Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakı ilə Kiyev iqtisadi əməkdaşlığı dərinləşdirəcək

Bakı ilə Kiyev iqtisadi əməkdaşlığı dərinləşdirəcək

18.01.2022 [10:13]

Mübariz ABDULLAYEV

Azərbaycan regional və qlobal əməkdaşlığın genişlənməsinə sanballı töhfələr verir. Ölkəmiz buna həm xarici dövlətlərlə ikitərəfli münasibətlərinin əhatə dairəsini genişləndirməklə, həm də müxtəlif platformalarda, ayrı-ayrı təşkilatlarda fəallığını artırmaqla nail olur. Bu baxımdan, diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Azərbaycan Prezidenti İlham Əliyev daim Xəzər-Qara dəniz coğrafiyasında region dövlətlərini bir araya gətirməyi, əməkdaşlığın üfüqlərini genişləndirməyi hədəfləyən təşəbbüslər irəli sürür və xoş mərama əsaslanan bu təşəbbüslər, bir qayda olaraq, tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilir.

İkitərəfli və regional təşkilatlar çərçivəsində tərəfdaşlıq münasibətləri

Azərbaycanın Ukrayna ilə getdikcə möhkəmlənən münasibətləri ölkəmizin həm  ikitərəfli, həm də müxtəlif təşkilatlar çərçivəsində kifayət qədər uğurlu tərəfdaşlıq əlaqələri qurmasına yaxşı nümunədir. Xəzər-Qara dəniz coğrafiyasının iki mühüm dövləti olan Azərbaycan və Ukrayna yarandıqları vaxtdan indiyədək özlərini səmərəli fəaliyyət göstərən təşkilatlar kimi təsdiqləyən MDB, GUAM və digər qurumlar çərçivəsində daim koordinasiya olunmuş fəaliyyət sərgiləyirlər. Ukrayna MDB məkanında Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. GUAM təşkilatında əməkdaşlıq üzv dövlətlər, o cümlədən Azərbaycanla Ukrayna arasında qarşılıqlı inamı artırıb. Bu kimi məqamlar Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Ukraynaya baş tutan işgüzar səfəri çərçivəsində keçirilən tədbirlərdə də diqqətə çatdırılıb.  “Bir sıra təşəbbüsləri irəli sürmüşük. Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir”. Bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi Bəyanatında ifadə edib.

Azərbaycanla Ukrayna arasında ikitərəfli siyasi dialoqun yüksək dinamikasına adekvat olaraq iqtisadi əlaqələrin də ilbəil genişlənməsi məmnunluq doğurur. Koronavirus pandemiyası son illərdə qlobal miqyasda iqtisadi fəallığa, o cümlədən də ölkələr arasında əlaqələrin intensivliyinə öz mənfi təsirlərini göstərib. Belə arzuolunmaz təsirlərə baxmayaraq, ötən il Azərbaycan və Ukrayna arasında ticarət əlaqələri müəyyən qədər artıb. İki dost ölkənin liderləri bu müsbət məqamı geniş tərkibdə keçirilən görüşdə, mətbuata verdikləri bəyanatlarda və digər tədbirlərdə nəzərə çatdırıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan geniş tərkibdə görüşdə dövlətimizin başçısı vurğulayıb: “Şadam ki, artıq iqtisadi sahədə canlanma var, baxmayaraq ki, pandemiya hələ davam edir. Amma ticarət dövriyyəmizin qalxmasına nəzər salsaq, görərik ki, müsbət meyillər mövcuddur. Bu gün müzakirə etdiyimiz və əminəm ki, həyata keçiriləcək məsələlər və layihələr bizim iqtisadi əməkdaşlığımızı dərinləşdirəcək”.

Qeyd edək ki, ötən ilin 11 ayı ərzində ölkələrimizin ticarət dövriyyəsi 925 milyon dollardan çox olub. Bu, 2020-ci ilin anoloji dövründəki 611 milyon dollar ilə müqayisədə 51,4 faiz artım deməkdir. Beləliklə, COVID-19 pandemiyasının davam eməsinə baxmayaraq, əslində, son 7 il ərzində ilk dəfə olaraq ölkələrimizin ikitərəfli ticarət dövriyyəsi təxminən 1 milyard dollara çatıb. Vurğulandığı kimi, bu, qarşıya daha mühüm məqsədlər qoymağa imkan yaradır. Hər iki ölkə 2024-cü ilə qədər qarşılıqlı ticarət dövriyyəsinin həcmini  artıqmaqla bağlı konkret hədəflər qoyublar. Tərəflər, həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulmasını planlaşdırırlar. Ukrayna Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin aparılmasında iştirak etmək niyyətindədir. Dost ölkənin dövlət başçısının da vurğuladığı kimi, Ukraynanın şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak edə bilər. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı qarşı tərəfə öz dəvətini ifadə edib. Eyni zamanda, son illərdə Azərbaycan şirkətləri də Ukraynada investisiya fəallıqlarını əhəmiyyətli dərəcədə artırıb. Bütövlükdə, iki ölkə arasında birgə hökumətlərarası komissiya uğurla fəaliyyət göstərir. Hər iki ölkənin dövlət başçıları tərəfindən həm birgə komissiyanın, həm də  aidiyyəti qurumların rəhbərlərinə konkret istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə dair tapşırıqlar verilib. Şübhə yoxdur ki, Azərbaycanın və Ukraynanın ictimaiyyəti iki aydan sonra birgə komissiyanın Bakıda keçiriləcək növbəti iclasında artıq konkret qərarların verilməsinin şahidi olacaq.

Dost ölkənin enerji təhlükəsizliyində Azərbaycanın artan rolu

Zəngin karbohidrogen resurslarına malik olan Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Respublikamız enerji siyasətində həmişə ədalətli yanaşma sərgiləyir və o mövqedən çıxış edir ki, enerji amili heç bir halda istehlakçı dövlətlərə qarşı siyasi təzyiq vasitəsinə çevrilməməlidir. Enerji sektoru, həmçinin Azərbaycanla Ukrayna arasında getdikcə genişlənən əməkdaşlığın ənənəvi istiqamətidir. Bu sahədə hər iki tərəf öhdəliklərini yüksək səviyyədə yerinə yetirir. Yeri gəlmişkən, Prezident İlham Əliyev “Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var. Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq. Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur”, - deyə bildirib.

Ukrayna 2021-ci ilin 11 ayı ərzində Azərbaycandan 486 milyon dollarlıq neft idxal edib. Həmin dövr­də Ukraynanın ümumi neft idxalının 695 milyon dollar olduğunu nəzərə alsaq, görərik ki, bu ölkənin neft təchizatında Azərbaycanın payı 70 faizə bərabərdir. Bu, o deməkdir ki, Ukraynanın enerji təhlükəsizliyində respublikamız mühüm rol oynayır.

Əməkdaşlığın perspektivləri

Ötən dövrdə Azərbaycanla Ukrayna arasında 155 sənəd imzalanıb. Prezident İlham Əliyevin Ukraynaya son səfəri çərçivəsində tərəflər daha 6 sənəd imzalayıblar. O cümlədən dost ölkələrin dövlət başçıları tərəfindən  Birgə Bəyannamə imzalanması hər iki dövlətin tərəfdaşlıq münasibətlərinin inkişafına güclü siyasi iradə göstərdiyini əyani şəkildə təsdiqləyir. Bundan başqa, səfər çərçivəsində iki ölkə arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş, “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında”, “Aqrar sahədə əməkdaşlıq haqqında”, “Energetika sahəsində əməkdaşlıq haqqında” və “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma memorandumları imzalanıb. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın perspektivləri barədə konkret təsəvvür yaradır. Tam inamla deyə bilərik ki, Azərbaycan və Ukrayna arasında əməkdaşlıq tarixində keyfiyyətcə yeni bir səhifə açılıb. “Bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir”, - deyə Prezident İlham Əliyev bildirib.

Paylaş:
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31