Azərbaycanın qaz ixracı planları genişlənir
14.07.2023 [11:12]
Neft-qaz potensialımızın inkişafı üçün mühüm resurs
Zəngin enerji resurslarına malik olan Azərbaycan özünü bütün dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməkdədir. Respublikamız “Şahdəniz” yatağının işlənməsinin uğurla davam etdirilməsi, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi sayəsində Avropanın mühüm qaz təchizatçılarından birinə çevrilərək “Qoca qitə”nin yeni enerji xəritəsini formalaşdırır. Məlum geosiyasi səbəblərə görə hazırda Avropanın enerji resursları ilə təminatında, o cümlədən də qaz təchizatında ciddi çətinliklər yaranıb. Ənənəvi təchizat mexanizminin pozulması fonunda qoca qitə yeni mənbələrdən daha böyük həcmlərdə mavi yanacaq almaq istəyir. Zəngin ehtiyatlara və müasir nəql şəbəkəsinə malik olan, daim ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan Avropanın artan ehtiyacını müəyyən həcmlərdə qarşılamağa hazır və qadir ölkədir.
“Abşeron” yatağının istismarına başlanılması
Bu günlərdə Azərbaycan özünün enerji siyasətinin mavi yanacaq seqmenti üzrə daha bir mühüm uğura imza atıb. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılmasından gedir. Bəli, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır - ancaq digər yataqların potensialı da kifayət qədər böyükdür. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku, “Şəfəq-Asiman” və başqa qaz yataqlarının işlənilməsi üzərində işlər davam etdirilir. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısı “Abşeron” yatağının istismarına başlanılması ilə ölkəmizin qaz ixracı planlarının daha böyük həcmdə həyata keçiriləcəyinə diqqət çəkıərək vurğulayıb: “Abşeron”un birinci fazası artıq icra edilir və yəqin ki,
SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır. Yenə də deyirəm, biz gözləyirdik ki, kəşfiyyat olacaq, amma sözün düzü, bu qədər gözəl nəticələri gözləmirdik. Bu, çox gözəl bir xoş xəbər oldu və Azərbaycanın enerji potensialına kölgə salmağa çalışan bəzi dırnaqarası ekspertlərə də çox yaxşı, tutarlı cavab olmuşdur. Ona görə bundan sonra bizim qaz ixrac planlarımız daha tez bir zamanda və daha böyük həcmdə təmin ediləcək”.
İndiyədək respublikamız qonşu Gürcüstana, qardaş Türkiyəyə və Avropa məkanına yalnız bir mənbədən - “Şahdəniz”dən çıxarılan qazı ixrac edirdi. Başqa mənbə yox idi. İndi respublikamızın qaz ixracı həcmlərini həm də yeni mənbədən təmin etmək imkanı yaranıb. Bunu məmnunluqla diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Bir məsələni də qeyd etməliyəm. Bu da bu günlərdə “Abşeron” qaz-kondensat yatağından çıxarılan ilkin qazın əhəmiyyəti ilə bağlıdır. Bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. “Abşeron” qaz yatağı ilə bağlı bizim ümidlərimiz böyük idi. Bilirdik ki, “Abşeron” qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Əlbəttə, “Şahdəniz” qaz yatağından “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir, ilkin hesablamalara görə təqribən üç yüz milyard kubmetrdir. Amma mən tam əminəm ki, daha çox olacaq. İndidən demək, əlbəttə ki, düzgün deyil. Ona görə bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq - təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına”.
SOCAR-ın mətbuat xidmətindən “Yeni Azərbaycan”a bildirilib ki, yatağın işlənməsinin ilkin mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və TotalEnergies hər biri 50% paya malikdir.
Qeyd edək ki, Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi “Neft Daşları”nda yerləşən Mərkəzi İdarəetmə Otağından həyata keçirilir.
Böyük qaz ehtiyatları aşkar olundu
Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndirilir. “Abşeron” yatağından ilk hasilatın başlanılmasınadək keçilən yol isə, necə deyərlər, heç də hamar olmayıb.
“Abşeron” yatağı ötən əsrin altımışıncı illərində kəşf edilib. Ancaq uzun illər ərzində yatağın işlənməsinə başlamaq mümkün olmayıb. Çünki o dövrdə mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma işlərini həyata keçirməyə imkan vermirdi. Digər tərəfdən, qaz sənayesinə maraq az idi. İnvestorlar neftçıxarma ilə müqayisədə gəlirliliyi aşağı olan bu sahəyə sərmayələr yönəltməyə böyük maraq göstərmirdilər. Nəhayət, 1997-ci ildə “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq müqavilə imzalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələnib və ilk quyu debit verməyib. Bu səbəbdən də xarici şirkətlə imzalanan müqaviləyə 2005-ci ildə xitam verilib.
Aradan dörd il ötəndən sonra “Abşeron” yatağı üzrə işlər yenidən canlanıb. Belə ki, 2009-cu il fevralın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Total” şirkəti arasında “Abşeron” yatağı üzrə yeni müqavilə imzalanıb. 2015-ci ildə isə SOCAR və “Total” birgə “JOCAP” (Joined Operating Company Absheron Petroleum) əməliyyat şirkətini yaradıblar. Beləliklə, “SOCAR Absheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsi “Abşeron” yatağının operatoru elan olunub. Müqavilənin 30 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. 747 kvadratkilometr ərazini əhatə edən müqavilə sahəsində aparılan ilkin kəşfiyyat işləri uğurla nəticələnib. 2011-ci ilin sentyabr ayında “Abşeron”da çox böyük qaz ehtiyatlarının aşkar olunması rəsmən elan edilib.
“Abşeron” yatağının hasilata hazırlanması prosesində əlamətdar hadisələrdən biri 2020-ci il sentyabrın 19-da baş verib. Həmin tarixdə dövlətimizin başçısı Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Qeyd edək ki, “Abşeron” yatağında quraşdırılan dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. “Abşeron” layihəsi üzərində iş zamanı “BOS Şelf” şirkəti Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib. Yataqdan qazın hasilatı üçün quraşdırılan platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni, “Neft Daşları”nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib.
“Abşeron”da zəngin ehtiyatların olduğuna inam...
Azərbaycanda neftçıxarmanın tarixi çox qədimdir. Dünyada sənaye üsulu ilə neft hasilatına məhz Bakıda başlanılıb. Azərbaycan neftçilərinin dünya neft sənayesinə bəxş etdiyi ilklərdən biri də dənizdə neftçıxarmanın təməlinin qoyulması ilə bağlıdır. “Abşeron” yatağı da məhz azərbaycanlı geoloqlar tərəfindən kəşf olunub və onun ehtiyatları əsaslandırılıb. Azərbaycanlı geoloqların “Abşeron”da zəngin ehtiyatların olduğuna inamları o qədər böyük idi ki, onlar ilk quyu debit verməyəndə də ümidlərini qırmadılar. Həmin dövrdə geoloqlarımız özlərinin dəyərləndirmələrini əsas tutaraq yeni quyunun qazılmasında israr edirdilər. Hər şeydən göründüyü kimi, geoloqlarımız öz məqsədlərinə çatdılar. Növbəti mərhələdə yataq üzrə görülən işlərin debitlə nəticələnməsi azərbaycanlı geoloqların öz əsaslandırmalarını necə dəqiqliklə apardıqlarını bir daha təsdiqlədi. Biz bununla qürur duyuruq. Prezident İlham Əliyev yuxarıda xatırlatdığımız təməlqoyma mərasimindən sonra yerli televiziya kanallarına verdiyi müsahibəsində geoloqlarımızın əməyini yüksək dəyərləndirərək vurğulayıb: “Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyusu boş çıxdı. Xatırlayıram, o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar. Halbuki, Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi tanıyan ikinci adam dünyada yoxdur. Ancaq heç bir nəticə əldə olunmadı və xarici şirkət bu yatağı tərk etdi. Yenə də deyirəm, biz tam əmin idik ki, burada çox böyük qaz ehtiyatları vardır. Şadam ki, “Total” şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər imzalandı. Ondan sonra praktiki işlər aparıldı və böyük qaz-kondensat yatağı aşkarlandı. Bu önəmli hadisə - yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim vermişdir. Beləliklə, bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

