Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / ABŞ-İran müharibəsi yenidən alovlanır?

ABŞ-İran müharibəsi yenidən alovlanır?

04.06.2026 [09:32]

Tərəflər qarşılıqlı olaraq raket hücumu həyata keçiriblər

ABŞ-la İran arasında atəşkəs əldə edildikdən sonra tərəflər yekun sülhlə bağlı hələ də razılığa gələ bilmir. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib. ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Ötən həftə isə  ABŞ Prezidenti Donald Trampın İranla münaqişənin həlli üçün saziş layihəsinin şərtlərini sərtləşdirdiyi barədə məlumatlar yayıldı. Məlumatı “The New York Times” nəşri mənbələrə istinadən yayıb. Bildirilirdi ki, yenilənmiş saziş baxılması üçün Tehrana təqdim edilib. Potensial sazişin mətnində edilən dəqiq dəyişikliklər məlum deyil, lakin qəzetin mənbələri Trampın İran aktivlərinin dondurulmasının mümkün ləğvi ilə bağlı müddəalardan narahat olduğunu bildirib. Bundan əlavə, Amerika lideri hesab edir ki, İran ABŞ təkliflərinə kifayət qədər tez cavab vermir.

Adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, Tramp danışıqlar prosesini sürətləndirmək və İrana təzyiq göstərməklə, onu əvvəllər təsdiq üçün İranın ali lideri Ayətullah Müctəba Xameneiyə göndərilmiş ilkin memorandum layihəsini qəbul etməyə inandırmaq üçün şərtləri sərtləşdirib. Qəzet xatırladır ki, Tramp 29 mayda Ağ Evin “Vəziyyət Otağı”nda İranla münaqişə ilə bağlı müşavirlərlə iki saatlıq görüş keçirib, lakin görüşdən sonra sazişlə bağlı heç bir qərar açıqlamayıb.

Tramp yazılı təsdiq istəyir

Bununla belə, Donald Tramp öz sosial şəbəkə platformasında İranla mümkün razılaşmanın, əsasən nüvə proqramı ilə bağlı məsələləri əhatə etdiyini bildirib və bu mövzunun sənəddə ətraflı şəkildə əks olunduğunu vurğulayıb.

Ötən gün isə “ABC News” mənbələrinə istinadla məlumat yayıb ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı öhdəliklərini yazılı şəkildə təsdiqləməsini istəyir. Telekanalın məlumatına görə, Vaşinqton və Tehran arasında davam edən danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədilə Tramp ilkin razılaşmanın tərkib hissəsi kimi İranın konkret nüvə güzəştlərini yazılı şəkildə rəsmiləşdirməsini tələb edir. Bildirilir ki, İran tərəfi indiyədək nüvə proqramı ilə bağlı müəyyən şərtlərə əməl edəcəyinə dair yalnız şifahi təminatlar verib. Lakin ABŞ Prezidenti bu öhdəliklərin kifayət qədər etibarlı olmadığını hesab edir.

ABŞ Dövlət katibi Marko Rubio isə Senatda keçirilən dinləmələr zamanı İranın nüvə proqramı ilə bağlı güzəştləri müzakirə etməyə hazır olduğunu bildirib. Bununla yanaşı, o vurğulayıb ki, danışıqların aparılması ABŞ-ı qane edəcək yekun razılaşmanın əldə olunacağına zəmanət vermir. Onun sözlərinə görə, Vaşinqton administrasiyası müəyyən şərtlər daxilində İranın nüvə enerjisindən istifadə etmək imkanına malik olacağına razılaşmağa hazırdır: “Əgər İran nüvə enerjisi istəyirsə, bunu təmin etmək üçün mexanizmlər mövcuddur. Dünyada nüvə enerjisindən istifadə edən, lakin uranı zənginləşdirməyən ölkələr var. Onlar, əlbəttə ki, uranı 60 faizə qədər zənginləşdirmirlər,  bunu qayanın altında və ya yeraltında etmirlər. Onların nüvə enerjisinə ehtiyacı varsa, ona sahib ola bilərlər. Bunun üçün müvafiq mexanizmlər mövcuddur. İranın problemi nüvə enerjisinə ehtiyacı olmasında deyil. İranın problemi ondadır ki, onun bütün hərəkətləri nüvə silahı inkişaf etdirmək istəyən ölkənin davranışı ilə uyğun gəlir”.

Rubionun sözlərinə görə, ABŞ-ın İranla danışıqlarda əsas tələblərindən biri Hörmüz boğazının açılmasıdır: “Blokadamızın qaldırılması müqabilində dərhal açılmalıdır. Biz İran neftinin buraxılışına blokada qoyduq və bunu etməmizin səbəbi boğazı bağlamalarıdır”.

ABŞ ordusu İranın raket və PUA-larını zərərsizləşdirib

Belə bir şəraitdə tərəflər qarşılıqlı olaraq raket hücumu həyata keçiriblər. ABŞ ordusu İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarını ələ keçirdikdən sonra Qeşm adasında yerüstü idarəetmə mərkəzinə zərbələr endirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “ABŞ ordusu iyunun 2-də Yaxın Şərqdə İranın hücumlarına cavab olaraq özünümüdafiə məqsədilə bir neçə ballistik raketi, eləcə də dronları uğurla vurub”, - deyə bəyanatda bildirilib.

Komandanlıq vurğulayıb ki, İran beş raket atıb və heç biri hədəflərə dəyməyib, ABŞ ordusu da üç dronu vurub: “ABŞ ordusu, həmçinin Qeşm adasında yerüstü idarəetmə mərkəzinə zərbələr endirib”.

CENTCOM Küveytdəki Amerika qüvvələrinə qarşı İranın PUA hücumunu dəf etdiyini açıqayıb. “Küveytdəki ABŞ qüvvələrinə hücum etməyə çalışan İran dronlarının daha bir dalğası nəzərdə tutulan hədəflərə çata bilməyib. Mərkəzi Komandanlığın hava hücumundan müdafiə qüvvələri bir neçə dronu uğurla vurub”, - deyə qurum “X” sosial şəbəkə hesabında paylaşım edib. Qeyd olunub ki, Amerika hərbçilərindən heç biri xəsarət almayıb.

İslam İnqilabı Keşikçiləri Korpusu isə ABŞ-ın Qeşm adasındakı İran hərbi obyektinə endirdiyi zərbələrə cavab olaraq Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də Amerika hava bazasına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Qeyd olunub ki, korpus Hörmüz boğazı yaxınlığında İran neft tankerinə endirilən zərbəyə cavab olaraq ABŞ-a bağlı gəmiyə hücum edib.

Tehran Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edib

İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun Hörmüz boğazında İran tankerinə və Qeşm adasında telekommunikasiya qülləsinə hücumlarını pisləyərək, Vaşinqtonun atəşkəs razılaşmasını və beynəlxalq hüququ pozduğunu bildirib. Rəsmi Tehran “ABŞ-ın region ölkələrinin ərazisi və imkanlarından İran əleyhinə təcavüzkar planların həyata keçirilməsi üçün istifadə etməsini” qınayıb, eyni zamanda, Küveyt və Bəhreynin ötən gecə ABŞ-ın hücumlarına görə birbaşa məsuliyyət daşıdığını qeyd edib.

Bəyanatda vurğulanıb ki, hər hansı ölkənin təcavüzkar tərəflərə İran əleyhinə hərbi hücumun həyata keçirilməsi və ya dəstəklənməsi üçün öz quru, dəniz və hava ərazisindən, yaxud həmin ərazidə yerləşən bazalardan istifadə etməyə icazə verməsi beynəlxalq hüququn əsas qaydalarının və mehriban qonşuluq prinsipinin açıq şəkildə pozulmasıdır. Tehran özünümüdafiə hüququnu özündə saxladığını və gələcək hücumların mənbəyini hədəf almaq da daxil olmaqla, bütün mövcud vasitələrdən istifadə edəcəyini bəyan edib.

Küveytin Mülki Aviasiya Baş İdarəsi isə Küveyt Beynəlxalq Hava Limanının əsas (T1) sərnişin terminalının İranın pilotsuz uçuş aparatları və raketləri ilə vurulmasından sonra fövqəladə hallar planının işə salındığını açıqlayıb. Hücum nəticəsində hava limanının bir sıra obyektlərinə ciddi ziyan dəyib, xəsarət alanlar var. Bəyanata əsasən, təhlükəsizlik məqsədilə Küveyt Beynəlxalq Hava Limanından həyata keçirilən bütün reyslər dayandırılıb, ölkəyə gələn təyyarələr isə növbəti göstərişədək alternativ hava limanlarına yönləndirilib. Texniki, təhlükəsizlik və fövqəladə hallar üzrə qruplar obyektlərə dəyən ziyanın həcmini qiymətləndirir, hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görürlər. Eyni zamanda, xəsarət alanların vəziyyəti nəzarətdə saxlanılır, hava limanında sərnişinlərin və əməkdaşların təhlükəsizliyinin təmin olunması üçün zəruri addımlar atılır.

Küveyt Müdafiə Nazirliyi isə vətəndaşlara və ölkədə yaşayan əcnəbilərə müraciət edərək, hava hücumlarının qarşısının alınması zamanı yaranmış qalıqlara, qəlpələrə və mənşəyi məlum olmayan əşyalara yaxınlaşmamağa çağırıb. Nazirlik bu cür predmetlərin ictimai təhlükəsizlik üçün risk yarada biləcəyini vurğulayıb, onların aşkarlanması halında dərhal aidiyyəti qurumlara məlumat verilməsini tövsiyə edib.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30