Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İslamofobiyaya qarşı fəal mübarizə...

İslamofobiyaya qarşı fəal mübarizə...

12.03.2024 [10:10]

Ölkəmizin təşəbbüsü ilə bu mövzuda beynəlxalq tədbirlər keçirilir

Hazırda dünyanın mənzərəsi olduqca mürəkkəbdir. Müəyyən beynəlxalq güclər milli dövlətləri özlərindən asılı vəziyyətə salmaq üçün siyasət aparır və bu da qarşıdurmalar, qanlı toqquşmalarla müşayiət olunur. Eyni zamanda, Avropada dini zəmində süni gərginliyin yaradılması - ictimai ziddiyyətlərin dərinləşdirilməsi cəhdləri mövcuddur. Bu da islamofobiyanın aşkar göstəriciləridir. Avropada müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər spontan deyil, əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Bu, həm də onu göstərir ki, Qərbdə, Avropada  təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Arzuolunandır ki, Qərb belə qarşıdurma ssenarilərinə son qoysun, islamofobiya, irqçilik, diskriminasiya əvəzinə tolerantlığı, multikulturalizmi seçsin, bəşəri dəyərləri təbliğ və təşviq etsin. Eynilə Azərbaycan kimi. Ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Dünyada multikulturalizm mərkəzlərindən olan və tolerantlıq nümunəsi kimi çıxış edən Azərbaycan bu zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Bütün bunlarla yanaşı, ölkəmiz dünyanın müxtəlif yerlərində  islamofobiya meyllərinə hər zaman etiraz səsini ucaldıb. Bütün dünya ictimaiyyəti, xüsusilə müsəlman ölkələri buna qarşı səssiz qalmamalıdır. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı bildirib ki, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Bu, o deməkdir ki, Azərbaycan bundan sonra da Avropada mövcud olan bu zərərli tendensiya ilə bağlı prinsipial mövqeyini davam etdirəcək.

Dünyanın 30 ölkəsindən nümayəndələrin iştirak etdiyi beynəlxalq konfrans  

Yeri gəlmişkən, 8-9 mart tarixlərində Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, martın 15-nin “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” kimi qəbul edib. Xatırladaq ki, konfransın açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub. Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Bakıda artıq ikinci dəfədir keçirilən konfransda beynəlxalq səviyyədə islamofobiyaya qarşı mübarizə kontekstində nələr edə biləcəyimiz müzakirə ediləcək. Yaşadığımız dövrdə ayrı-seçkilik, islamofobiya günümüzün reallığıdır. İnsanlara qarşı diskriminasiya, nifrət nitqi, təcrid olunma kimi problemlər bizim həyatımızı çətinləşdirir. O deyib ki, hazırda hər kəs dünyada müsəlmanların təcrid edilməsi və onlara qarşı ayrı-seçkiliyin şahidi olur: “Bu hallara xüsusilə Qərb ölkələrində rast gəlinir. Müsəlmanlara qarşı mənfur əməllər davam etdirilir. Biz hamımız sülh şəraitində yaşaya bilərik”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, bugünkü dünyada xristianlar da ayrı-seçkiliyin qurbanı olur. Ona görə də bütün dünya bu ayrı-seçkiliyə qarşı mübarizə aparmalıdır. İslamofobiyadan danışarkən gender məsələlərinin də müzakirəsi olduqca vacibdir. İslamofobiyaya qarşı mübarizə aparmaq üçün siyasi və beynəlxalq addımlar atılmalıdır. Fransada Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilən vandallıq aktından da danışan F.Şəfiyev bildirib: “Azərbaycan həmin abidəni Fransadakı səfirliyinə köçürdü. Bu vandallıq aktı Fransanın ölkəmizə qarşı siyasəti ilə bağlıdır”.

BMTM-in İdarə Heyətinin sədri deyib ki, hazırda qlobal mediada da ayrı-seçkilik müşahidə olunur: “Bizim təşkilatçılıq etdiyimiz tədbirlər Qərbdən idarə olunan media qurumları tərəfindən mütəmadi qaydada tənqid edilir”.

BMT Baş katibinin müavini: Dünyada bir çox müsəlmanın islamofobiyanın qurbanı olmağı böyük təəssüf doğurur

Tədbirdə BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına müraciəti səsləndirilib. Müraciətdə bildirilib ki, dünyada bir çox müsəlmanın islamofobiyanın qurbanı olmağı böyük təəssüf doğurur. İslamofobiyanın dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır. Müsəlmanlara qarşı nifrətin insan hüquqlarına zidd olduğunu deyən Migel Anxel Moratinos qeyd edib ki, ədalətli, sülh içində bir dünya yaratmaq üçün bütün insanlar qeyri-tolerantlığa qarşı mübarizə aparmalıdır: “Dünyada bütün dinlərin əsasında mərhəmət və qarşılıqlı hörmət dayanır. Bunu qorumaq isə bizim borcumuzdur”.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusif Əl-Dubei konfransda çıxış edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsi islamofobiyaya qarşı mübarizədə mühüm addımdır. Bu mübarizədə bizim üzərimizə böyük məsuliyyət düşür. O qeyd edib ki, Azərbaycan bu illər ərzində islamofobiyaya qarşı mübarizəyə həsr olunan yüksək səviyyəli müxtəlif tədbirlər keçirib, nümunəvi addımlar atıb. Bu tədbirin keçirilməsi də Azərbaycanın güclü öhdəliyini əks etdirir: “İslam Əməkdaşlıq Təşkilatı bugünkü konfransın nəticələrini səbirsizliklə gözləyir”.

İƏT Baş katibinin köməkçisi diqqətə çatdırıb ki, dünyada təxribat xarakterli aktların törədilməsi davam edir. İnsanlar dini inanclarına görə hədəfə alınır: “Müsəlmanlara qarşı təzyiqlərin, ayrı-seçkilik hallarının qarşısını almaq üçün müxtəlif tədbirlər görülməlidir. İƏT beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətlərini bu hallara qarşı birləşməyə, səfərbər olmağa çağırır”.

Konfransda çıxış edən G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham deyib ki, islamofobiya ilə var gücümüzlə mübarizə aparıb bu problemi kökündən həll etməliyik. O qeyd edib ki, dünyada İslam dininə qarşı qərəzli münasibətə, mənfi tendensiyalara adekvat cavablar verilməlidir. Ona görə də islamofobiya ilə mübarizənin əhatə dairəsi genişləndirilməlidir.

Açılış mərasimindən sonra beynəlxalq konfrans işini plenar iclasla davam etdirib. Məsələn, “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı plenar iclasda sülh, insan hüquqlarına və dini müxtəlifliyə hörmət kimi ortaq məqsədlərə nail olmağa yönəlmiş əməkdaşlıq səyləri və perspektivləri ilə bağlı müzakirələr aparılıb. Konfransın sonuncu sessiyası isə “Cinslərə görə islamofobiyanın əsası: müsəlman qadınların təqib edilməsi və müqaviməti, cins və cəmiyyət” mövzusuna həsr olunub. Konfransın sonunda Birgə Kommunike qəbul edilib.

Beynəlxalq konfransın iştirakçıları Şuşada

Qeyd edək ki, “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları martın 10-da Şuşaya səfər edərək bu şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar. Qonaqlar əvvəlcə Şuşa qala divarlarını ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonra qonaqlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Azərbaycana gətirilib və Bakıda Milli İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Qonaqlar, həmçinin Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidi, Mehmandarovların malikanə kompleksi və Qazançı kilsəsində olublar. Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib. Qeyd olunub ki, tarixi, dini və memarlıq abidələrinin bərpa və yenidən qurulmasında Heydər Əliyev Fondu yaxından iştirak edir.

Daha sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Onlar Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

NARDAR

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30