Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qanlı terror Türkiyəni sarsıtmır

Qanlı terror Türkiyəni sarsıtmır

16.01.2024 [11:46]

Mübariz FEYİZLİ

Hazırda dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasında Türkiyə də yer alır. Xüsusilə də son 20 ildə qardaş ölkə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında əhəmiyyətli dərəcədə möhkəmlənib. Özünün müdafiə sənayesinin qüdrətini durmadan artıran  bugünkü Türkiyə tam müstəqil siyasət həyata keçirir, milli maraqlarını qətiyyətlə qoruyur, eyni zamanda qlobal güc mərkəzlərindən biri qismində çıxış edir, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Etiraf olunan həqiqətdir ki, hazırda dünyadakı güc mərkəzləri bu və ya digər geosiyasi planlarında Türkiyə amilini mütləq nəzərə alırlar və onunla hesablaşırlar.

Türkiyənin güclənməsi qardaş ölkənin dostlarını sevindirdiyi kimi, onun düşmənlərini də azğınlaşdırır. Daxildə və ölkə hüdudlarından kənarda cəmləşərək 100 yaşlı Türkiyəni zəif salmaq istəyən məkrli qüvvələrin əl atdıqları çirkin vasitələrdən biri də terrordur.

Daha 9 şəhid

Türkiyəyə qarşı daxildə və ölkə hüdudlarından kənarda xain terror aktlarının törədilməsində PKK terror təşkilatı və onun uzantıları xüsusi fəallıqları ilə seçilir. 1978-ci ildə yaradılan bu quplaşma əslində qardaş ölkənin düşmənlərinin proksi qurumuna çevrilib. Türkiyənin uğurlarını həzm edə bilməyən düşmənləri bu proksi qüvvəyə hərtərəfli, o cümlədən də genişmiqyaslı hərbi və maddi dəstək verməklə onu gücləndirməyə çalışırlar.

Son 45 ildə PKK və onun qolları müxtəlif vaxtlarda qardaş ölkəyə qarşı dəfələrlə qanlı terror aktları törədiblər. Daxili işlər naziri Ali Yerlikayanın Türkiyə Böyük Millət Məclisində verdiyi məlumata əsasən, 2023-cü ilin 11 ayında qardaş ölkədə 1069 terrorçu zərərsizləşdirilib. Onun sözlərinə görə, zərərsizləşdirilənlərdən ümumilikdə 59-u yüksək səviyyəli terrorçu, 7-si qırmızı, 1-i mavi, 2-si yaşıl, 16-sı narıncı, 33-ü isə boz kateqoriyası üzrədir: “Ölkəmizdə həyata keçirilməsi planlaşdırılan 145 terror aktının qarşısı alınıb. Terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş 189 əməliyyat zamanı 1133 şübhəli şəxs saxlanılıb. Onlardan 163-ü həbs edilib. 28 milyon lirədən çox pul ələ keçirilib.

Bu günlərdə isə Türkiyəyə yeni terror hadisəsi ilə bağlı üzücü xəbər gəldi. Belə ki, qardaş ölkə yanvarın 12-də İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı daha 9 nəfər şəhid verib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Gecikməyən qətiyyətli cavab

Təbii ki, belə terror hadisələri ilə Türkiyəni sarsıtmaq və müstəqil siyasət kursundan geri döndərmək mümkün deyil. İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində baş verən son terror hadisəsinə Türkiyə dövlətinin və cəmiyyətinin reaksiyası kifayət qədər sərt olub. Qanlı hadisə baş verəndən sonra siyasi partiyaların yanvarın 14-ə nəzərdə tutulan bütün tədbirləri təxirə salınaraq başqa tarixə keçirilib. Ertələnən tədbirlərə bu il martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə partiyaların namizədlərinin açıqlanması mərasimləri də daxildir.

Eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyənin Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Toplantı mediaya qapalı şəraitdə baş tutub. Dövlət başçısının rəhbərliyi ilə keçirilən tədbirdə xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun, ölkə başçısının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Görüşdən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanın Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və İYİ Partiyanın sədri Meral Akşenerlə terrorla mübarizə ilə bağlı telefonla danışıqları olub.

Şəbəkələşmiş terror qruplaşmalarının fiziki cəhətdən sıradan çıxarılması istiqamətində fəaliyyətlər də genişləndirilib. Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) səyləri ilə Şimali İraqda Avropadan silahlıları cinayət təşkilatı sıralarına cəlb edən PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə yanvarın 13-də Türkiyə təhlükəsizlik güclərindəki mənbələr məlumat verib. “Renas Raperin” ləqəbli Faiq Aydın İraq-Türkiyə sərhədindən az qala 160 km aralıda zərərsizləşdirilib. İraqda o, həmçinin Süleymaniyyə şəhərinin sakinlərinə cinayət təşkilatının fəaliyyətində iştirak etmək, o cümlədən maliyyə dəstəyi göstərmək üçün təzyiq göstərib.

Türkiyə xüsusi xidmət orqanları aydınlaşdırıb ki, Aydın uzun illər Avropanın bir sıra ölkələrində “işləyib”, PKK sıralarına terrorçular cəlb edib, 2015-ci ildən Şimali İraqda silahlı fəaliyyətə başlayıb. Türkiyənin Muş Cəza Məhkəməsi daha əvvəl Aydın barəsində terror təşkilatının fəaliyyətində iştirak ittihamı ilə həbs qərarı çıxarıb.

Onun qardaşlarından biri, 2014-2018-ci illərdə Türkiyənin Ərzurumunda terror aktlarının təşkilində iştirak edən Saiqi Aydın 2018-ci ildə zərərsizləşdirilib. Digər qardaş Ferhat Aydın isə 2013-2014-cü illərdə YPG-nin (PKK-nın Suriya qanadı) fəaliyyətlərində iştirak edib və Suriyanın şimalında dünyasını dəyişib.

Bəhs olunan terror aktından sonra da Türkiyənin müvafiq qurumları İraqın və Suriyanın ayrı-ayrı bölgələrində ölkənin təhlükəsizliyinə yönələn təhdidlərin mənbəyində qarşısının alınması və məhv edilməsi strategiyası çərçivəsində PKK/YPG/KCK terror təşkilatları və havadarlarına qarşı bir neçə uğurlu antiterror tədbirlərini həyata keçirib. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin ölkənin təhlükəsizlik şurasının toplantısına dair açıqlamasında bildirilib ki, mübarizə son terrorçu zərərsizləşdirilənə, İraq və Suriyadakı terror bataqlıqları tamamilə qurudulana qədər davam edəcək. “Sərhədlərimiz daxilində məhv olmaq həddinə çatan separatçı terror təşkilatı uğurlu sərhəd əməliyyatlarımız nəticəsində çox ağır itkilər verib. Terror təşkilatı Suriya və İraqda küncə sıxışdırıldığı üçün təşkilatı yenidən gücləndirmək və canlandırmaq cəhdləri də geniş vüsət alıb. Son vaxtlar sərhədlərimizdən kənarda xidmət edən əsgərlərimizə qarşı artan terror aktları təşkilatı dirçəltmək üçün hazırlanan ssenarilərin məkrli hissəsidir. Türkiyə cənub sərhədlərində heç bir bəhanə və səbəblə “terroristan”ın qurulmasına qəti şəkildə icazə verməyəcək.

Özünümüdafiə hüququmuz və ikitərəfli müqavilələr çərçivəsində harada terror təhlükəsi, düşərgə, sığınacaq, birləşmə və ya toplanma varsa, arxasında kimin olmasından asılı olmayaraq onu həmişəlik məhv etmək əsas prioritetimizdir. Türkiyənin düşmənlərinin işini üzərinə alan separatçıların tökdükləri hər damla qanın hesabı misli ilə sorulur və sorulacaq. Türkiyə Əsri hədəfimizə mane olmaq üçün qurulan tələlərdə rol oynayanları da, iplərini tutanları da məyus etmək əzmindəyik”, - deyə məlumatda vurğulanıb.

Terrora qarşı siyasi müstəvidə aparılan mübarizə

Türkiyə terror qarşı həm də siyasi müstəvidə ardıcıl mübarizə aparır. Ötən il Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət edib. Üzvlüyün baş tutması üçün NATO-nun üzvü olan Türkiyənin razılığı tələb olunurdu. Eyni zamanda, Finlandiya və İsveçin Türkiyəyə qarşı terror əməlləri törədən qruplaşmalara dəstək verdiyi barədə kəşfiyyat məlumatları var idi. Buna görə də rəsmi Ankara hər iki dövlətin qarşısında antiterror mübarizəsini şərtləşdirməklə bağlı şərt qoydu. Finlandiya bütün şərtlərə əməl etdiyi üçün Türkiyə onun namizədliyinin lehinə səs verib. İsveç isə analoji addımlar atmır, rəsmi Ankaranın tələb etdiyi terrorçuları təhvil verməmək üçün müxtəlif manipulyasiyalara əl atır. Türkiyə də öz mövqeyində israrlıdır. Şübhə yoxdur ki,  Türkiyə Böyük Millət Məclisində İsveçin NATO-ya üzv qəbul edilməsi ilə bağlı müvafiq qərarın verilməsi bu ölkənin onun qarşısına qoyulan şərtləri yerinə yetirilməsindən asılı olacaq.

Paylaş:
Baxılıb: 243 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31