Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tıq-Tıq xanımların “TikTok” macəraları

Tıq-Tıq xanımların “TikTok” macəraları

30.11.2021 [12:56]

Mənəviyyatımızın eroziyası - əxlaq polisinə ehtiyac var?

Mobil telefonlar və internet gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən gündən aramızdakı məsafələr azalsa da, həyatımızın sakit gedişi pozuldu. Rahatlıq üçün istifadə edilən mobil telefonlar genişmiqyaslı narahatlığa səbəb olmağa başladı. Hər kəs ondan öz maraqları daxilində istifadə etdi. Geniş kütlələrin maraq dairəsini xəbər alıb-verməkdən çox, sosial şəbəkələrdə tanışlıq, söhbətləşmələr çəkdi. Bir çox ölkələr üçün bu bəlkə də normal idi. Məsələn, Yaponiya kimi bir ölkədə insanların bir-biri ilə ünsiyyəti heç də asan alınmır və sosial şəbəkə bu mənada yalnızlığa çarə ola bilərdi. Amma bu texnologiyaları dünyaya bəxş edən gündoğan ölkələr özləri öz icadlarının girovuna çevrildilər. İş o həddə çatıb ki, Çin, Koreya, Yaponiya kimi ölkələrdə sosial şəbəkələrə aludəçilik insanlarla ünsiyyəti arxa plana salıb və indi xəyali personajlarla, holoqramlarla evlənmək dəbi yaranıb. Bu ölkələrdə cizgi filmlərinin qəhrəmanlarının, “barbi”lərin holoqramları ilə evlənmək getdikcə adiləşir. Bu azmış kimi, insana çox bənzəyən robot kuklalarla evlənənlər də var. Yəqin düşünürlər ki, ailədə məişət “dır-dırı” olmayacaq. Nə zaman istəyirsən söndür, hansı proqramı istəyirsən yüklə, ideal həyat yoldaşını öz əllərinə yap-düzəlt.

2 il öncə Tokio sakini, 35 yaşlı Akixiko Kondo animal personaj olan Hasune Miku ilə evlənməsi ilə medianın diqqətini çəkmişdi. O, toy mərasiminə iki milyon yen (30000 manata yaxın) pul da xərcləmişdi. Maraqlıdır ki, populyar müğənni obrazı olan Hasune Miku bütün yaponların sevimlisidir və onun konsertləri də təşkil olunur. İzləyicilər səhnədə işıqlar altında rəqs edən, oxuyan holoqram obrazın konsertinə tamaşa etməkdən böyük zövq alırlar, buna böyük pullar verirlər. Bu yüksək texnologiyalara “tanrılıq” edən ölkələrdə insanların qarşılaşdığı problemdir. Bizdə isə problem xeyli fərqlidir. Yəni bizim ünsiyyət problemimiz yoxdur, özümüzə əlavə problemləri yaradan məsələ isə başqalarının işinə “burun soxmaq” azarımızdır. Bizim insanlarımızı nə holoqram sevgili maraqlandırır, nə də robot həyat yoldaşı. Bizim insanlarımızı canlı insanlar maraqlandırır - cibinin puluyla.

Bu gün sosial şəbəkələrdən istifadə etməyən az adama rast gəlmək olar. Hər sosial şəbəkənin də öz auditoriyası, öz izləyici kütləsi var. Məsələn, “Twitter” və “Facebook”da əsasən ciddi  siyasi, ictimai məsələlər müzakirə olunursa, “İnstagram”, “Odnoklassniki” kimi şəbəkələr əsasən əyləncə xarakteri daşıyır. Son bir ildə ortaya çıxan “TikTok” sosial şəbəkəsi isə öz populyarlığı ilə adıçəkilən şəbəkələrin hamısını geriyə atmış oldu. İzləyiciyə bir növ hipnotik təsir göstərən, ağuşuna alıb öz içərisinə dartan bu şəbəkədə əsasən qısa (3-5 dəqiqəlik) videoçarxlar təqdim olunur. Müxtəlif kateqoriyalara bölünən bu çarxların böyük əksəriyyəti əyləncəli xarakter daşıyır. “TikTok”un insanlar arasında bu dərəcədə geniş maraq doğurmasının başqa bir səbəbi, böyük izləyici kütləsi olan istənilən şəxsin buradan pul qazanmaq imkanıdır. Əlbəttə, istedadı olanlar üçün gözəl meydandır. İstedadı olmayanlar isə...

Bax bizim əsl problemimiz də istedadı olmayan, ümumiyyətlə, populyarlaşmaq  arzusunda olan, lakin populyarlığın, şöhrətin, əslində necə bir yük olduğunu anlamayan soydaşlarımızın sosial şəbəkələrdə çıxardıqları həngamələrlə bağlıdır. Canlı yayım açıb ekran qarşısında rəqs edəndənmi danışım, soyunub bədənini nümayiş etdirəndənmi, sevgili axtardığını elan edib özünü satışa çıxaranlardanmı? Və bunların böyük əksəriyyəti də qadınlardır.

Bir çox evdar qadınlarımız cinsiyyəti bəlli olmayan, plastik əməliyyatlar nəticəsində üz-gözü ilə bərabər, cinsini dəyişmişlərin fanatlarıdır, bir çoxları falçıların. Özünü ekstrasens, psixoloq, həkim, falçı elan edən saxtakarlar üçün cənnətdir bu platforma. Necə deyərlər, olmasaydı dünyada sarsaqlar, ac qalardı... çoxbilmişlər. Dünya gör-götür dünyasıdır, bir qrup da kimsəyə fanatlıq etmir, fanat ordusu toplamaq üçün dəridən-qabıqdan çıxır, hər cür axmaq üsula əl atır.

Dərd budur ki, bunu edənlər yalnız gənc nəslin nümayəndələri deyil. Mən 65-70 yaşlı qadın tanıyıram ki, ekran qarşısında bikinidə mayallaq aşır. Ayağında toxunma yun corabı, arxa fonda tüstüləyən odun peçi (bəlli ki, bu “TikTok”erimiz hansısa ucqar kəndin sakinidir) şıdırğı “Şalaxo” rəqsini oynayan gəlinin məqsədi nədir? “Yalnızlıqdan sıxılıram, təkəm, tənhayam, pullu kişi axtarıram” deyənləri anladıq, onlar özlərini satışa çıxarıblar, bəs axı hansısa bir evin gəlini olan qadınlarımızın bəyənmə, izləyici sayı xatirinə göstərdikləri sarsaq “şoular” nəyə lazımdır? Sonra da deyirlər filan kişi arvadını öldürdü, filankəsin ailəsində söz-söhbət yarandı. Bax bu yerdə günah öləndə deyil, kimdədir? Yanlış anlaşılmaq istəmirəm, şiddətə qarşıyam, kiminsə kimisə öldürməsini də bütün insanlar kimi qəbul edə bilmirəm. Amma bir gerçəklik var ki, bu gün sosial şəbəkələrin dağıtdığı ailələrin sayı-hesabı yoxdur.

Sosial şəbəkələrdə var olmaq da peşəkarlıq tələb edir. Əks halda, bu evin qapısını açıq qoyub, gəzməyə getmək kimi bir şey olardı. Nədənsə unuduruq ki, izləyici kontingentinin də hamısı eyni ağılda insanlar deyil. Burada ova çıxanlar var, adam axtarırlar ki, hansısa yolla dələduzluq edib qazanc götürsünlər.  Dəlisi, gici, manyakı, oğrusu, əyrisi, başı az işləyəni, həyatdan küsəni, psixoloji problemlərlə əlləşəni. Nə qədər insan var, o qədər də fərqli tale, fərqli baxış.

Bu cür kütlənin qarşısına heç bir hazırlıq olmadan çıxıb özünü ən səfeh formada təqdim etmək ən azından risk deyilsə, bəs nədir?

Azərbaycanda cəmiyyətin, ailə institutunun əsla qəbul etmədiyi bir sıra anlayışlar “TikTok”da ayaq altına atılır, tapdanır. Bir zamanlar Tıq-Tıq xanım bəzənib düzənib özünə dost axtarmağa gedirdi, indi bəzənib-düzənib “TikTok”a girir bəziləri. Qohum nə deyər, qonşu nə deyər, bu videonu görsə, qayınana, qayınata nə reaksiya göstərər, subaydırsa, bu videolardan sonra, ümumiyyətlə həmin xanımın bəxti açılarmı? İnternet sevgiləri, almış başını gedir. Uzaq məsafədən sevgili olmaq, əlbəttə kişilərə sərf edir. Hansısa məsuliyyət yox, iqtisadi problem yox, yük yox. Bir neçə kəlmə şirin-şirin “canım, cicim” deyirsən, qadının başı xoş sözlərdən sərxoş oldu, bununla da iş bitdi. Sonra şantaj da elə, pul da tələb elə, lap sənin üçün ev-eşiyini də fəda eləsin.

Sosial şəbəkələr min illik adət-ənənələrimizin məhv olduğu məkana çevrilib. Narkotik alveri, insan alveri, yalan, dələduzluq rəqəmsal aləmə inteqrasiya edib. Mənəviyyatımızın eroziyası gedir. Başı öz sərsəm videolarını çəkib, onlara gələn sarsaq şərhləri oxumağa, layk sayını hesablamağa qarışan anaların, qızların idarə etdiyi ailə, övladına verdiyi tərbiyə nə şəkildə olacaq? İnsanın gərək öz qabında bir şey olsun ki, kiməsə nəsə verə bilsin.

Bir zamanlar xanımlar açdıqları süfrələrlə, bişirdikləri çeşid-çeşid yeməklərlə, gözəl əl qabiliyyətləri ilə öyünərdilər, indi sosial şəbəkələrdə topladıqları laykların sayı ilə. Bir zaman kişilərimiz üçün bığ namus-qeyrət demək idi. Kişinin, hətta atının quyruğunun kəsilməsi biabırçılıq sayılırdı. İndi sosial şəbəkələrdə populyarlaşmış və öz zəhərli ideyaları ilə yeni nəslin düşüncələrini də zay edən üzdəniraq kişi modelləri dəbə minir. Saqqal, bığ olsa da, geyimi, makiyajı, qaşı, gözü ilə qadına bənzəyən “mavi irq” meydan sulayır.

Yad görəndə yaşmanan, həyalı, ismətli, xanım-xatın analarımız, nənələrimiz nə deyərdilər bu biabırçılığı görsəydilər?

Yadıma Cahandar ağa düşür. Bacısı Seyid Nigari məclisində iştirak etdiyinə görə, ona ölüm hökmü kəsən Cahandar ağa. Görəsən Cahandar ağa sağ olsaydı, necə yaşayardı? Ya İsrafil ağa, Qaçaq Kərəm, Kərbəlayi İsmayıl kimi kişilərimiz indi necə yaşayardılar?

Deyə bilərsiniz ki, hər dövrün öz hökmü, öz qayda-qanunları var. Axına qarşı üzmək mümkün deyil. Amma yeni texnologiyalar bizə xidmət etməlidir, bizi məhvə sürükləməli deyil. Öz milli kimliyimizi itirmək üzrəyik. Necə düşünürsünüz, rəqəmsal dünya real həyatımızı tam cəhənnəmə çevirməzdən öncə bir tədbir almalı deyilikmi? Məncə əxlaq polisinin yaradılmasına ciddi ehtiyac var. Mənəviyyatımızın eroziyası artıq pandemiya halını alıb. Gözlərimizin bu vəziyyətə alışması yaxşı heç nə vəd etmir.

İlhamə Rəsulova

Paylaş:
Baxılıb: 414 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31