/ / Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tələb edir
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tələb edir
09.06.2018 [09:14]
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək
Müasir dövrdə bir sıra regionlarda dağıdıcı iddialar və təcavüzkar siyasət nəticəsində meydana çıxmış konfliktlər mövcuddur ki, onlar təkcə həmin bölgə üçün yox, bütövlükdə qlobal miqyasda təhlükəsizliyə ciddi təhdidlər yaradır. Bunlardan biri Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Cənubi Qafqaz regionu siyasi və iqtisadi potensialına, həmçinin coğrafi mövqeyinə görə Avrasiya materikində ən əhəmiyyətli geopolitik məntəqələrdən biri hesab edilir. Belə bir yanaşma mövcuddur ki, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı amillərin əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir. Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Azərbaycan bu istiqamətdə prinsipial mövqeyini, işğal edilmiş torpaqlarımızın azad edilməsi - ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün çoxşaxəli fəaliyyətini davam etdirir.
Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə mühüm uğurlar əldə edib
Azərbaycan üçün başlıca prinsipial məsələ məhz beynəlxalq hüquqa və ədalətə söykənərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaqdır. Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin, xüsusilə də Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, daxilindəki sosial və iqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər. Bundan başqa, informasiya müharibəsində də əhəmiyyətli nailiyyətlər əldə edilib. Həmçinin, Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə də davamlı uğurlar əldə edib. Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.
Bütövlükdə, Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində də ölkə rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Hazırkı şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Dünya ictimaiyyəti anlayır ki, separatizm ciddi təhdidlər yaradır, bu səbəbdən dövlətlərin ərazi bütövlüyü əsas götürülməlidir. Yəni Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır.
Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistan dalana dirənib
Bütövlükdə, Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi böhranın dərinləşməsini şərtləndirib. Ümumilikdə, Ermənistanın işğalçı, təcavüzkar siyasəti nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkənin gələcəyini sual altına alıb. Bu gün heç nisbi müstəqilliyə də malik olmayan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistanda mövcud iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər bədbin proqnozlar ifadə edirlər. Ermənilər indi keçmiş hərbi xuntanın - Sarkisyan hakimiyyətinin kriminal xarakterli fəaliyyətinin ölkəni uçuruma apardığını etiraf edirlər. İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında təşkil etdiyi iftar mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bu məqamlara toxunaraq deyib: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”.
Erməni xalqı 20 il ərzində onlara hərbi xunta rejiminin rəhbərlik etdiyini anlayıb və görür ki, bu müddət ərzində hərbi xunta rejiminin illeqal fəaliyyəti və yarıtmaz siyasəti nəticəsində Ermənistanda böhran və tənəzzül meyilləri pik həddə çatıb, işğalçı siyasətin davam etdirilməsi bu ölkənin sonunun başlanğıcına zəmin yaradıb. Ermənistanda dərin sosial-iqtisadi tənəzzül meyilləri sosial gərginliyin artmasını şərtləndirib və Sarkisyan hakimiyyəti dövründə hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların dərin etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmaya rəvac verib. Nəticədə cinayətkar Serj Sarkisyan hakimiyyətdən qovuldu. Dövlətimizin başçısı bəhs olunan çıxışında bu məsələlərə də toxunub: “Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”.
Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, hətta digər bir sıra ölkələrə qarşı da ərazi iddiaları ilə çıxış edən Ermənistan olduqca mürəkkəb durumdadır. Onun tək çıxış yolu işğal edilmiş Azərbaycan torpaqlarının boşaldılması, təcavüzkar iddialardan vaz keçilməsidir. Bu gün bütün regional layihələrdən təcrid olunan - bölgədə blokada vəziyyətində olan Ermənistanın bir sıra dairələri mövcud hakimiyyətin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərirlər. Diqqətə çatdırılır ki, mövcud reallıqlar, o cümlədən 2016-cı ilin aprel döyüşlərinin nəticələri Ermənistanda ideoloji əsasları dağıtmaqla yanaşı, bu ölkənin işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi.
İndi Ermənistan anlayır ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək. Odur ki, hazırkı şəraitdə işğalçı Ermənistan qeyri-konstruktiv mövqedən əl çəkməli, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş sözügedən təklifləri nəzərə almalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır
Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir, eləcə də bir çox beynəlxalq təşkilatlar münaqişənin məhz beynəlxalq hüquq normaları, o cümlədən ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini bəyan ediblər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həlli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq”.
Əminliklə söyləmək olar ki, Azərbaycan istənilən halda işğal altında olan torpaqları azad edərək öz ərazi bütövlüyünü təmin edəcək. Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüquq normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Ermənistan onu da nəzərə almalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Tarixi reallıqlar və beynəlxalq hüquqi baza, eləcə də Azərbaycanın iqtisadi qüdrəti, hərbi gücü və regionda mövcud olan real vəziyyət bunu deməyə əsas verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

