Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Beynəlxalq münasibətlərdə Azərbaycan reallığı

Beynəlxalq münasibətlərdə Azərbaycan reallığı

08.01.2022 [00:09]

Yaxud Azərbaycanın yaratdığı reallıqlar beynəlxalq əməkdaşlığa və həmrəyliyə mühüm töhfə kimi

Nardar BAYRAMLI

Son illər qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da gərginləşdirib. Dünyada və bölgəmizdə gedən müxtəlif proseslərə baxmayaraq, uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, müstəqilliyin ilk illərindən Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında beynəlxalq siyasətdə fəal iştirak edir. Bu kontekstdə Avropa İttifaqı (Aİ) ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın iqtisadi inkişafına dəstək və siyasi maraqlarının müdafiə olunması üçün mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı ilə müxtəlif təyinatlı iqtisadi layihələr işlənib, təşkilata üzv ölkələrin enerji təhlükəsizliyini təmin edəcək beynəlxalq əhəmiyyətli karbohidrogen layihələri həyata keçirilib. Ölkəmiz, həmçinin beynəlxalq güclərin diqqətini Qarabağ münaqişəsinə və onun beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri çərçivəsində ədalətli həlli məsələsinə çəkməyə çalışıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatı və Təhlükəsizlik Şurasının qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərimizdən dərhal çıxarılması tələb edilib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə qələbə üçün tələb olunan 129 səsdən də çox - 155 səs əldə edib və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olub: “Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin mayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərindən biri idi. Azərbaycan 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə ən mühüm uğuru 2012-ci il mayın 4-də terrorçuluğa qarşı mübarizəyə dair öhdəliyin təmin olunması yolu ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda yüksək səviyyəli konfransın keçirilməsi oldu. Prezident İlham Əliyevin sədrlik etdiyi konfransın yekununda bəyanat qəbul olundu, terrorçuluğun bütün formaları və təzahürləri bir daha qətiyyətlə pisləndi, terrorizmin təbiətinin dəyişildiyi qeyd edildi, üzv dövlətlər beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı təhdid və ya gücdən istifadə etməmək öhdəliyini həyata keçirməyə çağırıldı. Dünyada ilk dəfə olaraq Azərbaycan BMT-nin təcavüzkar ölkəyə qarşı qəbul etdiyi, amma ikili standartlara görə icra olunmayan qətnamələrin icrasını 2020-ci ildə baş vermiş 44 günlük müharibədə qələbə qazanmaqla təmin etdi”.

S.Fətəliyeva qeyd edib ki, Azərbaycanın Avropa Şurası, ATƏT, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq təşkilatlarla əlaqələri var və bu münasibətlər davam edir. 2011-ci ildə isə ölkəmiz Qoşulmama Hərəkatına üzv olub. Onun fikrincə, Qoşulmama Hərəkatının tarixinin ən parlaq dövrünü Azərbaycan Prezidenti İlham Əliyevin təşkilata rəhbərlik etdiyi zamanda yaşadığını, desək, yanılmarıq: “Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi günlərdə dövlətimiz böhranın aradan qaldırılması məqsədilə ədalətli münasibət, bərabər paylaşım adı ilə müxtəlif tədbirlər keçirdi və təkliflər irəli sürdü ki, bunlar da təşkilat üzvləri və digər beynəlxalq təşkilatlar tərəfindən yekdilliklə qəbul olundu. Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı 2021-ci il dekabrın 16-da BMT-nin Baş Assambleyasında qətnamə qəbul edildi. Pandemiyaya qarşı mübarizədə Azərbaycan nümunəsi hər kəsə örnək kimi göstərilir. Bu müstəvidə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlaması, COVID-19 pandemiyasının dünyanı bürüməsi, Azərbaycanın yeni vəziyyətə çevik və adekvat reaksiyası, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunun yüksəlməsi istiqamətində uğurları kimi səciyyələndirilir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə - 2023-cü ilə qədər uzadılması rəsmi Bakının qlobal çağırışlara münasibətdə daha fəal rol oynamasına gətirib çıxaracaq. Artıq Azərbaycan nüfuzlu dövlətdir və Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq müstəvidə də dəstəklənir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

 

Paylaş
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31