Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qarabağ Azərbaycandır! Hədəf Zəngəzurdur!!!

Qarabağ Azərbaycandır! Hədəf Zəngəzurdur!!!

06.11.2021 [10:16]

10 noyabr 2020-ci il! Bu gün tariximizə Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğu, ərazi bütövlüyümüzün təmin edildiyi, 44 günlük Vətən müharibəsinin qəti qələbəmizlə bitdiyi gün kimi yazıldı.

Ötən ilin Zəfər Günündə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər. Prezident İlham Əliyev bildirib ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələrinin xalqlarının mənafelərinə cavab verir. Prezident İlham Əliyev və Prezident Vladimir Putin bəyanatı imzalayıblar. Ermənistanın baş naziri Nikol Paşinyanın isə həmin bəyanatı imzaladığı yer açıqlanmayıb, gizli saxlanılıb.

İmzalanan üçtərəfli bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasının elan olunduğu, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun Azərbaycan Respublikasına qaytarılıacağı bildirilib. Qeyd olunub ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Bundan başqa, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz (Türkiyənin də təmsil olunduğu) yaradılır. Bəyanatda o da vurğulanıb ki, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarmaqla bağlı öhdəlik götürür. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Bəyanatın 9-cu bəndində isə vurğulanıb ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu bənd bir ildir əsas müzakirə obyekti olan “Zəngəzur dəhlizi”ni özündə ehtiva edir. Yeri gəlmişkən, bu ilin yanvarın 11-də qəbul olunmuş növbəti üçtərəfli bəyanatda da bu bəndin icrası məsələsi xüsusi qeyd edilib.

Bəyanatın imzalamasından sonra Prezident İlham Əliyev xalqa müraciət edib. Dövlət başçısı öz müraciətində 10 noyabr gününü ölkəmiz üçün tarixi gün adlandırıb: “Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatın tarixi əhəmiyyəti var. Bildirməliyəm ki, bu bəyanat videokonfrans şəklində imzalanmışdır və ilk mərhələdə 3 ölkənin başçısı bu videokonfrans vasitəsilə bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir”.

“Bir daha demək istəyirəm ki, Ermənistan baş naziri Paşinyanın bu hərəkəti başadüşüləndir. Halbuki hesab edirəm ki, hər bir insan öz əməllərinə görə cavab verməlidir. Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!”, - deyən dövlətimizin başçısı qeyd edib ki, bu bəyanat bizim şanlı qələbəmizdir. Bu bəyanatın imzalanmasının səbəblərindən birinin də noyabrın 8-də qazanılan parlaq, tarixi Şuşa qələbəsi olduğunu deyən dövlət başçısı vurğulayıb ki, “Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq”.

“Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik”, - deyən Prezident İlham Əliyev öz müraciətində onu da bildirib ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. “Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır”, - deyə vurğulayıb. Daha sonra Dövlət başçısı “Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı”, - deyə əlavə edib.

Prezident İlham Əliyev müharibə dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi milli birliyi də yüksək qiymətləndirib. Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmənin də olmadığını bildirərək: “Bu günlərdə hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər”, - deyə vurğulayıb, - “Bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik”.

Müraciətinin sonunda Prezident İlham Əliyev deyib: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

 

 

 

 

Paylaş
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31