Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır!

XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır!

12.03.2024 [10:00]

Mübariz ABDULLAYEV

Son illərdə yüksək inkişaf templərinə malik olan Azərbaycan dünyaya özünün hər cəhətdən nümunəvi modelini təqdim edir. Eyni zamanda, Prezident İlham Əliyev Cənubi Qafqaz coğrafiyasında və bütün dünyada gedən proseslərdə Özünün liderlik keyfiyyətləri ilə diqqət mərkəzinə gəlir. Bir neçə il bundan əvvəl - yeni növ koronavirus pandemiyasının pik mərhələsində dövlətimizin başçısı qlobal təhdidlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs BMT səviyyəsində dəstəkləndi. Belə misalların sayı çoxdur. Elə bu günlərdə dövlətimizin başçısı  “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda dünya ictimaiyyətinin diqqətini böyük narahatçılıq yaradan islamofobiya ilə bağlı aktual məsələlərə yönəldib və ölkəmizin müsbət nümunəsini təqdim edib.

Dünyada dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur

Bütün səmavi dinlər bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta dini dəyərlər belə manipulyasiya predmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan qoca qitədə bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, islamafobiya həyat normasına çevrilir. Son illərdə Yaxın Şərqdə əsasən İslam dininə sitayiş edən insanların yaşadıqları coğrafiyalarda kədərli münaqişələr yaşanır, qanlı müharibələr səngimək bilmir. Bu münaqişələrin və müharibələrin ssenariləri isə bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olamaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır. Dünyadakı kədərli mənzərəyə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Təəssüflər olsun ki, dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır. İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur”.

Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi Avropa  ölkələrini payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir ki, bu da qəbuledilməzdir.

Fransa müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür

Fransanın demokratik dəyərlərindən geri çəkildiyi bu ölkədə bir növ dövlət siyasəti səviyyəsinə yüksələn İslamofobiyanın timsalında da qabarıq şəkildə nəzərə çarpır. Bu ölkənin onilliklər boyunca Afrikada davam etdirdiyi müstəmləkə siyasətinin həm də irqçiliyə əsaslandığı heç kəsə sirr deyil. Bunun təzahürlərini, həmçinin ölkədə İslam dininə etiqad bəsləyən insanların diskriminasiyaya məruz qalmalarında müşahidə etmək mümkündür. Bunu Fransa cəmiyyətinin təmsilçiləri də etiraf edirlər. Bu ölkədə müxtəlif auditoriyalarda müsəlmanların Fransa cəmiyyətini zəbt etmələrinə dair mesajlar verilir. Eyni zamanda, İslam dininə mənsub insanlardan məsafə saxlanılır və onlar potensial terrorçu kimi təqdim edilirlər.

Fransanın siyasi hakimiyyəti  İslam dünyasına nifrətlə yoğrulan münasibətini adətən bu ölkədə nəşr olunan “Charlie Hebdo” jurnalı vasitəsilə ifadə edir. Deyə bilərik ki, bu nəşr Fransa rəsmilərinin danışan dillərinə və görən gözlərinə çevrilib. Nəşrin səhifələrində dəfələrlə İslam dinini, Məhəmməd peyğəmbəri ələ salan karikaturalar yerləşdirilib. Belə görünür ki, “Charlie Hebdo” jurnalı özünün pis ənənəsini davam etdirir. Bunu həm də Fransanın siyasi hakimiyyətinin mövqeyi kimi qəbul etmək mümkündür.  Ötən il Türkiyədə dağıdıcı zəlzələ baş verdikdə “Charlie Hebdo” nəşri  sosial şəbəkələrdə təbii fəlakətlə  bağlı nifrət dolu paylaşım edib. Nəşrin hazırladığı karikatura jurnalın “Tvitter” hesabında “Günün fotosu” həştəqi ilə paylaşılıb. Paylaşılan fotolara “Türkiyədə zəlzələ”, “Tank göndərməyə ehtiyac yoxdur” yazıları ilə şərhlər verilib. “Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir. “Dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Fransa kimi ölkələrin apardıqları islamofobiya siyasəti həmçinin bir sıra Avropa təsisatlarına da sirayət edib.  Qərbdə fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar sözün əsl mənasında “xristian klubu” rolunda çıxış edirlər. Bundan təəssüfləndiyini bildirən Prezident İlham Əliyev “Müsəlmanların hisslərini təhqir edən bu cür təzahürlərlə mübarizə aparmaq, cinayətkarları məsuliyyətə cəlb etmək əvəzinə, həmin ölkələrin hökumətləri islamofob əhvali-ruhiyyəni daha da qızışdırır, müsəlmanlara qarşı təqibləri təlqin edir və bu kimi mövzuları davamlı olaraq gündəlikdə saxlamağa çalışırlar. Təəssüflər olsun ki, özlərini demokratik adlandıran bəzi Qərb təsisatları da anti-İslam fəaliyyətini həyata keçirirlər. Bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrilmişdir”, - deyə vurğulayıb.

Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir

Tarixi mənəvi-dini dəyərlərinə böyük önəm verən  Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir. Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. İlkin araşdırmalara görə işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır. Bundan əlavə, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı faktları aşkar edilir. Bu cür həqarət aktları yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edir. “Eyni zamanda, Ermənistan ərazisində yerləşən Azərbaycanın İslam tarixi-mədəni irsinin məhv edilməsi böyük məyusluq doğurur. Azərbaycan UNESCO-ya müraciət edərək Ermənistanda illər ərzində dağıdılmış mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndirilməsinin aparılması məqsədilə bu ölkəyə texniki missiyanın göndərilməsinə çağırış etmişdir. Əfsuslar olsun ki, UNESCO indiyə kimi bu çağırışa cavab verməmişdir”, - deyə dövlətimizi başçısı bildirib.

Azərbaycan cəmiyyətinə ənənəvi olaraq tolerantlıq hakimdir. Ölkəmiz davamlı şəkildə multikulturalizmi təşviq edir. Burada dini inanclarına görə insanlar arasında fərq qoyulmur. Dini-mədəni müxtəliflik ölkəmiz və dövlətimiz üçün ayırıcı xətt deyil, əksinə cəmiyyətimizi birləşdirən, ölkəmizin cəlbediciliyini artıran yüksək dəyərdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə milli sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir. Bundan irəli gələrək, təbiidir ki, multikultural dəyərlərə hörmət bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir. “XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır. Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır”, - deyə Prezident İlham Əliyev vurğulayıb. 

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31