Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Ölümsüzlük...

Ölümsüzlük...

22.12.2022 [10:50]

Bu mümkündürmü?

Tarix boyu dünyaya meydan oxuyan fatehlər, sərkərdələr, siyasətçilər, saysız-hesabsız insanları sözünün sehri ilə ovsunlayan şairlər, yazıçılar, filosoflar əbədi həyat arzusunda olublar.

Onların ölümsüz həyat axtarışı ilə bağlı müxtəlif əfsanələr, nağıllar yaranıb. Ölümə çarə tapmaq, əbədi həyat qazanmaqçün həmişə yollar axtarılıb, müxtəlif araşdırmalar, tibbi təcrübələr aparılıb. Müasir tibbin imkanları hələ ölümə çarə tapmasa da, əminliklə deyə bilərik ki, bizim ölümsüzlüyü qazanmaq şansımız Benjamin Franklindən daha çoxdu. Təkcə ona görə yox ki, Benjamin Franklin artıq sağ deyil, bizsə hələ yaşayırıq. Şanslı olmağımız həm də tibbin xeyli inkişaf etməsi ilə bağlıdır. Bu isə o deməkdir ki, Benjamin Franklinlə müqayisədə biz az da olsa, ölümsüzlüyə daha yaxınıq. Bəs nə üçün Benjamin Franklinlə? ABŞ-ın qurucularından biri, müstəqillik bəyannaməsinin müəllifi, intellektual zəkaya malik olan Benjamin Franklin 18-ci yüzillikdə ölümə təslim olmamaq istəyini, ona çatmağın təxmini, xəyali yolunu məşhur tibb tədqiqatçılarından birinə - Jak Dubourqa məktubla  yazmışdı.  Həmin məktub sonradan bəzi araşdırmaçılara inam, güc verdi, tibbdə yeniliklərə səbəb oldu. Benjamin Franklin amerikalı alimə yazdığı məktubda arzusunu belə ifadə edirdi: “Kaş elə bir  elmi uğur qazanardıq ki, onun sayəsində ölümə qalib gələrdik. Dondurulub, illər sonra yenidən həyata dönə bilərdik. Belə tibbi kəşf əldə edilsəydi, 100 il sonra Amerikanın necə olacağını bir günlüyə də olsa, öyrənmək şansı qazanardım”. Bu məktubun yazılmasından təxminən iki əsr sonra amerikalı fizik Robert Ettinger ölümsüzlük axtarışı ilə araşdırmalara  başladı. Ona Benjamin Franklinin məktubu ilham vermişdi. O, apardığı tədqiqatlara əsasən, bu qənaətə gəlmişdi ki, insanın dondurularaq əbədi həyat qazanması mümkündür. Amma  bu, yalnız ölüm anında reallaşdırıla bilər. Fizik elmə ilk olaraq cryonics, yəni bədəndondurma terminini gətirdi. Daha sonra məsələ bir qədər də ciddiləşdi. Amerikada ilk olaraq Cryonics İnstitutu yaradıldı.  Bədəndondurma üsulu ilə bağlı araşdırmalarda qurbağalar tədqiqatçılar üçün ən uğurlu nümunə oldu. Araşdırmaçılar maraqlı bir faktı üzə çıxartdılar. Sən demə, qurbağalar qış aylarından başlayaraq, havalar yenidən qızana kimi özlərini dondururlar. Həmin 4-5 aylıq müddətdə qurbağaların ürəyi döyünmür, damarlarında qan dövr etmir, nəfəs almırlar. Bir sözlə, onlarda heç bir həyat nişanəsi qalmır.

Cryonics İnstitutunda ölümsüzlük məqsədilə dondurulan ilk insan psixologiya üzrə professor Ceyms Bedford oldu. Hadisə 1967-ci il yanvarın 12-də baş verdi. Sonradan 8 nəfər də  Cryonics İnstitutunda donma qazanlarına salındı. Amma zamanla 9 nəfərdən 8-nin bədənində çürümə getdiyi məlum oldu. Buna İnstitutun soyutma sistemindəki problemlərin səbəb olduğu göstərildi. Maraqlıdır ki, bu problemlərə yalnız Ceyms Bedfordun bədəni tab gətirdi. O, indiyə kimi donma qazanında saxlanılır.

Bu gün dünyada ölü bədənləri nə vaxtsa yenidən həyata qaytarmaq məqsədilə yaradılan onlarla şirkət, araşdırma institutu var. Onlardan ən məşhuru Amerika Birləşmiş Ştatlarının Arizona ştatındakı Alcor şirkəti, Miçiqandakı Cryonics İnstitutudur. Təkcə Alcor şirkətində 200-ə qədər dondurulmuş bədən bir gün yenidən həyata qaytarılacağı ümidi ilə qazanlarda saxlanılır. Amma bədəndondurma kifayət qədər bahalıdır.   Şirkət ölünün bütün bədənini dondurmaq üçün onun yaxınlarından 200 min, yalnız başın dondurulması üçünsə 80 min ABŞ dolları tələb edir.

ABŞ-dan sonra 2005-ci ildə Rusiyada da bədəndondurma ilə məşğul olan mərkəz yaradıldı. “KrioRus” adlanan bu mərkəzdə ilk dondurulan şəxs 80 yaşında Sank-Peterburqda ölən riyaziyyat müəllimi Lidiya Federenko oldu. Bu günə qədər mərkəzdə 4 nəfərin dondurulduğu məlumdur.

Türkiyənin ilk cryonicsistlərindən biri isə Güner Kubandır. O, 1992-ci ildə  “Alcor”la razılaşaraq şirkətin Türkiyədəki təmsilçisi olub. Müsahibələrindən birində 16 nəfərin bu şirkətə müraciət etdiyini bildirib. Məxfiliyi qorumaq üçün onların kim olduğunu açıqlamayıb.

Araşdırmaçılar inanırlar ki, başın, daha doğrusu, beynin dondurulması Nano texnologiyaya olan böyük ümiddən qaynaqlanır.  Onlar düşünürlər ki, gələcəkdə insan beynindəki bilgiləri asanlıqla kompüterə, ya da robota köçürmək mümkün olacaq. Beləliklə, beyni köçürülmüş insan həyata qaldığı yerdən, amma fərqli, həm də ölümsüzlük qazanan bədənlə davam edəcək. “Alcor” şirkətinin yaradıcısı Maks Mor ölmüş insanların yaxın 100 ildə canlandırıla biləcəklərinə şübhə etmədiyini deyib. Bildirib ki, əslində, biz bədənləri torpağa tapşırmaqla onları ölümə məhkum edirik.

Bəs bədəndondurma prosesi nədən ibarətdir? Təbii ki, bədənlərin dondurulması insanların soyuduculara qoyulub uzun illər orada saxlanılması demək deyil. Əvvəlcə onu qeyd etmək lazımdır ki, dondurucu qazanlarda saxlanılan bədənlər rəsmi olaraq ölmüş sayılırlar. Dondurma prosesi şirkətlərin tələb etdiyi haqq  ödəniləndən sonra başlayır. İlk əməliyyat bədənin dondurucu dərəcəyə qədər soyudularaq, ani ölümdən sonra orqanların zədələnməsinin qarşısını almaqdan ibarətdir. Daha sonra bədənə maddələr mübadiləsinin sürətini azaldan dərmanlar yeridilir. Oksigen səviyyəsini balanslaşdırmaq məqsədi ilə süni nəfəs aparatı qoşulur. Qan dövranını davam etdirmək üçün süni ürək döyüntüsü bərpa edilir. Bundan sonra qan bədəndən tamamilə boşaldılır. Qanın əvəzinə bədənə donma əleyhinə kimyəvi maddə vurulur. Çünki insan bədəninin ən azı 60 faizi mayedən ibarətdir. Həmin kimyəvi maddənin donması damarlarda, orqanlarda ciddi xəstəliklərə səbəb ola bilər. Beləliklə, dondurma prosesi zamanı donmadan zərər görə biləcək orqanlar və bədənin temperaturu balanslı şəkildə qorunur. Daha sonra bədənlər paslanmaz qazanlara qoyulub həyata qaytarılacaqları günə kimi saxlanılır. 

Bəs bu vaxta kimi dondurulan ölülərdən kimsə həyata qayıdıbmı? İndiyə kimi yalnız bir köpək dondurulandan sonra dirildilib. Hadisə 1992-ci ildə Kaliforniya Universitetində baş verib. Professor Paul Segal ölmüş sevimli iti Milesin bədənindəki bütün qanı boşaldıb, sonra onu dondurub. 70 dəqiqədən sonra qanı yenidən itin bədəninə vurub. Beləliklə, it həyata qayıdıb.

Hələ ki, dondurulandan sonra ölümsüzlük qazanan insan olmasa da, alimlər bunun baş verəcəyinə ümidlidirlər.

Səfurə ÇƏRKƏZQIZI

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28