Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Arutyunyanın “demoqrafik vəziyyət” həyəcanı...

Arutyunyanın “demoqrafik vəziyyət” həyəcanı...

28.12.2021 [10:29]

Nardar BAYRAMLI

Müəyyən dairələr Qarabağda yaşayan ermənilərin sayını süni olaraq şişirtməyə çalışsalar da, məqsədlərinə nail ola bilmirlər. Azərbaycan tərəfi bəyan edib ki, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə cəmi 25 min erməni yaşayır. Bu reallığı separatçıların başçısı Araik Arutyunyan da açıq şəkildə etiraf etməyə məcbur olub. Belə ki, A.Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın ərazisi olması ilə bağlı etirafından sonra həm səsləndirdiyi bəyanatda, həm də öz yaxın ətrafı ilə keçirdiyi görüşdə ermənilər üçün demoqrafik vəziyyətin yaxşı olmadığını deyib. Bu, əslində, mülki ermənilərin ağır şəraitdə yaşamağa razı olmadıqlarının göstəricisidir. Ona görə də mülki ermənilər ya köçüb gedir, ya da onların arasında Azərbaycanın himayəsi altında yaşamaq istəyənlər az deyil.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, “Qarabağın statusu Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” deyən və buna görə keçmiş hakimiyyəti ittiham edən Paşinyan faktiki olaraq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Bununla da prosesin Bakının təqdim etdiyi yekun sülh sazişinə doğru getdiyini elan edir. Onun sözlərinə görə, Araik Arutyunyan Paşinyanın fikirlərinə qarşı çıxsa da, bunun heç bir önəmi yoxdur: “Bu, müharibədən sonra separatçılarla rəsmi İrəvanın açıq müstəvidə ilk qarşıdurmasıdır. Nəzərə alsaq ki,  bölgədəki erməni əhalisi üçün əsas dayaq nöqtəsi həmişə Ermənistan olub, belə olan təqdirdə, İrəvanın “qarant rolu”nun sıradan çıxması Qarabağdakı ermənilərin seçimini - ya Azərbaycan idarəçiliyi altında yaşamaq, ya da buradan köçməklə bağlı seçimini  sürətləndirə bilər”.

Həmsöhbətimiz qeyd edib ki, Paşinyanın son müsahibəsi Qarabağ və regional proseslər baxımından diqqəti çəkir: “Ermənistanın baş naziri əvvəlki çıxışları ilə müqayisədə həm yeni fikirlər səsləndirib, həm də müəyyən iddialarından imtina edib. O, 2016-cı ilin Aprel müharibəsini xatırladır və mesaj verir ki, “status” məsələsinin “dəfn edilməsi” onun yox, keçmiş hakimiyyətin günahıdır. BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, o vaxtdan ATƏT-in Minsk qrupu həm də regionun statusu məsələsi ilə məşğul olub. Lakin 2016-cı ildə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarıldı və bu, Ermənistan üçün “fəlakət”lə nəticələndi. Çünki ən mötəbər beynəlxalq platforma çərçivəsində Qarabağın statusuna ümid etmək mümkün deyil. Əgər Minsk qrupu platformasında Ermənistanın Qarabağa “xüsusi status” iddia etmək şansı var idisə, BMT Təhlükəsizlik Şurasında bu, mümkün deyil. Digər məqam isə Paşinyanın Qarabağda yaşayan azərbaycanlılarla bağlı fikirləridir. O etiraf edib ki, Qarabağda yaşayan azərbaycanlıların hüquqları heç vaxt mübahisəli olmayıb, olmayacaq da. Paşinyan deyib ki,  “Dağlıq Qarabağ Muxtar Vilayəti” danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərdən keçirilməyib, ən azından, erməni-azərbaycanlı icması olaraq qəbul edilib. Bölgənin müqəddəratını yalnız azərbaycanlı sakinlərin iştirakı ilə həll etmək olar. Nikol Paşinyan baş verənlərə görə keçmiş hakimiyyəti ittiham edir, bildirir ki, əgər o vaxt Qarabağın statussuz vəziyyəti ilə danışıqlar prosesinə razılıq verilsəydi, vəziyyət bu həddə çatmazdı, məhz buna görə indi “status”un Azərbaycan Konstitusiyasına uyğun həlli vəziyyəti yaranıb”.

A.Nərimanlı bütün bunların fonunda A.Arutyunyanın “narahatlığı”nın anlaşılan olduğunu deyib: “Artıq Paşinyan etiraf edir ki, azərbaycanlılar Qarabağa qayıtmalıdırlar. Araik də bu reallığı anlayır, amma etiraz etməklə öz mövcudluqlarını sübut etməyə çalışırlar. Amma bütün bunlar əbəsdir. Çünki 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda da məcburi köçkünlərin BMT-nin iştirakı ilə Qarabağa qaytarılması haqqında müddəa var. A.Arutyunyanın Qarabağda demoqrafik vəziyyətlə bağlı həyəcanı da buradan qaynaqlanır. Çünki Qarabağda az sayda ermənilər var. Ötən illər ərzində isə Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin sayı xeyli artıb. Onlar Qarabağa qayıtdıqdan sonra demoqrafik vəziyyət azərbaycanlıların xeyrinə dəyişəcək. Belə olan halda, ermənilər azlıq təşkil edən icma olacaq. Beləliklə,  proses irəli gedir və bütün məsələlər qalib dövlət olan  Azərbaycanın maraqlarına cavab verir”.

 

 

 

 

Paylaş
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31