Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanın regionlarında yeni müsbət reallıqlar yaranıb

Azərbaycanın regionlarında yeni müsbət reallıqlar yaranıb

15.02.2018 [10:11]

Müvafiq Dövlət proqramları regionların sürətli inkişafının təmin edilməsi baxımından tarixi əhəmiyyət daşıyır
Dünyanın ayrı-ayrı ölkələrində paytaxt, iri şəhərlər və regionlar dedikdə insanların gözü önündə ilk növbədə kəskin təzadlar canlanır. İri şəhərlərdə həyat qaynayır. Əmək bazarının, sosial infrastrukturun, müxtəlif növ rahatlıqların insanlar üçün əlçatanlığı yüksək səviyyədə təmin edilir.
Meqapolislərdən, iri şəhərlərdən bir qədər uzaqlaşdıqda isə tamam fəqli reallıqlarla üz-üzə qalırsan. Miskin, cansıxıcı, inkişafdan uzaq həyat sanki regionların, kənd yerlərinin boyuna biçilib. İmkanı olan hər kəs bu yerlərdən çıxıb getmək üçün yollar arayır. Gəncləri regionlarda ümumiyyətlə saxlaya bilməzsən. Onlar təhsil almaq, iş tapmaq, özlərinə layiqli həyat təmin etmək üçün çantalarını bellərinə atıb iri şəhərlərə tələsirlər. Regionlar sürətlə boşalır. Kəndlərdə evlərin böyük əksəriyyətinin qapılarından asılan qıfıllar, qaranlıq düşəndə yanmayan lampalar dərin nisgil yaradır.
Azərbaycanın nümunəsində isə tamam fərqli mənzərənin şahidi olursan. Bakıdan müxtəlif istiqamətlərdə regionlara doğru üz tutduqda paytaxt şəhərinin inzibati sərhədlərinin harada bitdiyini yalnız yol nişanlarındakı yazılardan müəyyənləşdirmək mümkündür. Avtomobil rahat yollarla şütüyərək səni gah bu, gah da digər abad bir yaşayış məntəqəsinə çatdırır. Bakıda olduğu kimi, bölgələrdə də intensiv şəkildə abadlıq işləri aparılır, kommunikasiya xətləri təzələnir, yollar çəkilir...
Son illərdə Azərbaycanın bütün bölgələrində sürətli inkişafın təmin edilməsi heç də təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan məqsədyönlü siyasətin bəhrəsidir. Nəzərə çatdıraq ki, ölkənin regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir. Respublikamızda 2004-cü ildən etibarən Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları reallaşdırılır. Ölkənin iqtisadi potensialı, maliyyə imkanları, həmçinin bölgələrin fərqli xüsusiyyətləri, ənənələri, əmək ehtiyatları və bu kimi vacib məqamlar nəzərə alınmaqla hazırlanması öz növbəsində bəhs olunan proqramların böyük uğurla reallaşdırılmasını təmin edir. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Praqmatik siyasətçi olan İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra Öz vədinə sadiq qaldı. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb.
İnvestisiya təminatının möhkəmlənməsi regionların sosial-iqtisadi inkişafında çox mühüm faktor qismində çıxış edir
Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində birinci Dövlət Proqramının qəbul edilməsini tarixi hadisə kimi səciyyələndirərək bildirib: “Birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi”.
Son 15 ildə Azərbaycanda yaranan müsbət reallıqlardan biri ölkənin maliyyə imkanlarının genişlənməsi ilə bağlıdır. Ötən dövrdə respublikamız strateji valyuta ehtiyatlarını 23 dəfədən çox artıraraq 2018-ci ilin əvvəlində 42 milyard dollara çatdırıb. Eyni zamanda, möhkəm daxili sabitliyin, aparılan islahatların nəticəsi olaraq ölkənin investisiya cəlbediciliyi getdikcə artır. Son 14 ildə müxtəlif mənbələrdən respublikamıza 231 milyard dollar həcmində investisiyalar yönəldilib.
Maliyyə imkanlarının genişlənməsi Azərbaycanın özünəinamını artırır, iqtisadi və siyasi müstəqilliyimizi şərtləndirən fundamental amillərdən biri qismində çıxış edir, ölkənin hərtərəfli inkişafına münbit zəmin formalaşdırır. Respublikanın maliyyə imkanlarının artmasının müsbət nəticələrini həmçinin regionların timsalında izləmək mümkündür. İnvestisiya təminatının möhkəmlənməsi regionların sosial-iqtisadi inkişafında çox mühüm faktor qismində çıxış edir. 2004-cü ildən etibarən Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50 milyarddan çox, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. 2017-cı ildə regionların inkişafına 4,5 milyard manat vəsait xərclənib. O cümlədən ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı Prezident İlham Əliyevin imzaladığı 74 sərəncamla 368 milyon manat vəsait ayrılıb.
Regionlara həmçinin müvafiq Dövlət proqramlarından kənarda da böyük həcmli maliyyə vəsaitləri yönəldilir. Məsələn, investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 208 sahibkarlıq subyektinə 230 investisiya təşviqi sənədi verilib və bu layihələr nəticəsində yerli istehsala 2 milyard manatdan artıq investisiya yatırılacaq, 16 minədək yeni iş yeri açılacaq. Layihələrin 87 faizi regionların payına düşür.
Məlumdur ki, respublikamızda özəl sektor dövlət tərəfindən hərtərəfli şəkildə dəstəklənir. Ötən 15 ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən özəl təsərrüfat subyektlərinə təxminən 2 milyard manat həcmində güzəştli kreditlər ayrılıb. Təkcə 2017-ci ildə 1953 sahibkarın layihəsinə geri qaytarılan kreditlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlərin böyük hissəsi regionlarda aqrar sahədə, emal sənayesində, xidmət sektorunda çalışan sahibkarların layihələrinin dəstəklənməsinə yönəldilir. Ötən il pambıqçılığa 10 milyon, tütünçülüyə 1,6 milyon, zeytun və badam bağlarının salınmasına və zeytun yağı istehsalı zavodunun tikintisinə 10 milyon manat güzəştli kredit yönəldilib. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manat güzəştli kreditin verilməsi, aqrar sektorun inkişafına 160 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.
Yaradılan müasir infrastruktur həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
Məqsədyönlü investisiya siyasəti qısa müddətdə Azərbaycanın bölgələrinin infrastruktur təminatını əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bölgələrdə yaradılan müasir infrastruktur həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır.
Son 15 ildə ölkədə aparılan infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 ildə isə respublikamız əsasən bölgələrdə olmaqla 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub.
Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. Prezident İlham Əliyev qarşıya ölkədə qazlaşdırmanın səviyyəsinin 2018-ci ilin sonunadək 95 faizə çatdırılması ilə bağlı mühüm vəzifə qoyub.
2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Hazırda respublikanın regionlarında kənd yollarının abadlaşdırılması uğurla həyata keçirilir. 2017-ci ildə ölkə miqyasında şərti “40 yol” adlanan, əslində isə daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb. 2018-ci ildə daha 600 kəndin yolunun abadlaşdırılması nəzərdə tutulub.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 15 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Bölgələrdə yaradılan yeni iş yerləri insanları möhkəm tellərlə doğma yerlərə bağlayır
Ölkə üzrə sənaye sektorunda, kənd təsərrüfatında həyata keçirilən layihələr, o cümlədən də yeni müəssisələrin yaradılması bölgələrdə əhalinin məşğulluğunun artmasına müsbət təsir göstərir. Sumqayıt Kimya Sənaye Parkındakı “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib. Sənaye Parkında ötən il Prezident İlham Əliyevin iştirakı ilə açılan və 2018-ci ildə istifadəyə veriləcək istehsalatlarda 800-ə yaxın yeni iş yeri yaradılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Yuxarıda bəhs etdiyimiz Neftçala Sənaye Məhəlləsində 500-dən çox daimi iş yerinin açılması üçün zəmin yaranıb.
Aqrar sektorda istehsal və ixrac imkanlarının genişlənməsi də regionlarda iqtisadi aktivliyin artmasının göstəricisidir. Son illərdə respublikanın bölgələrində böyük əmək tutumuna malik pambıqçılıq, baramaçılıq, tütünçülük kimi istiqamətlər inkişaf etdirilir. Bütün bunların da nəticəsində respublika üzrə fəal məşğul əhalinin iş yerləri ilə təmin olunmalarına geniş imkanlar açılıb. Bütövlükdə, son 15 ildə ölkədə 1,9 milyon yeni iş yerləri açılıb ki, onların da 1,4 milyonu daimidir. Bölgələrdə yaradılan yeni iş yerləri insanları möhkəm tellərlə doğma yerlərə bağlayır.
Respublikada reallaşdırılan özünüməşğulluq proqramı insanların öz həyatlarını layiqli şəkildə təmin etmələri baxımından böyük aktuallıq daşıyır. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən start götürən bu aktiv məşğulluq proqramının əhatə dairəsi getdikcə genişlənir. İndiyədək özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilib. Onlar dövlət dəstəyindən bəhrələnərək müxtəlif fəaliyyət istiqamətləri üzrə kiçik ailə təsərrüfatları yaradıblar. Cari ildə özünüməşğulluq proqramına 30 milyon manat məbləğində vəsait ayrılması və daha 6-7 min ailənin proqrama qoşulması hədəflənib.
Mübariz ABDULLAYEV
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 479 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31