Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülh olmayacaqsa...

Sülh olmayacaqsa...

29.11.2022 [10:20]

Ermənistan prosesi sonsuz etmək üçün köhnə taktikadan istifadə etmək qərarına gəlib

İki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır.

Belə ki, ötən ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi  Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən Paşinyan, İrəvana qayıdanda tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Paşinyan digər tərəfdə yenə də fərqli mövqe tutur. Bu qeyri-müəyyənlik isə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Hətta Ernmənistan son dövrlərdə yeni manipulyasiya vasitəsinə əl atır - onlar Qarabağdakı separatçı rejimi “danışıqların tərəfi” kimi ortaya atmağa cəhd göstərir. Eyni zamanda, Qarabağı yenidən danışıqların müzakirə predmetinə çevirməyə çalışır. Bu isə yolverilməz olduğu qədər Azərbaycan üçün qəbulolunmazdır. Qarabağ məsələsi Azərbaycanın daxili işidir və heç bir dövlət bu məsələyə qarışa bilməz.

Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev də bildirib ki, ikinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər: “Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir”.

Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı

2020-ci ilin 10 noyabrında bağlanan üçtərəfli bəyanatın müddəalarında da qeyd edildiyi kimi, Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Bu şərt eyni zamanda, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını da özündə əhəmiyyətli dərəcədə əks etdirir. Sülh danışıqları isə Azərbaycanın irəli sürdüyü beş şərt əsasında formalaşacaq. Burada əsas şərtlərdən biri məhz iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması şərtidir. Ermənistan bu ilin oktyabrında keçirilən Praqa görüşündə ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb. Bu isə onu göstərir ki, Ermənistan, həm də Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanıyır. Nəticə etibarı ilə, Ermənistanın Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı hansısa predmeti danışıqlar masasına yönəltməsi yalnız siyasi manipulyasiya cəhdi kimi qiymətləndirilə bilər. Öz çıxışında Praqa görüşü ilə bağlı detallara toxunan Prezident İlham Əliyev bildirib ki, beləliklə, Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq: “Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir. Bu, razılaşdırıldı və buna görə də demək istədiyim odur ki, bu, nəticəyönümlü tədbir idi. Praqadakı görüşün formatı isə bir qədər fərqli idi. Çünki Fransa Prezidenti Makron bizim qrupumuza qoşuldu və mən burada bu məsələni şərh etməyi dayandırıram. Bir daha deyirəm, Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı”.

O görüş keçirilməyəcək

Aİ Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması istiqamətindəki prosesə öz töhfələrini versə də, Fransanın prosesə təsiri mənfi assosasiyalara yol açır. Bu, rəsmi Parisin nümayiş etdirdiyi açıq ermənipərəst siyasətə əsaslanır. Bəlli olduğu kimi, bir müddət öncə Fransa Senatı Azərbaycan ilə bağlı qərəzli, yalan dolu qətnamə qəbul etmişdi. Bu mənada, Fransanın prosesdəki iştirakı heç də səmimi sayıla bilməz. Azərbaycan Fransanın prosesə müdaxiləsinə razı deyil. Prezident İlham Əliyev də öz çıxışında bildirib ki, növbəti görüş dekabrın 7-də Brüsseldə keçirilməli idi: “Ancaq dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək. Praqa görüşü oktyabrın 6-da idi. Bir həftədən az müddət sonra Prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir”.

Bu onların seçimidirsə...

Fransanın həyata keçirdiyi açıq ermənipərəst siyasət prosesin nizamlanmasına xidmət etmir, əksinə  ona mane olur. Rəsmi Paris addımbaşı ölkəmizə qarşı təxribatxarakterli siyasəti ilə yadda qalır. Sözügedən qərəzli qətnamənin ardından Frankofoniya Sammitində Azərbaycana qarşı tutulan ədalətsiz mövqe buna bariz misaldır. Belə bir şəraitdə isə Fransanın Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqlarında iştirakı mümkünsüzdür. Nəzərə almaq gərəkir ki, hətta işğal dövründə belə keçmiş münaqişənin tənzimlənməsi istiqamətində gedən danışıqlar prosesində vasitəçi olan ATƏT-in Minsk qrupunun üzvü Fransa illərlə ermənipərəst addımları ilə yadda qalmışdı. Müharibə dövründə də Azərbaycana qarşı açıq təhdid çıxışları edən bu ölkə öz fəaliyyəti ilə beynəlxalq hüquqa qarşı hörmətsizlik nümayiş etdirib. Hətta Fransa Qarabağ münaqişəsinin başa çatması ilə tarixə qovuşan Minsk qrupunu yenidən diriltmək cəhdləri belə göstərib. Amma Azərbaycan üçün bu proses artıq bitib. Vətən müharibəsində əldə olunan qələbə yeni siyasi reallıqlar formalaşdırıb. Bu reallıqlar isə sülh danışıqlarının iki dövlət - Ermənistan və Azərbaycan arasında aparılmasını zəruri edir. Bu mənada, Ermənistanın baş naziri Paşinyanın Fransanın danışıqlarda iştirakı ilə bağlı “arzusu” yalnız və yalnız sülh danışıqlarını pozmağa yönəlib. Prezident İlham Əliyev bildirib ki, Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq: “Çünki sülh prosesi sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və onlar etiraf etməli olacaqlar ki, Qarabağla bağlı heç nə yoxdur və istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Ona görə də ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Beləliklə, əgər bu onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu, o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?!”

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 393 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30