Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın mövqeyi dəyişməzdir

Azərbaycanın mövqeyi dəyişməzdir

21.02.2023 [10:09]

Sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir

Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda yeni siyasi situasiya formalaşdıracaq. Belə ki, rəsmi İrəvanın siyasi iradə nümayiş etdirəcəyi halda, sülh müqaviləsinin imzalanması daha tez baş verə bilər. Ümumiyyətlə, proseslə bağlı son vəziyyət özündə bir sıra mühüm məqamları birləşdirir. Prezident İlham Əliyevin yüksək diplomatik bacarığı öz sözünü deyir - Ermənistanın Azərbaycanın irəli sürdüyü beş şərtlə razılaşmaqdan başqa yolu qalmır.

Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir

 Eyni zamanda, imzalanacaq sənəddə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmayacaq. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, Ermənistanın qondarma separatçı qurumla bağlı sülh müqaviləsində hər hansı bir qeydin edilməsi cəhdləri də fiaskoya məhkumdur. Azərbaycanın mövqeyi qəti və dəyişməzdir. Sülh müqaviləsi iki ölkə arasında bağlanacaq və Azərbaycanın daxili işi olan Qarabağ haqqında orada hər hansı bir qeydin olması mümkün deyil.

 Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində öz mövqeyini bir daha bildirdiyini söyləyib: “Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu”.

İctimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər

Artıq iki aydan artıqdır ki, Laçın-Xankəndi yolu üzərində azərbaycanlı ekofəalların və könüllü gənclərin keçirdiyi etiraz aksiyası da hazırda mühüm müzakirə mövzularındandır. Ümumiyyətlə, bu aksiya beynəlxalq hüquq normalarına əsaslanır, beynəlxalq konvensiyaların müddəalarını özündə əks etdirir. Eyni zamanda, bu etirazlar Azərbaycan xalqının milli maraqlarının ifadəsidir. Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin, ekofəalların, gənc könüllülərin davam etdirdiyi aksiya haqlı tələblərə söykənir. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin keçirilməsi Azərbaycanın haqqıdır. Həmin ərazidə təbii sərvətlərimiz talan edilir. Keçirilən aksiyada da əsas tələb ondan ibarətdir ki, qeyri-qanuni istismar dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.

Bəzi erməni havadarları, o cümlədən “beynəlxalq” statuslu təşkilatlar isə bu aksiyaları “blokada” və ya fərqli müstəvidə təqdim etməyə çalışsalar da, bu mümkün olmadı. Hətta Fransanın timsalında ermənipərəst ölkələr aksiya ilə bağlı məsələni BMT TŞ-ya çıxarmağa çalışsalar da, qəti məğlubiyyətə uğradılar. Məqsədli şəkildə bu aksiyaya qarşı qarayaxma kampaniyaları aparıldı - amma fakt ortadadır. Bu etiraz aksiyası blokada deyil və sayıla da bilməz. Ötən iki aydan artıq zaman kəsiyində Xankəndiyə gətirilən bütün humanitar yüklər ünvanına çatıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları yoldan istifadə edirlər. Təbii ki, həmin ərazilər Azərbaycanın suveren əraziləridir və oradakı bütün proseslər də ölkəmizin qanunları əsasında tənzimlənməldir. Yeri gəlmişkən, ilin əvvəlində Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq bildirmişdi ki, bizim məqsədimiz blokada deyil. Dövlət başçısı vurğulamışdı ki, bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Bu bizim qanuni hüququmuzdur. Beynəlxalq sənədlər, beynəlxalq hüquq da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Erməni separatçılarının bu aksiya üzərindən şou düzəltmək istəkləri isə fiaskoya məhkumdur.

Münhendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini bildirib ki, hər hansı bir blokadadan söhbət gedə bilməz: “Dekabrın

12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım”.

Cavab gözləyəcəyik...

Azərbaycan prosesin uğurlu inkişafının, sülhün və təhlükəsizliyin bərqərarının tərəfdarıdır. Bunun üçün isə şərtlər ortadadır - Azərbaycan sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya prosesinin yekunlaşmasını istəyir. Beləliklə, Ermənistan ilə Azərbaycan arasında bütün münasibətlər, o cümlədən keçid məntəqələri məsələsi beynəlxalq qanunlara əsaslanaraq tənzimlənəcək. Eyni zamanda, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Laçın yolundakı situasiya ilə analogiya təşkil etməlidir. Çünki kommunikasiyaların açılmasından söhbət gedirsə, Zəngəzur dəhlizinin açılması da mütləq şəkildə təmin olunmalıdır.  Bu amil beynəlxalq müstəvidə də məntiqli hesab edilir. 

Münhendə televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirib ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün. Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir: “Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik”.

Paylaş:
Baxılıb: 705 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31