Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Strateji əməkdaşlığa söykənən qarşılıqlı etimad

Strateji əməkdaşlığa söykənən qarşılıqlı etimad

13.02.2026 [11:14]

Azərbaycan - Ərəb dünyası əlaqələri: çoxtərəfli diplomatiyadan “yaşıl enerji”yə

Yaxın tərəfdaşlıq, qarşılıqlı hörmət və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas konseptual prioritetlərini təşkil edir. Rəsmi Bakı bütün qitələrlə, müxtəlif siyasi və iqtisadi birliklərlə paralel şəkildə əlaqələr qurmağa və bu əlaqələri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə xüsusi önəm verir. Azərbaycanın xarici siyasət xəttində əsas prinsiplər suverenliyə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq hüquqa sadiqlik və bərabərhüquqlu əməkdaşlıqdır. Məhz bu prinsiplər ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu şərtləndirən başlıca amillərdəndir.

Bu kontekstdə Azərbaycanın ərəb dünyası ilə münasibətləri xüsusi yer tutur. Tarixi, mədəni və dini bağlarla yanaşı, müasir dövrdə siyasi, iqtisadi, humanitar və enerji sahələrində əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirib. Azərbaycan ərəb dövlətləri ilə əlaqələrini yalnız ikitərəfli formatda deyil, həm də çoxtərəfli platformalarda inkişaf etdirir. Xüsusilə Ərəb Dövlətləri Liqası ilə qurulan münasibətlər ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin ərəb ölkələrinin yüksək səviyyəli toplantılarına fəxri qonaq qismində dəvət olunması Azərbaycanın ərəb dünyasında artan nüfuzunun və etibarlı tərəfdaş imicinin bariz göstəricisidir. Bakı ərəb dövlətləri üçün siyasi dialoq, iqtisadi əməkdaşlıq və investisiya imkanları baxımından cəlbedici mərkəzə çevrilib. Qarşılıqlı səfərlər, imzalanan sazişlər, birgə layihələr və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik Azərbaycan ilə ərəb dünyası arasında münasibətlərin strateji xarakter daşıdığını göstərir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrinin olduğunu deyərək, münasibətlərin genişləndirilməsində özünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isə Azərbaycana səfərlərinin rolunu qeyd edib.

Bakı Ərəb Dövlətləri Liqası ilə yaxın əməkdaşlıq edir

Ərəb Dövlətləri Liqası Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılıb. Hazırda 22 üzvü olan bu nüfuzlu regional təşkilatın əsas məqsədi üzv dövlətlər arasında siyasi, iqtisadi, mədəni və sosial əməkdaşlığı gücləndirmək, ərəb dünyasının ortaq maraqlarını müdafiə etmək və regional sabitliyə töhfə verməkdir. Liqa çərçivəsində müxtəlif sahələr üzrə şuralar və komitələr fəaliyyət göstərir ki, bu da üzv dövlətlər arasında koordinasiyalı siyasətin formalaşdırılmasına imkan yaradır.

Ərəb Parlamenti isə Liqanın tərkibində fəaliyyət göstərən və üzv ölkələrin parlamentlərini təmsil edən məşvərətçi orqandır. Bu qurum qanunvericilik təşəbbüsləri irəli sürmək, ortaq mövqelər formalaşdırmaq və siyasi dialoqu təşviq etmək məqsədi daşıyır. Parlament həmçinin insan hüquqları, regional təhlükəsizlik, iqtisadi inteqrasiya kimi məsələləri müzakirə edir və tövsiyələr qəbul edir. Bu baxımdan Ərəb Parlamenti ərəb dünyasında parlamentarizm ənənələrinin möhkəmlənməsinə xidmət edən mühüm platformadır.

Azərbaycanın Ərəb Dövlətləri Liqası və Ərəb Parlamenti ilə münasibətləri qarşılıqlı hörmət və dəstək prinsiplərinə əsaslanır. Azərbaycan Liqanın Anlaşma Memorandu çərçivəsində əməkdaşlıq etdiyi yeddi ölkədən biridir. 2005-ci ilin 16 oktyabr tarixində Azərbaycan Respublikası ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. 2014-cü ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində tarixdə ilk dəfə Ərəb Dövlətləri Liqası - Orta Asiya - Azərbaycan Respublikası əməkdaşliğı çərçivəsində İqtisadi Forum keçirilib. Ölkəmiz Liqanın tədbirlərində fəal iştirak edir, qarşılıqlı səfərlər təşkil olunur, birgə bəyanatlar və əməkdaşlıq sənədləri qəbul edilir. Ərəb Parlamenti nümayəndə heyətlərinin Azərbaycana səfərləri və Milli Məclisin üzvlərinin ərəb ölkələrinə rəsmi səfərləri parlamentlərarası əlaqələrin genişlənməsinə xidmət edir.

“Yaşıl enerji” və iqtisadi əməkdaşlıq istiqamətləri

Azərbaycan ərəb dövlətləri ilə bir sıra strateji istiqamətlərdə, xüsusilə enerji və investisiya sahəsində fəal əməkdaşlıq edir. Son illərdə “yaşıl enerji” və alternativ enerji mənbələrinin inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Bu sahədə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri ilə sıx tərəfdaşlıq qurulub. Azərbaycanın bərpaolunan enerji potensialı - günəş və külək enerjisi imkanları - ərəb sərmayədarları üçün cəlbedici investisiya mühiti formalaşdırıb.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Bakıda və regionlarda günəş enerjisi layihələrinin icrası mühüm hadisə kimi qiymətləndirilir. Xüsusilə Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycan-Ərəb investisiya əməkdaşlığının real nəticəsidir. Bu layihə ölkəmizin enerji balansında bərpaolunan mənbələrin payının artmasına və karbon emissiyalarının azalmasına xidmət edir. Eyni zamanda, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə külək enerjisi sahəsində həyata keçirilən layihələr də strateji əhəmiyyət daşıyır. Bu çərçivədə inşa olunan külək elektrik stansiyaları Azərbaycanın “yaşıl enerji” keçidinə mühüm töhfə verir.

Ərəb sərmayədarlarının dəstəyi ilə həyata keçirilən alternativ enerji layihələri yalnız enerji istehsalı ilə məhdudlaşmır. Bu layihələr ekoloji dayanıqlığın güclənməsinə də şərait yaradır.

Siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı etimad

Azərbaycan ilə Ərəb Dövlətləri Liqası və ərəb ölkələri arasında münasibətlər yalnız iqtisadi müstəvidə deyil, siyasi dialoq baxımından da yüksək səviyyədədir. Qarşılıqlı rəsmi səfərlər, imzalanan sənədlər və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik bu münasibətlərin strateji xarakterini təsdiqləyir. Ərəb ölkələri Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib, ölkəmiz də öz növbəsində ərəb dünyasının ədalətli təşəbbüslərinə dəstək verib.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması xüsusi əhəmiyyət daşıyır. Ərəb dünyasının nüfuzlu mükafatlarından biri olan bu təltif Azərbaycan Prezidentinin apardığı siyasətin ərəb dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini nümayiş etdirir. Bu mükafat həm də iki tərəf arasında mövcud olan etimadın və dostluğun simvoludur. Azərbaycanın multikulturalizm, tolerantlıq və dinlərarası dialoq sahəsində əldə etdiyi uğurlar ərəb dünyasında da rəğbətlə qarşılanır.

Siyasi dialoqun yüksək səviyyədə olması regional və qlobal məsələlərdə koordinasiyalı mövqe formalaşdırmağa imkan verir. Azərbaycan və ərəb ölkələri BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Bu isə qarşılıqlı etimada əsaslanan münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir.

Bakının Fələstinlə bağlı mövqeyi...

Bakı daim Fələstin probleminin beynəlxalq hüquqa əsaslanan, iki dövlət prinsipi çərçivəsində ədalətli həllinin tərəfdarı kimi çıxış edib. Azərbaycan Fələstin xalqına humanitar yardım göstərib, beynəlxalq platformalarda onların hüquqlarını müdafiə edib. Bu mövqe ərəb dünyasında yüksək qiymətləndirilir və ölkəmizin prinsipial siyasətinin göstəricisidir. Təsadüfi deyil ki, Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi Prezident İlham Əliyevə ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində göstərdiyi qətiyyətli dəstəyə görə dövlətimizin başçısına ərəb xalqı adından dərin təşəkkürünü bildirib.

Azərbaycan-Suriya əlaqələri...

Azərbaycanın ərəb dünyası ilə münasibətlərindən bəhs açarkən, ölkəmizin rəsmi Dəməşqə verdiyi dəstək xüsusi qeyd edilməlidir. Bəlli olduğu kimi, Azərbaycan ilə Suriya arasında münasibətlər son dövrlərdə yeni mərhələyə qədəm qoyub. Enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Suriyanın qazla təmin edilməsində mühüm rol oynayaraq regionda enerji təhlükəsizliyinə töhfə verir. Bu əməkdaşlıq humanitar və iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət edir.

Bundan əlavə, Azərbaycan Türkiyə ilə birgə Suriyanın bərpası prosesində aktiv iştirak edir. Müharibədən zərər çəkmiş ərazilərdə infrastrukturun yenidən qurulması, sosial obyektlərin bərpası və humanitar layihələrin həyata keçirilməsi istiqamətində təşəbbüslər irəli sürülür. Azərbaycan özünün post münaqişə bərpa təcrübəsini bölüşərək Suriyada sabitliyin və inkişafın təmin olunmasına dəstək verir.

Bu əməkdaşlıq regional həmrəyliyin və qardaşlıq münasibətlərinin göstəricisidir. Azərbaycan Suriyanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, ölkənin sabit və təhlükəsiz gələcəyinin qurulmasına töhfə verməyə hazır olduğunu nümayiş etdirir.

Bütün bunlar göstərir ki, Azərbaycan ilə ərəb dövlətləri arasında möhkəm bağlar və dərin əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr qarşılıqlı maraqlara, ədalət və sülh prinsiplərinə əsaslanır. Azərbaycan daim beynəlxalq hüququn, sabitliyin və ədalətin keşiyində dayanaraq ərəb dünyası ilə tərəfdaşlığını daha da inkişaf etdirmək niyyətindədir.

Pərviz İSMAYILOV

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28