Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Etnik və dini müxtəliflik Azərbaycan xalqının böyük sərvətidir

Etnik və dini müxtəliflik Azərbaycan xalqının böyük sərvətidir

08.04.2018 [10:22]

Prezident İlham Əliyev: Millətlərarası, dinlərarası həmrəyliyin bu cür yüksək səviyyəsinə necə nail olmağımız onunla bağlıdır ki, biz bu barədə yalnız danışmırıq, həm də bu istiqamətdə düşünürük və fəaliyyət göstəririk
Məlum olduğu kimi, hazırda dünyanın mənzərəsi kifayət qədər mürəkkəbdir. Ciddi narahatlıq doğuran məsələlərdən biri də qlobal miqyasda milli-dini-irqi zəmində münaqişələrin çoxalmasıdır. Dünyanın dörd bir tərəfində, o cümlədən Yaxın Şərqdə, Avropada, ABŞ-da, MDB məkanında milli-dini-irqi zəmində qarşıdurmalar baş verir. Digər tərəfdən, Avropada multikulturalizmin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşıdurmanı daha da dərinləşdirir.
Dünyadakı narahatlıq doğuran mənzərə ilə müqayisədə Azərbaycan reallığı tamam fərqlidir. Bu gün Azərbaycan millətlərarası və dinlərarası dialoq baxımından nümunəvi bir ölkədir. Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir ölkədir ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan amil kimi çıxış etmir. Əksinə, tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətimizin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət həmçinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib.
Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu məsələ ilə bağlı bildirib ki, Azərbaycan həmişə mədəniyyətlərarası, dinlərarası dialoqun yüksək səviyyəsi ilə fərqlənən ölkə olub: “Məsələn, əvvəllər multikulturalizm kimi terminlər yox idi, lakin bu, həmişə bizim həyat normamız olub. Müstəqillik illərində biz bu müsbət meyilləri nəinki qoruyub saxlamağa, həm də onları möhkəmlətməyə nail olmuşuq. Bu gün ölkəmizdə yaşayan bütün xalqlar, bütün konfessiyaların nümayəndələri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edir və həqiqətən belədir. Mən dəfələrlə demişəm, bizim müxtəlifliyimiz bizim sərvətimizdir. Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir, biz onu çox yüksək qiymətləndiririk və bu müsbət meyillərin möhkəmlənməsi üçün nə lazımdırsa edirik”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın daxilində millətlərarası, konfessiyalararası münasibətlər sahəsində heç bir potensial problem yoxdur. “Biz bu istiqamətdə dövlət siyasətini həyata keçiririk. Bu da çox vacibdir ki, cəmiyyət bu siyasəti tamamilə dəstəkləyir. Biz bu müsbət meyillərin regionda da, dünyada da yayılması üçün fəal iş aparırıq. Ona görə ki, biz vakuumda yaşamırıq. Təbii ki, dünyanın istənilən nöqtəsində baş verən, millətlərarası münasibətlərdə gərginliklərlə, mürəkkəbliklərlə bağlı olan proseslər potensial təhlükə mənbəyidir. Buna görə bizim təşəbbüsümüzlə çoxsaylı beynəlxalq tədbirlər keçirilib - Bakı Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu” - deyən Prezident İlham Əliyev bu il ölkəmizdə “Bakı Prosesi”nin 10 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı vurğulayıb: “Azərbaycanın təşəbbüsü ilə başlanmış bu prosesin mahiyyəti, qısaca desək, İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrlə Avropa Şurasının üzvləri olan ölkələr arasında məhz mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoq səylərini əlaqələndirməkdən ibarətdir. Biz bunu bu istiqamətdə uğurlarımızı nümayiş etdirmək üçün deyil, bu müsbət meyillərin möhkəmlənməsi üçün edirik. Zənnimcə, qısa şəkildə şərh etsək, millətlərarası, dinlərarası həmrəyliyin bu cür yüksək səviyyəsinə necə nail olmağımız onunla bağlıdır ki, biz bu barədə yalnız danışmırıq, həm də bu istiqamətdə düşünürük və fəaliyyət göstəririk. Əgər dünyada bu cür yanaşma üstünlük təşkil etsə, bu zəmində problem olmayacaq”.
Məsələyə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib ki, Azərbaycanda müxtəlif konfessiyalara, dinlərə həmişə böyük diqqətlə yanaşılır. Y.Abramov bildirib ki, artıq bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi baxır. Onun sözlərinə görə, ölkəmizdə müxtəlif millətlərin, dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar: “Vaxtaşırı olaraq buna aid müxtəlif tədbirlər keçirilir. Azərbaycanda bütün dinlərin nümayəndələri azad yaşayır, dinlərin və mədəniyyətlərin hamısına eyni münasibət bəslənilir. Müasir dövrdə Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir”.
Millət vəkili onu da qeyd edib ki, Azərbaycanda mövcud olan etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir.
Onun fikrincə, Azərbaycanın tolerantlıq ənənələri beynəlxalq müstəvidə mühüm yer tutur. “Azərbaycanın dünyaya örnək ola biləcək unikal tolerantlıq modeli xalqımızın dərin mədəniyyətə əsaslanan milli xüsusiyyətlərini göstərir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin bu sahədəki fəaliyyətində tolerantlıq və qarşılıqlı hörməti təşviq edən siyasət dayanır. Azərbaycanın tolerantlıq modeli bütün dünyada daha geniş təbliğ olunmalıdır. Çünki bu, digər dövlətlər üçün nümunədir”, - deyə Y.Abramov vurğulayıb.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, akademik Nizami Cəfərov isə deyib ki, Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. O bildirib ki, bu səbəbdən də, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilib. “Artıq beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərin respublikamızda keçirilməsi bu fikri təsdiqləməklə yanaşı, həm də ölkəmizin inkişafından, dünyaya açıq olmasından xəbər verir. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır”, - deyə N.Cəfərov qeyd edib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 736 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30