Elman Nəsirov: “Freedom House” “Soyuq müharibə”nin tör-töküntüsüdür
12.02.2019 [09:34]
“Freedom House” formal baxımdan beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1941-ci ildə yaradılıb. Mənzil qərargahı Vaşınqtonda yerləşir. Missiyası dünya ölkələrində vətəndaşların siyasi və mülki hüquqlarının vəziyyəti ilə bağlı monitorinq aparmaq və onun nəticələrinə dair müvafiq hesabatlar dərc etməkdir. Göründüyü kimi, ilk baxımdan diqqətəlayiq və vacib missiyadır. Lakin “şeytan detallarda yerləşir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Deputat bildirib ki, reallıqda bu qurum “pulunu verib mahnını sifariş edən”in əlində siyasi təzyiq alətindən başqa bir şey deyil. Bir az da mətləbə varsaq, görərik ki, özünü “Azadlıq evi” kimi təqdim edən bu üzdəniraq qurumda azadlıqdan əsər-əlamət yox imiş. Heç ola da bilməzdi. Bir təşkilatın ki, təxminən 30 milyon dollara bərabər büdcəsinin təqribən 25 milyon dolları ABŞ hökumətinin ayırdığı qrantlar hesabına formalaşırsa, axı o necə qeyri-hökumət təşkilatı statusunu daşıya bilər? Bu, mümkünsüzdür. Deməli, belə qurumun siyasi sifarişlər əsasında işləyəcəyi təkcə onun rəhbərliyi üçün bəlli həqiqət deyil. Bu həqiqəti artıq dünya ictimaiyyəti də dərk edir. Eyni zamanda, orta statistik dünya vətəndaşı onun da fərqindədir ki, ölkəsində demokratiyanın vəziyyəti ilə bağlı məhz “öz arşınları” ilə ölçü götürürlər. Metodologiyasını da məhz özləri icad ediblər. Başqasını əsla yaxın qoymazlar. Necə deyərlər, sifariş verən də bəlli, pulu alan da məlum. Sifariş isə düz 47 il əvvəl verilib - 1972-ci ildə. Müəllifi də Vaşinqton Universitetinin müəllimi olmuş Raymond Qasterdir. Bu metodologiyanın yaranma tarixi “Soyuq müharibə”nin tüğyan etdiyi dövrə təsadüf edir. Həmin metodologiyaya görə, dünya ölkələrində vətəndaşların siyasi və mülki hüquqlarının vəziyyəti 3 yarlıq üzrə müəyyən edilirdi: “azad ölkə”, “qismən azad ölkə” və “qeyri-azad ölkə”. Əslində isə sifariş Vaşinqtondan gəldiyindən Sovet İttifaqı başda olmaqla sosialist ölkələrində demokratiyanın boğulduğu, heç bir insan hüquqlarının olmadığı fonunu yaradıb, ABŞ-ın liderliyi ilə Qərb dünyasının “demokratiya ağuşu”nda uyuduğunu beynəlxalq ictimai fikrə sırımaq idi. Başqa sözlə, birincilər “qeyri-azad” ölkə, ikincilər isə onun tam əksi. Bununla da “Soyuq müharibə” dövrünün postulatlarına adekvat olaraq sifarişçinin (ABŞ) qarşı tərəf (Sovet İttifaqı) üzərində ideoloji və strateji üstünlüyünə nail olmaq əsas hədəf idi. Son hədəfi isə ideoloji düşməni məhv etmək ideyası üzərində qurulmuşdu. Bu məqsəd üçün sifarişçi “Freedom House” təşkilatını “demokratiya silahı” ilə silahlandırmışdı.
Artıq dünya dəyişib. Daha ikiqütblü dünya qarşıdurması yoxdur. Təkqütblü dünya reallığı da böyük sual altındadır. Çoxqütblü dünyanın formalaşması prosesi dönməz xarakter almaqdadır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünya” adlı fundamental tədqiqat əsərində qeyd etdiyi kimi, “ABŞ və müttəfiqləri təkqütblü dünyanın saxlanmasında israrlıdırlarsa, dövlətlərin mütləq əksəriyyəti çoxqütblü dünya lehinədirlər”.
Bir sözlə, “Soyuq müharibə” tarixin arxivində olsa da, onun qalığı olan “Freedom House” və onun “boyat metodologiyası” hələ də siyasi sifarişləri yerinə yetirmək mərəzindən qurtula bilməyib. Sahibləri onu yeni reallığa adaptasiya etdirmək üçün vəsaitlərini əsirgəmirlər. Yeni şəraitdə hədəfdə yeni hədəflərdir - ilk növbədə, müstəqil və milli maraqlara söykənən siyasət aparan suveren dövlətlər. O dövlətlər ki, hər hansı beynəlxalq siyasi dairələrin, beynəlxalq təşkilatların və böyük dövlətlərin diktəsi altında deyil, məhz xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət aparır və heç bir beynəlxalq avantüraya qoşulmur. O dövlətlər ki, ərazisində sabitlik və təhlükəsizlik mühiti hökm sürür. O dövlətlər ki, xalq ilə hakimiyyəti arasında vəhdət var.
Azərbaycan məhz belə dövlət olduğundan “Freedom House” kimi fəaliyyətində qərəz, yalan, iftira və ləkələmək kimi vasitələri işlək vəziyyətə gətirmiş və sahibinin əlində siyasi təhdid alətinə çevrilmiş bir üzdəniraq qurumun hədəfindədir. Bu qüvvələr heç cür həzm edə bilmirlər ki, nədən böyük olmayan bir müsəlman ölkəsi olan Azərbaycan bu qədər sürətlə inkişaf etsin? Nədən Azərbaycan xalqı birmənalı şəkildə öz Prezidentinin arxasında dayansın və Onun bütün təşəbbüslərini müdafiə etsin? Nəyə görə Azərbaycan dövlətinin rəhbəri müstəqil və xalqın siyasi iradəsinə əsaslanan siyasət yeritsin? Bu suallar antiazərbaycan qüvvələrin, o cümlədən “Freedom House”un rəhbərliyinin “yuxusuna haram qatır”. Onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi fikirlərdən çox narahat olurlar: “Bildiyiniz kimi, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır. Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək”. Bu gerçəklikdən təşviş keçirən “Freedom House” ənənəvi davranışına sadiq qalaraq “Dünyada azadlıq-2019” adlı hesabatında bir dirijor çubuğunun işarəsi ilə Azərbaycan üçün 11 bal müəyyən edir və yuxarıda qeyd etdiyimiz arşını ilə ölçərək onu “qeyri-azad” ölkə siyahısına salır. Müqayisə üçün, işğalçı və bir milyondan çox soydaşımızın bütün hüquqlarını total şəkildə pozan Ermənistan 51 bala layiq görülərək “qismən azad” ölkə kimi qiymətləndirilir. Bu hesabatı hazırlayan “Azadlıq evi”nin “azad ekspertlər”i “Dünyada azadlıq-2009” hesabatında da Ermənistanda siyasi zorakılığın və vətəndaş hüquqsuzluğunun apogeyi sayılan 2008-ci ilin 1 mart gülləbaranına göz yummuş, həmin ildə də bu despotik və orta əsr təfəkkürü ilə idarə olunan dövləti “qismən azad” ölkə statusuna yüksəltmişdi. Eyni yanaşma Azərbaycan xalqına və bütövlükdə bəşəriyyətə qarşı Xocalı soyqırımının əsas təşkilatçısı olan hərbi cani Serj Sarkisyanın 10 il ərzində idarə etdiyi cinayətkar rejimə münasibətdə də istisna təşkil etməyib. Məhz bu rejimdən ən çox ziyan çəkənin, adi elementar hüquqları hər an pozulanın da məhz elə erməni xalqı olduğu həqiqəti “Freedom House”un “iti gözü”ndən müəmmalı şəkildə yayınıb. Əslində burada müəmmalı bir şey də yoxdur. Sadəcə, dünyamızın nizamı pozulub. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun təbirincə desək, “dünyada güc ilə hüquq arasında balans pozulub. Dünyada baş verən bütün ədalətsizliklərin kökündə dayanan əsas amil odur ki, bu balans gücün xeyrinə pozulub”. Elə bu səbəbdən də ikili standartlar dünya siyasətinə həyasızcasına pərçim edilməkdədir.
Dünyada bu ədalətsizliyi formalaşdıran beynəlxalq siyasi dairələrə qarşı Azərbaycan Prezidenti İlham Əliyev hər zaman Öz haqq səsini ucaldır. Dövlətimizin başçısı deyib: “Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq. Ədalət və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik”.
Dünyada haqqın, ədalətin, qanunun müdafiəsi ilə bağlı prinsipial və qətiyyətli mövqe ortaya qoyduğuna və bu istiqamətdə əməli addımlar atdığına görə, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyev və Onun uğurla idarə etdiyi Azərbaycan dövləti beynəlxalq islamofob və ksenofob qüvvələrin hədəfindədir. Həmin qüvvələrin “demokratiya sapandı” isə “Soyuq müharibə”nin tör-töküntüsü olan “Freedom House”dur.
Qoy bu antiazərbaycan qüvvələr bir həqiqəti birdəfəlik “qulaqlarında sırğa” edib saxlasınlar. Onların Azərbaycanı Suriyaya, Bakını Dəməşqə çevirmək niyyətləri ürəklərində qalacaq. Xalqın gözü tərəzidir. Xalqımız çox gözəl bilir ki, bu bədxah, xəbis qüvvələrin əsl niyyətləri nədən ibarətdir. Müdrik xalqımız elə bu məntiqdən çıxış edərək öz rəhbəri - Prezident İlham Əliyev ətrafında daha sıx birləşərək həmin beynəlxalq və daxili qaragüruhçu qruplara bir səslə xəbərdarlıq edir: “Çəkin çirkli əllərinizi Azərbaycandan!”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23

