Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İran vandallığı sərhəd tanımır...

İran vandallığı sərhəd tanımır...

08.02.2023 [10:21]

Xorasanda azərbaycanlı şairin məzarı niyə dağıdılıb?

N.BAYRAMLI

İran rejiminin bu ölkədə yaşayan soydaşlarımıza qarşı zorakılıq törətməsi yeni məsələ deyil. Ötən ilin  sentyabr ayından başlayan xalqın hakimiyyətə qarşı etiraz aksiyalarında cənublu soydaşlarımız da fəallıq nümayiş etdirir. Etiraz aksiyalarının yatırılmasında isə İran rejimi soydaşlarımıza qarşı xüsusi qəddarlıq və amansızlıq göstərir.

Amma faktlar sübut edir ki, İran hakimiyyəti hazırda keçmişimizə, tariximizə, mədəni və ədəbi irsimizə də total hücumlar edir. Buna sübut olaraq bugünlərdə klassik Azərbaycan şairi İzzəddin Həsənoğlunun Xorasan vilayətdinə yerləşən məzarının dağıdılmasını göstərmək olar.

Kimdir İzzəddin Həsənoğlu? İzzəddin Həsənoğlu Azərbaycan ədəbiyyatı tarixində ana dilində ilk qəzəlin müəllifidir. Şair XIII-XIV əsrlərdə yaşayıb-yaradıb, Azərbaycan  və farsca şeirlər yazıb. Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi “Təzkirətüş-şüəra” əsərindən aşkar edilib. İzzəddin Həsənoğlu XIII əsrin ikinci yarısında Xorasan vilayətinin Əsfərain şəhərində dünyaya gəlib və orada da yaşayıb. Tarixi mənbələrə görə, Sufi şeyxi Raziyəddin Əli Lələnin tələbəsi sufi şeyxi Cəmaləddin Əli Zakirin müridi olub. Bundan sonra Şeyx İzzəddin Əsfəraini adı ilə də tanınıb.

Şair Azərbaycan dilində olan şeirlərində “Həsənoğlu”, farsca olan şeirlərində isə “Puri-Həsən” təxəllüsünü işlədib. Divanı Azərbaycan və Rumda geniş yayılıb, şeirləri XIV əsrdə Xarəzm, Qıpçaq eli və Misirdə oxunub. İzzəddin Həsənoğlunun Azərbaycan dilində “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər”, “Necəsən gəl, ey yüzü ağım bənim” və “Əcəb bilsəm məni şeyda qılan kim” başlıqlı üç qəzəli dövrümüzə gəlib çatıb. Misirdəki Məmlük dövləti dövrünün şairi Seyf Sarayi İ.Həsənoğlunun “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər” qəzəlinə, Anadoluda yaşayıb-yaratmış şairlər Namusi və Ömər ibn Məzidi isə şairin başqa bir qəzəlinə nəzirə yazıb. Həsənoğlunun “Əcəb bilsəm məni şeyda qılan kim” başlıqlı azərbaycanca qəzəli Türk ədəbiyyatı tədqiqatçısı Səadətdin Nüzhət (Ərgün) tərəfindən Ömər ibn Məzid tərəfindən 1437-ci ildə tərtib edilmiş “Məcmuatun-nəzair” məcmuəsindən aşkar edilib və 1928-ci ildə “Milli Məcmuə” adlı toplunun 9-cu cildində yazdığı məqalə ilə yayımlanıb.

Ədəbiyyatşünas alimlər hesab edirlər ki, XIII-XIV əsrlərdə yaşayıb yaratmış Azərbaycan şairi İzzəddin Həsənoğlunun “Apardı könlümü...” qəzəli əlimizdə olan ilk anadilli qəzəl nümunəsi kimi zəngin formal-poetik xüsusiyyətlərə malikdir. Qəzəlin kamil və mürəkkəb vəzn quruluşu, ədəbi dil materialının səlisliyi belə bir fikir yürütməyə əsas verir ki, bu əsər mükəmməl ədəbi ənənəyə əsaslanaraq tür?dilli şeirdə dərin iz qoyub. Bu poetik nümunənin qiyməti ondadır ki, o, Azərbaycan yazılı ədəbi dilinin ilk nümunəsi olub, klassik şeir-qəzəl üslubları içərisində orijinal bir poetik formadır. Odur ki, Azərbaycan ədəbiyyatı tarixində ilk ana dilli nümunə kimi türkdilli Azərbaycan ədəbiyyatı tarixi İ.Həsənoğlundan başlanılır. Azərbaycan dilində ilk ədəbi nümunənin müəllifi olan şairin öz qəzəllərində sufi ideyalarını təbliğ etdiyini düşünənlər də var.

 Şairin İrandakı dağıdılmış məzarının fotosunu öz sosial şəbəkə hesabında paylaşan Azərbaycan folklorşünası, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil bildirib ki, İzzəddin Həsənoğlu Azərbaycanın ilk anadilli poeziyasının şah əsərlərini yaradıb. Onun sözlərinə görə, İ.Həsənoğlunun adının son dövrlər tez-tez çəkilməsi Cənubi Azərbaycanda yerli milli ziyalıları da hərəkətə gətirib: “Şairin İranda uçub dağılmış qəbrini ötən il bərpa etdilər. Qəbrin bərpa edilmiş vəziyyətdəki üç şəkilini “facebook”da paylaşmışdıq. Təəssüf ki, yenə acı bir xəbər aldıq. Cənublu soydaşlarımız İzzəddin Həsənoğlunun qəbirinin dağıdılmış vəziyyətdəki şəkilini göndəriblər. Yazıblar ki, şairin qəbrini farslar dağıdıb. Buna mən inanmıram. İran hökumətinin icazəsi olmadan belə bir addımı heç kim atmağa cəsarət etməz. Ciddi araşdırma aparılsa görəcəyik ki, şairin məzarını hökumətdə çalışanların tapşırığı ilə dağıdıblar”.

Filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Altaylı isə hesab edir ki, Azərbaycan türkcəsində ilk şeirlərin müəllifi olan şairin məzarının dağıdılması qəbuledilməzdir: “Bu hadisə Qasım Süleymani adlı terrorçunun öldürüldüyü zaman mədhiyyə düzənləyənlərin simasıdır. On üçüncü yüzillikdə yaşamış böyük mütəfəkkir İzzəddin Həsənoğlu ana dilimizdə  şeir yazan ilk şairdir. Onun  məzarını İran dövləti bu hala gətirib. Həsənoğlunun məzarının dağıdılması ədəbiyyat əhlinin bir nümayəndəsinə, mömin bir müsəlmana İranın molla rejiminin iyrənc davranışıdır. Belə bir rejimə həqarət edilməlidir”.

Beləliklə, Azərbaycan ədəbiyyatında ilk ana dilində olan şeirlərin müəllifinin məzarının İranda dağıdılması ciddi suallar doğurur. İ.Həsənoğlunun məzarının hansı səbəbdən dağıdılmasına dair hələ rəsmi məlumat verilməsə də, hadisənin fars şovinistləri tərəfindən törədilməsi ehtimalı daha böyükdür. Cənublu soydaşlarımıza qarşı təzyiq və təhdidlərin davam etdiyi bir şəraitdə klassik Azərbaycan şairinin məzarının dağıdılması qəbulolunmazdır. Bu hadisə İslam dəyərlərinə və mənəviyyatına tamamilə ziddir.

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31