Yatsek Palkeviç: Bakı öz markasını və “Şərqin Parisi” fəxri adını ləyaqətlə qoruyub saxlayır
02.06.2017 [10:03]
Elə şəxsiyyətlər var ki, onlar hələ sağlığında ikən dünya tarixində iz qoyur və əfsanəyə çevrilirlər. “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” zabit ordenli, Rus Coğrafiya Cəmiyyətinin və London Kral Coğrafiya Cəmiyyətinin üzvü, Qızıl Xidmət Xaçına və “Kilsə qarşısında xidmətlərinə görə” Xaça layiq görülmüş, 30 kitabın və Avropanın məşhur jurnallarında dərc edilmiş yüzlərlə reportajın müəllifi...
Adı güclü hissiyyatların və kişilərə aid sərgüzəştlərin sinoniminə çevrilmiş bu əfsanəvi şəxsiyyətin mükafatlarını çox sadalamaq olar. Lakin sizi çox intizarda qoymayacağıq: söhbət polşalı əfsanəvi reportyor və tədqiqatçı Yatsek Palkeviç haqqındadır.
Yatsek Palkeviçin dünya sərgüzəştləri janrında yazdığı maraqlı məqalələr müəllifin cəsarətinə dəlalət edir. Onun rəhbərlik etdiyi ekspedisiyalar dəvə belində Qobi səhrasından və Böyük səhradan keçib, “piroqa” deyilən qayıqlarla Borneo adasının bir sahilindən digərinə üzüb, Skeletlər sahili səhrasını pay-piyada, Oymyakon ətrafında soyuq qütb dairəsini isə maral arabalarında gəzib-dolaşıb, Avropa ilə Asiya arasında sərhəd xəttini dəqiqləşdirməyə çalışıb, Dersu Uzalanın izi ilə səyahətə çıxıb. 1994-cü ildə “Trud” qəzetinin dəstəyi ilə onun təşkil etdiyi, 5 ölkənin kosmonavtlarının daxil olduğu heyət Krasnoyarsk diyarının ekologiyası ilə bağlı missiyanı uğurla həyata keçirib. Bu missiyanın üzvləri Yer kürəsinin bütün sakinlərini planetimizin qorunub saxlanmasına qoşulmağa çağırırdılar. Pan Palkeviçin könüllü şəkildə “qəzaya uğramış” səyyah rolunda xilasedici qayıqla Atlantik okeanı üzüb keçməsi isə onda xüsusi qürur doğurur. 1982-ci ildə Palkeviç peşəkar səyyah kimi müstəsna təcrübəsindən istifadə edərək Avropada ilk Salamatqalma Məktəbi yaradıb. O, ağır iqlim zonalarında ekstremal şəraitdə insanın imkanlarının hüdudlarını tədqiq edib. Antiterror briqadalarını cəngəlliklərdə və səhrada fəaliyyətə hazırlayıb, Cənubi Amerikada Fövqəladə Hallar Nazirliyinin xilasediciləri üçün təlim keçib. 1998-ci ildə səyahətlər haqqında ən yaxşı kitabın müəllifi kimi “Kəhrəba Kəpənək” Qran-prisinə layiq görülüb. 1996-cı ilin yayında Rus Coğrafiya Cəmiyyətinin üzvü kimi bu cəmiyyətin bayrağı altında XX əsrin son coğrafi kəşfinin müəllifi olub. Onun rəhbərlik etdiyi beynəlxalq elmi ekspedisiya böyük Amazon çayının mənbəyinin dəqiq yerini müəyyən edib. Bu ekspedisiyanın işinin nəticələri həmin çayın uzunluğunu “artıraraq” 7000 kilometrə çatdırmağa imkan verib. Beləliklə, hazırda Amazon çayının uzunluğu Nil çayının uzunluğundan 300 kilometr çoxdur. 2011-ci ildə Perunun hakimiyyət orqanları həmin kəşfin şərəfinə Amazon çayının mənbəyində abidə və xatirə lövhəsi ucaldıb.
Əfsanəvi səyyah 75 illik yubileyi ərəfəsində Bakıya dörd günlük səfərə gəlib. Səfər qrafikinin çox gərgin olmasına baxmayaraq, həyatsevər və ünsiyyətcil Pan Yatsek AZƏRTAC-ın müxbirinə müsahibə verməyə həvəslə razılaşıb.
Polşalı tədqiqatçı söhbətin əvvəlində deyib: “İkinci dəfədir ki, Azərbaycan paytaxtına gəlmişəm. Bakıda ilk dəfə 25 il bundan əvvəl olmuşam. Buna görə əvvəlcə şəhərinizlə tanış olmaq, bu müddətdə onun necə dəyişdiyini yəqin etmək istədim. Səfərimin qrafiki çox gərgin olduğu üçün yalnız ölkənizin paytaxtına tamaşa edə bildim, Azərbaycanın regionlarına getməyə, təəssüf ki, macal tapmadım. Amma Bakının demək olar ki, bütün görməli yerlərində oldum, İçərişəhəri gəzdim, onun Bakının ümumi kompozisiyası ilə çox harmonik şəkildə uzlaşmasını yəqin etdim. Bakıda qədim memarlıq nümunələri və müasir tikililər bir-birini çox gözəl tamamlayır. Azərbaycanda çoxlu dostlarım və tanışlarım var, bu dörd gündə onların siyahısı xeyli genişlənib. Gələcəkdə sizin bu gözəl diyarınıza yenə gəlməyi və onun təbii gözəllikləri ilə əməlli-başlı tanış olmağı planlaşdırıram. Bu gün isə ötən 25 ildə Bakının tanınmaz dərəcədə dəyişdiyini, onun daha da gözəlləşdiyini deyə bilərəm. Tarixdən bilirik ki, XIX əsrin sonlarında Bakı əsasən neft bumu səbəbindən çar Rusiyasının iri şəhərlərindən birinə çevrilib. Həmin illərdə Azərbaycan paytaxtının simasında Avropa cizgiləri yaranıb: Qotika və Barokko üslublarında tikilmiş binalara ağ daşdan üzlük çəkilib, bu binalar qeyri-adi möhkəmliyi ilə fərqlənir. Şəhərin arxitekturasına çox böyük xərc çəkildiyinə görə o vaxt Bakını “Şərqin Parisi” adlandırırdılar. Mübaliğəsiz və diplomatiyasız, tam səmimiyyətlə deyə bilərəm ki, Bakı öz markasını və 100 il bundan əvvəl qazandığı “Şərqin Parisi” fəxri adını ləyaqətlə qoruyub saxlayır.
- XIX əsrin sonu - XX əsrin əvvəlində Azərbaycandakı polyakların həyatı Azərbaycan xalqının tarixinin bir hissəsi olub. Axı burada yaşayan, işləyən, ailə quran bu insanlar həm də ölkənin ictimai həyatında fəal iştirak edir, üstəlik, Azərbaycanın mədəniyyətinə, onun sənayesinə layiqli töhfə verirdilər. Bu barədə Sizin fikrinizi bilmək istərdik.
- Əsl sənətkarlar bütün yaradıcılıq yolunda bir başlıca məsələni həll etməyə - həyatın mənasını öyrənməyə, anlamağa, açıqlamağa çalışırlar. Onlar keçmişi, indiki və gələcək zamanı eyni bir dövrdə birləşdirməyə çalışır, Tanrının onlara bəxş etdiyi yaradıcılığın mənasını tapmağa cəhd edirlər. Elə buna görə mən də artıq bir neçə onillikdir ki, Bakının memarlığında “Polşa izi” məsələsi ilə maraqlanıram. Bu, ilk növbədə, görkəmli memar və rəssam, XIX əsrin sonu - XX əsrin əvvəlində Bakının baş memarı olmuş Yozef Qoslavskinin yaradıcılığına aiddir. Qoslavskinin memarlıq baxımından ən yaxşı və ən möhtəşəm əsəri yəqin ki, keçmiş Şəhər Dumasının, indiki Bakı şəhər İcra Hakimiyyətinin binası olub. Bu binanın təməli 1900-cü ilin may ayında qoyulub. Layihə müəllifinin öz yaradıcı fantaziyasını məhdudlaşdırmaması üçün binanın tikintisi səxavətlə maliyyələşdirilib. Bu binanın monumentallığı, onun gözəlliyi Bakının əfsanəvi zənginliklər şəhəri olması barədə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda yayılmış bir fikri əyani şəkildə təsdiqləyir. Bakıda polşalı memarların layihələri əsasında tikilmiş binaların siyahısını davam etdirmək olar. Mənim bildiyimə görə, onlar Bakıda təxminən 200, bəlkə də daha çox bina tikiblər. Bir sözlə, polyaklar onlar üçün doğmalaşmış Bakının nadir memarlıq simasının formalaşmasında mühüm rol oynayıblar. Yozef Qoslavski ömrünün sonuna qədər Bakının baş memarı vəzifəsində çalışıb. Digər polyak - Konstantin Borisoqlebski dörd il Bakının memarı olub. Gəncə şəhərinin Baş Planını İqnati Kşiştaloviç hazırlayıb, Tağıyev Teatrının layihəsini Pavel Koqnovitski verib. Sonradan bir neçə il Tiflisdə işləyən Koqnovitski oktyabr inqilabından sonra Bakıya qayıdıb. XX əsrin əvvəlində Azərbaycan neft sənayesinin təşəkkülünə sanballı töhfələr vermiş istedadlı mühəndis Pavel Pototskinin adı ilə bağlı əfsanələr yaranmışdı. Ötən əsrin əvvəlində Bibiheybət buxtasında görülən işlərə başçılıq etmək üçün onu Sankt-Peterburqdan Bakıya dəvət etmişdilər. Məhz onun mühəndis istedadı, məqsədyönlü fəaliyyəti sayəsində dəniz məkanının bir hissəsini quru ilə birləşdirməyə imkan verən bu layihə dənizin dibindən neft hasilatının əsasını qoyub.
- Son olaraq Azərbaycan xalqına nə arzu etmək istərdiniz?
- Mən hiss edirəm ki, Azərbaycan sakinləri öz soyköklərinə bağlı, ənənələrə, mədəniyyətə böyük sevgi ilə yanaşan insanlardır. Xalqın, dövlətin gücü, insanların gözəlliyi bundadır. Son onilliklərdə Azərbaycan sürətlə inkişaf edir, ölkəniz yüksəliş yolundadır, mən də səmimi qəlbdən arzu edirəm ki, bu uğurlar davamlı olsun.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34

