Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Savadsızlıq, yoxsa sayğısızlıq?

Savadsızlıq, yoxsa sayğısızlıq?

28.08.2018 [09:00]

Azərbaycana, yoxsa Əfqanıstana gəldiyini bilməyən alman jurnalist bizə “demokratiya dərsi” keçmək istəyir
Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin birgə mətbuat konfransı zamanı alman jurnalistlərdən birinin verdiyi sual göstərdi ki, o, harada - Azərbaycanda, yoxsa Əfqanıstanda olduğunu bilmir, amma bizə “demokratiya dərsi” keçmək istəyir. Jurnalistin sualını olduğu kimi təqdim edirik: “Bu yaxınlarda müxalifət lideri İlqar Məmmədov azadlığa buraxılıb. Araşdırma aparan bir çox jurnalist, o cümlədən Əfqan Muxtarlı həbsdə qalır. Buna görə Avropa Şurası sizi tənqid edir. İndicə istinad etdiyiniz kimi, Almaniya və Avropa İttifaqı ilə bu cür sıx iqtisadi əməkdaşlıqla, siz Avropa Şurasında Əfqanıstan kimi özünüz üzərinizə götürdüyünüz öhdəlikdən irəli gələrək, bir daha insan hüquqları standartlarına doğru addımları atmağa başlayacaqsınızmı?”
Almaniya kimi inkişaf etmiş bir ölkənin özünü hamıdan üstün sayan KİV nümayəndəsinin harada olduğunun belə fərqinə varmaması həm təəccüb doğurur, həm də inanılmaz görünür. Bu, onun qeyri-peşəkarlığının, savadsızlığının göstəricisidir, yoxsa sayğısızlığının? Demək çətindir. Hər halda öz ölkəsinin hökumət başçısının səfərini işıqlandıran bir jurnalistin bu cür kobud səhvi gülünc görünür, Almaniya mediasının üzərinə kölgə salır.
İndiki halda inandırıcı görünən odur ki, bu sual Azərbaycanı sevməyən, onun demokratik inkişafını gözü götürməyən hansısa dairələrin sifarişidir və onlar tərəfindən hazırlanaraq jurnalistə ötürülüb. O da fərqinə varmadan Azərbaycan əvəzinə Əfqanıstan deyib. Bu cür jurnalistlərə məsləhət görərdik ki, səfər etməzdən əvvəl heç olmasa hara getdiklərini öyrənsinlər. Yoxsa Bakıda olduğu kimi özlərini gülünc vəziyyətə salarlar.
Azərbaycan Prezidenti növbəti dəfə Öz yüksək mədəniyyətini nümayiş etdirərək bu səhvi müxbirin üzünə vurmadı. Öz ətraflı cavabı ilə Azərbaycanın demokratik dəyərlərə sadiq ölkə olduğunu, bütün azadlıqların, o cümlədən söz və mətbuat azadlığının təmin edildiyini, fərqli baxışa görə heç kimin təqib olunmadığını, heç kimin cəzalandırılmadığını konkret faktlarla əsaslandırdı.
Məsələ ilə bağlı “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, alman jurnalist verdiyi sual ilə özünü ifşa etdi. Onun sözlərinə görə, bu davranış savadsızlığın göstəricisi olmaqla yanaşı, müəyyən maraqlı qüvvələr tərəfindən əvvəlcədən hazırlanmış bir məsələ də ola bilər: “Bilirsiniz ki, Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Müstəqil siyasət həyata keçirən Azərbaycan özünün inkişafı, həyata keçirdiyi transmilli layihələrlə bütün dünyanın diqqət mərkəzindədir. Xüsusilə, qlobal enerji layihələri, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizinin qurulmasında Azərbaycanın aparıcı rolu ölkəmizin beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Bu günlərdə ölkəmizdə olan Almaniyanın Federal Kansleri Angela Merkel də Azərbaycanın regiondakı önəmini xüsusi vurğuladı. Təbii ki, Azərbaycanın bu uğurlarını həzm edə bilməyən dairələr ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Alman jurnalistin məlum sualı da məhz bu məqsədə xidmət edir”.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycan hüquqi, demokratik dövlətdir və fikir plüralizmi mövcuddur. Ölkəmizdə söz və mətbuat azadlığının tam təmin edildiyini deyən baş redaktor söyləyib ki, Azərbaycan demokratiya yolunda inamla irəliləyir. “Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan demokratik dəyərlərə sadiqdir. Ölkəmizdə fundamental hüquqlar tam təmin olunub. Bu baxımdan, Azərbaycan dünyada ön sıralarda dayanır. Bütün bunların fonunda alman jurnalistin həmin sualı müəyyən dairələrin maraqlarına xidmət edir. Amma bilməlidir ki, bu cür davranış onun özünün peşə fəaliyyətinə xələl gətirir. Kimlər tərəfindənsə alət kimi istifadə olunan alman jurnalist özünü ifşa etdi”, - deyə V.Rəhimzadə vurğulayıb.
“Azərbaycan Avropa ölkələri ilə, o cümlədən Almaniya ilə fəal əməkdaşlıq münasibətlərinə malikdir. Bu gün ölkəmizin Avropa İttifaqı ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Avropa İttifaqının aparıcı dövləti olan Almaniya ilə də Azərbaycanın iqtisadi, siyasi, humanitar və mədəni sahələrdə münasibətləri yüksəkdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm layihələr həyata keçirir. Almaniyanın Federal Kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı da bu faktorlar vurğulandı. Belə bir halda səfər zamanı Azərbaycan Prezidentinin və Almaniyanın Federal Kanslerinin birgə mətbuat konfransında alman jurnalistin ölkəmizdəki demokratik vəziyyət, insan haqları ilə bağlı qərəzli sualı, eləcə də Azərbaycanı Əfqanıstanla səhv salması ən azı təəssüf doğurur”. Bu fikirləri isə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, alman jurnalistin həmin sualı ilk növbədə Almaniya mediasının imicinə zərbə vurur. Onun sözlərinə görə, bu sualın qərəzli və sifarişli olduğu açıq-aydın görünür: “Həmin jurnalistə bu sualı sifariş verənlərin Azərbaycan haqqında təsəvvürləri yanlışdır, ya da məqsədli şəkildə anti-azərbaycançı mərkəzlər tərəfindən hazırlanıb. Azərbaycanda söz və mətbuat azadlığının, insan hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetidir. Bu sahələrdə mükəmməl hüquqi baza mövcuddur. Bütövlükdə, Azərbaycan demokratik dəyərlərə sadiqdir. Bu reallıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Çünki demokratik inkişafla bağlı dövlətimizin, Prezidentimizin siyasi iradəsi ortadadır. Azərbaycan dövləti demokratik təsisatların inkişafına güclü dəstək verir. Həm KİV-ə, həm də QHT sektoruna göstərilən dəstək buna əyani sübutdur. Bunları görməmək isə ən azı qərəzin göstəricisi ola bilər”.
Baş redaktor qeyd edib ki, Azərbaycanda heç kim siyasi baxışlarına, peşə fəaliyyətinə görə həbs olunmayıb. Müxtəlif cinayətlər törətmiş şəxslər isə, təbii ki, qanun qarşısında cavab verməlidir.
Alman jurnalistin sualında Azərbaycanın Əfqanıstan kimi təqdim olunmasına gəlincə, B.Quliyev söyləyib ki, həmin jurnalist ilk növbədə Almaniya mediasına zərbə vurmaqla, həm də özünü gülünc vəziyyətə salıb: “Bu sualdakı yanlışlıq jurnalist tərəfindən əvvəlcədən redaktə oluna bilərdi. Əfqanıstanın adının məqsədli şəkildə çəkilməsi də mümkündür. Amma bütün hallarda öz ölkəsinin hökumət başçısının səfərini işıqlandıran bir jurnalistin bu cür kobud səhvi gülünc olmaqla yanaşı, Almaniya mediasına da hörmətsizlikdir”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30