Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İlk təhsil Azərbaycan dilində olmalıdır

İlk təhsil Azərbaycan dilində olmalıdır

14.12.2021 [11:19]

Başqa dildə təhsil aldıqca nəsildən-nəslə dilimizi ötürməkdə çətinlik çəkəcəyik

Məclisdən kənar söhbətlər

Günel Abbasla

(Əvvəli ötən sayımızda...)

“Məclisdən kənar” rubrikasının növbəti - ikinci qonağı Milli Məclisdə Gəncə şəhəri 40 saylı seçki dairəsini təmsil edən Musa Quliyevdir. İlk ali təhsilini tibb üzrə alan və uzun illər bu sahədə çalışan Musa Quliyev hazırda parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Deputatla müsahibəmizə doğulub boya-başa çatdığı Zəngəzur eli ilə bağlı soruşmaqla başladıq. Həmsöhbətimiz deyir ki, Zəngəzur təkcə şairlər üçün deyil, bütün Azərbaycan üçün əvəzsizdir. O, bu yerləri şərəfli qəhrəmanlıq tariximizin məskəni kimi qiymətləndirir. Qalanını müsahibimizin öz sözlərindən eşidək...

Yaxın illərdə işsizlik probleminin həllini görmürəm

- Vətəndaşlardan gələn suallarla davam edək: Millət vəkili kimi bu gün ölkədəki hansı məsələlərdən şikayətçisiniz?

- Hazırda ölkəmizdə bir nömrəli problem işsizlik və məşğulluq problemləridir. Koronavirus pandemiyası başlayandan dünyada bu proses hökm sürür. Əfsus ki, yaxın illərdə bu problemin həllini görmürəm.

Bu gün əsas problem iş yerinin olmaması deyil

- Bəs problemin həlli istiqamətində hansı addımlar atılmalıdır?

- Texnologiyanın inkişafı insan əməyinə ehtiyacı azaldır. 20 il əvvəl müəssisələrdə bir məhsulu hazırlamaq üçün 20 adama ehtiyac var idisə, texnologiyanın köməyi ilə eyni işi artıq iki nəfər icra edir. Deməli, biz 18 adam üçün yeni iş yerləri tapmalıyıq. Əvvəllər hər küçədə çəkməçi və saatsazlar, müxtəlif texniki əşyaların ustaları var idi. İndi onların heç biri yoxdur, tədricən bəzi peşələr sıradan çıxır. Elektronika əşyalarının çoxu birdəfəlik işlətmək üçün istehsal edilir. Nəticədə yeni peşələr yaranır. Mən qorxuram, 10-15 il sonra robotlarla insanların müharibəsi başlasın. Amerikada işlərin çoxunu robotlar görür. O zaman biz orta məktəbdə uşaqları yeni dünyada çalışa biləcəkləri yeni peşələrə hazırlamalıyıq. İkinci istiqamət ixtisaslı peşə sahiblərini artırmaqdan ibarətdir. Məşğulluq xidməti ilə çox işləyirik, bu gün əsas problem iş yerinin olmaması deyil. Məsələ ondan ibarətdir ki, işaxtaranla iş yeri arasında əlaqə qurmaqda çətinlik çəkirik.

İnsanların sosial müavinət və əlillik dərəcəsi istəməyinin səbəbi budur

- İndi gənclər ixtisaslarına uyğun iş tapsalar da, işverənlərin təcrübə tələb etməsi vəziyyəti mürəkkəbləşdirir. Bundan çıxış yolu nədir?

- Bəzən gənclər iş üçün bizə müraciət edirlər. Hələ ali məktəbi bu il bitirən şəxsdən bütün özəl sektorlar 5 il iş təcrübəsi istəyir. Bəs bu adamlar təcrübə müddətini harada toplasınlar?! Ona görə də ən birinci problem məşğulluğun təmin olunmasıdır. İnsanların sosial müavinət və əlillik dərəcəsi istəməyinin səbəbi də budur. İşlədiyi sahədə əməkhaqqı onun tələbatını kifayət qədər ödəmir, nəticədə əlavə yardıma ehtiyac duyur.

6 saatlıq iş rejiminə keçsək...

- İş tapanların da vaxtları istismar olunur...

- Yeni, əlavə iş yerlərinin açılması və bu halların baş verməməsi üçün əmək məhsuldarlığını artırmalıyıq. 8 saatlıq iş rejimindən 6 saatlıq rejimə keçsək, əlavə iş yerləri də açılacaq. Böyük marketlərdə, şadlıq saraylarında bir çox işçinin iş vaxtı 10 saatdır. Ciddi cərimələr tətbiq olunsa, belə halların sayı minimuma enəcək.

Onlar bizdən daha vətənpərvərdirlər

- Bəzən yaşlı nəsil gənclərin indiki inkişafı və gələcəkləri ilə bağlı narahatlıqlarını dilə gətirir, şikayətlənirlər. Siz necə düşünürsünüz, gənclərə inanırsınız?

- Bisütun kitabələrində belə o zamankı gənclərin savadsızlığından şikayət edilir. Hətta orada yazılır ki, o zamankı gənclik gələcəkdə cəmiyyəti böyük fəlakətlərə sürükləyəcək. Ancaq heç bir fəlakət olmadı, əksinə, cəmiyyət bu gün rəqəmsal texnologiyalar dövrünə gəlib çıxdı. Yaşlı nəsil konservativdir və gəncliyi də özü kimi görmək istəyir. Ancaq bu, mümkün deyil. Biz gənclərə daha çox inanmalıyıq, onların bizdən savadlı olmasını qəbul etməliyik. Həyatın dinamizmi gəncliklə bağlıdır. Mən bugünkü Azərbaycan gəncliyinə inanıram. Qarabağı işğaldan azad edən bizim nəsil yox, gənc nəsil oldu. Deməli, onlar bizdən daha vətənpərvərdirlər. Gənclər bizimlə müqayisədə azad və kreativdir. Biz sovet dövrünün, onlar isə müstəqil Azərbaycanın yetirmələridir. Gənclərə bir tövsiyəmiz ondan ibarətdir ki, milli-mənəvi dəyərlərə sadiq qalsınlar. Milləti var edən, yaşadan onun milli kimliyidir. Türk kimliyimiz, islam mənəviyyatımız, ana dilimiz yaşamalıdır, nəsildən-nəslə ötürülməlidir.

Azərbaycan dilində təhsil alanlar əsl azərbaycanlı kimi düşünəcəklər

- Bu gün ana dilimizi qorumağı nə qədər bacarırıq?

- Mənim üç övladım var, onların hər biri orta məktəbi Azərbaycan bölməsi üzrə bitirib. İndi ingilis dilini də, rus dilini də bilirlər. Məncə, Azərbaycan dilində təhsil alanlar əsl azərbaycanlı kimi düşünəcəklər. Başqa dildə təhsil alanlar da kifayət qədər vətənpərvərdirlər. Lakin başqa dildə təhsil aldıqca nəsildən-nəslə dilimizi ötürməkdə çətinlik çəkəcəyik. Yavaş-yavaş ana dilində danışan, bu dildə təhsil alan nəsli itirəcəyik. Bu mənada, xüsusən ilk təhsil Azərbaycan dilində alınmalıdır. Hər şeydən əvvəl, öz mədəniyyətimizi, musiqimizi, mifologiyamızı öyrənməliyik. Ümummilli lider azərbaycançılıq ideologiyasını yaradarkən onun üç istiqamətini müəyyən etmişdi. Onlardan biri, heç şübhəsiz, dövlətçilik idi. Mehriban xanım Əliyevanın apardığı siyasətin mühüm bir hissəsi də məhz mənəvi dəyərlərin qorunması və təbliğindən ibarətdir. Öz dəyərlərimizə sahib çıxmalıyıq. Ermənilər soysuz-köksüz bir millətdir, ancaq bizdən gördükləri hər şeyi öz adlarına çıxarırlar. Hesab edirəm ki, gənclərimiz nə qədər müasir biliklərə yiyələnsələr də, nə qədər çox dilləri öyrənsələr də, milli dəyərləri öyrənib yaşatmalıdırlar.

Övladlarımın hər üçünə təklif etdim ki...

- Yaşlı nəsli konservativ adlandırdınız. Bu, sizdə necədir, övladlarınızın peşə seçiminə qarışıbsınız?

- Valideynin övlad qarşısında borclarından biri onları öz qərarlarını verə biləcək şəkildə yetişdirməkdir. Övladlarımın hər üçünə təklif etdim ki, həkim olsunlar, ancaq təkid etmədim. Qızlarımdan biri iqtisadçıdır, digəri hüquqşünasdır. Oğlum isə memarlıq sahəsində təhsil alır. Düşünürəm ki, kifayət qədər prioritet düşüncəli gənclərdir və həyatda öz yerlərini tapırlar.

“Azərsu” açıqlama verdi ki, deputat yalan deyir, Gəncədə su var

- Yenə bir vətəndaş sualı ünvanlanıb: Deputatlar niyə millət vəkili kimi vətəndaşlara daha yaxın olmurlar?

- Deputatın qanunla müəyyən olunmuş fəaliyyəti 3 istiqamətdən ibarətdir. Bu istiqamətlərdən ikisi qanun layihələrini hazırlamaq, müzakirə etmək, Milli Məclisin sədrinin tapşırıqlarını yerinə yetirməkdir. Üçüncü istiqamət isə, seçicilərlə işləməkdir. Vətəndaşlar da gərək deputatlarla əlaqə yaratmağa çalışsınlar. Deputat və millət vəkili anlayışları sinonim anlayışlardır. Deputatla bağlı şikayət edən adamlar konstitusiyanı oxuyub deputatın vəzifəsini öyrənməlidir. Vətəndaş bilməlidir ki, deputat nəyi edə bilər, nəyi yox. Elə olur ki, ayda iki dəfə seçicilərlə görüş keçiririk, hər gün köməkçimə gələn müraciətlər barədə mənə məlumat verilir. Ancaq elə məsələlər var ki, deputat bunu həll edə bilmir. Məsələn, biri evinin təmir olunmasını tələb edir. Deputat öz növbəsində bu müraciəti icra hakimiyyətinə çatdırmalı və işin icra olunacağı vaxtı gözləməlidir. Yayda Gəncədə su kəsilmişdi, vətəndaşlar ağacların susuzluqdan quruması ilə  bağlı mənə müraciət ünvanladı. Öz növbəmdə “Azərsu” ilə əlaqə yaratdım, ancaq sonda “Azərsu” açıqlama verdi ki, deputat yalan deyir, Gəncədə su var. Deputat burada artıq heç nə edə bilmir.

Bəzən də bizdə deputatın fəaliyyətini Türkiyə sistemi ilə müqayisə edirlər. Amma oradakı idarəetmə sistemi ilə bizdəki səlahiyyətlər fərqlidir.  Bizdə deputat yalnız icra orqanı ilə vətəndaş arasında körpü yarada bilir.

Deyirlər ki, Musa Quliyevi bir dəfə şəhid evində görməmişik

- Xüsusilə, yeni seçilən parlamentarilər sosial mediada aktiv şəkildə öz fəaliyyətlərini, seçicilərlə görüşlərini qeyd edirlər. Niyə bu məsələlərdə sosial şəbəkələrdə fəal deyilsiniz?

- Hər dəfə Gəncəyə gedəndə şəhid evlərini ziyarət edirəm, qəbulumda, ən azı, 15-20 ailə olur. Lakin onu feysbukda, ya da digər şəbəkələrdə paylaşmıram. Şəhid övladının başını sığallayıb şəkil çəkdirməyi o uşağa qayğı yox, özümüreklam kimi görürəm. Bəzi adamlar da deyirlər ki, Musa Quliyevi bir dəfə şəhid evində görməmişik. Axı o evlərə mənimlə bir yerdə getmirlər. Bəlkə də, deputatın gördüyü işləri göstərməyi əhəmiyyətlidir. Amma seçici ilə deputat arasında olan görüşlərin hər birini ictimailəşdirməyə məcbur deyilik.

Deputat idarəedilən tərəf olmalıdır

- Bunu bütün deputatların fəaliyyətinə şamil edə bilərik?

- İnsan gərək birinci növbədə ədalətli olsun. Bu namizədliyi partiya irəli sürüb. Biz də vəzifəmizi yerinə yetirməliyik. Deputat insanlara gücü çatan qədər yardım etməlidir, gücü çatmayanda isə vətəndaşa qarşı açıq olmalıdır. Deputatla işləmək üçün gərək seçici də təşəbbüskar olsun. Deputat idarəedilən tərəf olmalıdır, onu idarəedən tərəf isə xalqdır. Daim deputatlarla əlaqə saxlayıb, onlardan problemlərinin həllini tələb etmək lazımdır.

Uşaqpulu məsələsi “Soros” tərəfindən ortaya atıldı

- Bir vətəndaş uşaqpulu verilməsi məsələsinə aydınlıq gətirməyinizi xahiş edir...

- Uşaqpulu məsələsi 2018-ci il prezident seçkiləri zamanı “Soros” tərəfindən ortaya atıldı. İnsanları sosial problemlərlə iqtidardan üz döndərməyə çalışdılar. Ancaq Prezident onların bu əməllərinin baş tutmasına imkan vermədi, əməkhaqları artırıldı, nəticədə təxribatlar nəticə vermədi.

Sovet dönəmində bu sosial müavinət bütün uşaqlara verilirdi. Müstəqilliyimizin ilk illərindən başlayaraq 2006-cı ilə qədər isə uşaqpulu yalnız aztəminatlı ailələrin uşaqlarına verildi. İndi isə uşaqlarla bağlı 13-ə yaxın müavinət növü var. Yenə də aztəminatlı ailələrin uşaqlarına uşaqpulu verilir. O cümlədən həqiqi hərbi xidmətdə olanların, şəhid uşaqları ilə, valideyn himayəsini itirmiş, əlilliyi olan uşaqlarla əlaqədar, 3 yaşa qədər uşağa baxmaqla bağlı və yaxud 1 yaşa qədər uşağa görə ayrı-ayrı müavinətlər də var. Düşünürəm ki, bu müavinətlər kifayətdir.

Aztəminatlı ailələrin uşaqlarına sosial müavinət ödənilməsi ən yaxşısıdır

- Məsələnin dövlət büdcəsi ilə əlaqəsi varmı?

- Bu gün dövlət tərəfindən təkcə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 2,2 milyard manat vəsait ayrılıb. Bütün uşaqlara uşaqpulu verilməsi üçün gərək büdcədən 3 milyard vəsait ayrılsın. Axı büdcə məsələləri balanslaşdırılmalıdır. Büdcəyə daxil olan pul vergidən, rüsumdan və Neft Fondundan transfer nəticəsində yığılır. Bunu etmək üçün ya rüsumlar və vergilər, ya da Neft Fondundan transfer artmalıdır. Axı neftin sabahkı qiymətinə də etibar yoxdur, həmçinin tükənən ehtiyat olduğuna görə onu gələcək nəsillər üçün də saxlamalıyıq. Vergi artdıqda isə insanların rifahı aşağı düşəcək. Hər kəsə uşaqpulu vermək və onları razı salmaq üçün vahid məbləğ təyin etmək də çətindir. Eləcə də bütün uşaqlara bu müavinət ödənilsə, bu, imkanlı ailələrə də şamil ediləcək. Ondansa, aztəminatlı ailələrin uşaqlarına sosial müavinət ödənilməsi ən yaxşısıdır.

Şairlik fəaliyyətim cəmiyyətdə tanınmağım üçün stimul rolunu oynadı

- Sizə siyasət yoxsa, şairlik daha yaxındır?

- Siyasətlə məşğul olmaq məni şeirdən bir qədər uzaqlaşdırdı. Daha çox publisistika ilə məşğul olmağa başladım. Ömrümün təxminən 15 ilini Zəngəzurla bağlı yazmağa həsr etdim. Xoşbəxtəm ki, şairlik fəaliyyətim cəmiyyətdə tanınmağım üçün bir stimul rolunu oynadı.

Deputat həmkarlarıma tövsiyə edərdim ki...

- Bəzən deputatlar mətbuata hər hansı mövzuda açıqlama vermək istəmirlər...

- Deputat ictimai xadimdir və ictimaiyyətə də açıq olmalıdır. KİV isə cəmiyyətlə dövlət arasında körpüdür. Bu səbəbdən deputat həmkarlarıma tövsiyə edərdim ki, mediaya açıq olsunlar. Biz özümüz öz problemlərimizi işıqlandırmalı, onlar barəsində danışmalıyıq. Partiya qəzeti olmağınıza baxmayaraq, müsahibə əsnasında çoxlu radikal suallar ünvanladınız. Elə ən doğrusu da budur, tənqid bizim öz içimizdə olmalıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

Paylaş
Baxılıb: 247 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31