Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İtən-batan 700 ballılar

İtən-batan 700 ballılar

28.10.2021 [11:21]

“Filankəsin balasının 600-700 bal toplaması” məsələsini çox şişirtməmişikmi?

Hər il ölkəmizdə ali məktəblərə qəbul prosesi cəmiyyətin geniş marağı ilə müşayiət olunur. Tələbə adını qazananların ali məktəbə neçə balla qəbul olunması məsələsi də oxuduqları məktəbdə, yaxın çevrələrdə, ailəsində, qohum-əqrəbasında uzun-uzadı müzakirələrin mövzusuna çevrilir. Abituriyentlər qəbul olunmasalar, onları gözləyən qınağı öncədən yaxşı bildikləri üçün stress keçirir, ali məktəblərə qəbulu həyatın ən vacib anı kimi dəyərləndirirlər. Hətta imtahanı uğursuz verən gənclərin bəzən intihara cəhd etməsinin bir səbəbi cəmiyyətimizin bu işə yönəltdiyi gərəyindən çox diqqətdir. “Filankəsin balasının 600-700 bal toplaması” məsələsini çox şişirtməmişikmi? Və ya əsas problemimiz budurmu? Çünki yüksək balla ali məktəbə qəbul hələ o gəncin bütün sahələrdə yüksək nailiyyətlər əldə edəcəyinin zəmanəti deyil. Biz iki ali məktəb bitirib, iş tapa, işləsə də kimsəni yarıda bilməyən gəncləri də az görmürük. Tətbiqini tapmayan, fayda verməyən elmin mənası varmı?

Təhsilin keyfiyyətinin bir-iki ilin nəticələri ilə ölçülməsi, neçə məzunun ali məktəbə daxil olması, neçə abituriyentin yüksək bal toplaması ilə dəyərləndirilməsi bizim mentalitetdən irəli gələn haldır. (İndi DİM də qoşulub bu mentalitetə). Halbuki, cəmiyyətin əsas tələbi keyfiyyətli təhsil olmalıdır. Təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 arasında bal toplaması ilə ölçürük.

Xatırlayanlar təsdiq edərlər ki, Sovet təhsil sistemi elə şəkildə qurulmuşdu ki, 10-cu sinfi orta qiymətlərlə bitirən hər bir vətəndaşın ümumi dünyagörüşü, bütün sahələr üzrə orta səviyyədə məlumatı olurdu. Ali məktəb bu bazanın üzərində qurulur, təkmilləşmə verirdi.

Test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayan tələbələr 2007-ci ildə qeydə alınıb. 2018-ci ildə 29 nəfər 700 bal toplasa da, növbəti il ən yuxarı nəticə göstərən olmayıb. İmtahanlarda qeydə alınan nəticələr tələbələrin hazırlıq səviyyəsindən asılı olduğu qədər də, ayrı-ayrı illərdə qəbul qaydalarının dəyişdirilməsi, imtahana asan və ya çətin sualların salınması və s. amillərlə əlaqədardır. 2021-ci ildə Azərbaycanda keçirilən ali məktəbə qəbul imtahanlarında abituriyentlərdən heç biri 700 bal toplamayıb.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, abituriyentlərin ali məktəblərə hansı ballarla qəbul olunması onların intellekt səviyyəsinin göstəricisi deyil.

“Təəssüflə qeyd etmək lazımdır ki, ali məktəblərə 700 balla daxil olmuş tələbələrin əmək bazarında özlərinə mühüm yer tutmalarının şahidi olmamışıq. Bu gün ali məktəblərə 700 balla daxil olmuş 129 məzunumuz var. Onlardan biri şəhid olub. Yüksək balla ali məktəblərə daxil olanlar Prezident təqaüdçüləri olsalar da, sona qədər bu təqaüdü qoruyub saxlaya bilmirlər. Bir dəfə qiymətləri aşağı düşən kimi təqaüd kəsilir.

2001-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman vermişdi. Həmin Fərmana uyğun olaraq, o vaxtdan hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür. Prezident İlham Əliyevin 2004-cü ildə verdiyi Sərəncamla Prezident təqaüdçülərinin sayı və onlara verilən təqaüdlərin məbləği daha da artırıldı. Hazırda təqaüdün məbləği 210 manat təşkil edir. İldə hər ixtisas qrupu üzrə ən yüksək bal toplayan 25-30 nəfər olmaqla, təxminən 100-120 nəfərə təqaüd verilir. Bu il belə tələbələrin sayı 102 nəfər oldu”, - deyən ekspert əlavə edir ki, əslində 700 bal toplayan tələbələrlə 600-dən yuxarı bal toplamış tələbələr arasında elə də yüksək fərq yoxdur.

“Bu, çox fərdi məsələdir. Çox yüksək intellekt sahibi olan abituriyent az və ya orta göstəricili bir abituriyent təsadüfən çox bal toplaya bilər. Ali məktəblərə 700 balla daxil olan tələbələr işə götürülərkən, dövlət qulluğuna imtahan verərkən onlara hansısa bir üstünlük verilmir. Bu, qanunvericiliklə nəzərdə tutulmayıb. Xarici ölkələrin nüfuzlu ali məktəblərində oxuyub gəlmiş məzunlara isə belə istisnalar edilir. Tələbələrin əmək bazarında yer tutması, bacarıqlı kadr olması heç də onların hansı balla ali məktəblərə daxil olmaları ilə deyil, təhsil aldıqları müəssisənin verdiyi təhsilin keyfiyyəti, 4 il ərzində aşıladığı bilik, bacarıq və təcrübədən asılıdır”, - deyə ekspert vurğulayıb.

Tələbələrə verilən təqaüdlər barədə danışan ekspert deyib ki, bu gün Azərbaycanda standart, prezident təqaüdü, xüsusi təqaüd və adlı təqaüdlər sistemi mövcuddur.

“Standart təqaüdün nə olduğunu hər kəs bilir. Prezident təqaüdü barədə də danışdıq. Xüsusi təqaüd dedikdə SABAH təqaüdü (50 manat), “Gələcəyin müəllimi” təqaüdü (100 manat), Kənd təsərrüfatı tələbə təqaüdü (100-200 manat), AZERCELL tələbə təqaüdü (200 manat), SOCAR tələbə təqaüdü (100 manat) nəzərdə tutulur. Bundan əlavə, Bakı Dövlət Universitetində 22, Odlar Yurdu Universitetində 9 ziyalının adına təqaüd verilir. “Azərbaycan” Universitetində “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” (500 manat) mövcuddur. Bütün bunlar tələbələrin təhsilə həvəsini artırmaq, stimul vermək məqsədi daşıyır. Qalır tələbənin öz gələcəyi üçün özünü yetişdirməyə səy göstərməsi”, - deyə ekspert vurğulayıb.

Həyatın hər üzünü görmüş, yaşamış bir dahi demişdi ki, ömür bizim planlaşdırdıqlarımızdan ibarət deyil, ömür qarşımıza çıxanları yaşamaqdır. Qarşımıza maneələr çıxdığı zaman əliyalın qalmayaq deyə təhsil sistemi var. Təhsildə tarazlığı təmin etmək üçün topladığı ballardan asılı olmayaraq, hər kəsin səviyyəsinin yüksəldilməsinə yüksək diqqət yetirsək, boşluq olan sahələri üzə çıxarıb təkmilləşdirsək, qazanan yalnız xalq olacaq. Biz dünyaya neftimizlə yanaşı öz yüksək təhsil sistemimizlə səs sala, özümüzü bu şəkildə də təqdim edə bilərik. Bu gün Yaponiyanı, Çini, ABŞ-ı, Almaniyanı, Finlandiyanı yüksək texnologiyalar, ən inkişaf etmiş ölkələr sırasına qaldıran amillərdən biri də məhz keyfiyyətli, yüksək təhsil sistemidir. Oxumağa bu qədər həvəsli xalqıqsa, niyə ən böyük nailiyyətimiz sadəcə diplom almaqla məhdudlaşır və o diplom sahibləri çox zaman əmək bazarında özünə layiqli yer tapmır? Bu sual varsa, demək ki, həllini gözləyən böyük bir problem də var.

İlhamə Rəsulova

 

 

Paylaş:
Baxılıb: 433 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31