Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / O`Braynın səfəri...

O`Braynın səfəri...

06.12.2023 [10:40]

Sülh prosesinə hansı yeni “rəngləri” qata bilər?

Xəbər verildiyi kimi, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Braynın dekabrın 6-dan 8-dək Azərbaycana və Rumıniyaya səfəri nəzərdə tutulur. Səfərdə müzakirə olunacaq konkret məsələlərlə bağlı məlumat verilməsə də, O`Braynın Bakı səfəri zamanı əsas müzakirə predmetinin Ermənistan ilə münasibətlərin normallaşması prosesi ilə bağlı olacağı şübhə doğurmur.  Qeyd edək ki, səfərin reallaşması noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngi zamanı etdiyi xahişə əsaslanır. Belə ki, Blinken ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etmişdi. Prezident İlham Əliyev isə həmin təkliflə bir şərtlə razılaşmışdı ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul etmişdi.

Blinkenin xahişi ilə...

Ümumiyyətlə, son dövrlərdə ABŞ-ın siyasətində Ermənistana “havadarlıq etmək” arzusu, bunun üzərindən sülh məsələsi ilə bağlı Azərbaycana təzyiq və ya təsir göstərmək kimi bəzi ştrixlərə rast gəlinirdi. İlk baxışdan, prosesdə “vasitəçilik” kimi qənaət formalaşdırmağa çalışsalar da, məsələnin əsl mahiyyəti bu “rolun” daha fərqli xarakterə malik olduğunu ortaya qoyurdu. Məsələn, noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələrdə Ceyms O`Brayn bildirmişdi ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq. O qeyd etmişdi ki, ABŞ bu ölkənin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən imtinanın müddətini uzatmayacaq: “Çünki vəziyyətin real yaxşılaşmasını görməmişik. Bütün bunlar sülhü təşviq etmək məqsədi daşıyır”.

ABŞ rəsmisinin beynəlxalq hüquqa zidd və birtərəfli mövqeyi haqlı olaraq Azərbaycan ictimaiyyəti tərəfindən etrirazla qarşılandı. Əlaqələrin inkişafı təbii ki, ikitərəfli xarakter daşıyır - ABŞ-ın Azərbaycana münasibəti adekvat şəkildə qarşılanır. Azərbaycan özünün xarici siyasət kursunu dövlət maraqları əsasında təşkil və təmin edir və hər hansı xarici təsirlər qarşısında heç bir zaman geri çəkilməyib. Ərazi bütövlüyümüzün, suverenliyimizin təmini məsələsi isə bizim beynəlxalq konvensiyalara əsaslanan hüququmuzdur. Azərbaycanın yürütdüyü siyasət müstəqil siyasi kursdur - O`Braynın Azərbaycana xitabən belə bir ritorikanı seçməsi isə yersiz idi. Öz fikirlər?ni “təhdid” formasında dilə gətirmək ABŞ kimi bir dövlətin rəsmisi üçün qeyri-peşəkarlıq nümunəsi sayılmalı idi. Məhz bunun nəticəsidir ki, Azərbaycan ABŞ-a adekvat cavabı ilə yadda qaldı və ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdi. Yalnız Dövlət katibi Blinkenin xahişi nəticəsində O`Braynın Azərbaycana səfəri reallaşır.

Vaşinqtonda Zəngəzur anonsu səsləndirən O`Brayn ...

Obraynın ölkəmizə səfəri səbəbinə gəldikdə isə, məlum olduğu kimi Ermənistan ilə Azərbaycan arasında danışıqlarda yeni bir mərhələyə qədəm qoyulub - artıq əsas müzakirə predmeti olan delimitasiya və demarkasiya məsələləri üzrə müvafiq komissiyaların intensiv görüşlərinin keçirilməsi nəzərdə tutulur. Bu isə Ermənistanın nümayiş etdirəcəyi konstruktiv mövqe qarşılığında danışıqların uğurlu nəticə ilə yekunlaşması üçün perspektiv formalaşdırır. Regionda sülhə nail olunması isə yeni iqtisadi - siyasi reallıqlar formalaşdıracaq. Ən azından, bu mərhələdə Ermənistanın iqtisadi layihələrdə yer alması, açılma perspektivi mövcud olan Zəngəzur dəhlizi vasitəsilə yeni iqtisadi əlaqələr qurması kimi məsələlər müzakirə predmetinə çevriləcək. Digər tərəfdən, regionda yeni təhlükəsizlik meyarları və çalarları da ortaya çıxa bilər ki, O`Braynın səfəri zamanı bu kimi komponentlər də müzakirə edilmə ehtimalı formalaşdırır.

Təsadüfi deyil ki, bir neçə gün öncə məhz Ceyms O`Brayn jurnalistlər üçün brifinqində bildirmişdi ki, Amerika Birləşmiş Ştatları Mərkəzi Asiyadan Türkiyəyə Transqafqaz vasitəsilə ticarət yolu yaratmaq cəhdlərini dəstəkləməyə hazırdır. O vurğulamışdı ki, ABŞ Azərbaycan və Ermənistan üçün sülhə nail olmaq baxımından əsl fürsət görür: “Bunun hesabına biz bütün regionun faydalanması imkanını görürük. Məsələn, əgər ticarət Mərkəzi Asiyadan Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə gedə bilsəydi, onda bu, bu ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli stimul olardı. Və biz bunun bir hissəsi olmaq fürsətini alqışlayardıq”.

O`Braynın dilə gətirdiyi bu kimi məqamlar demək ki, reallıq ehtimalına söykənir və özlüyündə Zəngəzur dəhlizi ilə bağlı anonsu ehtiva etməkdədir. Bu baxımdan, bəzi siyasi ekspertlər Obraynın səfərinin delimitasiya komissiyalarının görüşündə əldə olunan müəyyən razılaşmaların bir az da irəliyə daşınması perspektivi kimi yanaşır.

O`Brayn  ABŞ-ın yeni iqtisadi reallıqlardakı iştirakını təmin edəcək?

Qeyd edək ki, SPECA-nın son Bakı zirvə görüşü Azərbaycanın regionun gələcək inkişaf perspektivinin təqdimat mərasimi idi. Bu görüş, əldə olunan nəticələr və Bakı Bəyannaməsi mənzərəni daha da aydınlaşdırdı - Cənubi Qafqaz Qərb- Şərq marşurutu üzrə əsas stansiyalardan biri olmaqla yanaşı, Mərkəzi Asiya ilə əlaqələrdə vacib geocoğrafi rol oynayır. Məhz Azərbaycanın timsalında Cənubi Qafqaz Mərkəzi Asiya ilə vahid geosiyasi məkan formalaşdırıb, əlaqələr həm də vahid geoiqtisadi əhəmiyyəti özündə əks etdirməyə başlayıb. İqtisadi maraqların uzlaşması gələcək münasibətlərin çərçivəsini daha da genişləndirmək şanslarını artırıb. ABŞ isə bunu görür və bu geniş spektrili layihədən kənarda qalmaq niyyətində deyil. Bu mənada O`Braynın nəzərdə tutulan səfəri həm də iqtisadi platformada böyük əhəmiyyətə malik ola bilər. Regionun sabit inkişafı üçün, iqtisadi əlaqələrin təhlükəsiz və davamlı hal alması üçün sülh vacib şərtdir.

Sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Ermənistan ilə Azərbaycan arasında baş tutan son görüşlərdə əldə edilmiş müsbət impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalət mənzərəsi ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda - Azərbaycanın Qarabağdakı terroçuları zərərsizləşdirməsinin ardından isə bu, daha real görünür. Azərbaycan hər zaman sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29