttifaqı (Aİ) məkanında enerji resurslarına, xüsusən də mavi yanacağa tələbatın artması ölkəmizin enerji siyasətinin necə məharətlə və uzaq perspektivə hesablanaraq hazırlandığını bir daha təsdiqləyir. Hazırda Avropada kəskin enerji böhranı yaşanır. Qoca qitə yeni mənbələrdən mavi yanacaq tədarükünü artırmağa çalışır. Ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan Aİ-nin artan tələbatını qarşılamağa hazır və qadir ölkədir. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Eyni zamanda, yaxın perspektivdə “Abşeron” yatağından yaxşı nəticələr əldə ediləcəyi gözlənilir. Böyük qaz ehtiyatına malik “Ümid”, “Babək” və digər yataqlar da çox ümidvericidir.

Şaxələndirilmiş nəql marşrutları

Son dövrlərdə qlobal enerji bazarında yaşanan çətinliklər istehlakçı ölkələr üçün mənbələrin və marşrutların şaxələndirilməsinin necə böyük önəm kəsb etdiyini bütün ciddiliyi ilə gündəmə gətirdi. Avropa İttifaqı məkanı üçün yeni mənbə sayılan Azərbaycanın üstünlüyü ondadır ki, ölkəmiz zamanında Ulu Öndərin və sonrakı mərhələdə Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində hər cəhətdən əlverişli sayılan müasir ixrac infrastrukturunun qurulmasına nail olub. Marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Prezident İlham Əliyev Azərbaycanın enerji ehtiyatlarının nəqli marşrutlarının şaxələndirilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatdığını vurğulayaraq deyib: “Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi”.

İndiyədək Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək bir neçə nəql marşrutunun yaradılmasına nail olub. İlk mərhələdə Azərbaycan özünün enerji resurslarını yalnız Bakı-Novorosiyk kəməri ilə ixrac etmək imkanına malik idi. Buna görə də ölkəmiz hər an təzyiqlərlə üzləşə bilərdi. 1990-cı illərin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bakı-Tbilisi-Ceyhanın istifadəyə verilməsi sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər. Eyni zamanda, yeni nəql marşrutundan faydalanan Azərbaycan öz ixracını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Əlamətdar haldır ki, bu gün Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar. Belə ki, Xəzərin şərq sahilində yerləşən digər ölkələr tərəfindən hasil edilən neft də artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Beləliklə, Azərbaycan bu gün etibarlı tranzit ölkə kimi qonşu dövlətlərə öz imkanlarını təqdim edir. 2007-ci ildə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Beləliklə, Azərbaycan ilk dəfə olaraq beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Qeyd edək ki, ilkin mərhələdə ölkəmizin mavi yanacaq ixracı coğrafiyası Türkiyə və Gürcüstanla məhdudlaşırdı.

Xəyallardan reallığa çevrilən Cənub Qaz Dəhlizi

Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Azərbaycan reallıqları nəzərə alaraq yeni qazötürücü xəttin - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Təbii ki, müxtəlif maraqları uzlaşdırmaq, hamını ortaq məxrəcə gətirmək asan deyildi. Aparılan müzakirələr bir nəticə vermirdi. Ayrı-ayrı dairələrdə və ölkələrdə açıq dənizə çıxışı olmayan Azərbaycanın uzaq Avropaya qaz nəql etməsinə skeptik yanaşılırdı. O amil əsas gətirilirdi ki, minlərlə kilometr məsafədə uzanacaq transmilli qaz infrastrukturunun yaradılmasına yönəldilən investisiyalar neft hasilatı ilə müqayisədə daha az gəlir gətirəcək. Ancaq Azərbaycan özünün güclü iradəsinə əsaslanmaqla  hədəflərə doğru inamlı addımlar atmağa nail oldu. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalandı və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi oldu. Eyni zamanda, Türkiyə və Azərbaycan yeni bir layihəni irəli sürdülər. TANAP (Trans Anadolu Qaz Boru Kəməri) adlanan bu layihə üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladılar. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi.

Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində qısa müddətdə dörd seqment üzrə böyük iş həcmi yerinə yetirilib. Belə ki, “Şahdəniz” yatağının istismara hazırlanması üçün lazımi işlər görülüb, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ilə bağlı layihələr tamamlanıb. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, həmçinin Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrləri baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi baş tutdu. 2018-ci il 12 iyun tarixində Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi.

TANAP Azərbaycandan başlayan genişlənmiş Cənub Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirir. 2019-cu ilin noyabrında Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin inşası tamamlandı. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan və inşası 2020-ci ilin dekabrında tamamlanan TAP (Trans Adriatik Boru kəməri) İtaliyaya qədər uzanır. Beləliklə, açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Prezident İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Cənub Qaz Dəhlizi ətrafında güclü komanda formalaşdığını fəxrlə diqqətə çatdıraraq vurğulayıb: “Biz ilkin sərmayələri cəlb edərkən kəmərlərimiz yox idi. Kəmərlər sonra inşa olundu. Bu kəmərləri inşa etmək üçün biz tranzitorlarla, qonşularımızla razılaşmalı idik. Biz hər kəs üçün uduşlu bir vəziyyət yaratmalı idik, ədalətli olmalı idik, əməkdaşlığa və dəstəyə hazır olmalı idik. Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını - Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib”.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi gündəlikdə

Azərbaycan 2021-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya 8 milyard kubmetr qaz nəql edib. Avropanın və Azərbaycanın enerji əməkdaşlığı gələcəkdə daha da genişlənəcək. 2022-ci ilin yayında Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Belə bir sənədin imzalanması ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Yeni Memorandum Xəzər sahillərindən qoca qitəyə qaz ixracı həcmlərinin artırılmasına hüquqi əsaslar yaradır. 2023-cü ildə Cənub Qaz Dəhlizi ilə qoca qitəyə mavi yanacaq ixracının 12 milyard kubmetrə çatdırılması, perspektivdə isə bu həcmin iki dəfə artırılması nəzərdə tutulub.

Avropaya mavi yanacaq ixracının həcmlərini artırmaq üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsinə ehtiyac var. Hazırda Avropada Cənub Qaz Dəhlizinin yeni qolları yaradılır. Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı planlardan da ətraflı bəhs edib. “Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Eyni zamanda, biz Limakın da töhfə verdiyi yeni layihəni - TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Təsəvvürünüzə gətirin, TAP yalnız iki il bundan əvvəl açılmışdır. Biz düşündük ki, bu, Avropa üçün uzun müddətə tələb edilən həcm olacaq. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Biz Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün həqiqətən gərgin çalışırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31