Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Hər iki ölkə vahid mövqedən çıxış edir

Hər iki ölkə vahid mövqedən çıxış edir

18.11.2021 [11:05]

Sabir Hacıyev: Moldova ilə ölkəmiz arasında əlaqələr müxtəlif sahələr üzrə daim genişlənməkdədir

Azərbaycan Respublikası müstəqillik əldə etdiyi ilk illərdən bütün sahələrdə regional və beynəlxalq inteqrasiyanı əsas götürərək xarici ölkələrlə istər ikitərəfli, istərsə də çoxtərəfli əlaqələri genişləndirməyi prioritet hədəflər kimi qarşıya qoyub. Məhz bu istiqamətdə yürüdülən siyasətin nəticəsidir ki, son illərdə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib. Bu baxımdan, Azərbaycan, işğalçı Ermənistan istisna olmaqla, bütün ölkələrlə hərtərəfli əlaqələri inkişaf etdirməyə və onları strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə qaldırmağa çalışıb. Bir vaxtlar eyni ittifaq tərkibində olduğumuz Moldova Respublikası ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinə də bu kontekst­dən yanaşmaq mümkündür.

Son 30 ildə Azərbaycanla Moldova arasında əlaqələrin müxtəlif sahələr üzrə daim inkişaf etdiyini bildirən Milli Məclisinin deputatı, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev deyib ki, iki ölkə arasında münasibətlər dostluq və əməkdaşlıq xarakteri daşıyır: “Vaxtilə keçmiş SSRİ-nin tərkibində təmsil olunduqları üçün Azərbaycan-Moldova münasibətlərinin inkişafı postsovet respublikaları ilə əlaqələrə xarakterik olaraq inkişaf edib. Son illərdə Moldova ilə ölkəmiz arasında münasibətlər müxtəlif sahələr üzrə daim genişlənməkdədir. Eyni zamanda, parlamentlərarası əlaqələr və qanunvericilik sahəsində əməkdaşlıq da inkişaf edir. BMT, MDB, Avropa Şurası, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), ATƏT, digər beynəlxalq və regional təşkilatlar çərçivəsində də iki ölkənin əməkdaşlığı yüksək səviyyədə davam edir. Moldova və Azərbaycan separatizmdən əziyyət çəkdikləri üçün hər iki ölkə beynəlxalq platformalarda da vahid mövqedən çıxış edir”.

Millət vəkili onu da bildirib ki, Azərbaycan-Moldova əlaqələrinin inkişaf etməsində müstəqillik əldə etdikdən sonra dövlət başçılarının qarşılıqlı səfərləri, eləcə də iki ölkə rəsmilərinin müxtəlif beynəlxalq təşkilatların tədbirləri çərçivəsində görüşləri mühüm rol oynayıb: “1997-ci ildə Moldovanın Prezidenti Petru Luçinskinin Azərbaycana ilk rəsmi səfərinin də iki ölkə arasında münasibətlərin genişləndirilməsində əhəmiyyəti böyük olub. Azərbaycan Prezidenti Heydər Əliyevin Moldova Prezidenti P.Luçinski ilə görüşü ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq üçün mühüm töhfə verib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı seçiləndən sonra iki ölkə arasındakı münasibətlər daha da inkişaf edib. Belə ki, 2004-cü ilin oktyabrından bəri dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əməkdaşlığı tənzimləyən çoxsaylı sənədlər imzalanıb. Həmçinin hər iki ölkə prezidentlərinin sayəsində Azərbaycanla Moldova arasında əlaqələr bütün sahələrdə inkişaf edib. 2017-ci ilin iyun ayında Moldova Prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından mühüm önəm kəsb edib. Səfər zamanı dövlət başçısını müşayiət edən Qaqauziya Muxtar Vilayətinin başkanı İrina Vlaxın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə də görüşü olub. İki ölkə rəhbərliyi arasındakı axırıncı yüksək səviyyəli görüşlərə gəlincə, Moldovanın dövlət başçısı İqor Dodon 2018 və 2019-cu illərdə VI və VII Qlobal Bakı forumlarında iştirak etmək üçün Azərbaycanda səfərdə olub”.

S.Hacıyevin sözlərinə görə, iqtisadi əlaqələrin müxtəlif platformalarda davam etdirilməsi də mühüm əhəmiyyət daşıyır: “Moldova bütün dövrlərdə iqtisadi, siyasi və digər sahələrdə Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlı olub. Məlum olduğu kimi, Moldova və Azərbaycan 1997-ci ilin oktyabrında yaradılan Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın (GUAM) təsisçiləridir. Moldova ilə iqtisadi əlaqələrimiz həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edir. Moldova və Azərbaycan arasında sosial-iqtisadi və mədəni sahələrdə də əlaqələr yüksək səviyyədədir. Azərbaycanın Heydər Əliyev Fondunun xətti ilə Qaqauziya bölgəsində həyata keçirdiyi bir sıra sosial layihələr bu gün də davam etdirilir. Moldovada iki ölkə arasındakı əlaqələrin inkişafında mühüm rol oynayan böyük Azərbaycan diasporu mövcuddur. Yeri gəlmişkən, Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsinin ildönümü - Zəfər Günü Moldovadakı dostlarımız və diasporumuz tərəfindən xüsusi mərasim və tədbirlərlə qeyd olunub”. 

Milli Məclisin ?ədri Sahibə Qafarovanın cari ilin oktyabr ayında Yunanıstana səfəri zamanı Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşünü xatırladan Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri S.Hacıyev deyib ki, həmin görüş Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu münasibətlərin inkişaf perspektivləri baxımından önəmli olub: “Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin vurğulandığı görüşdə ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli səfərlərin intensivləşməsinin vacibliyi qeyd edilib. Görüşdə Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin inkişafı, hökumətlərarası birgə komissiyanın fəaliyyətinə, siyasi və iqtisadi münasibətlərin son durumuna da toxunulub”.

Sonda deputat S.Hacıyev vurğulayıb ki, bundan sonrakı dövrdə də iki ölkə arasındakı münasibətlərin uğurla davam edəcəyinə şübhə yoxdur: “Ötən il noyabrın 15-də Moldovada keçirilən prezident seçkilərindən sonrakı 1 il ərzində iki ölkə arasındakı əlaqələrin yeni mərhələyə keçdiyini söyləmək olar. Belə ki, o vaxt Prezident İlham Əliyevin Moldovanın yeni seçilmiş dövlət başçısı xanım Maya Sanduya göndərdiyi təbrik məktubunda dostluq və əməkdaşlıq münasibətlərinin birgə səylərlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inam əks olunub. İki ölkə arasındakı münasibətlərin perspektivinə gəlincə, bir daha qeyd edim ki, MDB, GUAM, QDİƏT və digər regional təşkilatların üzvləri kimi Moldova və Azərbaycan arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın həm ikitərəfli, həm də bu təşkilatlar çərçivəsində bundan sonra da davam etdiriləcəyi şəksizdir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Qaşqay ZİYƏDDİNOĞLU

 

 

Paylaş
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31