Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azad söz: Cəmiyyətin təməl daşı...

Azad söz: Cəmiyyətin təməl daşı...

03.05.2024 [11:15]

Dünya Mətbuat Azadlığı Günüdür

İnsanlar uzun illər ərzində doğru, ədalətli və ucadan söylənən cəsarətli sözə ehtiyac duyublar. Çünki haqq və ədalət, xoş güzəran naminə yorulmadan çarpışan insanlar azad sözü-həqiqət saydıqları sözü, qorxusuz, azad şəkildə deyə bilmək uğrunda mübarizə aparıblar. Tarixin müəyyən mərhələlərində insanlar buna nail olsalar da, bir çox hallarda dillərindən bəlaya düşüb, söylədikləri sözə və fikrə görə təqib edilib, müxtəlif formada cəzalandırılıb, bəzən isə zindan həyatına məhkum olublar. Bu baxımdan azad mediaya sahib olmayan cəmiyyətlərin davamlı iqtisadi, siyasi inkişafı qeyri-mümkündür. Bu həqiqəti müasir dünyada hər kəs qəbul edir və hətta ən avtoritar rejimlər belə ən azı sözdə media azadlığına qarşı çıxmırlar.

Məlumdur ki, azad media azad sözün, insan hüquqları və azadlıqlarının həm də qoruyucusu rolunda çıxış edir. Bu, şərəfli missiyadır. Təbii ki, ictimai-siyasi fəallığı ilə seçilən demokratik toplumlar azad medianın hüquqi bazasını qurmağa və daim təkmilləşdirməyə çalışırlar. Lakin həqiqətin gözünə dik baxmaq lazımdır. Dünyanın heç bir ölkəsində azad medianın yaranması və təşəkkülü prosesi asan olmayıb. O xalqlar ki, söz, fikir azadlığı, plüralizmə əsaslanan medianın sərbəst fəaliyyət göstərməsinin ümumi mənafe üçün faydalı və alternativsiz olduğunu qəbul ediblər, təbii ki, onlar vətəndaş cəmiyyəti quruculuğunda daha üstün mövqe tutublar.

Dünyada ilk qəzetlər...

Eramızdan əvvəl 59-cu ildə Yuli Sezar əmr verdi ki, senat iclasları, Romada baş verən digər hadisələr haqqında məlumat verən protokollar ictimai yerlərdən asılsın. Bu cür məlumatlar gipsdən hazırlanmış lövhələr üzərində qara şriftlə yazılırdı. Bu protokollar ilk qəzet nümunələri idi. Orta əsrlərin qapalı həyatında heç belə qəzetlər də yox idi. Yeni xəbərlər çox vaxt uzaq ölkələrə səyahət edən ticarətçilər tərəfindən yayılırdı. Orta əsrlərin sonlarından ölkədaxili və ölkəxarici əlaqələrin genişlənməsi qəzetə olan təlabatı artırırdı. Leyşikdə bank işçiləri əlyazma qəzet buraxmağa başladılar. Bu qəzetlər bir neçə nüsxədə olurdu. Hər bir oxucu qəzeti pulla ala bilərdi. Venesiyada isə xəbərlər əlyazma vərəqlərində çıxırdı. Bu əlyazmalar meydanlarda asılırdı. Venesiya ilə Türkiyə arasında gedən müharibə zamanı bu əlyazmalar hər ay meydanda xüsusi adamlar tərəfindən ucadan oxunurdu. Dinləyicilərdən bir “qazetta” (İtaliyada xırda pul) alırdılar. Bir çox alimlər qəzet sözünün elə məhz buradan əmələ gəldiyini güman edirlər. Artıq 16-cı əsrin ikinci yarısından Almaniyada ixtisaslı qəzet üzü köçürənlər meydana gəlmişdi. Almaniyada qəzetlər maraqlananlara xüsusi ödənişlə göndərilirdi. Bu qəzetlərdə nəinki real hadisələr, həmçinin uydurulmuş hekayələr də verilirdi. Artıq 1566-cı ildən Strasburq və Bazeldə həftəlik qəzetlər çıxmağa başladı.

Ümumiyyətlə, qəzet çapı o dövrlərdə təhlükəli idi. Qəzetlər və qəzetçilər təqiblərə məruz qalıb cəzalandırılırlar. Məsələn, 1652-ci ildə IX Karl, Fransa kralı XIII Lüdovik və digərləri öz hakimiyyətləri dövründə qəzet çıxarmağı qadağan etmişdilər. Lakin bütün bu çətinliklərdən keçərək qəzetlər özlərinə yol açır. Hazırda isə qəzet dünyada ən çox yayılmış çap məhsuludur.

31 il öncə verilən qərar...

Yeri gəlmişkən, bu gün Dünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Azad sözün şərəfinə elan olunmuş Dünya Mətbuat Azadlığı Günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxarıb.

XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildiriblər. 1993-cü il dekabrın 20-də isə BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü elan olunub.

Azərbaycanda mətbuat azadlığı

Azərbaycan mətbuatının keçdiyi tarixi yol yaş etibarilə o qədər də böyük deyil. Lakin bu yolun şərəf, ləyaqət yolu olduğu heç kimdə şübhə doğurmur. Mətbuatımızın keçdiyi tarixi yol xalqımızın qürur mənbəyidir.

Dünya Mətbuat Azadlığı Günü Azərbaycanda da fəal dəstəklənir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Dövlətimiz azad sözün cəmiyyətin həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atıb.

Azərbaycanda söz və məlumat azadlığının təmini ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da Azərbaycan Prezidentinin Fərmanı ilə mətbuat üzərində senzura fəaliyyəti ləğv olundu. Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin edib. Bu da demokratik cəmiyyət quruculuğu yolunu seçən Azərbaycanın perspektiv hədəflərinə uyğun idi.

Müstəqil KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur. 3 may - Dünya Mətbuat Azadlığı Gününün geniş qeyd edilməsi artıq ölkəmizdə də ənənə halını alıb. Bu gün münasibətilə bir sıra tədbirlər keçirilir, dövlət qurumlarının və KİV-lərin nümayəndələri bu sahədə mövcud durumu və ölkə mətbuatının inkişafı yollarını müzakirə edirlər.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31