Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bəşəriyyət dəhşətli iqlim köçlərinin astanasında

Bəşəriyyət dəhşətli iqlim köçlərinin astanasında

23.11.2021 [10:52]

İnsana yeni məskən lazım – Yerdən başqa evimiz yox

Dünya koronavirus pandemiyası səbəbiylə birillik fasilədən sonra yenidən canlanır, istixana effekti verən qazlar yenidən atmosferimizi doldurmaqla məşğuldur. Kanadanın Baş naziri Castin Trüdo bu ilin noyabr ayında dünya liderlərinin iqlim dəyişikliklərinə həsr olunmuş beynəlxalq konfransında çıxışı zamanı “Dərhal hərəkətə keçməliyik. Planetin çirklənməsinə qarşı peyvənd yoxdur” şəklində maraqlı bir fikir səsləndirmişdi. BMT-nin Baş katibi Antonio Quterreş Dünya Meteorologiya Təşkilatının hesabatını dinlədikdən sonra “Dünya uçurumun kənarındadır” bəyanatını verib.

 

Fəlakət proqnozları

Yaxın onilliklərdə bəşəriyyət üçün əsas təhlükə qlobal istiləşmədir. Dünya problemə məhəl qoymasa, planet 2040-cı ildən sonra geri dönüşü olmayan həddi keçəcək. Alimlər həyəcan təbili çalır. İnsan israfçılığının nəticəsində bütöv ölkələr yer üzündən silinəcək, daşqınlar, dözülməz istilər və digər təbii fəlakətlərdən milyonlarla insan həlak olacaq. Yüz milyonlarla insanı acından ölmək təhlükəsi gözləyir.

Antarktika buz təbəqəsinin həcm itkisi 1979-cu ildən 2017-ci ilə qədər ən az altı dəfə artıb. Əgər 1997-ci ildən 2006-cı ilə qədər dəniz səviyyəsi hər il orta hesabla 3 mm qalxırdısa, növbəti onillikdə okeanın irəliləmə sürəti artıq ildə 4 mm olub. Səbəb, dəniz suyunun temperaturunun yüksəlməsi, Qrenlandiya və Qərbi Antarktida buzlaqlarının əriməsidir. Okeanların turşuluq səviyyəsi sənaye dövrünün əvvəlinə nisbətən 26 faiz artıb.

Dünya Meteorologiya Təşkilatının hesabatında deyilir ki, son onillik tarixdə ən qaynar il olub və bəşəriyyətin nə etməsindən asılı olmayaraq, bu tendensiya yaxın onilliklərdə geri qaytarıla bilməz - yalnız onun nəticələrini yüngülləşdirmək imkanına malikik. Bir qədər də geciksək, bu imkanı da itirəcəyik.

Meteoroloqlar təsdiqləyiblər ki, 2020-ci il tarixdə ən isti üç ildən biri olub. Belə isti yay sənaye inqilabından öncə, 1850 və 1900-cü illərdə qeydə alınmışdı.

Qlobal istiləşmənin qarşısını nisbətən ala bilmək, planetin temperatur artımını sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə yuxarı saxlamaq məqsədilə dünya dövlətləri atmosferə buraxılan yanmış qazlarının həcmini azaltmaq barədə razılığa gəliblər. Bu məsələ Paris Sazişində öz əksini tapıb, lakin ekoloqlar yenə də rahatlıq tapmır, bu göstəricilərin köhnəlməsi barədə xəbərdarlıq edirlər.

İnanmaq bir dərddi, inanmamaq başqa dərd

Qlobal istiləşmə bəşəriyyətdən getdikcə daha çox fəaliyyət və pul tələb edir, lakin bəziləri hələ də gözlənilən fəlakətin reallığına şübhə edirlər. Bununla bağlı hətta “İqlim skeptsizmi” termini yaranıb. Bu, iqlim dəyişikliyi ilə bağlı elmi fikirlərə inamsızlıq, hətta onları inkar edəcək dərəcədə inamsızlıq kimi qələmə verilir. Oxşar ictimai əhval-ruhiyyə artıq dünyanın bir çox ölkələrində güclənib və hökumətlərin qlobal temperaturun yüksəlməsini yavaşlatmaq üçün hərəkətlərinə mane olur. Məlumatların saxtalaşdırılması konsepsiyası bəzi rus alimləri tərəfindən də dəstəklənir. Məsələn, okeanoloq, Rusiya Elmlər Akademiyasının üzvü Gennadi Matişov ABŞ-ın keçmiş vitse-prezidenti Al Qorun Nobel Sülh Mükafatını almaq üçün qlobal istiləşməni icad etdiyini dəfələrlə bəyan edib.

İqlim dəyişikliyinin inkarı ən çox karbon tullantılarına səbəb olan neft və qaz şirkətləri tərəfindən təşviq edilir. Əldə edilmiş məlumatlara görə, neft emalı da daxil olmaqla təbii sərvətlərin istismarı ilə məşğul olan şirkətlər 1997-2018-ci illər arasında iqlim skeptiklərini dəstəkləmək üçün təxminən 145 milyon dollar xərcləyiblər. Neft nəhəngi “Exxon Mobil” son vaxtlara qədər ictimai bəyanatlarında iqlim dəyişikliyinin əhəmiyyətini sistematik şəkildə aşağı salırdı və yalan məlumatlar üçün tədqiqatçılara pul ödəyirdi. Kardiff və Kanberra Universitetlərinin birgə araşdırması göstərir ki, əksər hallarda iqlim dəyişikliyinə görə insan məsuliyyətini inkar edirlər.

Bir çox skeptiklər isə qlobal istiləşmə nəzəriyyəsinin ortaya çıxmasını dünya hökumətinin sui-qəsdi ilə əlaqələndirirlər. “Dünyanın sirli hökmdarları” ideyası sui-qəsd nəzəriyyələrinin pərəstişkarları arasında populyardır. Bu versiyanın tərəfdarlarına dünyanın hər yerində rast gəlmək olar. Çox vaxt Birləşmiş Millətlər Təşkilatı sui-qəsd nəzəriyyəsində ittiham olunur, çünki Kioto Protokolu və Paris Sazişi kimi iqlim dəyişikliyini ehtiva edən ən mühüm sənədlər BMT-nin təşəbbüsü ilə imzalanıb.

Başqa bir nəzəriyyəyə görə, Yaşıl Enerji İnvestorları Neft Sənayesini məhv etmək qərarına gəliblər, ona görə bütün gün “yaşıl enerji”nin təbliği aparılır.

Daha bir sui-qəsd nəzəriyyəsi, bərpa olunan enerji və nüvə enerjisi şirkətlərinin rəqabət aparması yönündədir. Sui-qəsd ideyasının tərəfdarları hesab edirlər ki, “yaşıl enerji” istehsalçıları və onların investorları gəlirlərini itirməmək üçün planetin əhalisini aldadır, həmçinin alimlərdən onlara lazım olan tədqiqat nəticələrini “satın alırlar”.

Hətta məşhur sovet fiziki, Nobel mükafatı laureatı Pyotr Kapitsanın oğlu, coğrafiyaşünas Andrey Kapitsa da bu fikri dəstəklədiyini bildirib: “İki enerji qrupu var: biri qaz, neft və kömür sənayesi ilə bağlıdır. Digəri isə atomdur. Buna görə də öz aralarında döyüşürlər”. Bu, Kapitsanın elmi konsensusa etiraz etdiyi yeganə hal deyil. Alim insan fəaliyyətinin ozon dəliklərinin yaranmasına kömək etdiyinə də şübhə ilə yanaşır və bu prosesi təbii amillərlə izah edir.

Reallıqlar isə fərqlidir

Nəzəriyyələr bir yana, elmi faktlar bir yana.

Yer kürəsində orta temperatur son 2000 ildə heç vaxt olmadığı qədər sürətlə yüksəlir, klimatoloqlar bunun bəşəriyyətin günahı olduğunu deyirlər.

Nəqliyyat, sənaye və enerji hər il atmosferə təxminən 40 milyard ton karbon qazı buraxır. Qlobal istiləşmə okeanların qida zəncirlərinin səmərəliliyini azaltmaq, iri heyvanların sağ qalmasına təhlükə yaratmaq və ərzaq təhlükəsizliyinə zərər vurmaq potensialına malikdir.

Qlobal orta temperatur 19-cu əsrin sonları ilə müqayisədə təxminən 1,1 dərəcə yüksəkdir və yaxın 20 ildə orta qiymət 1,5 dərəcəni keçəcək. Artan temperatur buzlaqların əriməsinə, dəniz səviyyəsinin yüksəlməsinə və orta rütubətə səbəb olur ki, bu da istiləri daha da gücləndirəcək və məsələn, Hindistan və Yaxın Şərqdə insan həyatını qeyri-mümkün edəcək. Avropanı bundan da qorxulu gələcək gözləyir. Əriyən Qrenlandiya buzlaqları artıq geri dönüşü olmayan nöqtəyə yaxınlaşıb. Avropada ekstremal hava hadisələri artan qış fırtınaları, yay quraqlıqları və istilik dalğaları riski ilə müşayiət olunacaq. Bəzi ölkələr hətta tamamilə yox ola bilər: dəniz səviyyəsinin qalxması səbəbilə onlarla kiçik ada dövləti suyun altına düşmək riski ilə üzləşəcək. Sakit okeanda üç alçaq arxipelaqdan ibarət Kiribati xüsusilə təhlükəli vəziyyətdədir. Alimlərin hesablamalarına görə, suyun cəmi 0,9 metr qalxması əsrin sonuna qədər ölkə ərazisinin üçdə ikisinin subasması ilə nəticələnəcək.

Üstəlik, qlobal istiləşmə artıq demoqrafik vəziyyətə də təsir edib. Morgan Stanley agentliyinin analitikləri belə qənaətə gəliblər ki, evli cütlüklər iqlim dəyişikliyinin nəticələrindən qorxaraq uşaq sahibi olmaq istəmirlər, bir çoxları uşaqların qarşıdan gələn hava dəyişikliklərinə tab gətirə bilməyəcəyindən qorxurlar. Bəzi gələcək valideynlər planetə zərər verməmək üçün uşaq sahibi olmağı planlaşdırmırlar. Bir uşağın doğulması inkişaf etmiş ölkələrdə atmosferə ildə təxminən 60 ton karbon qazının atılması ilə nəticələnir.

Yer kürəsi “can çəkir”

Böyük ehtimalla qiyamət günü ssenarisi reallaşmaqdadır. Yox, bu əsla oxucunu qorxutmaq və ya marağını çəkmək üçün işlədilən cümlə deyil. Bu nə nəzəriyyədir, nə də iddia. Geoloq, alim Yelizaveta Xromovanın araşdırmalarına görə, 1998-ci ildə Yer kürəsinin daxili nüvəsində silkələnmə olub.

“Planetin dəmir nüvəsi şimala doğru sürüşüb. O, yerin fırlanması nəticəsində ürək kimi döyünür. Planetin daxilində maqnit sahəsi azalır, şimal maqnit qütbünün anomaliyaları da bununla əlaqəlidir. Bu anomaliya Yer kürəsinin fırlanma sürətini artırıb. Hesablayıcı qurğular Yer kürəsinin ekvator üzrə genişlənməsi faktını qeydə alıblar. Yer kürəsi getdikcə daha çox armudabənzər forma almağa başlayıb. Planetin mərkəzdənqaçma qüvvəsi artıb, su yoxa çıxmağa başlayır, baxmayaraq ki, yağışlar, daşqınlar heç də az deyil. Bu, nüvədəki çat səbəbi ilə baş verir. Maqnit sahəsinin azalması atmosfer təzyqini azaldır. Məhz maqnit sahəsi bizim atmosferimizi qoruyur, o olmadan Yer kürəsi oksigendən məhrum olardı.

Yerin dəmir nüvəsinin mikrodəyişimi böyük təbii fəlakətlərə səbəb ola bilər. Günəş minimumu dövrünün yaşanması ilə əlaqədar onun Yerə təsir gücü azalıb. Nüvənin ürək kimi döyünməsi zərbə dalğası yaradır. Mikroseysmik fəallıq, nüvədə gərginlik və çatlar artır. Maqma daha çox yer qabığına tərəf qalxmağa başlayır. Bu da nöz növbəsində yer qabığının daha çox isinməsinə səbəb olur. Vulkanik aktivlik çoxalır”, - deyə alim bildirib. O vurğulayıb ki, yerin daxilində su yer səthindəkindən qat-qat çoxdur.

“İndi Yer planetinin tərkibindəki qaynar qatqılar üstə çıxmağa başlayır. Bu isinmə yerin su ehtiyatlarının buxarlanmasına, azalmasına səbəb olacaq. Biz artıq bu istixana effektini hiss etməyə başlamışıq. Ötən 10 ildə daşqınların səviyyəsinin artması bununla əlaqədar idi. Yer qabığındakı suyun buxarlanmağa başlaması bizə fəlakətli leysanlar və uzun müddət dayanmayan yağmurlar şəklində geri dönəcək. Nuhun növbəti tufanı qaçılmaz olacaq. Yer kürəsi hər 12000 ildən bir fəsil dəyişirmiş kimi, yeni dövrünə qədəm qoyur. Yer kürəsinin 4 zaman sikli mövcuddur. Sati yuqa, Treta yuqa, Davapara yuqa, Kali yuqa. Hazırda Kali yuqa dövrünün 12000 illiyinin sonlarındayıq. Bu dövr 2025-ci ildə başa çatacaq”, - deyə alim xəbərdarlıq edib. Xromovanın bu bəyanatı barədə bir öncəki yazımda da məlumat vermişdim, təkrarlamaqda məqsədim bu çox önəmli fakta diqqət çəkməkdir.

Alimin sözlərinə görə, hər 12 min ildən bir bizim Günəş sistemimiz qalaktikada kiçik qarşılıqlı təsir məkanına daxil olur. Böyük təsir məkanına daxilolma müddəti 24 min ildən bir baş verir və bu, daha böyük fəlakətlərlə nəticələnir. Yəni Yer kürəsində baş verən bu hərəkətlənmələr, kosmik, qalaktik təsirlər nəticəsində yaranır. İndiki mərhələdə biz bunun qarşısını almağa qadir deyilik.

Ekoloji transformasiya iqtisadi bəlalar gətirəcək

Digər tərəfdən “yaşıl enerji”yə keçidlə problem bitmiş sayılmır. Ekoloji transformasiya cəmiyyətə çox baha başa gələ bilər. Analitiklərin fikrincə, bəşəriyyətin ətraf mühit və ekologiya uğrunda mübarizəsi bütün dünyada demək olar ki, bütün malların qiymətlərinin artmasına - “yaşıl inflyasiya” adlandırılan qiymət artımına gətirib çıxaracaq. Artıq bu problemin həlli ilə bağlı dünyanın “varlı” dövlətləri “kasıb” dövlətlərə yardım planları üzərində işləyiblər.

2009-cu ildə inkişaf etmiş ölkələr xüsusilə qlobal istiləşmənin təsirlərinə həssas olan, inkişaf etməmiş ölkələrə kömək etmək barədə razılığa gəliblər. İri iqtisadiyyatlar hər il 100 milyard dollar dəstək verəcəklərinə dair öhdəlik götürüblər. Lakin faktiki məbləğlərin vəd ediləndən xeyli az olduğu ortaya çıxdı.

Alimlərin qorxulu proqnozları fonunda dünyada ekoloji transformasiya sürətlənməlidir ki, bu da hökumətin daha sərt tədbirlərinə, istehsal müəssisələrinin modernləşdirilməsi üçün xərclərin və karbon vergilərinin artmasına və yenə də malların qiymətlərinin artmasına gətirib çıxaracaq. Üstəlik, aparıcı dövlətlər, o cümlədən Avropa ölkələri artıq belə siyasəti həyata keçirməyə başlayıblar.

Bəzi yaşıl layihələrin ləğv edilməsi və ya təxirə salınması ilə bağlı narahatlıqlar var ki, bu da iqlim problemlərini həll etməyi çətinləşdirir. Beynəlxalq Enerji Agentliyinin açıqlamasına görə, 2020-ci ildən 2050-ci ilə qədər temperaturun 1,5 dərəcə Selsiyə qədər yüksəlməsini məhdudlaşdırmaq üçün külək və günəş enerjisinin gücünü beş dəfə artırmaq lazımdır. Bundan əlavə, təbiət özü “yaşıl enerji”yə keçidə mane olur: şiddətli quraqlıqlar əslində hidroenergetikanı məhv edir. ABŞ, Çin və Braziliya artıq oxşar problemlərlə üzləşirlər.

ALLATRA - Yaradanın Sevgisi dünyanı qurtarmaq üçün çağırış edir

Bu qədər qorxunc proqnozlar verdikdən sonra təbii ki, sual yaranır. Yerdə həyatı necə qorumaq olar? Cavab var.

“Hazırda mövcud, amma tətbiq oluna bilməyən texnologiyalar yaradıcı cəmiyyət formatında bütün insanların rifahı üçün istifadə olunmalıdır. Biz baş verən və qarşıdan gələn böyükmiqyaslı təbii fəlakətlərin qarşısını ala bilməsək də, baş verəcək fəsadları minimallaşdıra bilərik. Birlikdə hər bir insanın həyatının qayğısına qala, təhlükəsiz şəraiti təmin edə bilərik. Çətin dönəmlərdə insanları tez bir zamanda təhlükəli ərazilərdən daha təhlükəsiz ərazilərə köçürmək və yaşayışı üçün bütün infrastrukturu qura bilərik. Yaradıcı cəmiyyətin minimum hədəfi sağ qalmağımız, maksimum isə yeni təkamül sıçrayışı edərək mənəvi azad insanların ideal cəmiyyətini qurmaqdır”. ALLATRA Beynəlxalq ictimai hərəkatının bəyanatında belə bildirilir. Allatra kəlməsi Yaradanın məhəbbəti mənasını verir.

ALLATRA Beynəlxalq ictimai hərəkatı dünyanın müxtəlif ölkələrindən, müxtəlif millətlərə və dinlərə məxsus olan ictimai fəal, təşəbbüskar, vicdanlı insanların səyləri ilə yaradılıb. Hərəkatın mahiyyəti ümumbəşəridir, bütün cəmiyyətin xeyrinədir və kiminsə şəxsi mənafelərinə xidmət etmir. Hərəkatın məqsədi yaradıcı cəmiyyət qurmaqdır.

“ALLATRA Hərəkatının yaradılmasının zəruriliyi bəşəriyyətin sağ qalması məsələsi ilə bağlıdır. Biz dünyada gedən proseslərə ayıq şəkildə baxırıq və görürük ki, dünya ictimaiyyətinin bütün sektorlarında dərin böhran mövcuddur. Mənəvi, sosial, iqtisadi və siyasi böhran cəmiyyətdə mövcud olan istehlakçı münasibətlər formatının nəticəsidir. Ən dəhşətlisi də bütün bunların üstünə Yer üzündə iqlim vəziyyəti ilə əlaqəli böhranın da əlavə olunmasıdır. Əgər bu gün birlikdə aktiv fəaliyyətə keçməsək, bütün bunlar insanlığın məhv olmasına gətirib çıxarar”- deyə hərəkatın nizamnaməsində qeyd edilir.

Hərəkatın iştirakçıları, asudə vaxtlarında çoxlu sosial layihələr həyata keçirən və dünyanın hər yerindən olan könüllülərdir. Bütün layihələr ortaq məqsəddə birləşir - bu, Yer üzündəki bütün insanlara nə baş verdiyini, niyə baş verdiyini və bu vəziyyətdə nə etmək lazım olduğunu doğru şəkildə çatdırmaqdır.

“Həqiqəti insanlara çatdırmağın vaxtı yetişib. Buna görə də, müxtəlif layihələrlə, tarix, elm, arxeologiya, dinşünaslıq vasitəsilə istiqaməti dəyişməsək, insanlığı hansı acı həqiqətlərin gözlədiyini çatdırmaq zərurəti yaranıb. Bəşəriyyət istehlakçı cəmiyyətdən qurtulub, yaradıcı cəmiyyət olmaq istiqamətində irəliləməlidir”, - deyə hərəkatın nizamnaməsində qeyd olunur. Xatırladım ki, ALLATRA Hərəkatının Azərbaycanda da yüzlərlə iştirakçısı var. Bu hərəkat millətlərə, dövlətlərə qarşı deyil, o sadəcə bəşəriyyəti fəlakətdən qorumaq naminə maarifləndirmək kimi bir öhdəliyi üzərinə götürüb.

Yuxarıda deyilənlər hamıya toxunur, hamımızı əhatə edir. Bir çox dövlətlər artıq gizli şəkildə özlərinə yeni torpaqlar, yeni ərazilər tapmaq barədə ciddi-ciddi iş aparırlar. Bir neçə il öncə “Çin özünə yeni vətən axtarır və bu vətəni Afrikada tapacaq” tipli bir məqalə sensasiya yaratmışdı, bu fikrə qarşı skeptik yanaşmalar oldu. Təkcə Çinmi? Qlobal təbii fəlakət hər bir dövləti təhdid edir. Bəlkə də böyük köçə çox az qalıb. Hətta Marsda insan koloniyalarının yerləşdirilməsi ideyasının da ən dərinlərində Yerdə həyatın bir gün fəlakətli bir şəkildə sona çatacağına dair nəzəriyyələr dayanmırmı? Yoxsa, nə üçün insan onun üçün ən ideal şəkildə yaradılmış bir planeti səmalardakı “cəhənnəmə” dəyişmək fikrinə düşsün?

Vaxt azdır və Yerdən başqa köçəcək yerimiz yoxdur. Göylərdə özümüzə yer aramaqdansa, Yerdəki yerimizi qorumalıyıq. Qənaətlə, təmizliklə, israfçılıq etməməklə. Məşhur əfsanədə deyildiyi kimi, hər kəs əlindən gələni etməklə öz mövqeyini sərgiləməlidir. İbrahim peyğəmbəri odlardan qorumaq üçün dimdiyində bir damla su gətirən qaranquş kimi.

İlhamə Rəsulova

 

 

Paylaş
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31